8-11-2020, 12:50 | Şuşa şəhəri işğaldan azad edildi - Prezident İlham Əliyev elan etdi

Şuşa şəhəri işğaldan azad edildi.
Bunu Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində elan edib
22-10-2020, 14:45 | Prezident İlham Əliyev: Azərbaycan özü döyüşür, bizim heç bir xarici döyüşçüyə ehtiyacımız yoxdur

Azərbaycan özü döyüşür. Bizim heç bir xarici döyüşçüyə ehtiyacımız yoxdur. Bizim kifayət qədər insanlarımız, nizami ordumuzda kifayət qədər əsgər və zabitlərimiz var.
AZƏRTAC bildirir ki, bunu Prezident İlham Əliyev oktyabrın 21-də Yaponiyanın "Nikkei" qəzetinə müsahibəsində deyib.
Dövlət başçısı bildirib:
"Ermənistanın Yaxın Şərqdən muzdluları və döyüşçüləri cəlb etməsi faktı sirr deyil. Hətta Ermənistanın baş naziri bunu etiraf edib. Lakin o bildirib ki, onlar köklü ermənilərdir. Birincisi, heç kim bilmir onlar köklü ermənilərdir, ya yox. Bizdə məlumat var ki, başqa millətlərin nümayəndələri hazırda Ermənistan tərəfdən döyüşür. İkincisi, əgər insan etnik ermənidirsə və başqa ölkənin vətəndaşıdırsa, bu, o demək deyil ki, o, muzdlu deyil. Döyüş meydanında zərərsizləşdirilənlər arasında Livan pasportu olan, Kanada pasportu olan insanlar var. Bizdə Fransa, ABŞ vətəndaşlarının, erməni əsilli, lakin bu ölkələrin vətəndaşları olan şəxslərin, keçmiş sovet ölkələrinin vətəndaşlarının, Yaxın Şərq ölkələrinin vətəndaşları ilə birlikdə bizə qarşı döyüşməsinə dair dəlillər var. Ermənistan birinci Qarabağ müharibəsində muzdlulardan istifadə edirdi. Bu, sirr deyil. Onlardan bəziləri Azərbaycan tərəfindən zərərsizləşdirilib və ermənilər onların şərəfinə böyük abidələr ucaldıblar, beynəlxalq terrorçuların şərəfinə abidələr. Bu, Ermənistanın terrorçu dövlət olduğunu göstərir.
Azərbaycana gəlincə, birincisi, Suriya İnsan Haqlarının Müşahidəsi Qrupu adlandırılan QHT etibarlı təşkilat deyil. Biz onların Suriyadakı müharibə ilə bağlı yaydığı çox sayda feyk xəbərləri bilirik. Bu, siyasi motivasiyalı olan "QHT"yə etibar, etimad yoxdur. Birincisi, biz kimin maliyyələşdirdiyini yoxlamalı, sonra bu şayiələrin arxasında kimin durduğunu öyrənməliyik. İkincisi, bizə heç bir ölkə tərəfindən bir dəlil belə təqdim olunmayıb. Yalnız şayiələr, yalnız əsassız bəyanatlar. Mən sübut tələb etdim. Dedim yaxşı, biz artıq 20 gündən çoxdur ki, münaqişənin aktiv fazasındayıq, sübutlar haradadır? Bizə dəlil təqdim edin. Heç bir sübut yoxdur. Ona görə də, bu şayiələrə son qoyulmalıdır. Azərbaycan özü döyüşür. Bizim heç bir xarici döyüşçüyə ehtiyacımız yoxdur. Bizim kifayət qədər insanlarımız, nizami ordumuzda kifayət qədər əsgər və zabitlərimiz var. Əhalimizin sayı 10 milyon nəfərdir. Əgər bizim əlavə döyüşçüyə ehtiyacımız olsa, səfərbərlik elan edərik, cəlb edərik. Beləliklə, buna ehtiyac yoxdur. Bu, tamamilə yanlış məlumatdır".
22-10-2020, 14:29 | Prezident İlham Əliyev: "Dağlıq Qarabağda heç bir referendum olmayacaq"

