24-12-2021, 05:32 | Emin Əmrullayev müzakirələrə səbəb olan çıxışından danışdı

Təhsil naziri Emin Əmrullayev son brifinqdən sonra məktəblərdə pul yığılması məsələsi ətrafında cəmiyyətdə yaranan müzakirələrə münasibət bildirib.
"qafqazinfo"-ya istinadən xəbər verir ki, o, bu barədə İTV-yə müsahibəsində danışıb.
"Bu, çox mürəkkəb məsələdir. Mən son brifinqdə bu məsələyə toxundum. Çalışdım ki, bu barədə ictimai müzakirəyə başlayaq. Hazırda da bu müzakirə gedir.
Biz də izləyirik. Müxtəlif fikirlər səslənir. Fürsətdən istifadə edib səslənmiş fikirlərə fikir bildirən hamıya təşəkkür edirəm. Təəssüf ki, bəzən səsləndirilməyən fikirlər də səsləndirilir və onlara fikir bildirilir. Amma bu normaldır, gözləniləndir, həmişə belə olur", - nazir qeyd edib.
O bildirib ki, bu məsələdə ümidsizliyə qapılmağa ehtiyac yoxdur.
15-12-2021, 07:16 | Milli Məclis Aparatı rəhbərinin köməkçisi təyin edilib

Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyevə köməkçi təyin edilib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu vəzifəyə Hasil Tağızadə təyin olunub.
Xatırladaq ki, Milli Məclis Aparatının rəhbərinin köməkçisi Elxan Əhmədov pensiya yaşının çatması ilə əlaqədar vəzifəsindən azad edilib.
26-11-2021, 13:30 | Ali məktəblərə qəbul proqramına dəyişiklik edilib

Yeni iqtisadi rayonlar mövzusu coğrafiya fənni üzrə ali təhsil müəssisələrinə qəbul proqramına daxil edilib.
Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
"Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 7 iyul 2021-ci il tarixli Fərmanına əsasən, respublikanın iqtisadi rayonlarının yeni bölgüsü təsdiq edilib.
Yeni bölgüyə əsasən, Azərbaycanda 14 iqtisadi rayon yaradılıb: Bakı, Naxçıvan, Abşeron-Xızı, Dağlıq Şirvan, Şirvan-Salyan, Qarabağ, Qazax-Tovuz, Quba-Xaçmaz, Lənkəran-Astara, Mərkəzi Aran, Mil-Muğan, Şəki-Zaqatala, Şərqi Zəngəzur, Gəncə-Daşkəsən.
Azərbaycanın iqtisadi rayonlarının yeni bölgüsü respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan dərsliklərdə hələlik öz əksini tapmayıb. Lakin müasir dövrdə 44 günlük Vətən müharibəsi nəticəsində torpaqların işğaldan azad olunması xalqın gözü qarşısında baş verdi. 30 ildən sonra Azərbaycanın ərazi bütövlüyü bərpa edildi.
Bunlar nəzərə alınaraq yeni iqtisadi rayonlar mövzusu coğrafiya fənni üzrə ali təhsil müəssisələrinə qəbul proqramına daxil edilib. Proqram "Abituriyent" jurnalının birinci sayında dərc olunacaq", - məlumatda deyilir.
Dövlət İmtahan Mərkəzi iqtisadi rayonlar mövzusu əsasında Azərbaycan və rus dillərində iqtisadi rayonların yeni bölgüsünün əks olunduğu məqaləni təqdim edir. Məqalə yaxın vaxtlarda "Abituriyent" jurnalının 2-ci sayında da dərc olunacaq.
22-11-2021, 09:25 | Bütün məhkəmələrdə elektron sistem tətbiq olunacaq

Hazırda ölkə ərazisində fəaliyyət göstərən 117 məhkəmənin 77-də, başqa sözlə, üçdə ikisində elektron məhkəmə sistemi tətbiq olunur və gələn ildən bütün məhkəmələrdə elektron məhkəmə sisteminin tətbiqi nəzərdə tutulur.
