"Şəhidlik yaxşı ölümdür" deyirdi - Şəhid Tural Rəhimov
"Şəhidlik yaxşı ölümdür" deyirdi - Şəhid Tural Rəhimov

"Özünü dərk edəndən vətənpərvər idi, ancaq Vətəndən danışırdı. Hamı mənə deyir ki, halal olsun sənə ki, belə vətənpərvər uşaq böyütmüsən.Deyirdim ki, yox, mən ona heç nə etməmişəm, vətənpərvərlik onun qanından axır".

Trend bildirir ki, bunu Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan Tural Rəhimovun anası Süsən Məmmədova bildirib.

Onun sözlərinə görə, ki, Turalı cəbhəyə sevinclə yola salıblar:

"Özü o qədər sevinclə gedirdi ki, biz də onun sevincinə qoşulurduq. Qürurlu idi. Uşaq vaxtından əsgər getmək istəyirdi. Vətən həsrəti ilə böyüyüb, həmişə də deyirdi ki, gedib Laçını alacayıq " .

Şəhidin nənəsi Gülbəs Məmmədova deyib ki, Tural hər zaman Laçını azad edəcəyini deyirdi: "Yanında o qədər "Laçın, Laçın" deyirdik ki, o da "gedəcəm Laçına torpağımızı alacam, amma ola bilər ki, orada şəhid olaram, məni bayrağa büküb gətirərlər" deyirdi. Niyə elə deyirsən deyəndə cavab verirdi ki, şəhidlik fərqli ölümdür. O ölüm yaxşı ölümdür".

Şəhidin atası Gəray Rəhimov deyib ki, Tural hər zaman ön cəbhədə olmağı istəyib:

"Kəşfiyyata yazıldığını biləndə Turala dedim ki, niyə kəşfiyyata yazıldın. Dedi, kəşfiyyatçılar həmişə öndə olurlar, mən arxa cəbhəni sevmirəm. Döyüşlərə sevinə-sevinə getirdi. Vətəni, bayrağı çox sevirdi".

Şəhidin azyaşlı qardaşı Mehdi Rəhimli qardaşı Turalla fəxr etdiyini deyib.

Onun sözlərinə görə, Tural ona hər zaman doğma yurdları olan Laçın haqqında məlumat verib:

"O, xəriitə alıb divara asmışdı. Mənə hər zaman Laçın haqqında məlumat verirdi, xəritədə əlini uzadaraq göstərirdi ki, bura Laçındır.. Deyirdi ki, onun 125 kəndi var".

atası
Tarix: 4-12-2020, 13:45