Dağlıq Qarabağda heç bir referendum olmayacaq. Biz bununla heç vaxt razılaşmayacağıq. Biz danışıqlar zamanı buna razılıq vermədik və indi ərazinin böyük bir hissəsini geri aldığımız bir vaxtda bundan söhbət gedə bilməz.
AZƏRTAC bildirir ki, bunu Prezident İlham Əliyev oktyabrın 21-də Yaponiyanın "Nikkei" qəzetinə müsahibəsində deyib.
Dövlət başçısı:
"Öz müqəddəratını təyinetməyə gəldikdə, ermənilər artıq öz müqəddəratlarını təyin ediblər. Onların müstəqil Ermənistan dövləti var. Təsəvvür edin, əgər ermənilər yaşadıqları hər yerdə öz müqəddəratlarını təyin etsələr nə baş verər, dünyada neçə kiçik Ermənistan olar. Bu, əks təsir verən yanaşmadır. Öz müqəddəratını təyinetmə beynəlxalq hüququn mühüm amilidir. Lakin o, Azərbaycanın ərazi bütövlüyünü pozmamalıdır. Öz müqəddəratını təyinetmənin müxtəlif növləri var, icmaların müxtəlif növləri var. Məsələn, mədəni muxtariyyət ola bilər. Biz Avropanın inkişaf etmiş ölkələrində bu nümunələri görürük ki, insanların öz bələdiyyələrində, öz icmalarında müəyyən hüquqları var. Azərbaycanın istənilən yerində olduğu kimi, əlbəttə, Azərbaycanda yaşayan ermənilərin də bu formada təmasları ola bilər. Lakin biz heç vaxt Azərbaycan ərazisində ikinci Ermənistan dövlətinin yaradılmasına icazə verməyəcəyik. Bundan söhbət gedə bilməz. Bir sözlə, referendum olmayacaq, heç vaxt".
22-10-2020, 14:13 | "Qanunsuz silahlanan Ermənistan özünə arxayın idi, ona görə danışıqlardan qaçırdı" - Ekspert

Ermənistan qanunsuz yolla silahlandığı üçün Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Azərbaycanla danışıqlara gəlmək istəmirdi.
Bunu Trend-ə açıqlamasında hərbi ekspert Tərlan Eyvazov deyib.
O bildirib ki, Ermənistan özünün silahı və Rusiyanın bu ölkədə yerləşdirilən hərbi bazasının silahlarına, hərbi texnikasına arxalanırdı: "Həmin hərbi texnika və silah-sursatlar Dağlıq Qarabağın işğal altındakı ərazisində yerləşdirilmişdi. Azərbaycan Ordusunun bu gün Dağlıq Qarabağ və ətraf rayonları terrorçulardan təmizləməsi əməliyyatlarında bunun şahidi oluruq. Aydın oldu ki, ön cəbhədə nə qədər tank var imiş. Ona görə də onlar danışıqlara gəlmirdilər, özlərinə arxayın idilər. Düşünürdülər ki, onların cəbhə bölgəsində olan tank, zirehli vasitələri və sursatları Azərbaycanınkından artıqdır. Əgər Azərbaycan bu vaxta qədər Türkiyə, İsrail və digər ölkələrdən pulla silah-sursat, hərbi texnika alırdısa, Ermənistan bunu özünün yaxın müttəfiqlərindən pulsuz əldə edirdi. Təbii ki, kiçik bir büdcəsi olan Ermənistanın bu qədər silah və hərbi texnika almaq imkanı yoxdur. Azərbaycan Ordusu müasir texnologiyalı silahlarla həmin silah və texnikaları məhv etsə də, hələ də onlarda silah qalmaqdadır".
Hərbi ekspert bildirir ki, məsələyə ATƏT-in Mnsk Qrupu heç bir reaksiya verməyib: "Minsk Qrupu əksinə Azərbaycana təzyiq göstərirdi ki, Ermnənistana nəyisə güzəştə getsin. Əgər bu gün Ermənistan ərazisindən dinc sakinlərin yaşadığı Azərbaycan ərazilərinə raketlər atılırsa, Minsk Qrupu və digər beynəlxalq təşkilatlar buna reaksiya vermirsə, ermənilərin silahlanmasına hansı reaksiyanı verəcək? Buna görə də Azərbaycan öz problemini özü həll etmək qərarı verdi".
22-10-2020, 14:07 | Prezident İlham Əliyev: "Beynəlxalq müşahidəçilər və ya sülhməramlı qüvvələr əsas prinsiplərin sonuncu hissəsidir"

