10-11-2026, 13:42 | Xeyirxahlıq onun həyat amalına çevrilib – Tofiq Hüseynov yaxşılığı ilə seçilən rəhbərdir

Allahın sevdiyi insanlardan biri də ömrünü xeyirxah əməllərə, insanlara dəstəyə və cəmiyyətə fayda verməyə həsr edən insanlardır. Xeyirxahlıq hər kəsin bacara biləcəyi bir keyfiyyət deyil. Bunun üçün böyük ürək, mərhəmət, insan sevgisi və mənəvi zənginlik lazımdır. Azərbaycan tarixən belə nəcib xüsusiyyətləri ilə seçilən, yaxşılığı həyat amalına çevirən insanlarla zəngin olub.
Bu gün də cəmiyyətimizdə öz fəaliyyəti, insanlara münasibəti və xeyirxah əməlləri ilə seçilən şəxslər az deyil. Belə insanlardan biri də “Sumqayıt Çörək” ASC-nin direktoru Tofiq Hüseynovdur.
Tofiq Hüseynov üçün xeyirxahlıq sadəcə xoş sözlərdən ibarət deyil, əməli fəaliyyətində özünü göstərən mənəvi dəyərdir. O, uzun müddətdir şəhid ailələrinə, qazilərə və məcburi köçkünlərə göstərdiyi diqqət və dəstəklə seçilir. Xüsusilə Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın ailələrinə, sağlamlığını itirmiş qazilərimizə diqqət göstərmək hər bir vətəndaşın mənəvi borcudur. Tofiq müəllimin bu istiqamətdə göstərdiyi həssaslıq və qayğı onun insanpərvər mövqeyinin göstəricisi kimi dəyərləndirilə bilər.
Əslində, insanın böyüklüyü yalnız tutduğu vəzifə, rəhbərlik etdiyi müəssisə və ya qazandığı maddi uğurlarla ölçülmür. Əsl böyüklük çətin gündə insanların yanında olmaqda, ehtiyacı olanlara əl uzatmaqda, qarşılıq gözləmədən yaxşılıq etməkdədir. Tofiq Hüseynovun haqqında səsləndirilən müsbət fikirlərin əsasını da məhz bu insani keyfiyyətlər təşkil edir.
Onun “Sumqayıt Çörək” ASC-yə rəhbərliyi də xüsusi qeyd olunmalıdır. Çörək istehsalı cəmiyyət üçün mühüm əhəmiyyət daşıyan, insanların gündəlik tələbatını təmin edən məsuliyyətli sahələrdən biridir. Belə bir müəssisəyə rəhbərlik etmək yüksək təşkilatçılıq qabiliyyəti, təcrübə, məsuliyyət və daim diqqət tələb edir. Tofiq Hüseynovun istehsal sahəsinə münasibəti, rəhbərlik təcrübəsi və kollektivlə iş prinsipləri onun fəaliyyətinin diqqətçəkən istiqamətlərindəndir.
Unutmaq olmaz ki, rəhbər olmaq yalnız vəzifə səlahiyyətlərindən istifadə etmək deyil. Əsl rəhbər həm də kollektivində birlik yaradan, əməkdaşlarının əməyinə hörmətlə yanaşan, cəmiyyətdə etimad qazanan şəxsdir. İnsanların yaddaşında xoş təəssürat yaratmaq, yaxşı əməllərlə iz qoymaq isə hər kəsə nəsib olmur.
Tofiq Hüseynovun ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinə davamlı dəstək göstərməsi də onun ictimai mövqeyinin mühüm istiqamətlərindən biri kimi qeyd olunur. Dövlətçilik ənənələrinə, ölkənin inkişafına və milli maraqlara bağlılıq hər bir rəhbərin fəaliyyətində mühüm əhəmiyyət daşıyır.
Nəticə etibarilə, Tofiq Hüseynov haqqında danışarkən ilk növbədə onun insanlara münasibətini, xeyirxah əməllərini, əməyə verdiyi dəyəri və rəhbərlik etdiyi sahəyə məsuliyyətli yanaşmasını qeyd etmək lazımdır. Çünki insanın cəmiyyətdə qazandığı ən böyük sərvət arxasında qoyduğu yaxşılıq, qazandığı hörmət və insanların qəlbində yaratdığı xoş təəssüratdır.
Xeyirxahlıq insanın ən böyük mənəvi sərvətidir. Bu sərvəti qoruyan və onu əməli ilə yaşadan insanlar isə cəmiyyət üçün hər zaman dəyərlidir.
8-11-2026, 08:48 | Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 8 Noyabr – Zəfər Günü münasibətilə sosial media hesablarında paylaşım edib.
Respublica,Az paylaşımı təqdim edir: "Bu gün biz böyük qürurla Zəfər Gününü qeyd edirik! Biz Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq! Qəhrəmanlığınıza, şücaətinizə, cəsarətinizə, dözümlülüyünüzə görə, bugünkü bayramı müzəffər xalq kimi qeyd etdiyimizə görə çox sağ olun!
Vətən uğrunda həlak olmuş qəhrəman oğullarımızın nurlu xatirəsini ehtiramla yad edir, onların doğma və yaxınlarına səbir arzulayıram! Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün!
