24-12-2023, 17:49 | Ərdoğan İlham Əliyevə zəng edib
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Respublica.Az AZƏRTAC-a istinadən bildirir ki, Türkiyə Prezidenti dövlətimizin başçısını ad günü münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.
Azərbaycan Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da hərtərəfli inkişaf edəcəyinə əminliyini ifadə edib, əməkdaşlığımızın perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Respublica.Az
24-12-2023, 17:47 | Ağdam şəhər Mərkəzi parkının təməli qoyulub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhər Mərkəzi parkının təməlinin qoyulması mərasimində iştirak ediblər.
Respublica.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısına və birinci xanıma parkda görüləcək işlər barədə məlumat verildi.
İşğaldan azad olunmuş ərazilərdə infrastrukturun yenidən qurulması ilə yanaşı, həmin yerlərdə ekoloji tarazlığın bərpası, yeni yaşıllıq sahələrinin və parkların salınması istiqamətində də ciddi addımlar atılır.
Ağdam şəhərinin yeni Baş planına əsasən salınacaq park 5 hektar ərazini əhatə edəcək. Parkın layihəsi Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri nəzərə alınmaqla hazırlanıb.
Mərkəzi parkın ümumi ərazisi dörd zonaya ayrılacaq. Şəhər meydanı, Botanika bağı, Çəmənlik və Meşəlik zonalarında mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılacaq. Burada, həmçinin su oyun zonaları, çay evləri, istirahət və iaşə obyektləri, mədəni və öyrədici meydançalar, təhsil və sağlamlıq sahələri və aktiv oyun zonaları fəaliyyət göstərəcək. Müxtəlif ağac növlərinin və dekorativ kolların əkiləcəyi Ağdam şəhər Mərkəzi parkında istirahət etmək, idmanla məşğul olmaq istəyənlər üçün hər cür şərait yaradılacaq.
Parkın salınması ərazidə ekoloji tarazlığın bərpasına ciddi töhfə verməklə yanaşı, həm Ağdam sakinlərinin, həm də şəhərin qonaqlarının, turistlərin istirahəti üçün ən gözəl məkanlardan birinə çevriləcək.
Prezident İlham Əliyev Ağdam şəhər Mərkəzi parkının təməlini qoydu.
Sonra dövlətimizin başçısı və birinci xanım Mərkəzi parkın ərazisində ağac əkdilər.
Respublica.Az
24-12-2023, 17:44 | İlham Əliyev və Mehriban Əliyeva Ağdamda “İmarət” Kompleksində aparılan təmir-bərpa işləri ilə tanış olublar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində "İmarət" Kompleksində aparılan təmir-bərpa işləri ilə tanış olublar.
Respublica.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verildi.
Ağdam rayonunda erməni vandalizminə məruz qalan tarixi-memarlıq abidələrindən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın sarayıdır. XVIII əsrə aid bu tarix-memarlıq abidəsi Azərbaycan ərazisində yayılmış digər xan saraylarından fərqlənərək dəbdəbəli ev xüsusiyyəti daşıyıb. İşğal altında olmuş ərazilərdəki digər tarixi-mədəni, dini abidələr kimi, Pənahəli xanın imarəti də işğalçılar tərəfindən təhqir edilib, vandalizmə məruz qalıb.
Burada Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın və xanlıqda müxtəlif illərdə hakimiyyətdə olmuş hökmdarlar - İbrahimxəlil xanın və onun oğlu Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanın məzarı olub. Qarabağ xanlarının nəslindən olan digər görkəmli şəxslər də bu qəbiristanlıqda dəfn edilib. Lakin Ağdam şəhəri işğal olunduqdan sonra qəbiristanlıq da erməni vandalizminə məruz qalıb. İbrahimxəlil xanın türbəsi və Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın qəbirüstü abidəsi ermənilər tərəfindən dağıdılıb.
Prezident İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq Pənahəli xanın sarayının yerləşdiyi "İmarət" Kompleksinin bərpa edilməsi üçün işlərə başlanılıb. Kompleksin bərpası ilə bağlı xarici mütəxəssislər tərəfindən hazırlanmış konsepsiya 2022-ci il oktyabrın 4-də dövlətimizin başçısına təqdim olunub və işlərə başlanılıb. Konsepsiyaya əsasən, kompleks Pənahəli xanın sarayı, türbələr və Qarabağ atları parkından ibarət olacaq, xanın sarayı bərpa edilərək interaktiv muzey kimi fəaliyyət göstərəcək.
Xarici mütəxəssislərin Ağdama səfərləri çərçivəsində sahənin inspeksiyası və çəkilişləri aparılıb, arxiv materialları araşdırılıb, beynəlxalq təcrübəyə əsaslanaraq bərpa və dizayn layihələri hazırlanıb. Kompleks ümumilikdə 3,3 hektar ərazini əhatə edəcək.
"İmarət" Kompleksindəki tarixi qəbiristanlıqda mövcud beş türbə qalığı tədqiqat sahəsinə daxil edilib. Türbələrin içi və ətrafı erməni işğalçılarının bu abidələrin daxilində qurduğu donuzçuluq təsərrüfatının tullantılarından və digər qalıqlardan təmizlənib.
Tədqiqat nəticəsində burada çox sayda müsəlman qəbirləri, daş abidələrin fraqmentləri - başdaşıları, sinədaşıları, antik dövr sütun bazası, antropomorf büt aşkarlanıb. Ərazidə xüsusilə kəllə və alt çənə sümükləri, çox sayda insan skeletinin fraqmentləri tapılıb. Onların arasında xan nəslinə aid olan qədim sərdabə tipli qəbirlər də yer alıb. Burada sovet dövründə dəfn edilənlərin qəbirlərinin böyük bir hissəsi vandalizmə məruz qalıb. Ərazidə aşkarlanan sümüklərdən DNT nümunələri götürülüb, qəbirlərin identifikasiyası üzərində araşdırmalar davam etdirilir.
