28-05-2021, 07:05 | Azərbaycanda 28 May - Respublika Günü qeyd olunur

Azərbaycanda 28 May - Respublika Günü qeyd olunur.
XX əsr tarixə yalnız elm, texnika əsri kimi yox, həm də milli oyanış, xalqların müstəmləkəçilikdən azad olması və milli dövlətlərin yaranması əsri kimi də daxil olub.
1917-ci ildə Rusiyada baş vermiş inqilab nəticəsində Romanovlar sülaləsinə son qoyuldu. Nəticədə Rus İmperiyası dağıldı. Xalqlar öz müqəddəratlarını özləri həll etməli oldular. Bu imkandan istifadə edərək 1918-ci il mayın 28-də Azərbaycanın milli qayəli, milli təfəkkürlü övladları Azərbaycan Xalq Cümhuriyyətini elan etdilər.
Azərbaycan Xalq Cümhuriyyəti təkcə Azərbaycanda deyil, bütün Şərqdə ilk demokratik respublika idi. Bu, respublika parlamentli dövlət idi. Onun dövlət atributları - bayrağı, himni, gerbi qəbul edildi. Üçrəngli bayraqda türkçülük, islamçılıq və avropalaşmaq bir vəhdətdə idi. Ancaq Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşaya bildi. 1920-ci il aprelin 28-də bolşeviklərin 11-ci ordusu Azərbaycanı işğal etdi və respublika süquta uğradı.
Respublika Günü 1990-cı ildən dövlət bayramı kimi qeyd olunur. Əmək Məcəlləsinə görə, 28 may qeyri-iş günü elan edilib.
Bu il isə Azərbaycan xalqı 28 May - Respublika Gününü fərqli qeyd edir. Qəhrəman Azərbaycan əsgəri hansı şücaətin sahibi olduğunu bütün dünyaya göstərdi. 2020-ci ilin sentyabrında düşmənin işğalçılıq siyasətinə son qoymaq üçün Ali Baş Komandan siyasi qərarını verdi, müzəffər oldumuz bu əmri şərəflə yerinə yetirdi. İllərlə düşmən işğalı altında qalan torpaqlarımız azad olundu.Cümhuriyyətin əmanəti üçrəngli bayrağımız Azərbaycanın bütün bölgələrində şərəflə dalğalanır.
24-05-2021, 07:41 | Açıq havada keçiriləcək toyların qiyməti baha olacaq - VİDEO

Toyların keçirilməsi ilə bağlı yeni qaydaların hazırlanması xəbəri bu sektorda əməlli-başlı canlanma yaradıb. Toy etmək istəyən şəxslər indidən növbəyə yazılırlar.
şadlıq evi sahibi Mahir Zeynalov deyir ki, son günlər açıq havada toy etmək istəyən şəxslərdən xeyli müraciətlər daxil olub.
İcazə verildiyi gündən növbəyə uyğun olaraq toyların keçirilməsinə başlayacaqlar. Artıq açıq hava toyları üçün qiymət də müəyyən ediblər. Pandemiyadan əvvəlki vaxtla müqayisədə indiki qiymətlər baha olacaq.
Ekspertlər bildirirlər ki, açıq hava toylarının qiymətlərinin yüksək olmasının səbəbi bu ənənənin əvvəllər Azərbaycanda çox zəif olmasıdır. Çünki hazırda Bakıdakı şadlıq evlərinin 80 faizində bu imkan yoxdur.
Marketoloq Sabit Məmmədov deyir ki, toylara icazənin veriləcəyi xəbəri indiyə qədər toy keçirməyən restoran sahiblərini də hərəkətə keçirib. O hesab edir ki, əgər açıq hava məkanlarının sayı artmasa, bu sektorda sürətli qiymət artımı baş verə bilər.
Dekorasiya xərcləri, mümkün say məhdudiyyəti də qiymətə təsir edən amillərdən olacaq.
Sabit Məmmədov bildirir ki, açıq hava məkanlarının sayı artıqca gələcəkdə qiymətlərdə müəyyən qədər enmə müşahidə edilə bilər.( xezerxeber)
24-05-2021, 07:26 | Vətən uğrunda son damla qanınadək döyüşən qəhrəman gizir - Mayis Səmədov