Beynəlxalq müşahidəçilər və ya sülhməramlı qüvvələr əsas prinsiplərin bir hissəsidir. Lakin bu, sonuncu hissəsidir, ünvanlanmalı olan ən son məsələlərdən biridir və əlbəttə ki, hər iki tərəf, - Azərbaycan və Ermənistan bu beynəlxalq müşahidəçilərin və ya sülhməramlıların kim olacağına razılaşmalıdır.
AZƏRTAC bildirir ki, bunu Prezident İlham Əliyev oktyabrın 21-də Yaponiyanın "Nikkei" qəzetinə müsahibəsində deyib.
Dövlət başçısı:
"Buna görə, biz danışıqlar çərçivəsində bu məsələni ciddi müzakirə etməmişik. Hesab edirəm ki, Minsk qrupunun həmsədrləri olan üç ölkə, əlbəttə, öz adından bu müşahidəçilərin tərkibi, sayı, onların nə zaman və hara göndəriləcəyi ilə bağlı təkliflərini verəcəklər.
Çünki bu, həm də texniki nöqteyi-nəzərdən vacibdir. Çünki indi döyüş əməliyyatlarının aktiv fazasıdır. Bu müşahidəçilər və ya sülhməramlılar harada yerləşdiriləcək? Onların həyatı risk altında ola bilər. Onların mandatı necə olacaq? Onlara mandatı kim verəcək? Aydındır ki, biz bu barədə danışanda, Azərbaycan ərazisi barədə danışırıq. Bu, Ermənistanın ərazisi deyil. Ona görə də, əlbəttə ki, bununla bağlı həlledici sözü biz deməliyik. Bu səbəbdən, sözsüz ki, bütün bu məsələlərlə məşğul olmaq lazımdır. Prinsipcə, biz bunu inkar etmirik. Lakin sözsüz ki, vaxtı gələndə biz öz şərtlərimizi irəli sürəcəyik".
13-10-2020, 07:25 | Tərtər atəşə tutulur

Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistən silahlı qüvvələri bu gün səhər saatlarından etibarən Tərtər rayonunun ərazisini yenidən atəşə tutur.
Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
13-10-2020, 06:52 | Prezident İlham Əliyev: Azərbaycan 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

Azərbaycan 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək.
AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham əliyev Virtual 71-ci Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində etdiyi videomüraciətində bildirib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan bir dəfə - 1973-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edib: "Beləliklə, 50 ildən sonra - 2023-cü ildə paytaxtımızda ikinci konqresə ev sahibliyi etməyimiz rəmzi məna kəsb edəcək. Lakin həmin vaxt Azərbaycan müstəqil deyildi. Azərbaycan Sovet İttifaqının tərkibində idi, Sovet İttifaqının 15 respublikasından biri idi. 1973-cü ildə Azərbaycanın konqresə ev sahibi seçilməsi xalqımızın və Azərbaycanın yüksək intellektual və texniki potensialını nümayiş etdirdi. Üç ildən sonra biz sizi Bakıda görəcəyik. Əlli ildən sonra Konqresin bizim şəhərimizə - lakin indi müstəqil Azərbaycanın paytaxtına qayıtması çox rəmzi məna kəsb edəcək".
10-10-2020, 09:57 | Düşmənin daha bir zirehli tank bölməsi darmadağın edildi - VİDEO

Azərbaycan Müdafiə Nazirliyindən milli.az-a verilən məlumata görə, Düşmənin daha bir zirehli tank bölməsi darmadağın edildi.
10-10-2020, 09:47 | Türkiyə mətbuatı Prezident İlham Əliyevin yeni qələbə zəfərləri ilə bağlı xalqa müraciətinə geniş yer ayırıb

Müzəffər Azərbaycan Ordusunun bir neçə yaşayış məntəqəsini işğaldan azad etməsi və bu münasibətlə Prezident İlham Əliyevinin oktyabrın 9-da bütün Azərbaycan xalqına müraciəti, dövlətimizin başçısının çıxışındakı mühüm sərt mesajlar Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş şəkildə işıqlandırılıb.
Qardaş ölkə KİV-ləri Prezident İlham Əliyevin işğalçı və düşmən ölkənin rəhbərliyini ən ağır ifadələrlə ittiham etməsini türkdilli əhalinin diqqətinə çatdırıblar. Məlumatlar müxtəlif sərlövhələrlə təqdim olunub.
Məlumatlarla Anadolu və DHA agentlikləri, TRT Haber, Haber Türk, TGRT, A Haber, Haber Global, TRT Avaz, NTV telekanallarının, habelə "Yeni şəfəq", "Sözçü", "Aydınlıq", "Yeni çağ" və s. nüfuzlu qəzetlərin saytlarında tanış olmaq mümkündür.
AZƏRTAC
10-10-2020, 09:21 | Düşmənin ağır döyüş texnikaları məhv edilir - VİDEO

Düşmənin ağır döyüş texnikaları bölmələrimizin sərrast atəşi ilə məhv edilir.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. (milli.az)