Erməni işğalçılar tərəfindən məzarların sinədaşı və başdaşıları sındırılıb, bir çoxu müxtəlif məqsədlə istifadə üçün qəbiristanlıq ərazisindən çıxarılıb.
Kompleksin ərazisində arxeoloji tədqiqatların aparılması məqsədilə AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu bu ilin aprelində Ağdam şəhərinə mütəxəssislərdən ibarət elmi ekspedisiya göndərib. Tədqiqatlar zamanı tapıntıların foto və videoçəkilişləri həm fotoaparat, həm də kvadrokopterlə aparılıb. Tədqiqatlar nəticəsində müəyyən edilib ki, "İmarət" Kompleksinə aid olan tarixi qəbiristanlığın ərazisi 6 min kvadratmetrdir. Cari ilin sonunadək Kompleksin ərazisindəki tarixi qəbiristanlıqda arxeoloji tədqiqat işlərinin birinci mərhələsi yekunlaşacaq. Burada tədqiqat işlərinin ikinci mərhələsinə başlanılacaq.
Kompleksin tam bərpası üçün vəsaitin Qarabağ Dirçəliş Fondu tərəfindən ayrılması nəzərdə tutulur.
Respublica.Az
24-12-2023, 17:42 | Ağdamda dördüncü yaşayış kompleksinin təməli qoyulub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində salınacaq dördüncü yaşayış kompleksinin təməlinin qoyulması mərasimində də iştirak ediblər.
Respublica.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısına və birinci xanıma yaşayış kompleksi barədə məlumat verildi.
Bildirildi ki, ümumi sahəsi 14 hektara yaxın olan yaşayış kompleksinin salınacağı ərazinin bir hissəsi çoxfunksiyalı zonanı əhatə edir. Bu kompleksdə tikiləcək yaşayış binalarında ümumi sahəsi 137 min kvadratmetr təşkil edən 1080, o cümlədən 36 birotaqlı, 363 ikiotaqlı, 484 üçotaqlı, 197 dördotaqlı mənzil olacaq.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yaşayış kompleksi barədə videoçarxa baxdılar.
Qeyd edildi ki, yaşayış kompleksindəki binaların inşasında istilik tutumlu təbii materiallardan istifadə olunacaq. Binalar daimi su, elektrik enerjisi və yüksəksürətli internet ilə təmin ediləcək. İstilik və isti su təchizatı mərkəzi qazanxana sistemi ilə həyata keçiriləcək.
Kompleksdə, həmçinin idman meydançaları, istirahət guşələri, uşaq oyun meydançaları, velosiped yolları və avtomobil dayanacaqları yaradılacaq.
Dövlətimizin başçısı Ağdam şəhərində dördüncü yaşayış kompleksinin təməlini qoydu.
Respublica.Az
24-12-2023, 17:40 | Ağdamda beşinci yaşayış kompleksinin təməli qoyulub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində salınacaq beşinci yaşayış kompleksinin təməlinin qoyulması mərasimində iştirak ediblər.
Respublica.Az AZƏRTAC-a istinadən bildirir ki, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına və birinci xanıma yaşayış kompleksi barədə məlumat verdi.
Bildirildi ki, ümumi sahəsi 12 hektar olan yaşayış kompleksinin ərazisinin böyük bir hissəsi yaşıllıq zonasından ibarət olacaq. Kompleks şəhərin təsdiq edilmiş ümumi Baş planına uyğun salınacaq. Bu kompleksdə tikiləcək yaşayış binalarında ümumilikdə 1115 mənzil olacaq. Mənzillərdən 25-nin birotaqlı, 314-nün ikiotaqlı, 552-sinin üçotaqlı, 224-nün isə dördotaqlı olacaq.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yaşayış kompleksi barədə videoçarxa baxdılar.
Qeyd edildi ki, kompleksdəki binaların inşasında modern memarlıq yanaşmalarından və milli naxış elementlərindən istifadə olunacaq. Burada idman meydançalarının, istirahət guşələrinin, velosiped dayanacaqlarının və digər zəruri infrastruktur obyektlərinin yaradılması nəzərdə tutulur.
Bütün binalar daimi su, elektrik enerjisi və yüksəksürətli internet ilə təmin ediləcək. İstilik və isti su təchizatı mərkəzi qazanxana sistemi ilə həyata keçiriləcək. Binaların inşasında istilik tutumlu təbii inşaat materiallarından istifadə ediləcək.
Dövlətimizin başçısı Ağdam şəhərində beşinci yaşayış kompleksinin təməlini qoydu.
Respublica.Az
24-12-2023, 17:35 | "İlham Əliyev Azərbaycan üçün böyük işlər reallaşdırdı"
"Cənab Prezident İlham Əliyevə sağlam, huzurlu illər arzulayıram.İlham Əliyev Azərbaycan üçün böyük işləri reallaşdırdı.O, 30 il qan yaramız olan Qarabağ problemini həll etdi.İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Qarabağ döyüşündə Azərbaycan ordusu işğal olunmuş əraziləri geri qaytardı."Qarabağ Azərbaycandır!" şüarı reallığa döndü.İndi Azərbaycan, Türkiyə digər türk dövlətləri ilə bərabər Qafqazda, Orta Asiyada, Anadoluda və Balkanlarda daha güclü türk birliyi yarandı. İyirmi birinci əsr Türk əsri, türklərin əsri olacaq".
Respublica.Az xəbər verir ki. bu sözləri Manset.az-a açıqlamasında Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin birinci müavini, Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım deyib.
O, daha sonra açıqlamasında bildirib:
"İqtisadiyyat, nəqliyyat, gənclik, sağlıq, sosial, turizm sahəsində fəaliyyətimiz davam edəcək. Mərhum Heydər Əliyevin dediyi kimi "Biz bir millət, iki dövlət" şuarı ilə birliyimiz, bərabərliyimiz daha da artaraq, davam edəcəkdir.Prezident İlham Əliyevin uzun illər Can Azərbaycana və ordakı qardaşlarımıza uğurla xidmət edəcəyinə ürəkdən inanıram".