Qırx dörd günlük Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri dəmir yumruq kimi birləşərək böyük fədakarlıq, vətənpərvərlik və əsl qardaşlıq nümunəsi göstərdilər. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin çıxışlarının birində vurğuladığı kimi: "Qələbəmizin rəmzi olan yumruq həm güc, həm də birlikdir. Azərbaycan bundan sonra daha da güclü olacaq". Məhz ölkəmizdə yaşayan qardaş xalqların nümayəndələri Azərbaycan Ordusunun sıralarında düşmənə qarşı fədakarcasına döyüşərək böyük qələbənin qazanılmasına layiqli töhfələr verdilər. Vətən müharibəsində son damla qanınadək döyüşərək şəhidlik zirvəsinə ucalan qəhrəman oğullardan biri də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçusu, istehkamçı gizir, milliyyətcə ləzgi olan Səmədov Mayis Şadıbəy oğludur.
AZƏRTAC bildirir ki, bu fikirlər Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının "Əsgər" qəzetinin redaktoru mayor Anar Əhmədovun şəhid gizir Mayis Səmədovun xatirəsinə həsr etdiyi məqalədə yer alıb. Məqaləni təqdim edirik.
Gizir Mayis Səmədov 1977-ci il iyulun 28-də Xaçmaz rayonunun Qadaş-Oba kəndində anadan olub. Əslən Quba rayonunun Küsnət kəndindən olan Şadıbəy Səmədovun (2010-cu ildə vəfat edib) və Əzizə Səmədovanın böyüyüb tərbiyə etdiyi dörd övladdan ikincisi idi...
Orta təhsilini doğulub boya-başa çatdığı Qadaş-Oba kənd orta məktəbində alan Mayis 1992-ci ildə həmin təhsil ocağının 9-cu sinfini bitirərək, Xaçmaz şəhərindəki 92 saylı texniki-peşə məktəbinə qəbul olunub. 1995-ci ildə təhsilini başa vuraraq elektrik qaynaqçısı ixtisasına yiyələnib. Müddətli həqiqi hərbi xidmətini 1996-1999-cu illərdə Daxili Qoşunların o zaman dislokasiya yeri döyüş bölgəsi - Füzuli rayonu olmuş, hazırda Bakıda yerləşən "N" saylı hərbi hissəsində keçib. Tərxis olunduqdan sonra bir müddət mülki peşə üzrə çalışıb. 2004-cü ilin fevralından etibarən Mayis Daxili Qoşunların Quba rayonundakı "N" saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunub, təminat taqımında anbar rəisi vəzifəsinə təyin edilib.
Xidmət etdiyi dövrdə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (hazırda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi) Göygöl rayonu ərazisində təşkil etdiyi istehkamçı ixtisası üzrə kursu müvəffəqiyyətlə bitirib və ona müvafiq sertifikat verilib. Bundan əlavə, Daxili Qoşunların Orta İxtisas Hərbi Məktəbində (hazırda Daxili Qoşunların Ali Hərbi Məktəbi) təşkil olunan altıaylıq "Gizir hazırlığı kursu"nu bitirib. "Gizir" hərbi rütbəsində Qubadakı "N" saylı hərbi hissədə bir müddət yenidən anbar rəisi kimi xidmət edən Mayis Səmədov 2011-ci ilin sentyabrından xüsusi təyinatlı dəstədə atıcı-radiotelefonçu vəzifəsini yerinə yetirib. 2012-ci ilin sentyabrından etibarən qoşunların Sumqayıtda yerləşən "N" saylı hərbi hissəsinin xüsusi təyinatlı dəstəsində müxtəlif vəzifələrdə xidmətini davam etdirən cəsur hərbçi 2019-cu ilin martından istehkamçı yarımqrupunda baş istehkamçı-yarımqrup komandiri vəzifəsinə irəli çəkilib. Komandir kimi bilik və bacarığı, qayğıkeşliyi sayəsində böyük rəislərin etimadını, həmçinin tabeliyində olan şəxsi heyətin hörmətini qazanıb. Yüksək döyüş hazırlığı və nümunəvi xidmətilə fərqlənən hərbi qulluqçu kimi "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley, 2-ci və 3-cü dərəcəli "Qüsursuz xidmətə görə" medalları ilə təltif edilib, eləcə də hərbi hissə komandanlığı tərəfindən dəfələrlə mükafatlandırılıb. Bununla yanaşı, o, 2017-ci ildə yüksək döyüş hazırlığı və əzmkarlığı sayəsində qazandığı "Zoğalı beret"i də qürur hissi ilə daşıyıb.
