Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib


Azərbaycan Respubılikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb.

Bu barədə məlumat Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:

"Hörmətli cənab Prezident.

Əziz Qardaşım.

İzmir vilayətindəki metallurgiya zavodunda baş vermiş partlayış nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması barədə xəbər bizi son dərəcə sarsıtdı.

Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!"

Xatırladaq ki, noyabrın 9-da Türkiyənin İzmir vilayətinin Aliağa rayonunun Bozköy məhəlləsində yerləşən HABAŞ Demir Çelik metallurgiya zavodunda güclü partlayış baş verib. Partlayışdan sonra zavodun ərazisində yanğın başlayıb.

Hadisə nəticəsində ilkin olaraq 16 nəfərin öldüyü, 13 nəfərin yaralandığı bildirilib. Noyabrın 10-da isə xəstəxanada müalicə alan yaralılardan birinin həyatını itirməsi ilə ölənlərin sayı 17-yə yüksəlib. Yaralılardan birinin vəziyyətinin ağır olduğu açıqlanıb.

Türkiyənin əmək və sosial təminat naziri Vedat Işıkhanın açıqlamasına görə, ilkin araşdırmalar zamanı partlayışın zavodda aparılan planlı texniki xidmət işləri ilə əlaqəli olduğu müəyyən edilib.

Hadisə ilə bağlı Menemen Respublika Baş Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırmaya dörd prokuror cəlb edilib. İstintaq çərçivəsində altı şübhəli saxlanılıb.
Tarix: Dünən, 13:45