Binəli Yıldırım İlham Əliyevlə bağlı xatirələrini də bölüşüb:
"İlham Əliyevlə hər görüşümüzün unudulmaz xatirələri var.Həm Türkiyənin, həm Azərbaycanın birliyi və rifahı üçün birlikdə gözəl işlər gördük.Məsələn Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun tikintisi ilə bağlı çox gözəl xatirələrimiz var.İlham Əliyevin siyasi iradəsi olmasa bu layihə həyata keçməzdi.Bu layihənin içərisində olan iqtisadi və siyasi məsələlərlə bağlı bütün məsuliyyəti üzərinə götürən Cənab Prezident İlham Əliyev oldu. Ona öz təşəkkürlərimizi çatdırırıq".
Respublica.Az
24-12-2023, 13:50 | UNEC ilə Hacəttəpə Universiteti arasında yeni əməkdaşlıq müqaviləsi imzalanıb
Türkiyənin Hacəttəpə Universitetinin rektoru Prof. Dr. Mehmet Cahit Güranın rəhbərlik etdiyi nümayəndə heyəti UNEC-də işgüzar səfərdə olub.
Türkiyəli nümayəndə heyəti öncə rektor, professor Ədalət Muradovla birlikdə UNEC-in şəhid olmuş tələbə və məzunlarının Memorial Abidə Kompleksini ziyarət ediblər.
Sonra müvafiq struktur rəhbərlərinin iştirakı ilə tərəflər arasında görüş keçirilib. Görüşdə Erasmus+ mübadilə proqramı çərçivəsində əməkdaşlıq imkanları, müəllim-tələbə mübadiləsi, elektron kitabxanaların inteqrasiyası, akademik və inzibati idarəetmənin daha da təkmilləşdirilməsi barədə müzakirələr olunub. Eyni zamanda UNEC-in sədrliyi ilə Bakıda yanvar ayında keçiriləcək Türk Dövlətləri Təşkilatının Türk Universitetlər Birliyinin (TÜRKUNİB) Baş Assambleyası ilə bağlı fikir mübadiləsi aparılıb. Rektor Prof.Dr. Mehmet Cahit Güran Hacəttəpə Universitetinin TÜRKUNİB-ə üzv olmasının nəzərdə tutulduğunu bildirib.
Müzakirələrin sonunda UNEC ilə Hacəttəpə Universiteti arasında yeni əməkdaşlıq haqqında memorandum imzalanıb.
Respublica.Az
24-12-2023, 13:39 | "Azərbaycanın bölgədə sabitliyə və inkişafa töhfəsini yüksək dəyərləndiririk"
Azərbaycanın çoxtərəfli əməkdaşlıq çərçivəsində mühüm regional təşəbbüslər və layihələr həyata keçirməklə bölgədə sabitliyə, təhlükəsizliyə və inkişafa verdiyi töhfəni yüksək dəyərləndiririk.
Respublica.Az Trend-ə istinadən xəbər verir ki, bu fikirlər GUAM-ın Baş katibi Altay Əfəndiyevin Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrikində yer alıb.
Təbrikdə deyilir:
"Doğum gününüz münasibətilə Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın - GUAM-ın Katibliyi adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimizi çatdırıram.
Bu gün doğum gününüz milli maraqlara, beynəlxalq hüquqa, strateji baxışa, müdrikliyə, fədakarlığa və səbirə əsaslanan rəhbərliyinizlə həyata keçirilən siyasətlə formalaşmış tamamilə yeni milli və beynəlxalq kontekstlərə şahidlik edir.
Bu il Azərbaycan Respublikası işğal olunmuş torpaqlarını tam azad edib və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində bütün ərazisi üzərində suverenliyini bərpa edib. 2020-ci ildə Vətən müharibəsində qazanılan şanlı Qələbə nəticəsində əldə olunan nailiyyətlər 2023-cü ilin sentyabrında aparılan lokal xarakterli antiterror tədbirləri ilə yekunlaşdı.
Bu gün ölkədə işğaldan azad edilmiş torpaqların intensiv şəkildə genişmiqyaslı yenidən qurulması və bərpası, insanların öz doğma yurdlarına qayıtması, bu geniş ərazilərin milli və regional iqtisadiyyata yenidən inteqrasiyası istiqamətində proses sürətlə gedir.
Beləliklə, 2023-cü il respublika tarixində müstəqil Azərbaycanın 30 illik bir dövrünün başa çatması, ölkənin ərazilərinin işğaldan tam azad edilməsi və suverenliyinin bərpası ilə müşayiət olunan Zəfərlə yekunlaşan bir il kimi qalacaq. Bu kontekstdə rəmzi xarakter daşıyan bir cəhət də odur ki, bu il Azərbaycan həm də ölkənin mövcudluğunun sual altında olduğu kritik bir zamanda Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışının 30-cu ildönümünü qeyd etdi. Yeni Azərbaycanın tarixində bu möhtəşəm 30 il həm də Azərbaycanın qazandığı qələbələrin və ümumi uğurların ilkin şərti və təminatçısı olan milli birliyin, davamlılığın, Azərbaycan rəhbərliyinin ardıcıllıqla həyata keçirdiyi siyasi xəttin əhəmiyyətini göstərir. Bu il Ümummilli Liderin 100 illik yubileyinin qeyd olunması yuxarıda deyilənlərin hamısına xüsusi məna verir.
Ölkə öz inkişafında yeni dövrə qədəm qoyduğu bir dönəmdə biz də Sizin regionda ədalətli və davamlı sülhə nail olunması istiqamətində göstərdiyiniz ardıcıl və yorulmaz səylərinizi yüksək qiymətləndiririk. Biz Azərbaycanın çoxtərəfli əməkdaşlıq çərçivəsində mühüm regional təşəbbüslər və layihələr həyata keçirməklə bölgədə sabitliyə, təhlükəsizliyə və inkişafa verdiyi töhfəni yüksək dəyərləndiririk. Fəaliyyətinizdə Sizə daha böyük uğurlar arzulayır, həmçinin inklüziv regional təşəbbüslər və qlobal əhəmiyyətli layihələri həyata keçirməklə bölgənin potensialının tam şəkildə ortaya çıxarılması və istifadə edilməsi üçün göstərilən səylərə töhfə verməyə hazır olduğumuzu bildiririk.