Gizir Mayis Səmədov istehkamçı yarımqrupunun komandiri kimi tabeliyində olan şəxsi heyətlə birgə qarşıya qoyulmuş tapşırıqları hər zaman layiqincə yerinə yetirib. Bu barədə məlumat verən Daxili Qoşunların Baş İdarəsinin Qərargahında mühəndis xidmətinin rəisi polkovnik-leytenant Baba Əliyev cəsur silahdaşını öz üzərində çalışan fəal yarımqrup komandiri kimi xatırlayıb: "Daxili Qoşunların istehkamçı yarımqruplarının şəxsi heyəti qarşıya qoyulmuş tapşırıqları hər zaman yüksək səviyyədə yerinə yetirib. Hələ Vətən müharibəsindən öncə istehkamçılarımız istər respublikamızın evsahibliyi etdiyi müxtəlif idman yarışları, istərsə də ölkəmizdə keçirilən digər mühüm dövlət tədbirləri zamanı ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin olunmasında xüsusilə fərqləniblər. Qoşunların Vətən müharibəsində şəhidlik zirvəsinə yüksəlmiş 5 nəfər cəsur istehkamçısı - gizir Səmədov Mayis Şadıbəy oğlu, baş çavuşlar Nadirov Elçin Nadir oğlu, Vəlizadə Anar Afət oğlu, çavuşlar Fətəliyev Emil Mayis oğlu və Orucov Afər Yafət oğlunun, eləcə də vəzifə borcunu yerinə yetirərkən yaralanmış 16 qazi istehkamçımızın hər birinin fəaliyyətini məhz bu baxımdan müsbət qiymətləndirmək olar. Vətənpərvər istehkamçılarımız hər zaman olduğu kimi, ön cəbhədə də öz vəzifə borclarını məsuliyyət və şərəf hissi ilə yerinə yetirərək, gənclərə nümunə olacaq əsl qəhrəmanlıq göstərdilər".
"N" saylı hərbi hissədə "Əqrəb" şərti adını daşıyan xüsusi təyinatlı dəstənin komandiri, "Qarabağ" ordeni və "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilmiş mayor Ələsgər Muxtarov (Vətən müharibəsi zamanı Xocavənd rayonunun Qırmızı Bazar yaşayış məntəqəsi istiqamətində gedən döyüşdə yaralanıb) vaxtilə birgə xidmət etdiyi yarımqrup komandirinin əzmkarlığı və cəsurluğundan bu gün də fəxr hissi ilə danışır: "Vətən müharibəsində dəstəmizin qəhrəmancasına şəhid olmuş hərbi qulluqçularından biri də istehkamçı yarımqrupunun komandiri gizir Mayis Səmədovdur. Onun bir komandir kimi fəaliyyəti hərbi hissə komandanlığı tərəfindən də hər zaman müsbət qiymətləndirilib. Yarımqrupda yüksək döyüş hazırlığı və intizamın qorunub saxlanılması üçün tabeliyindəkilərə qarşı tələbkar olmaqla bərabər, vətənpərvərliyi və qayğıkeşliyi ilə şəxsi heyətə nümunə olub.
Döyüşlərə qatıldığı ilk gündən müqəddəs borcunu şərəflə yerinə yetirən cəsur komandir içdiyi hərbi anda sadiq əsl hərbçi kimi Vətən uğrunda canından keçməklə, tabeliyində olan şəxsi heyətə bir daha örnək olmağı bacardı.
2020-ci il oktyabrın 5-də Cəbrayıl-Füzuli rayonları istiqamətində gedən döyüş Mayisin sonuncu döyüşü oldu. Yeddi silahdaşı ilə birgə ön mövqedəki əsgərlərimizə lazımi təminat çatdırmaq üçün gedərkən yolda pusquda dayanan mənfur düşmənin mühasirəsinə düşən igid hərbi qulluqçumuz özünü itirmir və qəflətən baş vermiş döyüşdə onlarla erməni yaraqlısını məhv edir. Lakin bu qeyri-bərabər döyüşdə dəstəmizin cəsur hərbi qulluqçuları gizir Səmədov Mayis Şadıbəy oğlu və gizir Həsənov Faiq Hüseyn oğlu Müdafiə Nazirliyinin 6 nəfər xüsusi təyinatlısı ilə birgə son damla qanlarınadək vuruşaraq əbədi ölümsüzlüyə - şəhidlik zirvəsinə yüksəldilər".
Gizir Mayis Səmədov 2020-ci il oktyabrın 6-da Xaçmaz rayonunun Qadaş-Oba kənd qəbiristanlığında dəfn olunub. Evli idi. Məleykə və Süleyman adlı iki övladı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 dekabr və 22 dekabr tarixli sərəncamları ilə gizir Səmədov Mayis Şadıbəy oğlu (ölümündən sonra) "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.
Vətən uğrunda canlarını qurban verərək, öz qanları bahasına hər birimizə Qələbə sevincini yaşadan şəhid oğullarımızın əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.
Allah şəhidlərimizə rəhmət eləsin!
24-05-2021, 01:00 | İctimai nəqliyyatın hərəkəti bərpa olundu

