30-07-2020, 17:56 | Azərbaycanda daha 673 xəstə COVİD-19-dan sağaldı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 339 yeni yoluxma faktı qeydə alınıb, 673 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan virtualaz.org-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 31 560 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 25 168 nəfər müalicə olunaraq sağalıb, 441 nəfər vəfat edib, 5 951 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 532, ötən müddət ərzində isə ümumilikdə 717 164 test aparılıb.
30-07-2020, 17:54 | DTX Azərbaycanda xarici kəşfiyyata casusluq edən ər-arvadı yaxaladı

Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əks-kəşfiyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində, Azərbaycan vətəndaşları - Abbasquliyev Həbib Əbil oğlu və onun həyat yoldaşı Abbasquliyeva Lamiyə Elxan qızının casusluq formasında dövlətə xəyanət etmələrinə əsaslı şübhələr müəyyən edilib.
Bu barədə DTX-nin rəsmi saytı məlumat yayıb.
Müəyyən edilib ki, xarici xüsusi xidmət orqanı tərəfindən maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilmiş Həbib Abbasquliyev və Lamiyə Abbasquliyeva Azərbaycanın dövlət təhlükəsizliyi zərərinə fəaliyyət göstərərək, müxtəlif ölkələrin ərazisində xarici xüsusi xidmət orqanının nümayəndələri ilə keçirilən gizli görüşlərdə verilən tapşırıqlara əsasən, dövlət sirri təşkil edən məlumatları və digər informasiyaları müntəzəm surətdə toplayaraq onlara təqdim ediblər.
Həbib Abbasquliyev və Lamiyə Abbasquliyeva Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.(virtualaz.org)
30-07-2020, 17:45 | Türkiyə qırıcıları Gəncədə

“TurAz Qartalı-2020” birgə taktiki-uçuş təlimlərində iştirak etmək üçün Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) geniş tərkibdə uçuş və mühəndis-texniki heyəti Gəncə şəhərinə gəlib.
Müdafiə Nazirliyindən virtualaz.org-a verilən məlumata görə, təlimlərə hazırlıq məqsədilə hazırda heyətlərin yerləşdirilməsi, təlimin planlaşdırılması və digər təşkilati məsələlərlə əlaqədar müvafiq tədbirlər həyata keçirilir.
30-07-2020, 17:40 | Dini Komitə tenderlərlə bağlı yayılan iddialara aydınlıq gətirdi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sosial şəbəkələrdə və mətbuatda tenderlər zaman pozuntuların olması ilə bağlı ona yönəlik ittihamlarla əlaqədar məlumat yayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətindən Milli.Az-a bildirilib ki, Komitənin vəzifələri sırasına dini etiqad azadlığının təmin olunması, dövlət-din münasibətlərinin tənzimlənməsi və bu sahədə maarifləndirmə işinin aparılması daxildir. Buna əsasən də, hər il Komitə tərəfindən müxtəlif adlarda onlarla tədbir həyata keçirilib və bu işlər bu gün də mövcud vəziyyətlə əlaqədar günün tələbləri çərçivəsində onlayn formatda aparılmaqdadır.
"Dövlət Komitəsinin indiyə qədər təşkil etdiyi tədbirlərin mahiyyəti, formatı, iştirakçıları və nəticələri barədə məlumat almaq üçün dövrü mətbuata, sosial mediaya ötəri göz gəzdirmək kifayətdir. Lakin təəssüf ki, bu fəaliyyətə bəzən kölgə salmaq cəhdləri də olur. Bu mənada dünən və bu gün tarixində bəzi saytlarda və sosial şəbəkədə Komitə ilə əlaqədər yayılan, amma həqiqəti əks etdirməyən bir məsələyə münasibət bildirməyə ehtiyac duyuruq.
Birincisi, qeyd edək ki, Dövlət Komitəsinin fəaliyyətinin tərkib hissəsi kimi təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq maarifləndirmə işi çərçivəsində müxtəlif mövzularda Bakı şəhərində və regionlarda 2020-ci il üçün nəzərdə tutulan tədbirlərin keçirilməsi məqsədilə 19 fevral 2020-ci il tarixində 5 açıq tender elanı verilib".