Dərin hörmət və sevgilərlə, Sizin MEHRİBAN".
Respublica,Az
8-11-2026, 08:46 | “32 nəfərlə ermənilərin 137-dən çox hərbçisini məhv etdik” – Vətən Müharibəsi Qəhrəmanı DANIŞIR

Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılan döyüşlərdə xüsusi təyinatlılarımız misilsiz qəhrəmanlıq və şücaət nümayiş etdirdilər. Ən çətin döyüş tapşırıqlarını yerinə yetirən, düşmənin müdafiə xətlərini yararaq Zəfərə gedən yolu açan hərbçilərimiz arasında Vətən Müharibəsi Qəhrəmanı Cavid Behbudov da var.
Xüsusi təyinatlı qüvvələrin qrup komandiri kimi 44 günlük Vətən müharibəsində iştirak edən Cavid Behbudov Füzuli, Cəbrayıl və Xocavənd istiqamətlərində gedən ağır döyüşlərdə iştirak edib. O, hərbi hazırlığı, döyüş təcrübəsi və Vətənə sədaqəti ilə seçilən qəhrəmanlarımızdandır. Xocavənd istiqamətində döyüş tapşırığını yerinə yetirərkən ağır yaralanan hərbçi sağ ayağını dizdən aşağı itirsə də, bu, onun həyat eşqini və mübarizə ruhunu sarsıda bilməyib.
Vətən Müharibəsi Qəhrəmanı Cavid Behbudovun döyüş yolunu, müharibənin ən ağır anlarını və yaddaşından silinməyən hadisələri təqdim edir. Hərbçi döyüş xatirələrini saytımızla bölüşüb.
“Döyüşlərə Murovdağ yüksəkliyinin ətəyindən başlamışıq. Orada ilkin düşmən mövqelərini məhv etdikdən sonra Füzuli rayonuna doğru istiqamətləndik. Füzulinin kəndlərindən keçərək Cəbrayılı azad etdik. Daha sonra Füzuli və Şuşa istiqamətində hərəkət etdik.
Ermənilər 30 il ərzində Ohanyan səddini möhkəmləndirmiş, oranı keçilməz hesab etmişdilər. Təbii ki, biz də bu müddət ərzində boş dayanmamışdıq, ordumuz müharibəyə ciddi hazırlaşmışdı. Ohanyan səddini sürətlə yararaq ermənilərin keçilməzlik mifini darmadağın etdik. Doğrudur, relyef baxımından düşmən daha əlverişli mövqelərdə yerləşmişdi. Bu da irəliləyişimiz zamanı müəyyən çətinliklər yaradırdı. Ancaq ordumuzun gücü və hazırlığı hesabına həmin müdafiə xəttini yarıb keçdik.
Füzuli rayonu ətrafında, Qarğabazarı qəsəbəsində düşmənə qarşı pusqu əməliyyatları həyata keçirdik. Bu əməliyyatlar çox effektiv nəticə verdi. 32 nəfərlik şəxsi heyətlə düşmənin 137 nəfərdən çox canlı qüvvəsini məhv etdik. Həmin vaxta qədər də bir neçə pusqu əməliyyatı keçirmişdik. Hamısı uğurlu olmuş, heç bir itki verməmişdik.
Düşmən həmin ərazidə qüvvələrimizin olduğunu gözləmirdi. Bununla da Füzulidə gedən döyüşlərə ermənilərin kənardan müdaxiləsinin qarşısını aldıq. Həmin vaxt düşmən düşünürdü ki, bütün qüvvələrimiz Füzulidə cəmləşib. Biz isə şəhərə çatmamış 2-3 kilometr əvvəl ərazinin relyefindən istifadə edərək yüksəklikdə mövqeləndik və ikitərəfli pusqu qurduq. Düşmən aşağıda, yol kənarında Füzuliyə doğru hərəkət edirdi. Onları əvvəlcədən müəyyənləşdirdiyimiz "ölü zonaya" saldıq və uğurlu pusqu əməliyyatı həyata keçirdik”.
Hərbçi Murovdağ istiqamətindəki döyüşlərin də olduqca çətin olduğunu deyir. Onun sözlərinə görə, mürəkkəb relyef, yüksəklik və hava şəraiti hərbi əməliyyatların gedişinə ciddi təsir göstərirdi:
“Orada, bildiyiniz kimi, relyef çox çətindir. Havanın temperaturu, atmosfer təzyiqi – bunların hər biri döyüşlərimizə təsir edirdi. 2200 metr yüksəklikdən 1100 metr aşağı enmək, daha sonra yenidən qalxaraq mövqe tutmaq asan deyildi. Bu, böyük hazırlıq və bacarıq tələb edirdi. Biz həmin istiqamət üzrə əvvəlcədən müxtəlif bölgələrdə təlimlər keçmişdik. Ona görə də bu çətinliklərə tam hazır idik”.
Cavid Behbudov sonrakı döyüş əməliyyatlarından, xüsusilə Xocavənd istiqamətində baş verən hadisələrdən də danışıb:
“Zoğalqulaq kəndi azad olunduqdan sonra növbəti tapşırığımız Şəhər kəndi istiqamətində yerləşən yüksəkliyi ələ keçirmək idi. Bunun üçün müvafiq əmr aldıq. Kəndin tam daxilinə qədər irəlilədik. Düşmən yalnız bundan sonra kəndin tamamilə qüvvələrimizin nəzarətinə keçdiyini anladı. Daha sonra Qırmızıbazara daxil olmalı və orada hücum əməliyyatları həyata keçirməli idik.
