Azərbaycan xalqının birliyi və siyasi həmrəyliyi
Dövlətimizin qətiyyəti, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun gücü, qüdrəti, xalqımızın dəmir yumruq kimi birliyi sayəsində qələbə qazandıq.
Bu Qələbə Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. 2020-ci il 27 sentyabrda başlayan və 44 gün davam edən haqq mübarizəsində dünya ölkələri Şanlı Ordumuzun 30 illik erməni işğalına son qoymasının şahidi oldu. Gərgin müharibə dövründə Azərbaycan Ordusu böyük rəşadət göstərərək vətənpərvərlik nümunəsi göstərdi. Müharibənin ilk günlərindən Ordumuzun azad etdiyi kəndlərin, yüksəkliklərin çəkilişlərinə baxdıqca, 30 ilə yaxın müddətdə keçirdiyimiz acı xatirələri unudur, qürur hissi keçirirdik. Xalqımızın tarixin bu sınağından alnıaçıq-üzüağ, zəfərlə çıxmasını şərtləndirən başlıca amillərdən biri də məhz vətənə sonsuz sevgi hissinin sarsılmazlığı idi. İkinci Qarabağ müharibəsində rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında öz əzmi və şücaəti ilə işğal olunmuş torpaqlarımızı düşməndən təmizləyərək Azərbaycanın ərazi bütövlüyünü təmin etməyi bacardı.Təsadüfi deyildi ki, İkinci Qarabağ savaşında minlərlə gənc erməni işğalçılarına qarşı mübarizə aparmaq üçün könüllü müraciət edərək cəbhəyə yollanmaq istəklərini ortaya qoydular. Arxa cəbhədə olanlar həmrəylik göstərərək öz əməlləri ilə ön cəbhədə vuruşanlara əllərindən gələn köməyi əsirgəmədilər, hər cür maddi və mənəvi dəstək verməyə hazır olduqlarını göstərdilər. Ölkəmizdə fəaliyyət göstərən müxtəlif siyasi partiyalar siyasi baxışlarını bir kənara qoyaraq milli birlik nümayiş etdirdilər. Bütün bunlar bir daha onu göstərdi ki, siyasi, dini, sosial mövqeyindən asılı olmayaraq vətənin ümumi maraqları, Azərbaycan xalqının birliyi hər bir vətəndaş üçün bütün arzu və istəklərdən öndə dayanır. Bu günlər Azərbaycan xalqı öz əzmi ilə bütün dünyaya, sözün həqiqi mənasında, birlik və həmrəyliyini, vətənpərvərliyini nümayiş etdirdi. Biz birlikdə güclüyük! Qələbəmizin qazanılmasında birliyimizin rolu misilsizdir. Ay yarım davam edən bu savaş xalq-iqtidar birliyindən güc alan Azərbaycanın qüdrətinin, milli birliyinin sarsılmazlığının göstəricisi oldu. Eyni zamanda Azərbaycan xalqının qazandığı zəfərin möhtəşəmliyi ölkə başçısı cənab İlham Əliyevin mümkünsüzü mümkünə çevirmək qüdrətindən bəhrələndi. Məhz Ali Baş Komandan Prezident cənab İlham Əliyevin ortaya qoyduğu nümunə xalqımızı bu müharibədə qələbəyə ruhlandırdı. Dövlət başçısının vətənpərvərliyi xalqımızı torpaqlarımızın azadlığı uğrunda mübarizədə həmrəy etdi. Prezident cənab İlham Əliyevin qətiyyəti, ilk gündən nümayiş etdirdiyi hərbi-siyasi əzmi hər bir azərbaycanlını öz rəhbərinin ətrafında daha sıx birləşdirdi. Vətən müharibəsində dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar da fəallıq göstərdilər, daha sıx birləşdilər. Yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin eşidilməsi üçün səylərini əsirgəmədilər. Vətən müharibəsi xalqımızın mübarizliyini bütün dünyaya nümayiş etdirdi. Eyni zamanda bu savaşda xalqımız Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə milli həmrəyliyin ən mükəmməl nümunəsini yaratdı. Artıq heç bir qüvvə bu sarsılmaz birliyi pozmaq iqtidarında deyil. Prezident cənab İlham Əliyev çıxışında qeyd etmişdir : “Milli həmrəylik Azərbaycan xalqının təbii güc mənbəyidir. Bütün Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində birlik, iradə göstərmişdir.”
Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq-iqtidar birliyi, ordumuzun yüksək peşəkarlığı və gərgin siyasi-diplomatik fəaliyyət sayəsində əldə edilmişdir. Bu gün qarşılaşdığımız mənzərə həqiqətən də qürurvericidir.
Çıxışında qürurla :” Mən hər bir azərbaycanlının Prezidentiyəm!”- deyən dövlətimizin müdrik başçısı dediklərini dönə-dönə əməli işlərlə təsdiqləyir. Odur ki, xalq da həmişə öz dövlətini, öz liderini bütün işlərdə dəstəkləyir. Başqa sözlə, ən şad günlərdə də, ən çətin vaxtlarda da lider öz xalqının, xalq öz liderinin yanındadır. Xalqın dəstəyi dövlətin tükənməz gücünün mənbəyidir. Hamını birləşdirən Vətən müharibəsi milli birliyimizin səbəbidir. Bir sözlə, xalqımız ağır günlərdə bacarıqla bir nöqtəyə vura bilir. Prezident İlham Əliyev haqlı olaraq xalq-iqtidar birliyini Azərbaycanda sabitliyin inkişafının əsas şərti adlandırmışdır. İllərdir, xəyallarını qurduğumuz an gerçəkləşib, otuz illik həsrət artıq sona çatıb və Azərbaycan xalqı öz doğma torpaqlarına qovuşub. İşğaldan azad edilən şəhər, rayon, qəsəbə və kəndlərimiz yenidən canlanır. Bütün bunlar tariximizin Şanlı Zəfəri kimi gələcək nəsillərin xatirəsində əbədi yaşayacaqdır.
Qoy bu birliyimiz, həmrəyliyimiz əbədi və sarsılmaz olsun!
Zaur Hüseynov,
Vətən Müharibəsi Qəhrəmanı, XTQ-nin mayoru
Tarix: 7-11-2023, 10:40