Azərbaycanı hərtərəfli islahatları, iqtisadi və sosial həyatın bütün sahələrinin modernləşdirilməsini və demokratikləşməsini, eləcə də xalqın rifahının daim inkişaf edən qlobal mühitin çağırışlarına uyğun daha da yaxşılaşdırılmasını, ölkənin aparıcı beynəlxalq mövqeyinin və rolunun gücləndirilməsini özündə əks etdirən yeni inkişaf mərhələsinə çıxarmaq missiyanızda Sizə daha böyük uğurlar arzulayırıq.
Zati-aliləri, bu əlamətdar gün və müstəqil Azərbaycanın inkişafındakı tarixi nailiyyətləriniz münasibətilə Sizi bir daha ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, tükənməz enerji, xalqın və ölkənin rifahı naminə yeni böyük qələbələr arzulayırıq".
Respublica.Az
24-12-2023, 13:36 | İlham Əliyevə təbriklər gəlməkdə davam edir
2000-2010-cu illərdə Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Respublica.Az Trend-ə istinadən xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident, əziz dost.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm. Sizin fəal işiniz, dövlətin qarşısında duran əsas vəzifələri səmərəli surətdə həll etmək və beynəlxalq məsələlərin həlli yollarını tapmaq bacarığınız Sizə haqlı olaraq bütün dünyada yüksək nüfuz və hörmət qazandırıb.
Sizə dost deyə müraciət edə və ünsiyyət qura bildiyimə görə taleyimə minnətdaram.
Cənab Prezident, icazə verin, Sizə çoxşaxəli fəaliyyətinizdə uğurlar, möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik və firavanlıq arzulayım.
Fürsətdən istifadə edərək Sizə, ailənizə və ölkənizə Yeni illə bağlı ən xoş arzularımı bildirirəm".
xxx
2015-2020-ci illərdə Xorvatiya Respublikasının Prezidenti Kolinda Qrabar-Kitaroviç Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Trend-in məlumatına görə, məktubda deyilir:
"Zati-aliləri, hörmətli cənab Prezident.
Doğum gününüz münasibətilə Sizi təbrik edirəm. Sizə cansağlığı və ən xoş arzularımı çatdırıram. Həmçinin böyük Azərbaycan dövlətinin və bütün regionun davamlı sülh, təhlükəsizlik və firavanlığa doğru aparılması istiqamətində fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar arzulayıram".
xxx
Napoli-Bakı Assosiasiyasının sədri Cuzeppe Kanilia Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Trend-in məlumatına görə, məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimizi çatdırıram.
Biz ölkənizə və onun vətəndaşlarına yorulmaz xidmətinizə görə Sizə minnətdarlığımızı bildiririk və hər zaman Sizi dəstəkləyəcəyik.
Sizə həm şəxsi həyatınızda, həm də ali dövləti fəaliyyətinizdə uğurlar və xoşbəxtlik dolu bir il diləyirik".
xxx
23.12.2023
TÜRKSOY-un Baş katibi Sultan Raev Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Trend-in məlumatına görə, məktubda deyilir:
"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un Baş katibliyi, üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Zati-alinizin müdrik siyasəti nəticəsində qardaş Azərbaycanın bu il bütün əraziləri üzərində tam hüquqi nəzarətini bərpa etməsi təkcə Azərbaycanın deyil, həm də Türk dünyasının böyük uğurudur.
TÜRKSOY-un yaradılmasının 30-cu ildönümü münasibətilə Bakıda keçirilən təntənəli mərasimə ünvanladığınız təbrik məktubu hamımızı sevindirdi və Türk xalqları arasında mədəni inteqrasiyanın inkişafı istiqamətində gələcək fəaliyyətimizin geniş vüsət alması üçün bizi daha da ruhlandırdı.
Şuşa şəhərinin 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsi ilə əlaqədar ilboyu Azərbaycanda və digər üzv ölkələrimizdə keçirdiyimiz tədbirlərin uğurla başa çatdırılmasında
Sizin TÜRKSOY-a dəstəyinizi daim hiss etdiyimizi xüsusi vurğulamaq istəyirəm.
Möhtərəm Prezident, TÜRKSOY-un fəaliyyətinə göstərdiyiniz diqqət və dəstəyə görə Zati-alinizə dərin təşəkkürümü bildirir, bu əlamətdar gündə Sizə və ailənizə möhkəm cansağlığı, uzun ömür və ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram".
xxx
Qazaxıstanın Xalq yazıçısı, görkəmli şair və ictimai xadim Oljas Süleymenov Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Əziz İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə Sizi təbrik edirəm. Sizə səmimi-qəlbdən möhkəm cansağlığı və Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Sizi Yeni il münasibətilə də təbrik edirəm. Qoy gələn il Azərbaycan və bütün Türk dünyası üçün qələbələr ili olsun!
Sizin səmərəli fəaliyyətiniz nəticəsində bütün dünya Azərbaycanla bağlı həqiqətlər, ölkənizin və xalqınızın qazandığı nailiyyətlər haqqında məlumatlıdır.
Nəticələri ölkəniz və bütövlükdə region üçün taleyüklü olacaq növbədənkənar prezident seçkilərində Sizə uğurlar diləyirəm".
xxx
Rusiya Federasiyasının Rostov vilayətinin qubernatoru Vasili Qolubev Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə Sizi təbrik edirəm.
Qoy Sizə xas olan möhkəm iradə, təcrübə, liderlik keyfiyyətləri, həmkarlarınızın hörməti, həmyerliləriniz arasında nüfuzunuz gələcəkdə də Azərbaycanın iqtisadi və sosial inkişafına xidmət etsin!
Rostov vilayəti əməkdaşlığı, respublikanızla və onun regionları ilə yaranmış dostluq münasibətlərini yüksək qiymətləndirir.
