25-08-2025, 10:59 | Sabah 5000 abonentin qazı kəsiləcək

Sabah Lənkəranın bəzi ərazilərində qaz olmayacaq.
Bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, Lənkəran rayonu ərazisində yerləşən daşıyıcı yeraltı orta təzyiqli qaz xəttinin kipliyinin sınaqdan keçirilməsi məqsədilə Rvo, Narbağı, Qurunba, Şağlaküçə, Bəlləbur, Kərgəlan, Lüvəsər, Darquba, Səbir, Talışlı, Ləj, Haftoni və Xanlıqlı kəndləri daxil olmaqla, ümumilikdə 13 yaşayış məntəqəsində yaşayan təxminən 5000 abonentin qaz təchizatının 26.08.2025-ci il tarixində saat 10:00-dan işlər sona çatanadək müvəqqəti dayandırılması planlaşdırılır.
"Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamanızı və təhlükəsizlik tədbirlərinə ciddi riayət etməyinizi xahiş edirik",- deyə məlumatda qeyd edilib.
5-03-2024, 12:53 | Magistratura imtahanında YENİLİK - bu suallar əlavə olunacaq

Magistraturaya qəbul imtahanında xarici dil üzrə danışıq bloku sualları da əlavə olunacaq.
Bunu Dövlət İmtahan Mərkəzinin direktorlar Şurasının sədri Məleykə Abbaszdə deyib.
O bildirib ki, hazırda xarici dildə magistratura qəbul imtahanları aparılır:
"Onların xarici dil biliklərinin CEFR səviyyəsi üzrə göstəricisi B+ a uyğundur. Doktoranturaya qəbul imtahanı və Fəlsəfə doktoru imtahanında xarici dil üzrə dinləyib anlama, yazma, oxuma və danışıq bloku yoxlanılır. Artıq növbəti mərhələdə danışıq bloku magistratura üzrə imtahanlarda da tətbiq olunacaq".
29-12-2023, 06:27 | Direktor: "Hazırda Laçında pediatr və terapevtlərə ehtiyac var"

Laçın Rayon Mərkəzi Xəstəxanasının direktoru Orxan Cəbrayıl hazırda Laçında pediatr və terapevt həkimlərə ehtiyac olduğunu bildirib.
Respublica.Az xəbər verir ki, o, report.az-a açıqlamasında deyib ki, hazırda Laçın rayonunda daimi 4 həkim, 5 orta tibb işçisi fəaliyyət göstərir, digərləri isə rayona ezam olunanlardır.
"Laçın rayonunda ilk tibbi fəaliyyətimiz may ayında, elə ilk köç prosesi zamanı başlayıb. Onda yalnız təcili və təxirəsalınmaz tibbi yardım briqadası fəaliyyət göstərirdi. Sonra modul tipli Laçın Ailə Sağlamlıq Mərkəzi fəaliyyətə başladı. Mərkəz fəaliyyətə başladıqdan sonra buraya işçilər götürüldü. Həkim və tibbi bacısı kollektivi orada işə başladı, hansı ki, onların arasında Laçına köçüb yaşayanlar da var. Bu yaxınlarda isə bir nəfər təcili yardım və ultrasəs müayinəsi həkimi işə götürülüb. Digər həkim kadrlara, o cümlədən pediatr və terapevtlərə ehtiyac var. Amma məsələ burasındadır ki, hələ xəstəxana hazır deyil", - O.Cəbrayıl qeyd edib.
Direktor bildirib ki, hazırda xəstəxanada son tamamlama işləri gedir: "Xəstəxana fəaliyyətə başladıqdan sonra cərrah, cərrah-travmatoloq, oftalmoloq, nevroloq, kardioloq, dəri-zöhrəvi və digər ixtisaslar üzrə həkimlərə ehtiyac olacaq. Müraciətlər var və onları dəyərləndirəcəyik. Müraciət olmayan ixtisas üzrə də axtarışdayıq və məqsədimiz onları bura cəlb etməkdir. Amma bütün bunlar xəstəxanada işlər yekunlaşdıqdan sonra olacaq".
Respublica.Az
28-12-2023, 06:30 | Göyçayda pirotexniki vasitələrin satışını təşkil edənlər məsuliyyətə cəlb edildi

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən tədbirlər zamanı şəhər ərazisində yerləşən 3 mağazada gizli şəkildə pirotexniki vasitələr satan şəxslər müəyyən olunub.
Onlardan müxtəlif növ partlayıcı maddələr və pirotexniki vasitələr aşkar edilərək götürülüb. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.
Respublica.Az
28-12-2023, 06:27 | İsmayıllıda Heydər Əliyev İli çərçivəsində səhiyyə veteranları ilə görüş keçirildi - FOTOlar