Məlumatda qeyd olunub ki, açıq tenderin keçirilməsində hansısa qanun pozuntusuna yol verilməyib: "Ümumiyyətlə, açıq tenderlərin keçirilməsi "Dövlət satınalmaları haqqında" Qanuna uyğun olaraq etender.az portalı vasitəsi ilə onlayn qaydada həyata keçirilir. Qanunvericiliyə əsasən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin dövlət satınalmalarında iştirakının təmin edilməsi məcburidir. Sahibkarlıq subyektləri də istənilən tenderin iştirak haqqını ödəməklə şərtlər toplusunu onlayn olaraq əldə edir və lazımi sənədləri onlayn qaydada təqdim etməklə tender təklifini verir. Ən aşağı qiymət təklifi təqdim edən təşkilat qalib elan olunur. Tender prosedurunda ən azı üç sahibkarlıq subyektinin təklif verməsi tələb edilir. Əks təqdirdə tender baş tutmamış sayılır.Tenderdə hər subyektin yalnız 1 təklif təqdim etməsi tələb olunur. Tender iştirakçıları arasında sövdələşmə ehtimalının ola biləcəyi təsdiqlənərsə həmin iştirakçılar tender prosedurundan kənarlaşdırılır.
Göründüyü kimi, bütün prosesler onlayn qaydada və tam qanunauyğun formada şəffaf həyata keçirilib. "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən keçilmiş tender proseduru müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınıb. Qalib təşkilatlarla müqavilə bağlanılıb, lakin pandemiya ilə əlaqədar ölkəmizdə kütləvi tədbirlərin keçirilməsi qeyri-müəyyən zamana təxirə salındığından elan olunmuş tədbirlər keçirilməyib və bağlanılmış müqavilələr üzrə Dövlət Komitəsi hansısa ödəniş həyata keçirməyib.
Bir daha bildiririk ki, Dövlət Komitəsinin pandemiya dövründə təşkil etdiyi bütün tədbirlər onlayn formatda olub və bunun üçün dövlət büdcəsindən 1 manat da olsun vəsait xərclənməyib. Əvvəlcədən nəzərdə tutulmuş maarifçilik işinin pandemiya dövrünün tələbləri nəzərə alınmaqla onlayn formatda həyata keçirilməsi üçün Dövlət Komitəsinin imkanları səfərbər olunub, əməkdaşlarımızın bir hissəsinin bu istiqamətdə fəaliyyəti evdən təşkil edilib. Odur ki, qarşı tərəfin mövqeyini öyrənmədən, sadəcə rəqəmlərə istinad etməklə fikir yürütmək, qanuni keçirilmiş tenderə kölgə salmaq, üstəlik dövlət qurumunu ümumiyyətlə toxunulmayan maliyyə vəsaitindən düzgün istifadə etməməkdə günahlandırmağı açıq-aydın məqsədyönlü qaralama və qərəz kimi görürük.
Media qurumlarından xahiş edirik ki, Dövlət Komitəsinin fəaliyyətinə aid olan bütün məlumatları Komitənin Mətbuat Xidməti ilə dəqiqləşdirsinlər. Əks təqdirdə yayılan informasiyalar cəmiyyətdə yanlış rəy formalaşdırmaqla yanaşı, media qurumlarının işgüzar nüfuzuna da ciddi zərbə vurur", - deyə Komitənin məlumatında bildirilir.
20-07-2020, 14:13 | Azərbaycanlı qız dünyanın 9 nüfuzlu universitetə qəbul oldu

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 177 nömrəli tam orta məktəbin məzunu Selcan Nurullayeva Çin Xalq Respublikasının nüfuzlu ali təhsil müəssisələrindən olan Pekin Universitetində tam təqaüdlə təhsil almaq imkanı əldə edib.
“Qafqazinfo” xəbər verir kiI, o, Təhsil Nazirliyi tərəfindən Azərbaycan vətəndaşlarının Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində xaricdə təhsil layihəsindən uğurlu nəticə əldə edərək Pekin Universitetinin “Tibb” ixtisasına qəbul olub.