Sizə cansağlığı, əmin-amanlıq və uğurlar arzulayıram".
xxx
Rusiya Federasiyası Prezidenti Administrasiyası rəhbərinin müavini Dmitri Kozak Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Siz müdrik və uzaqgörən dövlət xadimi kimi öz vətəninizdə və xaricdə böyük hörmət qazanmısınız. Sizin rəhbərliyinizlə Azərbaycanın dayanıqlı inkişaf yolu ilə irəliləməsi respublikanın vətəndaşlarının qəlbində minnətdarlıq hissləri doğurur.
Sizin ölkələrimiz və xalqlarımız arasında dostluq və müttəfiqlik münasibətlərinin inkişafına şəxsi töhfənizi xüsusi qiymətləndiririk. Hesab edirəm ki, bu münasibətlərin gələcəkdə möhkəmləndirilməsi potensialı genişdir.
Fürsətdən istifadə edərək, Sizi qarşıdan gələn Yeni 2024-cü il münasibətilə təbrik edirəm.
Sizə möhkəm cansağlığı, enerji, uğurlar və növbədənkənar prezident seçkilərində ümumxalq dəstəyi, bizə yaxın olan Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram".
xxx
Rusiyanın "VTB Bank" Publik Səhmdar Cəmiyyətinin prezidenti - İdarə Heyətinin sədri Andrey Kostin Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli Heydər oğlu.
Doğum gününüz münasibətilə "VTB Bank"ın İdarə Heyəti, kollektivi adından və şəxsən öz adımdan səmimi təbriklərimi qəbul edin.
Bu il Sizin respublikaya fədakar xidmətinizin 20 ili tamam oldu.
Bu vaxt ərzində Azərbaycanda xarici siyasət, iqtisadiyyat, sosial sahə və dövlət quruculuğunda şəksiz uğurlar əldə olunub. Ölkə Sizin rəhbərliyinizlə beynəlxalq arenada nüfuzunu xeyli möhkəmləndirib, regional lider mövqeyini gücləndirib, Avrasiya məkanında, o cümlədən Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi kimi yeni beynəlxalq nəqliyyat marşrutlarının formalaşması prosesində əhəmiyyətli aktora çevrilib.
Rusiyada Azərbaycan Respublikası, Azərbaycan xalqı ilə möhkəm əməkdaşlıq münasibətlərini və müttəfiqlik qarşılıqlı fəaliyyətini, məhsuldar ikitərəfli əlaqələri yüksək qiymətləndirirlər. "VTB" qrupu mürəkkəb çağırışlar şəraitində dinamik inkişaf edən işgüzar əlaqələrə, konstruktiv dialoqa böyük əhəmiyyət verir.
Hörmətli İlham Heydər oğlu, doğum gününüzdə və respublika üçün bu əlamətdar ildə Azərbaycana Sizin rəhbərliyinizlə yeni-yeni nailiyyətlər, Sizə isə qarşıdakı prezident seçkilərində müvəffəqiyyətlər, tükənməz güc ehtiyatı, yaxınlarınızla birlikdə cansağlığı, firavanlıq və əmin-amanlıq arzulayıram".
xxx
Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Bu gün Azərbaycan Respublikası siyasi, iqtisadi, sosial, humanitar və digər sahələrdə böyük uğurlar qazanmağa davam edir. Dövlət xadimi kimi müdrikliyiniz və zəngin həyat təcrübəniz Sizə respublikada və onun hüdudlarından kənarda böyük hörmət qazandırıb.
Sizin Cənubi Qafqazda və Xəzər regionunda sabitliyin və təhlükəsizliyin təmin edilməsində mühüm amil olan Rusiya-Azərbaycan müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsinə şəxsi töhfənizi xüsusi qeyd etmək istəyirəm. Əminəm ki, ölkələrimizə dost olan xalqların maraqları naminə, o cümlədən Qərbin müasir neokolonializm siyasəti ilə mübarizə çərçivəsində dialoqun ardıcıl surətdə inkişafının ciddi perspektivləri var.
Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, əmin-amanlıq və uğurlar diləyirəm".
xxx
Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının akademiki Məmməd Əliyev Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
İcazə verin doğum gününüz münasibətilə Sizi təbrik edim.
Bu əlamətdar gündə Sizə, ailənizə və bütün Azərbaycan xalqına möhkəm cansağlığı, xoşbəxtlik və əmin-amanlıq arzularımı bildirirəm.
Sizin gördüyünüz işlər, qazandığınız nailiyyətlər bütün dünyada milyonlarla azərbaycanlıya ilham verir. Azərbaycan Sizin rəhbərliyinizlə böyük uğurlar qazanıb. Amma bu il ən böyük nailiyyət Azərbaycanın suverenliyini tam bərpa etməsi oldu.
Azərbaycanın dünya arenasında nüfuzu böyük dərəcədə artıb.
Bu, hər şeydən əvvəl, Sizin xidmətinizdir. Yuxarıda qeyd edilən uğurların kulminasiya nöqtəsi isə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsinə dair qərar oldu.
Möhtərəm İlham Heydər oğlu, hadisələrin baş verməsi mərhələlərinə nəzər salsaq, dahi Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi, Sizin uzaqgörənliyiniz, parlaq diplomat, böyük strateq istedadınız heyranlıq doğurur.
Sizə, gözəl ailənizə cansağlığı, xoşbəxtlik, tərəqqi, hər zaman xoş əhval-ruhiyyə arzulayıram".
xxx
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
Sizi Türk Mədəniyyəti və İrsi Fondunun yeni prezidenti olaraq salamlayır və doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq, qardaş Azərbaycan xalqının rifahı naminə gördüyünüz işlərdə yeni-yeni uğurlar diləyirəm.
Müdrik və uzaqgörən siyasətiniz nəticəsində Azərbaycan regionda və dünyada getdikcə daha mühüm rol oynayır. Ölkənin iqtisadi və sosial inkişafına, onun xarici siyasi maraqlarının müdafiəsinə yönəlmiş fəaliyyətinizdə Sizə tükənməz enerji arzu edirəm.