İsmayıllıda Heydər Əliyev İli çərçivəsində 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar səhiyyə veteranları ilə görüş keçirilib.
Milli.Az xəbər verir ki, İsmayıllı Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin təşkilatçılığı ilə Qala Şadlıq Sarayında keçirilən tədbirdə RİH başçısı Nahid Bağırov, idarə, təşkilat, müəssisə rəhbərləri, şəhid ailələri, tibb işçiləri, veteran səhiyyə işçiləri iştirak edib.
Tədbiri giriş sözü ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru Vidadi Rəhimov açaraq tədbir iştirakçılarını 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə təbrik edib. Son bir ildə səhiyyə sahəsində görülən işlər barədə məlumat verib.
RİH başçısının müavini Sevil Əhmədova tədbir iştirakçılarını salamlayaraq onları bayram münasibətilə təbrik edib, şərəfli və məsuliyyətli peşə sahibləri olan tibb işçilərinə göstərilən diqqət və qayğıdan danışıb.
Tədbir zamanı İcra Hakimiyyətinin başçısı Nahid Bağırov bir qrup tibb işçisini səhiyyə sahəsindəki səmərəli fəaliyyətinə təşəkkürnamə və pul mükafatı ilə mükafatlandırıb.
Tədbir musiqi proqramı ilə davam edib.
Respublica.Az
25-12-2023, 05:42 | Gədəbəydə külək evin dam örtüyünü dağıdıb, xəsarət alan var

Gədəbəy rayon ərazisində əsən güclü külək bir sıra fəsad törədib, xəsarət alan var.
Respublica.Az report.az-a istinadən xəbər verir ki, güclü külək səbəbindən Gədəbəy rayon Kiçik Qaramurad kəndində vətandaşa məxsus fərdi evin dam örtüyü dağılıb.
Hadisə zamanı yaxınlıqda olan, 1956-cı il təvəllüdlü D.Novruzova başından xəsarət alıb. Onun vəziyyəti normal qiymətləndirilir.
Küləkli hava şəraiti səbəbindən rayonun bəzi ərazilərində də fəsadlar qeydə alınıb. Dam örtüklərinə, təsərrüfata zərər dəyib.
Xatırladaq ki, dünəndən başlayaraq ölkənin digər bölgələrində olduğu kimi, Qərb bölgəsində də küləkli hava şəraiti müşahidə olunur.
Respublica.Az
24-12-2023, 12:57 | Bu rayondakı binalar təmir olunacaq - 145 min xərclənəcək

Quba rayonunda bir sıra yaşayış binaları təmir olunacaq.
Respublica.Az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, təmir işləri şəhər ərazisindəki bir sıra yaşayış binalarını əhatə edəcək.
Yerli icra hakimiyyəti bununla bağlı qərar verib və artıq hazırlıq işlərinə başlanılıb.
Təmir işlərinə 145 min manatdan çox vəsait sərf olunacaq.
Respublica.Az
23-12-2023, 11:33 | Xaçmazda uçan körpünün yerinə inşa olunan yeni körpü

İntensiv yağıntılar nəticəsində yaranmış güclü sel sularının uçurduğu Qudyalçay üzərində yerləşən və yeni körpünün inşası başa çatıb.
Respublica.Az Trend-ə istinadən bildirir ki, inşa edilmiş yeni körpü bu gün istifadəyə verilib.
Açılış mərasimində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədr müavini Əvəz Qocayev, Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavinləri və rayon ictimayəti iştirak ediblər.
Yeni körpünün uzunluğu 66 metr, eni 15 metrdir.
Qeyd edək ki, intensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 27-ci km-də, Qudyalçay üzərində yerləşən və 1974-cü ildə inşa edilmiş avtomobil körpüsündə çökməyə səbəb olmuşdu.
Respublica.Az
23-12-2023, 09:23 | Həmid Pənahov işdən çıxarıldı

Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru tutduğu vəzifədən azad edilib.
Respublica.Az xəbər verir ki, mərkəzin direktoru Həmid Pənahov tutduğu vəzifədən azad olunub.
O, yaş həddinə görə işdən çıxarılıb.
Respublica.Az
21-11-2023, 06:20 | İmişlidə sahibkar məsuliyyətə cəlb edildi

İmişlidə ətraf mühitə zərər vuran sahibkar məsuliyyətə cəlb edilib.
Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.
İmişli Rayon Polis Şöbəsinin və Ərazi üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının ətraf mühitin mühafizəsinin gücləndirilməsi və sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində keçirdikləri birgə tədbir zamanı rayonun Xoşçobanlı kəndi ərazisində yerləşən avtomobil təmiri məntəqələrinin birinin ətrafında təmir zamanı yaranan tullantıların qalaqlanması faktı aşkar edilib.
Aşkar edilmiş faktla bağlı qeyd olunan qayda pozuntusuna yol verən sahibkar barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə protokol tərtib olunub və həmin şəxs qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.