S.Nurullayeva, həmçinin 2020-2021-ci tədris ili üçün "Tibbi biologiya" ixtisası üzrə ABŞ-ın və dünyanın ən nüfuzlu ali məktəblərindən biri olan Cənubi Florida Universitetində təhsil almaq şansı qazanıb. O, universitet tərəfindən "Yaşıl və Qızıl Prezident" mükafatına layiq görülüb.
Eyni zamanda S.Nurullayeva "Biologiya" ixtisası üzrə ABŞ-ın Müqəddəs Luis Universiteti, Arizona Dövlət Universiteti və Çikaqo Universitetinə qəbul olub.
Eləcə də paytaxt məktəbi məzununun müraciəti Türkiyənin bir sıra nüfuzlu ali məktəbləri tərəfindən müsbət dəyərləndirilib. O, "Malekulyar biologiya və genetika” ixtisası üzrə Türkiyənin Koç, Sabancı və Bilkent universitetlərində, eyni zamanda, “Tibb” ixtisası üzrə Yeditepe Universitetində təhsil almaq hüququ qazanıb.
6-07-2020, 11:59 | Sürücülərin SMS icazəsində DƏYİŞİKLİK: Bundan sonra...

Sürücülərin SMS icazə almasında dəyişiklik qəbul olundu.
Müvafiq indeks üzrə yaşayış yerini fərdi nəqliyyat vasitəsilə tərk edərkən SMS nömrəsinə şəxsiyyət vəsiqəsinin seriya və nömrəsindən əlavə, maşının dövlət qeydiyyat nişanının da yazılması tövsiyə olunur.
Bu zaman avtomobilin icazəsinin olub-olmaması DİN-in xüsusi texnikaları vasitəsilə yoxlanılacaq.
6-07-2020, 11:57 | Rus bölməsi üzrə məktəbəhazırlıq qruplarına getməyən uşaqların 1-ci sinfə qəbulu üçün onlayn müsahibələr başa çatıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin tədrisi digər dildə aparılan bölmələri üzrə məktəbəhazırlıq qruplarına cəlb edilməmiş uşaqların I sinfə qəbulu üçün təşkil olunmuş onlayn müsahibələr başa çatıb.
İdarədən verilən məlumata görə, onlayn müsahibə üçün müraciət edən vətəndaşların övladları şəxsi kabinetlərindəki bildirişdə qeyd olunmuş tarixə uyğun olaraq müsahibədə iştirak ediblər.
Müsahibə nəticəsi məqbul hesab edilən uşaqlar üçün məktəb seçimi imkanı yaradılacaq. Müsahibənin nəticəsi məqbul hesab edilməyən uşaqlar isə Azərbaycan bölməsi üzrə müraciət edə bilərlər.
Onlayn müsahibə prosesi zamanı obyektivlik və şəffaflığın tam təmin olunması üçün videoçəkiliş aparılıb. Müsahibənin nəticəsi üzrə təşkil olunmuş onlayn Apelyasiya komissiyasına edilmiş müraciətlərə təhsil qanunvericiliyinə və digər normativ aktlara uyğun baxılması təmin olunub.
Mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar ənənəvi (canlı) müsahibə formasını seçən vətəndaşlara da onlayn müsahibələrdə iştirak etmək imkanı yaradılıb. Bununla bağlı vətəndaşlara SMS bildiriş göndərilib, eyni zamanda sistemdəki "Əlaqə" bölməsi vasitəsilə əlavə məlumat verilib.
19-06-2020, 06:49 | Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU

Koronavirusu dünyaya qarşı müharibə də adlandırırlar. Bu müharibənin əsgərləri isə tibb işçiləridir. Onlar birbaşa olaraq xəstələrlə təmasda olduqları üçün yoluxmaların artım fonunda həkimlərin də virusa yoluxması və ölüm halları artıb. Təəssüflər olsun ki, onları geyindikləri qoruyucu geyimlər də bəzən qorumaya bilir. Pandemiya ilə mübarizədə çalışan tibb işçilərimizdən də virusa yoluxanlar var. Son günlər bu say xeyli artıb.
Bəs tibb işçiləri bu bəlaya yoluxmamaq üçün nələrə diqqət etməlidir? Bu suala elə onların özü ilə cavab tapmağa çalışdıq.