Milli.Az bildirir ki, bu fikirlər ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədovun AZƏRTAC-dakı məqaləsində yer alıb.
O qeyd edib ki, qanunvericiliyə edilmiş, o cümlədən ötən ay qüvvəyə minmiş dəyişikliklər məhkəmə fəaliyyətinin təkmilləşdirilməsinə, o cümlədən süründürməçiliyin aradan qaldırılmasına, işlərə çevik və vaxtında baxılmasına şərait yaradıb.
"Həmçinin bu dəyişiklər məhkəmələr tərəfindən "Elektron məhkəmə" informasiya sisteminin tətbiqini daha da genişləndirib. Məhkəmə icraatının video-konfrans əlaqə sistemi vasitəsilə həyata keçirilməsi imkanının yaradılması şəffaflığın əlavə təminatı olmaqla, pandemiya şəraitində xüsusi əhəmiyyət kəsb edib", - deyə o bildirib.
F.Məmmədov həmçinin qeyd edib ki, məhkəmə rüsumlarının dərəcələrinin diferensial şəkildə müəyyən edilməsi ilə əlaqədar rüsumların dəqiq və avtomatik hesablanmasına imkan verən onlayn kalkulyator, eləcə də xüsusi metodiki vəsait hazırlanaraq məhkəmələrin vahid portalında, Ədliyyə Nazirliyi və Ali Məhkəmənin elektron resurslarında yerləşdirilib.
"Məhkəmə fəaliyyətində şəffaflığın təmini məqsədilə bütün məhkəmə qərarlarının elektron dərc olunması təmin edilir və bu zaman şəxsi həyat sirrinin qorunması üçün xüsusi proqramla onlar anonimləşdirilir. Həmin qərarlar üzrə elektron axtarış sisteminin yaradılması hər kəsin məhkəmə təcrübəsi barədə məlumatlılığını artırır və sistem xarakterli nöqsanların müəyyənləşdirilməsində mühüm rol oynayır.
Eyni zamanda, şəffaflığın əlavə təminatı kimi işlərin hakimlər arasında bölüşdürülməsi elektron sistem üzərindən həyata keçirilir və onun daimi monitorinqi aparılır",- deyə o vurğulayıb.
22-11-2021, 09:10 | Peyvəndin effektivliyinə təsir edən amillər

"Hər insanın genetikası fərqli olduğu üçün vaksinlərə qarşı reaksiyası da fərqlidir. İmmuniteti təşkil edən bədəndə leykositlərin xaricindəki immunoqlobulinlər və komplemanlardır. Bunların miqdarı genetikanın quruluşuna və yaşa əsasən dəyişir. Odur ki, orqanizmin vaksinasiyaya verdiyi reaksiya genetika ilə əlaqəli prosesdir".
Bu sözləri publika.az-a biokimya və molekulyar biologiya üzrə mütəxəssis, həkim-laborant Eldar Əliyev deyib. O, peyvənddən sonra immun reaksiyanın formalaşmasına təsir edən bir sıra amilləri qeyd edib:
"Göz rəngi fərqli olduğu kimi, immunitet də hər insanda fərqli inkişaf edir. Xroniki xəstəliklərdən də asılı olaraq vaksinin effektivliyi dəyişir. Xüsusilə immun çatışmazlığından əziyyət çəkən xəstələrdə immunitet yaxşı inkişaf etmir. Revmatoid və onkoloji xəstələrdə peyvəndin vurulub-vurulmaması həkimin göstərişinə əsasən olunur. Kənardan verilən dərmanlar immunitetə təsir etdiyi üçün bu xəstələrə vaksin vurulması tamamilə subyektiv xarakter daşıyır.
Vaksinin reaksiyası həm də qidalanmadan asılıdır. Məsələn, zəif qidalanan insanlarda təbii ki, qida yetərsizliyi, vitamin çatışmazlığı həm vaksin reaksiyasına, həm anticisimlərin yaranmasına, həm də onların qalıcılığına təsir edəcək".
17-11-2021, 07:23 | Bu gün Milli Dirçəliş Günüdür

Noyabrın 17-də Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur.