Bu xoş fürsətdən istifadə edərək, mənə etimad göstərib Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti təyin olunmağıma verdiyiniz dəstəyə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Sizin şəxsi təşəbbüsünüz əsasında yaradılmış təşkilatın rəhbəri vəzifəsinə layiq görülməyim mənim üçün böyük şərəf və qürurdur. Sizi əmin etmək istərdim ki, Türk dünyasının daha da gücləndirilməsi, onun zəngin mədəni irsinin qorunması üçün əlimdən gələni əsirgəməyəcəyəm.
Eyni zamanda, Zati-alinizin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı böyük Zəfər, eləcə də Azərbaycanın və Türk dünyasının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin memarı, bütün varlığı ilə Vətəninə bağlı olmuş dünya miqyaslı siyasətçi Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Sizin sevinciniz bütün Türk xalqlarının sevincidir".
xxx
Rusiya Federasiyası Prezidenti Administrasiyası rəhbərinin müavini Maqomedsalam Maqomedov Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Təcrübəli və məsuliyyətli dövlət xadimi kimi, Siz haqlı olaraq həmvətənləriniz arasında və beynəlxalq arenada yüksək nüfuza maliksiniz.
Sizin adınız Rusiya və Azərbaycan xalqlarının rifahı naminə strateji tərəfdaşlıq münasibətlərinin inkişafı və möhkəmləndirilməsi ilə ayrılmaz surətdə bağlıdır.
Sizə möhkəm cansağlığı və yeni uğurlar, Azərbaycan Respublikasının bütün vətəndaşlarına isə sülh və tərəqqi arzulayıram".
xxx
İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin İdarə Heyəti Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik etməkdən, ali dövləti fəaliyyətinizdə Sizə uğurlar diləməkdən şərəf duyuruq.
Sizin İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin gənclərinin həmrəyliyi və inkişafı ilə bağlı qəti mövqeyinizin ifadəsi olaraq, 2004-cü ildə Bakıda İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Baş Assambleyasının təsis iclasının keçirilməsinə, onun İƏT-in üzv qurumu olaraq beynəlxalq təsisat kimi formalaşmasına və inkişafına, eləcə də İƏT Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinə Bakıda ev sahibliyi edilməsinə Azərbaycan hökumətinin davamlı dəstəyi regionun digər liderləri üçün parlaq nümunədir. Forumun beynəlxalq təşkilat kimi təsis edilməsini Azərbaycan Respublikasının İƏT-ə verdiyi mühüm töhfə kimi qeyd etməyiniz bizi daim qürurlandırır. İƏT Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin İdarə Heyətinə göstərdiyiniz etimadla və dəstəklə fəxr edir, bu etimadı doğrultmaq üçün səylərimizi əsirgəməməyə çalışırıq.
Sizin müdrik siyasətinizin nəticəsi olaraq Azərbaycanın bu il bütün əraziləri üzərində tam hüquqi nəzarətini bərpa etməsi təkcə Azərbaycan tarixində deyil, İslam ölkələri tarixində də son iki yüz ildə işğal olunmuş ərazilərin azad edilməsi istiqamətində əldə edilmiş ilk və böyük uğurdur. Biz müsəlman ölkələri gəncləri adından bu Qələbəni böyük sevinc və fərəh hissi ilə qarşıladıq.
Şuşa şəhərinin gələn il İslam dünyasının həm mədəniyyət, həm də gənclər paytaxtı seçilməsi müsəlman dünyasında Sizin nüfuzunuzun bariz göstəricisidir. Biz inanırıq ki, gələn il Azərbaycan, xüsusilə Şuşa şəhəri müsəlman gənclərinin həmrəylik mərkəzi olacaqdır.
2024-cü ildə Azərbaycan Respublikasında keçiriləcək prezident seçkilərində Sizə uğurlar arzu edir və Sizin inamlı qələbənizə inanırıq.
Möhtərəm Prezident, Sizə və ailənizə möhkəm cansağlığı, müvəffəqiyyətlər və firavanlıq arzulayırıq.
Sizə olan ən yüksək ehtiramımızı və xoş arzularımızı qəbul etməyinizi xahiş edirik".
xxx
Rusiya Notariuslar Assosiasiyasının sədri, Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti Natiq Ağamirov Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
İcazə verin, Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edim, Sizə möhkəm cansağlığı və doğma Azərbaycanın rifahı naminə yeni nailiyyətlər arzulayım.
Bu gün biz - Sizin həmvətənləriniz, dostlarınız indiki mürəkkəb tarixi dövrdə Azərbaycan xalqının öz Prezidenti və Ali Baş Komandanı başda olmaqla suveren maraqlarını necə inamla və ardıcıl surətdə qoruduğunu, iqtisadi və siyasi nailiyyətlərini artırdığını, müdafiə qabiliyyətini və beynəlxalq mövqelərini möhkəmləndirdiyini, doğma Qarabağın hər qarış torpağının qorunmasında qətiyyətli olmasını bütün dünyaya nümayiş etdirdiyini, quruculuq fəaliyyəti ilə ölkənin daha sürətli inkişafı və firavanlaşması üçün möhkəm zəmin yaratdığını böyük qürurla izləyirik.
Üç il bundan əvvəl Sizin komandanlığınız altında şanlı ordumuz doğma Qarabağımızı və onun beşiyi olan Şuşanı işğaldan azad etdi. Sizin dövlət xadimi, sərkərdə, görkəmli siyasətçi və diplomat kimi böyük istedadınız Ağdam, Laçın və Kəlbəcəri qan tökmədən geri almağa, bir qədər sonra isə ildırım sürəti ilə həyata keçirilən antiterror tədbirləri nəticəsində ölkənin ərazi bütövlüyünün tam bərpa olunmasına imkan yaratdı.
Cəmi üç il keçib, amma bu müddət ərzində çox böyük işlər görülüb. Bu gün əsl qurucu dövlət xadimi kimi Siz bu şəhərləri dirçəldirsiniz. Bu, xalq üçün əsl xoşbəxtlikdir, Liderin zəfəridir!