Mövzu ilə əlaqədar həkimlərlə aparılan sorğunu təqdim edir:
Baş infeksionist Cəlal İsayev deyib ki, pandemiya dövründəki bütün qayda və qanunlar həkimlər üçün də keçərlidir: "Onlar da adi vətəndaşlar üçün nəzərdə tutulan qaydalara əməl etməlidirlər. Həkimlərimiz diqqətli olsunlar. Onlar xəstələrlə işləyirlər. Buna görə də çox ehtiyatlı davranmalıdırlar. Sosial məsafə, maskalar və bir çox qoruyucu vasitədən düzgün istifadə etməlidirlər.Tövsiyələrə riayət olunmalıdır. Əlləri dezinfeksiya etmək lazımdır. Son günlər virusa yoluxan həkimlərin sayı artıb. Bu isə ondan qaynaqlanır ki, virusa yoluxan vətəndaşların da sayı artıb. Xəstəxanalarda viruslu xəstələr çoxdur. Bəzən həkimlər də təhlükəsizlik qaydalarına əməl etmirlər və yoluxurlar. Onları son dərəcə diqqətli olmağa çağırıram".
Həkim-terapevt Rəqsanə Cəlilova hesab edir ki, pandemiyadan qorunmaq üçün bütün həkimlər mümkün qədər 2 metr məsafə saxlamalıdırlar: "Əvvəllər bizim iş masamızın yanında xəstələr üçün nəzərdə tutulan stullar olurdu və pasiyentlər orada əyləşirdilər. Amma indi çalışırıq ki, o oturacaqları azı 1 metr uzağa qoyaq və xəstə ilə ara məsafəmiz 2 metr olsun. N95 maskalardan daha çox istifadə etməyə çalışırıq. Endoskopiya ilə məşğul olan əməkdaşlarımız mütləq şəkildə eynək şəklində olan qoruyuculardan istifadə edirlər. Əlcəklər təbii ki, qoruyucu hesab olunmur. Çünki onlar müəyyən saat ərzində mütləq dəyişdirilməlidir. Ona görə də əlcəklə işləyə biliriksə taxırıq, bu istifadə olunmursa mütəmadi əllərimizi yumaqla və dezinfeksiya etməklə virusdan qorunmağa çalışırıq. Otaqlarımızın havasını tez-tez təmizləyirik və dezinfeksiya edirik. Bu şəkildə özümüzü qoruyuruq".
Pediatr Günay Rəsulova xəstələrin də qoruyucu vasitələrdən istifadə etməsinin vacib olduğunu qeyd edib: "Həkimlər pandemiya ilə mübarizənin ön cəbhəsində ən böyük risk qrupuna aiddirlər. Ona görə də qoruyucu tədbirlərin hər birinə mütləq əməl olunmalıdır. Həm qoruyucu geyim, maskalar istifadə olunmalı, həm də əllərin yuyulması və şəxsi gigiyenaya diqqət yetirmək lazımdır. Əlbəttə ki, xəstə ilə təmasdan qaçmaq mümkün olmadığı üçün xəstələrin də qoruyucu vasitələrdən istifadə etməsi şərtdir. Onlar həkimə müraciət edərkən qoruyucu maska ilə xəstəxanaya daxil olmalıdırlar. Çünki biz maska taxaraq tədbirlərə riayət ediriksə, onlar da buna əməl etməlidirlər. Həkimlər də karantin rejimi qaydalarına əməl etməli və sosial məsafəni qorumalıdırlar. Təəssüflər olsun ki, qoruyucu tədbirlərə riayət olunmasına baxmayaraq, yenə də virusa yoluxan həkimlərimiz var. Bununla yanaşı həyatını itirən həmkarlarımız da var. Bu gün bizim peşə bayramımızdır. Bir həkim olaraq ön cəbhədə olan bütün kolleqalarımı təbrik edirəm və virusdan qorunmaq üçün onlara möhkəm cansağlığı və bol immunitet arzu edirəm, səbr diləyirəm. Ümid edirəm ki, onlar çətin dövrü geridə qoyaraq tezliklə yaxınlarına, əzizlərinə qovuşacaqlar".
