Ermənilər Ağdamda bütün tarixi abidə və binaları məhv ediblər - Ağdam teatrının direktoru
Ermənilər işğal altında olan Azərbaycan ərazisində bütün mədəni abidələri dağıdıb, yerlə yeksan edib.
Bunu Trend-ə açıqlamasında Ağdam Dövlət Dram Teatrının direktoru Məhəmməd Hüseynov deyib. O bildirib ki, ermənilər Ağdamda heç bir abidə saxlamayıb: "Hətta 1941-45-ci illərdə faşist Almaniyası da işğal etdiyi ərazilərdə heç bir inzibati bina və mədəni abidəyə toxunmamışdır. Amma ermənilər Ağdamın qədim Çörək Muzeyini darmadağın ediblər. Orada orta əsrlər dövrünə aid eksponatlar var idi. Muzeyi bina qarışıq məhv ediblər. Ağdam Dövlət Dram Teatrını da dağıdıblar. Ağdamda nə qədər qəbiristanlıq var, hamısı məhv edilib. Çox qiymətli tarixi abidələrimizi məhv ediblər".
Direktor qeyd edib ki, Ağdam Dövlət Dram Teatrı 1904-cü ildə Əbdürrəhim bəy Haqverdiyevin təşkilatçılığı və Qarabağ ziyalılarının köməyi ilə dərnək kimi yaradılıb: "1910-cu ildə kollektiv tərəfindən ilk tamaşa nümayiş olunub. 1923-cü ilə qədər kollektiv dram dərnəyi kimi ictimai əsaslarla fəaliyyət göstərib. 1923-cü ildən dərnəyə Ağdam Dövlət Dram Teatrı statusu verilib. 1948-ci ildə teatr fəaliyyətini dayandırsa da, 1968-ci ildə teatr fəaliyyətini yenidən bərpa edib. Ağdamın işğalından sonra teatr bir müddət əlverişsiz bir binada yerləşib. Amma yenə də teatr fəaliyyətini davam etdirdi. 2011-ci ildə isə Quzanlı qəsəbəsindəki Mədəniyyət evi əsaslı təmir olundu və Ağdam Dövlət Teatrının binası kimi istifadəyə verildi".
M.Hüseynov əlavə edib ki, Ağdam işğaldan azad edilib və teatrın əvvəlki binasının yerində yeni və möhtəşəm bina inşa ediləcək: "Bu dəqiqə Ağdamda əsas məsələlərdən biri Ağdam Dövlət Dram Teatrının binasının inşasıdır. Bu məsələ diqqətdədir".
Tarix: 26-11-2020, 15:08