Bugünkü dünyada Sizin kimi ölkəsinə bu qədər müdrikcəsinə rəhbərlik edən, öz xalqının və dünya ictimaiyyətinin böyük etimadını qazana bilən dövlət başçısı tapmaq qeyri-mümkündür.
Çox hörmətli İlham Heydər oğlu, Azərbaycanda qarşıdan gələn prezident seçkiləri ərəfəsində doğma Vətənindən kənarda yaşayan milyonlarla həmvətənimiz Sizin fəaliyyətinizi yekdilliklə dəstəklədiyini bəyan edir, Azərbaycanın tərəqqisini və rifahını yalnız və yalnız Sizin fəaliyyətinizlə bağlayır. Uca Yaradan Sizə bu yolda güc-qüvvət və səbir versin!
Qarşıdan gələn il Sizə və bütün Azərbaycan xalqına əmin-amanlıq, daha böyük uğur və xoşbəxtlik gətirsin! Sizə və yaxınlarınıza səadət və firavanlıq arzu edirəm".
xxx
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik diləyirəm.
BP şirkəti olaraq biz Azərbaycanda dünya miqyaslı enerji layihələrinin əməliyyatçısı olmaqdan qürur duyuruq. Bu strateji enerji layihələrinin gerçəkləşməsi Sizin rəhbərliyiniz və daimi dəstəyiniz sayəsində mümkün olmuşdur.
Biz Azərbaycan hökuməti və SOCAR ilə səmərəli əməkdaşlığımızdan məmnunluq duyuruq və bu strateji tərəfdaşlığın uzun illər davam edəcəyinə əminik.
Bu xoş fürsətdən istifadə edərək, Sizi və Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə də təbrik edirəm. Yeni ildə Sizə, yaxınlarınıza və Azərbaycan xalqına firavanlıq, sülh və rifah arzulayıram".
xxx
Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumunun (Qaqauz Yeri) rəhbəri Yevgeniya Qutsul Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
İcazə verin, qaqauz xalqı adından və şəxsən öz adımdan doğum gününüz münasibətilə Sizə təbriklərimi çatdırım.
Bu əlamətdar gün münasibətilə Sizə möhkəm cansağlığı, tükənməz enerji, firavanlıq, Azərbaycan Respublikasının tərəqqisi naminə bütün planlarınızın uğurla həyata keçməsini arzulayıram.
Sizin zəngin siyasi təcrübəniz, enerjiniz və peşəkarlığınız, eləcə də ən çətin məsələlərdə düzgün qərar vermək bacarığınız sayəsində Azərbaycan bu gün böyük iqtisadi nailiyyətlər qazanıb və inkişaf etmiş beynəlxalq subyektlərdən biridir.
Eyni zamanda, icazə verin, Qaqauz sakinlərinə göstərilən diqqətə, eləcə də Qaqauz Muxtariyyəti ilə əməkdaşlığın inkişafına verdiyiniz böyük töhfəyə görə Sizə dərin minnətdarlığımı bildirim. Qaqauz regionunun təşəbbüslərinə Sizin diqqətiniz etimadlı qarşılıqlı münasibətlərin sübutudur.
Möhtərəm cənab Prezident, bu xoş fürsətdən istifadə edərək, Azərbaycan Respublikasının tərəqqisi və inkişafı naminə ali dövləti fəaliyyətinizdə Sizə müvəffəqiyyətlər arzulayıram".
xxx
"Ukrayna Azərbaycanlıları Alimlər Şurası" İctimai Təşkilatının sədri Arif Quliyev Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
"Hörmətli cənab Prezident.
"Ukrayna Azərbaycanlıları Alimlər Şurası" İctimai Təşkilatının üzvləri adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə təbrik etməyi və ən xoş arzularımızı çatdırmağı özümüzə böyük şərəf hesab edirik.
Zati-alinizin Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafı ilə bağlı arzu və vəsiyyətlərini həyata keçirmək istiqamətində reallaşdırdığınız humanist və sülhsevər siyasət nəticəsində doğma Azərbaycanımızın durmadan inkişafı, dünya ölkələri arasında layiqli yer tutması, suverenliyinin tam bərpa olunması bizi olduqca fərəhləndirir, Vətənimizdən kənarda azərbaycançılıq naminə yeni-yeni nailiyyətlər qazanmağa səfərbər edir.
Müstəqil Azərbaycanımızın dövlət quruculuğu sahəsindəki səylərinizi və siyasi, iqtisadi, mədəni əməkdaşlığın genişləndirilməsinə, inkişaf etdirilməsinə göstərdiyiniz diqqət və qayğını yüksək qiymətləndiririk.
Bu xoş fürsətdən istifadə edərək, Sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edir, Azərbaycan diasporunun fəaliyyətinə göstərdiyiniz dəstəyə görə dərin təşəkkürümüzü bildiririk. Bu əlamətdar gündə Zati-alinizə və bütün ailə üzvlərinizə, doğma xalqımıza möhkəm cansağlığı, uzun ömür, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq".
xxx
Rusiyanın "Qazprom" Publik Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Aleksey Millerdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə Sizi "Qazprom" Publik Səhmdar Cəmiyyətinin İdarə Heyəti adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.
Sizə cansağlığı, firavanlıq, Azərbaycanın inkişafı ilə bağlı planlarınızın uğurla gerçəkləşməsini, bütün Azərbaycan xalqının rifahı naminə səmərəli fəaliyyətinizdə yeni və böyük nailiyyətlər arzulayıram".
xxx
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçko Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Peşəkar siyasi xadim və Vətəninə sadiq insan kimi Siz öz həmvətənləriniz arasında və ölkənizdən xaricdə yüksək nüfuza maliksiniz.
Sizin rəhbərliyinizlə Azərbaycan iqtisadi və sosial sahələrdə təqdirəlayiq uğurlara nail olub və gələcəyə əminliklə baxır.