Bu gün saat 06:00-dan Azərbaycanda ictimai nəqliyyatın hərəkəti bərpa edilib.
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti qadağan edilib.
Bununla əlaqədar mayın 22-si saat 00:00-dan mayın 24-ü saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılmışdı.
24-05-2021, 00:00 | Teledərslərin mayın 24-nə olan cədvəli açıqlanıb

"Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan "Dərs vaxtı" proqramının mayın 24-nə nəzərdə tutulan cədvəli açıqlanıb.
Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.
Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, mövzuları "Dərs vaxtı"nda öyrənməyi tövsiyə edir. Çünki teledərslər şagirdlərə ən yaxşılardan öyrənmək üçün yaradılan əlavə və unikal imkandır.
Qeyd edək ki, "Dərs vaxtı"na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi yutub kanalı ilə yanaşı, "Dərs vaxtı"nın feysbuk səhifəsindən, eyni zamanda, videodərslər portalından (https://video.edu.az/) izləyə bilərlər.
21-05-2021, 07:03 | “Leş mafiyası” iş başında: Ətə qırmızı rəng qatılır - Ölüm saçır!

Sosial şəbəkədə istifadə etdiyimiz ətə qırmızı rəng qatılması barədə foto paylaşılıb. Görüntüdə göstərilir ki, marketdən alınan ətin bir hissəsi qaba qoyulur. Müəyyən müddət keçəndən sonra həmin qabda ətdən çıxan suyun rəngi marağa səbəb olub. Qabda suyun rənginin qan rəngində deyil, bənövşə rəngində olduğu görünür. Bu isə o deməkdir ki, ətə rəng qatılıb.
Dəfələrlə sosial şəbəkədə xarici mütəxəssislərin süni ət hazırlaması haqqında müxtəlif formada videolar yayılıb. Bir neçə gün öncə ölkəmizdə yayılan video əhali arasında narahatlığa səbəb olub.
Azad İstehlakçılar İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov "serg.az"a açıqlamasına görə, AİİB 20 ildən çoxdur ki, təhlükəli ətlərlə mübarizə aparır. Onun sözlərinə görə, ölkəmizdə leş ətlərin satışını həyata keçirən mafiya var:
"Həmin ətləri restoran və kafelərə göndərən qruplar mövcuddur. Bu sahədə ən uğurlu işi Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi aparır. Təəssüf ki, DİN həmin insanları həbs etsə də məhkəmələr azad edir. Ölkəmizdə hətta kiloqramı 3 manata olan ətlər var. Həmin ətlər qanuni kəsilir, lakin həddindən artıq qocalmış heyvan ətləridir. Belə ətlər bazara çıxarılmır, 2-3 manata kolbasa və sosiska sexlərinə verilir. Qida Təhlükəsizliyi Agentliyi (QTA) mövcud durumu düzəltmək üçün işlər görür.
Düşünürəm ki, yaxın 2-3 ildə bu məsələ həll olunacaq. Heyvanların identifikasiyası həyata keçiriləcək, dünyaya gələndən sona qədər izlənilmə sistemində olacaq. Belə olduğu halda pis və yaxud rəng qatılan ətlər bazara çıxarıla bilməyəcək. Nazirlər Kabinetinin 94 saylı qərarında göstərilir ki, ölkənin əmtəə bazarında satılan bütün ərzaq malları, o cümlədən ətlər paketlərə bükülsün və üzərində buraxılma tarixi və yararlılıq müddəti olsun.
QTA satışa çıxarılan hər bir ətin üzərində müəyyən identifikasiya olması və məhsulu mobil tətbiqlərdə oxumaq üçün işlər görür. Yəni bilinsin ki, məhsul hansı fermer təsərrüfatından gəlib, neçə yaşında olub, nə vaxt kəsilib və.s. Düşünürəm ki, ölkəmiz buna doğru gedir".
E.Hüseynov vurğulayıb ki, bütün insanlar QTA-nın apardığı işə dəstək verməlidir:
"Kim təhlükəli əti satır, onu kimyalaşdırır və rəng vurursa, böyük ictimai qınaq həyata keçirilməlidir. Cəmiyyət əl-ələ verib mübarizə aparmazsa, nəticə olmayacaq. QTA və DİN vaxtaşırı olaraq belə qanunsuzluqları ifşa edir".
21-05-2021, 06:56 | Avtobuslarda kondisionerlər niyə işləmir? - VİDEO