Oftalmoloq Türkan Əfəndiyeva isə bildirib ki, ilk növbədə xəstəxanaya daxil olan bütün xəstələrin maskasının olması önəmlidir: "Xəstəxanaların girişində ziyarətçilərin maskalı olub-olmadığı yoxlanılır. Ancaq girişdən keçəndən sonra, həkim otaqlarına daxil olanda maskalarını çıxarırlar. Buna nəzarət sistemli olmalıdır ki, xəstələr səhiyyə mərkəzləri daxilində maskanı qətiyyən çıxarmasınlar. Bizim klinikanın girişində bu gün müşahidə etdim ki, bütün xəstələrin əli dezinfeksiya edilir və ondan sonra içəri keçmələrinə icazə verilir. Bu, əvvəllər yox idi. Amma indi girişdə hər kəsin əli dezinfeksiya edilir. Bu, çox yaxşı haldır. Çünki virus əl vasitəsilə də yayılır".
Oftalmoloq klinika daxilində kondisionerlərin işləyib-işləməməsinə də aydınlıq gətirib: "Əsas məsələ də xəstəxanalarda havalandırma sistemlərinin işləməsidir. Kondisionerlərin virusu yaydığı barədə fikirlər var idi. Hətta ictimai nəqliyyatda onları işlətmək istəmirdilər. Ancaq sonradan bu qərar dəyişdi. Klinikaların əksəriyyətində ya mərkəzi havalandırma sistemi ilə otaqlar sərinləşdirilir, ya da kondisionerdən istifadə olunur. Bütün səhiyyə ocaqlarının girişində qızdırma ölçülür və əllər dezinfeksiya edilir. Amma xəstə virusu gizli keçirə bilər və heç bir əlamət hiss olunmaz. Bundan əlavə, qızdırmanı aşağı salmaq üçün dərmanlardan istifadə edə bilərlər və bu hiss olunmaz. Ona görə də kondisionerlərin işləyib-işləməməsi sual altında qalır. Ən əsası isə həkimlər qoruyucu maskalardan istifadə etsinlər".
Fizioterapevt Sadiq Salami deyib ki, ilk növbədə həkimlər qripə yoluxmamalıdırlar: "Həkimləri başa düşmək lazımdır. Onlar bütün günü yoluxucu xəstəliyi olan xəstələrlə işləyirlər. Həkimlərin bəziləri bu zaman stressə düşürlər. Belə olduğu halda isə immunitet çox aşağı düşür. Buna görə də həmkarlarımız virusa yoluxur. Xəstələrlə aralarında sosial məsafə saxlamalıdırlar. Əgər vacib deyilsə, evdən bayıra çıxmasınlar, mağazalara getməsinlər, ictimai nəqliyyatda olmasınlar. Mən pozitiv insanam və stressi özümə yaxın buraxmıram. İmmunitetimi güclü saxlamağa çalışıram. Çünki immuniteti güclü olana virus təsir etmir. İndi də bunu güclü edən meyvələr yetişib. Həkimlər də, adi vətəndaşlar da bol meyvə-tərəvəz yesinlər. Səhər duranda həyətimizdəki tut ağacının meyvələrindən yeyirəm. Bu mənim səhər yeməyim olur".publika.az
19-06-2020, 06:19 | Professor: Karantin zamanı bəzi dermatonevroloji xəstəliklərin azalacağı gözlənilir

Dermatovenerologiya özündə həm dəri xəstəliklərini, həm də cinsi yolla keçən xəstəlikləri birləşdirir. Etiologiyasına görə dəri xəstəlikləri infeksion və qeyri-infeksion, qeyri-infeksion xəstəliklər isə bir çox hallarda polietioloji olur. Onlardan bəziləri, məsələn, pemfiqus, bulloz, epidermoliz və s. autoimmun mənşəlidir və yaranma səbəbləri elmə dəqiq məlum deyil. Cinsi yolla keçən xəstəliklər əvvəllər zöhrəvi xəstəliklər adlandırılırdı. Əvvəllər 4 belə xəstəlik məlum idisə, indi diaqnostik metod və cihazların inkişafı ilə əlaqədar 50-dən çox belə xəstəlik məlumdur.
Azərbaycan Tibb Universitetinin dermotovenerologiya kafedrasının müdiri, professor Fərid Mahmudov deyib.