Həmin vaxt düşmən minaatanlardan bizi atəşə tutdu və biz hücum istiqamətimizi dəyişdik. Mövqelərimizin görünməməsi üçün meşə taktikasından istifadə edirdik. Şəxsi heyətin zərər görməməsi üçün hər bir hərbçini təhlükəsiz əraziyə çıxardım, özüm isə arxadan hərəkət edirdim. Həmin vaxt minaatan mərmisi yaxınlığıma düşdü və hər iki ayağımdan yaralandım. Sağ ayağımı dizdən aşağı itirdim. Hazırda protez ayaqdan istifadə edirəm.
İlk olaraq özümə ilkin tibbi yardım göstərdim. Daha sonra döyüş yoldaşlarım köməyimə çatdılar və qanaxmanı dayandırdılar. Yüksəklik ələ keçirildikdən sonra təxliyə olundum”.
Cavid Behbudov Zəfər xəbərini xəstəxanada olarkən eşitdiyini deyir. Onun sözlərinə görə, Şuşanın azad edilməsi müharibənin taleyini həll edən əsas hadisələrdən biri idi:
“Biz bilirdik ki, Şuşa Qarabağın açarıdır. Şuşa azad olunanda düşmənin beli qırıldı. Döyüş yoldaşlarımla əlaqə saxlayırdım və bilirdim ki, Şuşa mütləq azad olunmalıdır. Zəfər xəbərini hospitalda aldım. İnsanlar xəstəxananın həyətinə toplaşmışdılar. Çox qürurverici mənzərə idi. Biz də bu böyük Qələbənin bir parçası idik.
Hospitalda müalicə aldığım vaxt mənə zəng gəldi və adımın Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülənlərin siyahısında olduğu bildirildi. Prezidentin sərəncamı ilə bu yüksək ada layiq görüldüm.
Qrupumuzdan bir nəfər şəhid oldu – İsgəndərov Elvin. O, bizim rabitəçimiz idi. Təəssüf ki, müharibə itkisiz olmur. Biz Qələbə qazandıq, amma şəhidlərimizin haqqını heç vaxt unutmamalıyıq. İldə bir dəfə döyüşdüyüm ərazilərə gedirəm. Oraya qayıdanda həmin günlərin hisslərini yenidən yaşayıram”.
Hazırda Bakıda yaşayan Cavid Behbudov dövlət tərəfindən mənzil və avtomobillə təmin olunub. O, SOCAR Petroleum Qapalı Səhmdar Cəmiyyətinin Təhlükəsizlik Departamentində direktor köməkçisi vəzifəsində çalışır.
Qeyd edək ki, Behbudov Cavid Ədalət oğlu 12 aprel 1994-cü ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Qızılca kəndində anadan olub. 2008-2011-ci illərdə Naxçıvanda Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2011-2015-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində kəşfiyyatçı ixtisası üzrə təhsilini davam etdirib.
2015-ci ilin iyun-dekabr aylarında Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində xüsusi təyinatlıların qrup komandiri vəzifəsi üzrə hazırlıq keçib. 2016-cı ilin yanvarından 2019-cu ilədək Ağstafada yerləşən N saylı hərbi hissədə xüsusi təyinatlıların qrup komandiri vəzifəsini icra edib. Daha sonra xüsusi təyinatlı korpusun qrup komandiri kimi Azərbaycan Ordusunda xidmətini davam etdirib.
44 günlük Vətən müharibəsi zamanı xüsusi təyinatlı qüvvələrin qrup komandiri kimi döyüşlərdə iştirak edən Cavid Behbudov sentyabrın 27-dən oktyabrın 1-dək Murovdağ istiqamətində döyüş tapşırıqlarını yerinə yetirib. Daha sonra Füzuli, Cəbrayıl və Xocavənd istiqamətlərində gedən döyüşlərə qatılıb. Oktyabrın 25-də Xocavənd rayonunun Qırmızıbazar qəsəbəsi yaxınlığında yaralanıb.
Şahanə Rəhimli,
Musavat.com
8-11-2026, 08:36 | Azərbaycan Zəfər Gününü qeyd edir

Azərbaycan Vətən müharibəsində Zəfərini qeyd edir.
Respublica.Az-ın məlumatına görə, 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan xalqı işğal altındakı torpaqların azad edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə başlayıb.
44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Müzəffər Azərbaycan Ordusu oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsini, oktyabrın 4-də Cəbrayıl şəhərini, oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsini, oktyabrın 17-də Füzuli şəhərini, oktyabrın 20-də Zəngilan şəhərini, oktyabrın 25-də Qubadlı şəhərini, noyabrın 8-də isə Şuşa şəhərini işğaldan azad edib, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad olunub.
Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçib, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad olunub.
Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində 2908 hərbi qulluqçusu şəhid olub, 6 nəfər itkin düşmüş sayılır.
Azərbaycan Ordusunun zəfər yürüşünə tab gətirməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törədib.