Xüsusi karantin rejimini xeyli vaxtdır yumşaldılıb, eləcə də bəzi təhsil ocaqları, iş yerləri açılıb. Hər gün yüzlərlə insan mənzil başına çatmaq üçün ictimai nəqliyyatdan istifadə edir. Son günlər havaların isti keçməsi və avtobuslarda sərinləşdiricilərin işə salınmaması vətəndaşlar arasında ciddi narazılıq yaradıb.
Havaların isti keçməsinə baxmayaraq ictimai nəqliyyatlarda sərinləşdirici sistem hələ də işə salınmayıb.
Yazın son ayı mayda adətən insanlar üçün hava temperaturunun ən komfort göstəriciləri müşahidə edilir. Lakin bu ilin may ayının birinci yarısında havanın orta sutkalıq temperaturu 17 dərəcəyə yaxın olub ki, bu da normadan 0,9 dərəcə yüksək hesab edilir. Havaların isti keçdiyi bu günlərdə ictimai nəqliyyatda sərinləşdiricinin işlədilməməsi sərnişinlərin şikayətinə səbəb olub.
Sürücülər də bildirirlər ki, hava isindikcə vətəndaşların narazılıqları artıb. Hələki ictimai nəqliyyatlarda nəfəslikləri açırlar.
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbərinin sözlərinə görə, nəqliyyatların sərinləşdirici sistemləri qarajlarda tənzimlənir. Əgər gün başlanğıcında sistem yandırılarsa sadəcə qaraja gələndə söndürmək olur. Belə olanda isə səhər və axşam havanın sərin olduğu vaxtda avtobusların daxili sərnişinlər üçün hədsiz soyuq olar.
Mais Ağayev onu da bildirib ki, əgər istiləşmə artsa tarix dəyişə bilər. xezerxeber.az
20-05-2021, 06:45 | Bu gün 18 minə yaxın şagird "Azərbaycan dili" imtahanı verəcək

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən tədris Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində "Azərbaycan dili" (dövlət dili kimi) fənnindən test imtahanı keçirilir.
DİM-dən averilən məlumata görə,İmtahan ümumilikdə 21 şəhər və rayonda, 88 binada aparılacaq. İmtahan bütün binalarda eyni vaxtda - saat 11.00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10.45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
Xatırladaq ki, hər iki imtahanda şagirdlərə 30 qapalı tipli test tapşırığı təqdim edilir. Səhv cavablar yekun bala təsir göstərmir. İmtahan iştirakçılarının toplaya biləcəkləri maksimal bal 100 baldır. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya sənədinə yazılacaq.
Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün isə abituriyentlərin balı 50 və daha yuxarı olduqda "məqbul" qiymət almış hesab olunurlar.
İmtahan 45 dəqiqə müddətində aparılır.
İmtahanda ümumilikdə17987(Bakıda 11844, Sumqayıtda 666, Abşeronda 558, Naxçıvanda 70, Gəncədə 1163, Şəmkirdə 105, Tovuzda 193, Mingəçevirdə 197, Yevlaxda 116, Şəkidə 102, Zaqatalada 265, Balakəndə 210, Qəbələdə 216, Qaxda 203, Bərdədə 185, Göyçayda 233, Şirvanda 281, Lənkəranda 304, Qubada 167, Qusarda 372, Xaçmazda 537) şagirdin iştirakı nəzərdə tutulub.
İmtahanın idarə olunması üçün 88 ümumi imtahan rəhbəri, 226 imtahan rəhbəri, 1690 nəzarətçi-müəllim ayrılıb, 176 buraxılış rejimi əməkdaşı (mühafizə), 88 bina nümayəndəsi ayrılıb.
20-05-2021, 06:37 | Vətən müharibəsində canını fəda edərək şəhidlik zirvəsinə ucalan İsmayıl Salmanov - VİDEO - FOTO

