COVID-19 hansı psixoloji problemlərə səbəb olur?
COVID-19 hansı psixoloji problemlərə səbəb olur?

Səhiyyə Nazirliyinin mütəxəssis-ekspert Gülnarə Musabəyovanın müsahibəsin təqdim edir.

- COVID-19-un insan psixologiyasına təsirləri nələrdir?

Koronavirusa yoluxma hallarının artması ilə insanlarda fizioloji təsirlərlə yanaşı, psixoloji təsirlər də artdı. Virusun yayılmasını azaltmaq üçün tövsiyə olunan yollar gündəlik həyatımızı dəyişdi. Müvəqqəti də olsa bir çox müəssisələr və məktəblər bağlandı, idman tədbirləri təxirə salındı, kinoteatrlar və teatrlar bağlandı. Elə vəziyyət yaranmışdı ki, məcburiyyət olmasa çölə çıxa bilmirdik. COVID-19 infeksiyasınin psixoloji təsiri insanlarda iki cür yanaşma yaratdı: bir qrup insanlar bunu həddindən artıq təhlükəli qəbul edərək qorxu keçirir, digər qrup insanlar isə COVID-19-u inkar edərək bunun adi "soyuqdəymə" olduğunu zənn edir. Qeyd edək ki, ikinci qrup insanların yanaşması daha təhlükəlidir, çünki onlar özlərini qorumur və epidemiyanın yayılmasını sürətləndirirlər.

- COVID-19 epidemiyasında hansı psixoloji problemlərin yaranma ehtimalı daha yüksəkdir?

COVID-19 epidemiyası zamanı yuxarıda qeyd olunan səbəblərdən yaranan narahatlıq və stress, epidemiyadan əvvəlki dövrdə psixi sağlamlıq problemləri olan insanlarda bu problemləri daha da gücləndirə, sağlam fərdlərdə psixoloji problemlərin yaranmasına zəmin yarada bilər. Depressiya, panik pozuntu, obsessiv-kompulsiv pozuntu, generalize olunmuş təşviş pozuntusu, adaptasiya pozuntusu kimi problemlər ən çox rastlaşdığımız problemlərdir.

Əvvəllər psixoloji xəstəlik diaqnozu qoyulmuş və ona qarşı dərman qəbul edən şəxslərdə bu müddət ərzində dərmanlar fasiləsiz istifadə edilməlidir.

Digər şəxslər isə yaranan psixoloji narahatçılığın qarşısını almaq üçün tədbirlər görərkən ciddi problemlər yaşamağa başlayarsa, peşəkar mütəxəsisə müraciət etməlidirlər.

- Pandemiya dövründə yaranan psixoloji problemlər epidemiyadan sonra da davam edə bilərmi?

Pandemiya prosesinin uzanması bu dövrdə yaranan psixoloji problemləri də kəskinləşdirə bilər. Psixi sağlamlığın qorunması üçün verilən tövsiyələrə məhəl qoymamaq daimi psixoloji problemlərə səbəb ola bilər. Bundan əlavə, prosesin uzanması insanlarda pessimist düşüncələrin güclənməsinə gətirib çıxara bilər ki bu da psixoloji problemləri daha da artırır. Bu səbəbdən xəstələnib sağalan adam bu prosesin müvəqqəti olduğunu anlamalıdır. Ailə üzvlərimizin və davamlı ünsiyyətdə olduğumuz insanların üzərinə də müəyyən məsuliyyət düşür. Davamlı olaraq bədbin fikirlər səsləndirmək, söhbətləri tamamilə pandemiya və onun yaratdığı neqativlər əsasında aparmaq psixi sağlamlığa mənfi təsir göstərir. Əhəmiyyətli olan bütün lazımi tədbirləri görüb bu prosesi sağlam şəkildə uğurla keçməkdir.

- Psixoloji problemlərin yarandığını hiss etsək nə etməliyik?

Evdə keyfiyyətli vaxt keçirmək, qidalanmağa diqqət etmək, idmana vaxt ayırmaq, sosial media, televiziya xəbərlərinə ayrılan vaxtı isə məhdudlaşdırmaq lazımdır. Bu tədbirlərə baxmayaraq narahatlığını, stresslə bağlı mənfiliklərini və pessimist düşüncələrini aşa bilməyən insanların peşəkar mütəxəsisdəndəstək alması çox vacibdir. Psixi sağlamlıq problemləri nə qədər gecikirsə, müalicə prosesi bir o qədər ağırlaşır. Bilməliyik ki, bu prosesdə biz tək deyilik.


Trend
Tarix: 3-11-2021, 06:36