Azərbaycanın ikinci böyük şəhəri olan qədim Gəncə, ərazilərində strateji obyektlər yerləşən və keçən Mingəçevir (Su Elektrik Stansiyası) və Yevlax (Bakı-Tbilisi-Ceyhan neft kəməri) şəhərləri, Beyləqan, Bərdə, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Abşeron, Xızı və digər rayonlar ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutulub.
Ümumilikdə Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12 292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib.
Bütün bunlara baxmayaraq, Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynayıb, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnib, Ermənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur edib.
Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər olub. Zəngin dövlətçilik və hərb tarixinə malik Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut edib, düşmən üzərində tarixi zəfər çalıb.
Müharibədə məğlub olduğunu anlayan Ermənistan məcburiyyət qarşısında qalaraq 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza atıb.
Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bəyanat imzalanıb. Bəyanata əsasən, 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan edilib.
Üçtərəfli Bəyanatda Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması da əksini tapıb.
Noyabrın 20-də Ağdam şəhəri və Ağdam rayonunun işğal altında olan hissəsi, noyabrın 25-də Kəlbəcər rayonu, dekabrın 1-də isə Laçın rayonu işğaldan azad edilib.
Azərbaycan bu üç rayonların işğaldan azad edilməsinə heç bir itki vermədən nail olub.
Eyni zamanda, 2023-cü il aprelin 23-də ərazi bütövlüyümüz tam bərpa edilib. Belə ki, Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd buraxılış məntəqəsi yaradılıb. Sentyabrın 20-də isə Azərbaycan öz suverenliyini tam bərpa edib. 24 saatdan da az müddətdə həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz məskunlaşmış Ermənistan ordusu təslim olub, Azərbaycanın şərtlərini qəbul edib və beləliklə, Azərbaycan öz dövlət suverenliyini tam təmin edib.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi, Ağdərə, Xocalı, Əsgəran və Xocavənddə üçrəngli şanlı Azərbaycan bayrağını ucaldıb.
Vətən Müharibəsindən sonra Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyasının sülhməramlı kontingentinin ölkəmizin ərazisindən çıxarılması prosesi 2024-cü iyunun 12-də başa çatıb. Sülhməramlı kontingentin şəxsi heyəti, silah və texnikası ərazimizi tam tərk edib.
Bundan başqa, Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb.
Prezident İlham Əliyev 2020-ci il dekabrın 3-də Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Şuşanın işğaldan azad edildiyi gün - 8 Noyabr Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir.
Zəfər Günü ilə əlaqədar noyabrın 8-də bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, 8 noyabr ölkədə qeyri-iş günüdür.
Respublica.Az
8-11-2026, 04:30 | Şuşanın işğaldan azad edilməsinin 6 ili tamam olur

Şuşa şəhərinin işğaldan azad edilməsinin 6 ili tamam olur.
Respublica.Az-ın məlumatına görə, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edilib.
Şuşa şəhərinin işğaldan azad edilməsi müjdəsini Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Bakıda Şəhidlər xiyabanından xalqa müraciətində açıqlayıb.
Dövlət başçısı müraciətində bildirib:"Əziz həmvətənlər, əziz bacılar və qardaşlar!
Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür!"
Prezident Şuşanın işğaldan azad edilməsi xəbərini Şəhidlər xiyabanından verməsinin təsadüfi olmadığını bildirib: "Bu gün bu müjdəni mən burada - Şəhidlər xiyabanında doğma xalqıma verirəm. Bu, təsadüfi deyil. Bu, təbiidir. Bu gün şəhidlərimizin ruhu qarşısında bir daha baş əyirəm. Bu gün bəyan edirəm ki, şəhidlərimizin qanı yerdə qalmır. Erməni vəhşiliyinin qurbanlarının, Xocalı qurbanlarının qanı yerdə qalmır. İntiqamımızı döyüş meydanında aldıq".
Dövlət başçısı müraciətində Şuşanın işğaldan azad edilməsi ilə ata vəsiyyətini də yerinə yetirdiyini vurğulayıb: "Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!"
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan müraciətini bu sözlərlə bitirib:
"Əziz Şuşa, sən azadsan!
Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik!
Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!"
Prezident İlham Əliyev 2020-ci il oktyabrın 16-da - Vətən müharibəsinin gedişində Türkiyənin "A Haber" televiziya kanalına müsahibəsində Şuşanın işğaldan azad edilməsinin qarşıya hədəf kimi qoyulduğunu açıqlamışdı. Dövlət başçısı"Mənim mövqeyim hər zaman belə olub ki, Şuşasız bizim işimiz yarımçıq olar. Ona görə təbii ki, Şuşanın işğaldan azad edilməsi bizim hədəflərimizin arasında xüsusi yer tutur", - deyə bildirmişdi.
Şuşanın işğaldan azad edilməsi 44 günlük müharibənin kulminasiya nöqtəsi oldu. Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında yüksək peşəkarlıq, misilsiz qəhrəmanlıq göstərərək, 2020-ci il noyabrın 8-də Şuşanı işğaldan azad etdi, müharibədə tarixi zəfərə imza atdı.