1988-ci ilin ilk günlərində Ermənistanın Azərbaycana qarşı açıq təcavüzü başlandı. Moskvanın, xüsusən də SSRİ-nin rəhbəri Mixail Qorbaçovun buna biganə münasibətini görən ermənilər planlı şəkildə, Ermənistan hökumətinin tapşırığı və göstərişi ilə Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlını öz ata-baba yurdlarından kütləvi surətdə qovdular. Ermənilər azərbaycanlıları təkcə öz ev-eşiklərindən qovmur, həm də onları öldürür, diri-diri yandırırdılar. Ermənilərin tarixdə görünməmiş bu vandalizminə M.Qorbaçov və onun ətrafı heç bir reaksiya vermədi. Ermənilər bununla da kifayətlənmədilər. 1988-ci il fevralın əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ bölgəsində iğtişaşlar törətdilər. Onlar Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağın Azərbaycandan qoparılıb Ermənistana birləşdirilməsi haqqında məsələ qaldırdılar.
Belə bir vaxtda Azərbaycan xalqı ayağa qalxdı. Xalq öz etirazını sakit şəkildə rəhbərliyə bildirdi. İlk zamanlar Azərbaycan vətəndaşları Moskvaya, yerli hakimiyyət başçılarına inanırdılar. Onların şüarları, gəzdirdikləri portret və bayraqlar bunu sübut edirdi.
Ancaq xalq anladı ki, həm Moskva, həm də Azərbaycanın o vaxtkı rəhbərliyi heç bir qəti tədbir görmək istəmir. Belə olduqda, respublikanın hər yerindən insanlar axın-axın Bakıya gəlir, Azadlıq meydanına (o vaxt V.İ.Leninin adını daşıyırdı) toplaşır, ermənilərin və Sovet hökumətinin belə münasibətinə qarşı mitinqlər keçirir, öz etirazlarını bildirirdilər.
1988-ci il noyabrın 17-də Bakının əsas meydanı sayılan Azadlıq meydanında Sovet dövlətinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin mitinqi başlandı. O vaxt bütün xalq bir yumruq kimi birləşmişdi. Bu, əsl xalq hərəkatı, milli azadlıq hərəkatı idi. Dekabrın əvvəllərində Sovet qoşunları tərəfindən ümumxalq mitinqi dağıdıldı.
Azərbaycanda bu hadisələr milli azadlıq hərəkatı kimi qiymətləndirilir və Vətənimizin istiqlaliyyət qazanmasında əsas amil sayılır.
1992-ci ildən 17 noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur.
15-11-2021, 08:50 | Şəxsi debet kartlarına daxil olan və çıxan vəsaitlər vergiyə cəlb olunurmu?

Bir çox fərdi sahibkarlar, müəssisə direktorları, təsisçilər və digər vətəndaşlar özlərinə məxsus şəxsi debet kartının vergi orqanları tərəfindən izlənildiyini düşünürlər.
Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, məsələyə aydınlıq gətirən keçmiş bank əməkdaşı, mühasibat üzrə mütəxəssis İlqar Əsədov şəxsi debet kartlarının bankın təqdim etdiyi xidmət məhsullarından biri olduğunu bildirib.