Şəhid İsmayıl Salmanov Vətən müharibəsində canını fəda edərək şəhidlik zirvəsinə ucaldı. 24 yaşı tamam olan İsmayılın şəhadətdə olan ilk doğum günü qeyd edilir. İsmayıl cismən həyatda olmasa da, şanlı tariximizin səhifələrində əbədi yaşayacaq.
AZƏRTAC bildirir ki, Salmanov İsmayıl Rəhman oğlu 1997-ci ilin bu günündə məcburi köçkün ailəsində İmişli rayon Bəhrəmtəpə qəsəbəsində dünyaya göz açıb. Hələ kiçik yaşlarındaykən ermənilərin Azərbaycan xalqına etdiyi zülmlər haqda valideynlərindən məlumat alıb. Birinci Qarabağ müharibəsində şəhid olan dayısının qəhrəmanlıqlarından xəbərdar olan İsmayıl vətənpərvər ruhda böyüyərək gələcəyin hərbçisi olacağına qərar verib. Yeniyetmə çağlarında isə İsmayıl və ailəsi Zobucuq qəsəbəsində məskunlaşır. Orta məktəbdə oxuyarkən hərbi akademiyada təhsil almaq istəsə də, bəzi çətinliklər səbəbindən onun arzusu gerçəkləşmir. Həqiqi hərbi xidmətə yollanan İsmayıl ön cəbhədə qulluq edir. Hərbi xidməti başa vurduqdan sonra mülki işdə çalışmağa başlayır. İsmayıl hərbçi olmaq arzusunun arxasınca gedir, mülki işindən imtina edərək hərbçi olur və həmlə taborunda Vətənin keşiyində dayanır.
Şəhid anası Yeganə Hüseynova söyləyib ki, İsmayıl işğal altında olan torpaqlarımızın azad ediləcəyi günə inanırdı. Ana yurdu Xocavənd, ata yurdu isə Füzuli rayonu olan İsmayıl öz ailəsinə "sizləri o torpağa qovuşduran biz olacağıq", - deyə söz verib. O, sözünə sadiq qalaraq torpaqlarımızın azadlığı uğrunda son damla qanına qədər qəhrəmancasına döyüşüb. Ata və anasına isə "torpaqlarımız azaddır", - deyə müjdəsini çatdırıb.
Şəhid İsmayılın qəhrəmanlığından danışan dayısı Namiq Hüseynov bildirib ki, İsmayıl kimi qəhrəman oğulların şücaəti nəticəsində torpaqlarımız düşmən tapdağından azad oldu. Hələ 1990-cı illərdə erməni vəhşiliyinə şahid olan şəhidin dayısı söyləyib ki, ermənilər dinc əhaliyə qarşı amansızlıq törədərək bizləri doğma torpaqlarımızdan didərgin saldılar. Vaxtilə torpaqlarımızda qucaq açdığımız ermənilər bizlərə qarşı namərdlik etdi. Lakin bu gün qəhrəman oğullarımız torpaqlarımızı azad etməklə şəhidlərimizin qisasını aldı. İsmayılın döyüş yolundan söhbət açan şəhid dayısı deyib ki, sentyabrın 27-də düşmənin hücumunun qarşısını almaq məqsədilə başlayan əks-həmlə əməliyyatlarında İsmayıl ilk döyüşə atılanlardan oldu. Onun döyüş yolu Cəbrayıl, Xocavənd, Füzulidən keçib. Həmlə taborunda snayperçi olan İsmayıl düşmənin xeyli canlı qüvvəsinin məhv edilməsində yaxından iştirak edib. Vətən müharibəsinin 28-ci günündə, oktyabrın 24-də İsmayıl Füzuli rayonu ərazisində İlandağ deyilən yerdə gərgin döyüşdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. İsmayıl Füzuli rayonu Alxanlı kəndində torpağa tapşırılıb. Qeyd edək ki, İsmayıl döyüşlərdə göstərdiyi şücaətinə görə ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.















20-05-2021, 06:11 | 65 yaşlı kişi avtobusda gördüyü qadına görə Elgizin verilişinə çıxdı - VİDEO

65 yaşlı azərbaycanlı kişi avtobusda tanış olduğu qadını axtarır.
Vasib adlı şəxs bunun üçün "Elgizlə izlə" verilişində müraciət edib:
"Firuzə adlı qadını axtarıram. Onunla avtobusda tanış olmuşam. Dedi ki, yoldaşım rəhmətə gedib. Baxdım, yaxşı qadındır. Mən gələn il pensiyaya çıxacam. Xahiş edirəm ki, onu tapın. Düz 8 aydır Bakıda qalır. Yoldaşım 2013-cü ildə rəhmətə gedib, iki qızım var. Tək yaşayıram". lent.az


