Şuşa əməliyyatında düşmənin xeyli texnikası, canlı qüvvəsi məhv edildi. Şuşanın azad edilməsi ilə Ermənistan ordusu darmadağın oldu, heç bir müqavimət gücü qalmadı.
Ermənistan Şuşanı itirməklə müharibədə məğlub olduğunu qəbul etdi, kapitulyasiya aktını imzalamaq məcburiyyətində qaldı.
Unikal Şuşa əməliyyatı dünya hərb tarixinə görünməmiş döyüş strategiyası və taktikası ilə düşüb. Artıq dünyanın bir çox ölkəsi, o cümlədən aparıcı hərbi təhsil müəssisələri Azərbaycan Ordusunun apardığı yeni nəsil 44 günlük müharibəni, xüsusilə də Şuşa əməliyyatını yaxından öyrənir.
Şuşanın işğaldan azad edilməsi şərəfinə Azərbaycan Respublikasında "Şuşanın azad olunmasına görə" medalı təsis olunub.
Prezident İlham Əliyevin Sərəncamı ilə Şuşanın işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş hərbi qulluqçular "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Şuşanın işğaldan azad edildiyi gün - 8 Noyabr Azərbaycanda Zəfər Günü kimi qeyd olunur.
Prezident İlham Əliyevin imzaladığı Sərəncamla 8 noyabr - Şuşa Şəhəri Günü kimi təsis edilib.
Qeyd edək ki, Şuşa şəhəri 8 may 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal müddətində Şuşa şəhərindəki 17 məsciddən 16-sı, eləcə də digər tarixi, mədəni abidələr, muzeylər, heykəllər, qəbiristanlıqlar dağıdılıb. Şuşa şəhərinin qurucusu Pənahəli xanın sarayı, Vaqifin məqbərəsi, Natəvanın evi, Üzeyir Hacıbəylinin, Bülbülün ev muzeyləri və daha neçə-neçə mədəni-tarixi bina yerlə-yeksan edilib.
İşğalçılar Şuşanın zəngin təbiətinə qarşı da ekoloji terror törədib, nadir ağac və bitki növləri qırılıb, yandırılıb.
Hazırda Şuşa şəhərində genişmiqyaslı bərpa, quruculuq işləri aparılır.
Respublica.Az
7-11-2026, 10:56 | ABŞ Dövlət Departamenti bəyanat yaydı - Azərbaycanla birgə...

ABŞ, Azərbaycan və Ermənistan TRIPP layihəsinin ("Tramp marşrutu") həyata keçirilməsi istiqamətində üçtərəfli texniki planlaşdırma qruplarının yaradılması barədə razılığa gəliblər.
Respublica.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin saytında bu barədə üçtərəfli bəyanat yayılıb. Bəyanata əsasən, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Brendan Hanrahan, Ermənistanın xarici işlər və beynəlxalq ticarət nazirinin müavini Vaan Kostanyan və Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin irəlilədilməsi məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının yaradıldığını elan ediblər.

Çoxnövlü tranzit marşrutu dövlət qurumlarının nümayəndələri və üç ölkənin texniki ekspertlərinin birgə fəaliyyəti çərçivəsində müzakirə olunacaq.Təşəbbüsün məqsədi uzunmüddətli sabitliyə, iqtisadi inkişafa, regional əlaqəliliyə və kommersiya rifahına töhfə verməkdir. Layihə, həmçinin ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə 2025-ci il avqustun 8-də əldə edilmiş Sülh Sammiti Bəyannaməsinin müddəalarının möhkəmləndirilməsinə xidmət edir.Bəyanatda qeyd olunub ki, tərəflər nəqliyyat və elektrik enerjisinin ötürülməsi məsələləri ilə məşğul olacaq ilk iki üçtərəfli planlaşdırma qrupunun yaradılması barədə razılığa gəliblər. Bu qrupların fəaliyyəti mürəkkəb texniki məsələlərin həlli və layihənin növbəti mərhələlərinə keçid, o cümlədən onun digər regional infrastrukturlarla əlaqələndirilməsi baxımından mühüm addım olacaq.

İştirakçılar TRIPP layihəsi çərçivəsində nəzərdə tutulan bütün mexanizmlərin mümkün qədər tez işə salınmasına sadiq olduqlarını təsdiqləyiblər.
Qeyd edək ki, Ermənistan hökuməti noyabrın 12-də parlamentin fövqəladə iclasını çağırmağı təklif edib.Gündəliyə "Səhmdar Cəmiyyətlər haqqında" Qanuna və əlaqəli qanunlara düzəliş layihəsi daxildir. Qanun layihələri paketində dövlətin iştirakı 25% və ya daha çox olan ratifikasiya olunmuş beynəlxalq müqavilələr əsasında yaradılan bütün şirkətlərə şamil ediləcək daimi qanunvericilik mexanizminin yaradılması tələb olunur. Bu düzəlişlər TRIPP layihəsinin həyata keçirilməsi üçün vacibdir. Paşinyan Amerika-Ermənistan birgə şirkətinin fəaliyyətə başlamasını gözləmədən marşrut üzrə hazırlıq işlərinə start vermək niyyətindədir. (Musavat.com )
Respublica.az
30-10-2026, 21:57 | Sahil Babayevə yeni müavin təyin edildi - dosye

Azərbaycanın maliyyə naziri Sahil Babayevə yeni müavin təyin olunub.