Onun sözlərinə görə, debet kartların üstünlüyü şəxsin öz vəsaitindən qanun və bank limitləri çərçivəsində istədiyi vaxt, istədiyi formada istifadə edə bilməsinin mümkünlüyü, digər şəxslər tərəfindən özünə çatası vəsaitlərin qəbulunun rahat və sürətli olmasındadır. Bu və digər bir çox üstünlüklərə malik həmin bank məhsullarının tamamilə nəzarətsiz qaldığını düşünmək sadəlövhlük olar. Lakin məsələ heç də çoxlarının düşündüyü kimi qəliz və qaranlıq deyil: "İlk növbədə bilməlisiniz ki, debet kartlarınız ilə əməliyyatlar arxa planda kart hesabı adlı hesab vasitəsilə tənzimlənir və idarə edilir. Bu, bir bank məhsulu olduğu üçün onu əldə edərkən bank ilə müqavilə bağlayırsız. Sizin kartınız vasitəsilə etdiyiniz əməliyyatlar bank sirrini təşkil edən məlumatlardır. Belə məlumatlar isə qanunla qeyd edilmiş hallar istisna olmaqla yalnız kart sahibinin özü və bank tərəfindən bilinir. "Banklar haqqında" Qanuna əsasən, bank sizin bank hesabınız, hesab üzrə əməliyyatlarınız və qalıqlarınız, habelə sizin haqqınızda digər məlumatların, o cümlədən sizin adınız, ünvanınız, rəhbərləriniz haqqında məlumatların sirrinə təminat verir. Sizin bank sirrini təşkil edən məlumatlar Mülki Məcəlləyə uyğun olaraq maliyyə monitorinqi orqanına və maliyyə bazarlarına nəzarət orqanına verilə bilər. Dövlət orqanlarına və onların vəzifəli şəxslərinə bu cür məlumatlar yalnız cinayət işinin istintaqı, müştərinin pul vəsaitinə həbs qoyulması, tələb yönəldilməsi ilə əlaqədar məhkəmənin qüvvəyə minmiş qərarı əsasında verilir".
İqtisadçı nəzərə çatdırıb ki, bankın xidmət etdiyi vergiödəyicisi olan hər hansı hüquqi şəxsin və ya fərdi sahibkarın bank hesabı və əməliyyatları barədə məlumat vergi orqanlarına yalnız Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada verilir. Banklar və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən kredit təşkilatları tərəfindən məlumatların verilməsi Vergi Məcəlləsinin 76-cı maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə, bu cür məlumatların vergi orqanına verilməsi vergiödəyicilərinə münasibətdə tətbiq edilir. Yəni, əgər vətəndaş vergiödəyicisi deyilsə, çox da narahat olmaya bilər.
Qeyd olunub ki, Vergi Məcəlləsinə əsasən, təqvim ili ərzində alınmış hədiyyələrin 1000 manatadək hissəsi vergidən azaddır. Belə hədiyyə ailə üzvündən alındığı halda isə tam həcmdə gəlir vergisindən azaddır. Vergidən azad olunmuş gəlirlər vergi orqanlarına ümumiyyətlə maraqlı deyil. Lakin bu o demək deyil ki, karta daxil olan bütün pul hədiyyə kimi dəyərləndirilə və 1000 manatdan artıq olan hissəsi vergiyə cəlb edilə bilər. Əhalinin bu cür əməliyyatlarının izinə düşməyə nə bank idarələrinin, nə də vergi orqanlarının vaxtı və imkanı vardır. Vətəndaşa olduqca müxtəlif səbəblərdən və mənbələrdən ödəniş köçürülə bilər və həmin daxil olan pul vəsaitini izləmək bir yana, onun vergiyə cəlb edilməli olduğunu da hələ sübut etmək lazımdır. Bu cür sübut isə məhkəmə qaydasında mümkündür.
İ.Əsədov bildirib ki, iri həcmli və mütəmadi xarakterli oxşar əməliyyatlar vergidən yayınma halı kimi dəyərləndirilə bilər. Adətən, belə hallar dərhal deyil bir müddət sonra ortaya çıxa bilən əməliyyatlardır. İri həcmli köçürmələr və daxilolmalar isə nəinki vergidən yayınma, hətta cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə yönəlik əməliyyat kimi də dəyərləndirilə bilər. Təbii ki bu, əsas etibarı ilə xarici kartlara və ya hesablara köçürmə zamanı şübhələnməyə əsas verəcək. Ölkədaxili köçürmələrdə də vətəndaşın 5 rəqəmli köçürmələri mütəmadi xarakter daşısa, müvafiq qurumları maraqlandıra bilər. Vergi orqanlarını isə burada sizin əməkhaqqı, dividend və digər rəsmi gəlirləriniz ilə köçürülən məbləğlərin uyğunluq təşkil etməsi maraqlı olacaq.
