“Leş mafiyası” iş başında: Ətə qırmızı rəng qatılır - Ölüm saçır!
Sosial şəbəkədə istifadə etdiyimiz ətə qırmızı rəng qatılması barədə foto paylaşılıb. Görüntüdə göstərilir ki, marketdən alınan ətin bir hissəsi qaba qoyulur. Müəyyən müddət keçəndən sonra həmin qabda ətdən çıxan suyun rəngi marağa səbəb olub. Qabda suyun rənginin qan rəngində deyil, bənövşə rəngində olduğu görünür. Bu isə o deməkdir ki, ətə rəng qatılıb.
Dəfələrlə sosial şəbəkədə xarici mütəxəssislərin süni ət hazırlaması haqqında müxtəlif formada videolar yayılıb. Bir neçə gün öncə ölkəmizdə yayılan video əhali arasında narahatlığa səbəb olub.
Azad İstehlakçılar İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov "serg.az"a açıqlamasına görə, AİİB 20 ildən çoxdur ki, təhlükəli ətlərlə mübarizə aparır. Onun sözlərinə görə, ölkəmizdə leş ətlərin satışını həyata keçirən mafiya var:
"Həmin ətləri restoran və kafelərə göndərən qruplar mövcuddur. Bu sahədə ən uğurlu işi Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi aparır. Təəssüf ki, DİN həmin insanları həbs etsə də məhkəmələr azad edir. Ölkəmizdə hətta kiloqramı 3 manata olan ətlər var. Həmin ətlər qanuni kəsilir, lakin həddindən artıq qocalmış heyvan ətləridir. Belə ətlər bazara çıxarılmır, 2-3 manata kolbasa və sosiska sexlərinə verilir. Qida Təhlükəsizliyi Agentliyi (QTA) mövcud durumu düzəltmək üçün işlər görür.
Düşünürəm ki, yaxın 2-3 ildə bu məsələ həll olunacaq. Heyvanların identifikasiyası həyata keçiriləcək, dünyaya gələndən sona qədər izlənilmə sistemində olacaq. Belə olduğu halda pis və yaxud rəng qatılan ətlər bazara çıxarıla bilməyəcək. Nazirlər Kabinetinin 94 saylı qərarında göstərilir ki, ölkənin əmtəə bazarında satılan bütün ərzaq malları, o cümlədən ətlər paketlərə bükülsün və üzərində buraxılma tarixi və yararlılıq müddəti olsun.
QTA satışa çıxarılan hər bir ətin üzərində müəyyən identifikasiya olması və məhsulu mobil tətbiqlərdə oxumaq üçün işlər görür. Yəni bilinsin ki, məhsul hansı fermer təsərrüfatından gəlib, neçə yaşında olub, nə vaxt kəsilib və.s. Düşünürəm ki, ölkəmiz buna doğru gedir".
E.Hüseynov vurğulayıb ki, bütün insanlar QTA-nın apardığı işə dəstək verməlidir:
"Kim təhlükəli əti satır, onu kimyalaşdırır və rəng vurursa, böyük ictimai qınaq həyata keçirilməlidir. Cəmiyyət əl-ələ verib mübarizə aparmazsa, nəticə olmayacaq. QTA və DİN vaxtaşırı olaraq belə qanunsuzluqları ifşa edir".
Tarix: 21-05-2021, 07:03