Respublica.az axar.az-a istinadən bildirir ki, Prezident İlham Əliyevin 30 oktyabr 2026-cı il tarixli sərəncamı ilə Sadiq Cabir oğlu Əliyev maliyyə nazirinin müavini təyin edilib.
Sadiq Əliyev bu təyinata qədər Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru vəzifəsində çalışıb.
1984-cü ildə anadan olan Sadiq Əliyev Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsində bakalavr və magistr təhsilini fərqlənmə ilə başa vurub.
Əmək fəaliyyətinə 2005-ci ildə özəl sektorda başlayıb. 2006-2019-cu illərdə Tarif (Qiymət) Şurasının Katibliyində müxtəlif rəhbər vəzifələrdə çalışıb.
2019-cu ildə İqtisadiyyat Nazirliyinin Tarif siyasəti şöbəsinin müdiri vəzifəsini icra edib.
2019-2024-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Strateji planlaşdırma və innovasiyalar şöbəsinin müdiri olub.
2024-cü ildə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri təyin edilib və 2026-cı ilin yanvarınadək bu vəzifədə çalışıb.
2026-cı il yanvarın 8-də Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru təyin olunub.
Sadiq Əliyev "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib. Ümumdünya Məşğulluq Xidmətləri Assosiasiyasının (WAPES) İdarə Heyətinin və Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, üç övladı var.
Respublica.az
30-10-2026, 15:57 | Xırdalanda ŞOK tikinti özbaşınalığı: Abşeron Rayon İcra Hakimiyyəti hara baxır? – VİDEO

Abşeronda qanunsuz tikinti iddiaları və sakinlərin narazılığı davam edir. Xırdalan şəhərində aparılan tikinti işləri ilə bağlı sakinlər aidiyyəti qurumların hərəkətsizliyindən şikayətlənirlər.
Ölkəmizdə şəhərsalma və tikinti sahəsində qayda-qanunlara riayət olunmasının vacibliyi dəfələrlə vurğulansa da, Abşeron rayonunun Xırdalan şəhərində baş verənlər bir sıra suallar doğurur.
Respublika.az redaksiyasına Xırdalan şəhəri, Osman Sərvərli.küçəsində yaşayan bir qrup sakin müraciət edərək ərazidə aparılan tikinti işlərindən narazılıqlarını bildiriblər.
Sakinlərin sözlərinə görə, bir neçə ay əvvəl ərazidə fərdi yaşayış evinin yerləşdiyi sahədə ikimərtəbəli obyektin tikintisinə başlanılıb. Onlar iddia edirlər ki, tikinti işləri gündəlik həyatlarına ciddi maneələr yaradır, evlərində rahat yaşamaq imkanlarını məhdudlaşdırır.
Sakinlər narazıdır: rahatlığımız pozulub
Müraciət edən vətəndaşların bildirdiyinə görə, inşa olunan obyektin hündürlüyü ətrafdakı yaşayış evlərinə təsir göstərir. Sakinlər tikinti başa çatdıqdan sonra evlərində əvvəlki rahatlıqla yaşaya bilməyəcəklərindən narahatdırlar.
Bununla yanaşı, əraziyə beton daşıyan ağırtonnajlı avtomobillərin daxil olması da əlavə problemlər yaradır. Sakinlər bildirirlər ki, beton tökülən zaman avtomobillər yolu bağlayır, gediş-gəliş çətinləşir. Tikinti ilə əlaqədar yaranan səs-küy isə onların sözlərinə görə, gecə saatlarında belə istirahətlərinə mane olur.
Ən ciddi suallardan biri isə torpaq sahəsinin təyinatı ilə bağlıdır. Sakinlər iddia edirlər ki, tikintinin aparıldığı ərazi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir.
Belə olan halda sual yaranır: torpağın təyinatı və tikintiyə dair qanuni tələblər nəzərə alınmaqla, həmin ərazidə ikimərtəbəli obyektin inşasına hansı əsasla başlanılıb? Tikinti üçün müvafiq icazələrin və zəruri sənədlərin olub-olmaması aidiyyəti qurumlar tərəfindən araşdırılıbmı?
İcra hakimiyyətinə müraciətlər nəticəsiz qalıb?
Sakinlərin sözlərinə görə, onlar yaranmış problemlə bağlı dəfələrlə Abşeron Rayon İcra Hakimiyyətinə müraciət ediblər. Lakin müraciətlərinin nəticə vermədiyini bildirən vətəndaşlar aidiyyəti qurumların məsələyə daha ciddi yanaşmasını istəyirlər.
Onların iddiasına əsasən, müraciət edən şəxslər İcra Hakimiyyətinin memarlıq şöbəsinə yönləndirilsələr də, bu, narazılıqlarının aradan qaldırılmasına kömək etməyib.
Bu vəziyyət haqlı suallar doğurur: Xırdalan şəhəri, Osman Sərvərli küçəsində aparılan tikintiyə nəzarət edən qurumlar hansı tədbirləri görüblər? Torpaq sahəsinin təyinatı, tikinti sənədləri və işlərin qanunvericiliyin tələblərinə uyğunluğu yoxlanılıbmı?