Çalışdığı müəssisənin əməliyyatlarını düzgün təşkil edən direktor, qanunun tələblərinə riayət edən fərdi sahibkar şəxsi əməliyyatlarına görə narahat olmaya bilər. Məhdud məsuliyyətli müəssisənin təsisçiləri isə müəssisəyə bağlı olmayan, onun əməliyyatlarına görə məsuliyyət daşımayan, yalnız qoyduqları maya nisbətində risk daşıyan şəxslər olduqlarından onlar da adi vətəndaş kimi dəyərləndirilirlər.
12-11-2021, 05:54 | Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12 noyabrda Azərbaycanda Konstitusiya Günü qeyd olunur.
Trend bildirir ki, Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyası müstəqil Azərbaycanın ilk Konstitusiyasıdır.
1918-1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə düşür.
Azərbaycanın birinci Konstitusiyası 1921-ci il mayın 19-da I Ümum-Azərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümum-Azərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR-nin 1978-ci il aprelin 21-də qəbul edilmiş son Konstitusiyası da əvvəlki konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılmış şəkildə idi.
Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yarandı. Bunun üçün Prezident Heydər Əliyev başda olmaqla xüsusi komissiya yaradıldı, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verildi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu.
Həmin gündən 12 noyabr Azərbaycan Respublikasının Konstitusiya Günü kimi qeyd olunur.
9-11-2021, 08:05 | Qan qrupu insanın sağlamlığına necə təsir edir? Təəccüblü faktlar

1901-ci ildə Vyana həkimi Landşteyner mühüm bir kəşf edib.
Landşteyner insanların qanında olan fərqləri aşkar edib ki, nəticədə qan 4 qrupa bölünmüşdür. Saglamolun.az bildirir ki, bu vaxta kimi həkimlər qan köçürülməsi zamanı tez-tez resepiyentlərin (qan alan insan) ölümü ilə üzləşir və bunu heç nə ilə izah edə bilmirdilər. Yalnız Landşteynerin kəşfi buna aydınlıq gətirib.
Məsələ burasındadır ki, qan köçürülməsi zamanı yalnız uyğun olan qanı köçürtmək olar. Bu uyğunluq olmasa, donorun qanı resepiyentin qanında olan eritrositlərin bir biri ilə yapışmasına səbəb olacaq ki, bu da resepiyent üçün çox pis nəticələnəcək. Qan qrupların və daha sonra 1940-cı ildə rezus-faktorun kəşf edilməsi buna son qoydu.
Beləliklə, 4 qan qrupu mövcuddur - I (0), II (A), III (B), IV (AB).
I-ci qan qrupu olan insanların eritrositlərin membranlarında (qişalarında) xüsusi maddələr A və B aqqlyütinogenlər (zülallar və karbohidratlar birləşməsi) yoxdur. II (A) qan qrupu olanlarda A tip aqqlyütinogenlər, III (B) qan qrupu olanlarda B tip aqqlyütinogenlər, IV (AB) qan qrupu olanlarda hər ikisi var. Bu aqqlyütinogenlər yalnız qan hüceyrələrinə deyil, orqanizmin bütün hüceyrələrində olur və ya olmur (qrupdan asılıdır).
Statistikaya əsasən, dünyada yaşayan əksər insanların qan qrupu I(0)-dir (50% yaxın). II-ci-qrup 2-ci, III-cü qrup 3-cü, IV-cü qrup 4-cü yer tutur. IV qrup ən nadir qrupdur (6% yaxındır).
Tibdə insanın qan qrupunun onun sağlamlığına olan təsiri ilə bağlı çox maraqlı nəzəriyyə var.
Belə ki, belə hesab olunur ki, I(0) qan qrupu olan insanlarda mədə-bağırsaq sistemi xəstəliklərinə (xüsusilə mədə və 12 barmaq bağırsağı xorasına) daha tez-tez təsadüf edilir. Bunun səbəbini həkimlər bu insanların selikli qişalarında (o cümlədən, mədə-bağırsaq sistemi selikli qişalarında) aqqlütinogenlərin olmaması ilə əlaqələndirir. Bu aqqlütinogenlər müdafiə funksiyasını yerinə yetirir. Aqqlütinogenlər olmadıqda müdafiə zəifləyir və nəticədə selikli qişalar (xüsusilə mədə-bağırsaq sisteminin selikli qişaları) mənfi təsirlərə qarşı daha davamsız olur ki, mədə-bağırsaq sistemində müxtəlif xəstəliklər - qastrit, xora xəstəlikləri, kolit - inkişaf edir.
