Hasilat yataqlarında pozuntular - Təbiətə yarım milyon zərər vurulub
Hasilat yataqlarında pozuntular - Təbiətə yarım milyon zərər vurulub



Ekoloji hüquqpozmalara qarşı mübarizə davam etdirilir.

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Qazax və Daşkəsən rayonları ərazisində qanunsuz qum-çınqıl hasilatı aparılması və torpaq sahəsinin qanunsuz zəbt edilməsi faktları ilə bağlı araşdırma aparılıb.

Bu barədə Baş Prokurorluğun məlumatında deyilir.

Bildirilib ki, araşdırma zamanı Qazax rayonu ərazisində yerləşən "Daş Salahlı" əhəngdaşı yatağında "Arzulu" firması, "Müstəqil Bənna" kiçik müəssisəsi və "Aysel-Asiman" MMC tərəfindən, "Coğazçay" qum-çınqıl yatağında "Coğaz" MMC tərəfindən və Daşkəsən rayonu ərazisində yerləşən "Əmirvar" mərmərləşmiş əhəngdaşı yatağında isə "Qoşqar-Mədən" MMC-nin vəzifəli şəxsləri tərəfindən səlahiyyətlərindən sui-istifadə edilərək mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi zəbt edilməsi və qanunsuz qum-çınqıl hasilatı işlərinin aparılması nəticəsində təbiətə 523 min manatdan artıq ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 255.1 (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün Baş Prokurorluğun İstintaq idarəsinə göndərilib.
Tarix: 21-11-2023, 15:22