Əgər tikinti zamanı hər hansı qanun pozuntusu müəyyən edilərsə, bunun qarşısını almaq və məsul şəxslərlə bağlı qanuni tədbirlər görmək aidiyyəti qurumların vəzifəsidir.
Sakinlər Prezidentdən kömək istəyirlər
Problemin həllini tapmadığını bildirən sakinlər artıq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edərək məsələnin nəzarətə götürülməsinə və obyektiv araşdırılmasına kömək göstərilməsini istəyirlər.
30-10-2026, 15:43 | Azərbaycanda yeni qurum yaradılır

Azərbaycanda Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq. Özəl məhkəmə ekspertlərindən 10 faiz dərəcə ilə vergi tutulacaq, onlar gəlirlərinin 15 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyəcəklər, icbari tibbi sığorta üzrə sığortalı qismində özləri çıxış edəcəklər.
Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan "Məhkəmə ekspertizası fəaliyyəti haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Özəl Məhkəmə Ekspertlərinin Palatası
Özəl Məhkəmə Ekspertlərinin Palatası (Palata) üzvlərinin hüquqlarını və qanuni mənafelərini qorumaq, onların fəaliyyətini əlaqələndirmək məqsədilə özəl məhkəmə ekspertlərinin məcburi üzvlüyü əsasında yaradılan, fəaliyyətini özünüidarəetmə prinsipi üzrə həyata keçirən qeyri-kommersiya hüquqi şəxs olacaq.
Palatanın möhürü, emblemi, bank hesabı, müvafiq ştampları və blankları olacaq.
Palata bu qanun və Palatanın Ümumi yığıncağında qəbul edilmiş nizamnaməsi əsasında fəaliyyət göstərəcək.
Palatanın idarə olunması qaydası onun nizamnaməsi ilə tənzimlənəcək. Palataya Palatanın İdarə Heyətinin sədri, o olmadıqda isə müavini rəhbərlik edəcək.
Palatanın maliyyələşmə mənbələri aşağıdakılar olacaq:
Palata üzvlərinin üzvlük haqları;
Palata üzvlərinin intizam tənbeh tədbiri kimi cərimə edilməsindən daxilolmalar;
ianələr.
Palata üzvlərinin üzvlük haqqının məbləği, onun ödənilməsi müddəti və qaydası Palatanın nizamnaməsi ilə müəyyən olunacaq.
Palatanın aşağıdakı səlahiyyətləri olacaq:
özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslərin ixtisas imtahanlarına hazırlanmasında onlara metodiki köməklik göstərmək;
özəl məhkəmə ekspertlərinin fəaliyyətini əlaqələndirmək və onların təlimini təşkil etmək;
özəl məhkəmə ekspertləri tərəfindən etik davranış kodeksinin tələblərinə riayət edilməsinə nəzarət etmək;
dövlət orqanlarında (qurumlarında) özəl məhkəmə ekspertlərini təmsil etmək və onların hüquqlarını və qanuni mənafelərini müdafiə etmək;
özəl məhkəmə eksperti fəaliyyəti ilə bağlı normativ hüquqi aktların tələblərini, habelə icra intizamını pozmasına işarə edən kifayət qədər dəlillər olduqda onun barəsində bu qanuna uyğun olaraq intizam icraatının başlanılması barədə İntizam Komissiyasına təqdimat vermək;
məhkəmə ekspertizası fəaliyyətini tənzimləyən normativ hüquqi aktların təkmilləşdirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanına təkliflər vermək;
digər ölkələrin məhkəmə ekspertləri, həmçinin beynəlxalq təşkilatlarla və hüquqi şəxslərlə əməkdaşlıq etmək.
Özəl məhkəmə eksperti Məhkəmə Ekspertlərinin Reyestrinə daxil edildiyi andan Palatanın üzvü olacaq.
Özəl məhkəmə ekspertinin fəaliyyətinə xitam verildikdə onun Palataya üzvlüyünə xitam veriləcək.
Özəl məhkəmə ekspertləri barəsində intizam icraatı
Özəl məhkəmə eksperti fəaliyyəti ilə bağlı normativ hüquqi aktların tələblərinin, habelə icra intizamının pozulmasına yol verdikdə onun barəsində intizam tənbehi tətbiq olunacaq. Özəl məhkəmə eksperti barəsində intizam icraatı İntizam Komissiyası tərəfindən aparılacaq. Özəl məhkəmə eksperti barəsində intizam tənbehinin tətbiqi intizam icraatını aparmış İntizam Komissiyasının rəyinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçiriləcək.
İntizam Komissiyasının tərkibi, formalaşdırılma qaydası və əsasnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq ediləcək.
Özəl məhkəmə eksperti barəsində intizam icraatı müvafiq icra hakimiyyəti orqanının və ya Palatanın təqdimatı əsasında başlanılacaq. Təqdimata baxılması və intizam icraatının aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunacaq.
Özəl məhkəmə ekspertinin intizam icraatı zamanı yazılı izahat, habelə zəruri məlumat və sənədləri verməkdən imtina etməsi intizam tənbehinin tətbiq edilməsinə mane olmayacaq.