II(A) qan qrupuna aid olan insanlarda bu kimi xəstəliklərin inkişafı riski artmış olur: revmatik xəstəliklər, şəkərli diabet, qan xəstəlikləri, allergiyalar, ürəyin işemik xəstəliyi, qara ciyər xəstəlikləri, onkoloji xəstəliklər.
III(B) qrupuna aid olan insanlar bəzi viris və mikrobların təsirinə qarşı daha davamsızdır. Bu səbəbdən onlarda nəfəsalma sistemi xəstəlikləri, infeksion xəstəliklər, sepsis, qadınlarda irinli mastit kimi xəstəliklərinə tez-tez təsadüf edilir.
IV(AB) qrupuna aid olan insanlarda qan xəstəlikləri, infeksion xəstəliklər, dayaq-hərəki sistemi xəstəlikləri (sümük və oynaqlar xəstəlikləri) daha tez-tez inkişaf olur.
9-11-2021, 08:01 | 44 günlük Vətən müharibəsinin xronikası: 9 noyabr

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
Vətən müharibəsinin xronikasını təqdim edir.
- Prezident İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində Azərbaycan Ordusunun Füzulinin Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu, Ələsgərli, Xocalının Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Xocavəndin Susanlıq, Domi, Tuğ, Akaku, Azıx, Cəbrayılın Hüseynalılar, Söyüdlü, Aşağı Sirik, Qubadlının Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Zəngilanın Keçikli, Ördəkli kəndlərini işğaldan azad etməsi ilə bağlı paylaşım edib.
- Prezident İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində Azərbaycan Ordusunun Xocavənd, Xocalı,
Zəngilan, Qubadlı və Laçın rayonlarının bir neçə kəndini işğaldan azad etməsi ilə bağlı paylaşım edib.
- Prezident İlham Əliyev "BBC News"a müsahibə verib.
- Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində Dövlət Bayrağı Günü münasibətilə paylaşım edilib.
- Prezident İlham Əliyev Cozef Baydeni ABŞ Prezidenti seçilməsi münasibətilə təbrik edib.
- Cəbhənin əsas istiqamətlərində düşmənə ciddi zərbələr vurulub.
- Düşmənin bir gündə darmadağın edilən texnikalarının siyahısı açıqlanıb.
- Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub.
- Düşmənin atəş nöqtəsi və şəxsi heyəti məhv edilməsin videogörüntüsü yayılıb.
- Zəngilanın Bartaz qəsəbəsinin videogörüntüləri yayılıb.
- Şuşa istiqamətində düşmənin döyüş texnikaları məhv edilməsinin videogörüntüsü yayılıb.
- Xocalıdan Xankəndi istiqamətində hərəkət edən düşmən texnikası məhv edilib.
- Cəbhənin Xocavənd istiqamətində düşmənin mövqelərinə artilleriya zərbələri endirilməsinin videogörüntüsü yayılıb.
- İşğaldan azad olunmuş Şuşa şəhərinin videogörüntüləri yayılıb.
- Xocavənd istiqamətində yaşayış evlərinin arasında gizlədilən "Tor-M2KM" ZRK darmadağın edilməsinin videogörüntüsü yayılıb.
- Cəbhənin Xocavənd istiqamətində düşmənin "Osa" ZRK-sı məhv edilməsinin videogörüntüsü yayılıb.
- Cəbhənin Xocavənd istiqamətində düşmənin canlı qüvvəsi məhv edilməsinin videogörüntüsü yayılıb.
- Bu gün azad olunan ərazilərin tam siyahısı.


