Ölkənizə tərəqqi, şəxsən Sizə isə möhkəm cansağlığı və ailə səadəti arzu edirəm".
Respublica.Az
24-12-2023, 13:30 | "Heydər Əliyevin memarı olduğu müasir Azərbaycanı Prezident İlham Əliyev daha geniş miqyasda tanıtdı"
İlham Əliyev qüdrətli Prezident, xalqın sevgisini qazanan lider və vətənini, xalqını sevən böyük azərbaycanlıdır. Bu illər ərzində də Prezident İlham Əliyev Azərbaycan xalqının arzularını reallaşdırmağa davam edir.
Respublica.Az xəbər verir ki, bu sözləri Trend-ə açıqlamasında təhlükəsizlik orqanlarının veteranı, fəxri əməkdaşı, polkovnik Azər Qarayev deyib.
A.Qarayev qeyd edib ki, güclü lider insanların dövlətçilik arzularını milli amala çevirir. Xalqı bu amal, ümumi ideya, prinsip və məqsədlər ətrafında birləşdirir və düzgün hədəflərə çatdırır.
"Azərbaycan Prezidenti bütün seçkilərdə, başqa rəqabət meydanlarında həmişə öz opponentlərindən güclü olub. Bu da təbii və məntiqlidir. dövlətimizin başçısı öz gücünü Azərbaycan xalqından alır. Dünyamızda tez-tez yaşanan iqtisadi böhranlara, beynəlxalq təzyiqlərə və başqa qlobal çağırışlara rəğmən Prezidentimizin nümayiş etdirdiyi yüksək qətiyyət, peşəkarlıq və xalqın dəstəyinə arxalanan siyasət Azərbaycan dövlətinin son onilliklərdəki uğurlarının əsas səbəbidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu Öndərin siyasi kursunu məsuliy-yətlə, sədaqətlə, sevgilərlə davam etdirir. Azərbaycanın siyasi nüfuzu daha da artır. Bu, öz təsirini iqtisadi münasibətlərdə də göstərir. Böyük tarixi şəxsiyyət Heydər Əliyevin başladığı beynəlxalq iqtisadi əlaqələr sistemi həm mahiyyət baxımından genişləndirilir, həm də forma baxımından. Dünyanın aparıcı dövlətləri Azərbaycanla daha intensiv əlaqələri möhkəmlətməyə indi də maraqlıdır.
Bu dönməz siyasi kursa görə gənclərin potensialından səmərəli istifadə olunur, müasir, müstəqil Azərbaycanın intensiv inkişafını təmin edən fundamental amillər bu siyasətlə üzvi şəkildə səsləşir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi tədbirlər gənclərin potensia-lının gerçəkləşməsini, onların vətənpərvər, savadlı kadr kimi formalaşmasını, gənc ailələrin sosial təminatını əhatələyir.
Azərbaycan Prezidenti ölkəmizdə milli vəhdəti daha da gücləndirib. Cəmiyyətimizə yeni siyasi mədəniyyət gətirib. Siyasi baxışlar arasındakı ziddiyyətlərin faydalı dialoq, sağlam diskussiya məcrasına yönəlməsi üçün münbit şərait formalaşdırıb", - deyə A.Qarayev əlavə edib.
A.Qarayev onu da əlavə edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən müharibəsində bu nəslin gücü ilə torpaqlarımızı düşməndən təmizlədi. Azərbaycanın ərazi bütövlüyünü təmin etdi. Azərbaycanın itirilmiş torpaqlarının böyük bir hissəsini düşməndən geri almağa nail oldu. Dünya güclərinin öz məkrli oyunlarını oynamaqdan ötrü 2 əsrdir regionda başımızın bəlasına çevirdikləri erməni layihəsini iflasa uğratdı.
"Elə ölkəmizi son onilliklərdə ən böyük nailiyyətlərinə yetirən, tarixin ən güclü Azərbaycanını yaradan əsas amil də hər bir addımın yerində, öz vaxtında-vədəsində atılması və inkişaf proseslərinin ardıcıllığının təmin olunmasıdır. Məhz bunun sayəsində respublikamız son on illərdə əsrlərin sosial-iqtisadi uğurlarını qazanıb. Dünyanın inkişaf mərkəzlərindən birinə çevrilib. Planetimizin əsas nəqliyyat-kommunikasiya qovşaqlarından biri statusunu qazanıb. Bu gün regionla bağlı bütün məsələlərdə Azərbaycanın rəyi, mövqeyi nəzərə alınır. Dövlətimizin beynəlxalq nüfuzu, qlobal proseslərə təsir imkanları getdikcə artır. Azərbaycan dövləti dünyanın ən qüdrətli ordularından birinə sahibdir. Vətən müharibəsindəki qələbəmizin ardınca Azərbaycan dövləti öz maddi imkanları hesabına Qarabağı, Şərqi Zəngəzuru yenidən dirçəldir, bu torpaqları cənnətə çevirir. Dövlətimizin sosial-iqtisadi nailiyyətləri Azərbaycan insanlarının həyat səviyyəsini yüksəldir, sosial rifahını daha da yaxşılaşdırır.
Bütün bunlar Prezident İlham Əliyevin Azərbaycan dövlətinə, xalqına qazandırdığı nailiyyətlərdir", - deyə A.Qarayev əlavə edib.
A.Qarayev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır" fikri Azərbaycanda insan amilinə verilən dəyərin fəlsəfi mahiyyətinin siyasi-sosial düsturudur.
"İqtisadiyyatın inkişafı və insanların sosial rifah halının yüksəldilməsi məqsə-dilə qəbul edilən qanun layihələri, imzalanan fərman və sərəncamlar Azərbaycanda "dünyanın əşrəfi" olan insana verilən yüksək mənəvi dəyərin təcəssümüdür...
Ümummilli lider Heydər Əliyev memarı olduğu müasir Azərbaycanı Prezident İlham Əliyev daha geniş miqyasda tanıtdı, ona böyük siyasi ehtiramlar qazandırdı...", - deyə A.Qarayev əlavə edib.
Respublica.Az