İntizam Komissiyasının yekun rəyinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl məhkəmə ekspertinə intizam pozuntusunun ağırlıq dərəcəsindən asılı olaraq aşağıdakı tənbeh növlərindən biri tətbiq olunacaq:
töhmət;
min manatdan iki min manatadək məbləğdə cərimə;
özəl məhkəmə eksperti şəhadətnaməsinin ləğvi.
Cərimə üzrə məbləğlər üçün Palatanın bank hesabına köçürüləcək.
İntizam tənbehi burada nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən bir il keçənədək, törədildiyi gündən iki il keçənədək verilə biləcək və özəl məhkəmə ekspertinin məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt bu müddətə daxil edilməyəcək.
Töhmət intizam tənbehi verildiyi gündən bir il müddətində qüvvədə olacaq.
İntizam tənbehinin verilməsi qərarla rəsmiləşdiriləcək. Verilmiş qərar üç iş günü ərzində özəl məhkəmə ekspertinə elan olunacaq və əmrin surəti ona təqdim ediləcək. Özəl məhkəmə eksperti əmrdən inzibati qaydada və məhkəməyə şikayət verə biləcək.
Özəl məhkəmə ekspertinə intizam tənbehi tətbiq olunmadan yazılı və ya şifahi xəbərdarlıq edilə biləcək. Xəbərdarlıq intizam tənbehi hesab edilməyəcək.
Özəl məhkəmə eksperti fəaliyyəti sahibkarlıq fəaliyyəti hesab olunmayacaq.
Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi
"Məhkəmə ekspertizası fəaliyyəti haqqında" Qanuna əsasən məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqaviləyə əsasən alınan haqlar (xərclər nəzərə alınmadan) qeyri-sahibkarlıq fəaliyyətindən gəlir (muzdlu işə aid olmayan fəaliyyətdən gəlir) hesab ediləcək və vergitutma obyekti olacaq.
Özəl məhkəmə eksperti üçün bu vergitutma obyektindən 10 faiz dərəcə ilə vergi tutulacaq.
Özəl məhkəmə ekspertləri 10 faiz dərəcə ilə hər ay hesablanmış vergini növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər.
Özəl məhkəmə ekspertləri onlara ödənilən ekspertiza haqlarına münasibətdə hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanlarına bəyannamə verməlidirlər.
"Sosial sığorta haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi
Özəl məhkəmə ekspertləri məcburi dövlət sosial sığortası ilə əhatə olunacaqlar və gəlirlərinin (xərclər çıxılmaqla) 15 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyəcəklər.
"Tibbi sığorta haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi
Vergi Məcəlləsinə əsasən sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla vergi ödəyicisi kimi vergi uçotuna alınmış özəl məhkəmə ekspertləri icbari tibbi sığorta üzrə sığortalı qismində özləri çıxış edəcəklər.
Keçid müddəalar
Palata dövlət qeydiyyatına alınanadək onun "Məhkəmə ekspertizası fəaliyyəti haqqında" müəyyən edilmiş səlahiyyətləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçiriləcək.
Palata dövlət qeydiyyatına alınanadək özəl məhkəmə ekspertlərinin üzvlük haqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ədliyyə orqanlarının xüsusi xəzinə hesabına köçürüləcək və özəl məhkəmə ekspertizası fəaliyyətinin məqsədləri üçün istifadə olunacaq.
Palata Məhkəmə Ekspertləri Reyestrinə daxil edilmiş özəl məhkəmə ekspertləri tərəfindən təsis ediləcək. 2027-ci il iyulun 1-dək Reyestrə daxil edilmiş özəl məhkəmə ekspertlərinin sayı 50 nəfərə çatmazsa, təsis yığıncağı Reyestrə daxil edilmiş özəl məhkəmə ekspertlərinin azı üçdə ikisinin iştirakı ilə keçiriləcək. İclasa təsis yığıncağında iştirak edən ən yaşlı özəl məhkəmə eksperti sədrlik edəcək.
Məhkəmə Ekspertləri Reyestrinə 50 özəl məhkəmə eksperti daxil edildikdən sonra bir il müddətində Palata təsis edilməzsə, təsis yığıncağı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən çağırılacaq.
Palata dövlət qeydiyyatına alındığı andan Məhkəmə Ekspertləri Reyestrinə daxil edilmiş bütün özəl məhkəmə ekspertləri onun üzvü hesab ediləcəklər.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Respublica.az
30-10-2026, 15:33 | Əli Əsədov işçi sayı və maaşlarla bağlı qərar imzaladı

Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Nazirlər Kabineti Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzinin, Bitkiçilik Elmləri İnstitutunun, eləcə də Heyvandarlıq, Balıqçılıq və Baytarlıq Elmləri İnstitutunun strukturlarını, işçilərinin say həddini və əməkhaqlarının məbləğini təsdiq edib.
Trend-in məlumatına görə, bu barədə Baş nazir Əli Əsədovun imzaladığı qərar Nazirlər Kabinetinin rəsmi saytında dərc olunub.
Qərara əsasən, qeyd olunan qurumların vəzifə maaşları, vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlərin məbləğləri təsdiqlənib.
Sənədlə üç qurumun təşkilati strukturu və ştat sayı da müəyyənləşdirilib.
Respublica.Az