Professorun dediyinə görə, ötən əsrin 90-cı illərinə qədər Azərbaycanda cinsi yolla keçən xəstəliklər çox deyildi, əsasən, qonokokk infeksiyası və trixomoniaz idi: "Ötən əsrin axırlarından etibarən yoluxucu xəstəliklərdən olan sifilisin yayılmasında artım müşahidə olunsa da, son iki ildə həmin xəstəlikdə stabilləşmə nəzərə çarpır. Sovet vaxtı zöhrəvi xəstələr müalicəyə məcburi cəlb olunurdular. İndi xəstələr müalicə şəraitini özləri seçir, bəzi hallarda isə anonim şəkildə müalicə alırlar və bu, statistikaya təsir göstərir. Hazırda bu tip xəstəliklər üzrə müayinə və müalicələrin daha ciddi aparılması üzrə işlər gedir.
Pandemiya dövründə tətbiq olunan karantin zamanı insanlar arasında sıx təmasların azalaraq minimuma enməsi cinsi yolla keçən infeksiyalara yoluxmanın azalmasına səbəb olacaq. Həmçinin fotodermatoz, kontakt dermatit kimi xəstəliklərin də sayında azalma müşahidə olunacağı gözlənilir".AZƏRTAC
15-06-2020, 20:17 | Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası

Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər vardır ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən böyük başlanğıcların əsası qoyulub. Müxtəlif tarixi hadisələrlə əlamətdar olan belə günlərdən ən önəmlisi 1993-cü ilin 15 iyun günüdür. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş bu tarix onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Milli Qurtuluş Günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan bir insan - Heydər Əlirza oğlu Əliyevdir.
15 iyun müasir Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş Günü kimi daxil olmuşdur. Sonralar ölkənin ali qanunvericilik orqanı xalqın ən müxtəlif təbəqələrinin arzu və istəklərini nəzərə alaraq Heydər Əliyevin hakimiyyətə qayıtdığı 15 iyun gününü əbədiləşdirmişdir. 15 İyun - Qurtuluş Günü Azərbaycan Milli Məclisinin qərarı ilə 1997-ci ilin 27 iyununda rəsmiləşdirildi. Milli Məclisin həmin tarixi qərarında deyilir: “Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə Heydər Əliyevin öz xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qayıtması, əslində, onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı könüllü olaraq öz üzərinə götürməsi idi. Bu, sözün əsl mənasında, “ömrümün qalan hissəsini də xalqıma qurban verirəm” deyib meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi”. Həmin vaxtdan bu günə qədər Azərbaycan xalqı 15 iyun gününü əziz bayram kimi qeyd edir və Azərbaycan dövlətinin qurtuluşunun başlanğıcı kimi dəyərləndirir. Ötən illərdə ümummilli liderimizin həyata keçirdiyi şərəfli xilaskarlıq missiyası xalqımızın və bütün dünyanın gözü qarşısında cərəyan etmiş, Azərbaycan məhv olmaq təhlükəsindən qurtularaq gələcəyə inamla baxan güclü bir dövlətə çevrilmişdir. Bu illərdə Heydər Əliyevin gərgin zəhmət, əzm və siyasi iradəsi sayəsində reallaşdırdığı nəhəng işlər öz miqyasına görə insanı heyrətə gətirir.
1993-cü ilin iyununda - Heydər Əliyevin hakimiyyətə qayıdışı ərəfəsində Azərbaycan öz tarixinin ən mürəkkəb dövrlərindən birini yaşayırdı. Cəbhədə ağır məğlubiyyətlər, xəyanətlər, satqınlıq, vəzifə ələ keçirmək üçün müqəddəs torpaqlarımızın hərraca qoyulması adi hal almışdı. Ölkədə, sözün əsl mənasında, hakimiyyətsizlik idi. Siyasi hərc-mərclik baş alıb gedirdi. Bölgələrimizdə, rayonlarda, paytaxtın ayrı-ayrı məhəllələrində faktiki olaraq ayrı-ayrı silahlı dəstələr hökmranlıq edirdilər. Xalq vahimə və təşviş içərisində idi. Ölkəni xalq adından idarə edən, əslində isə heç bir səriştəsi olmayan, ən adi idarəçilik qaydalarının belə nə olduğunu bilməyən və xaricdəki ağalarının göstərişi ilə hərəkət edən məhdud bir qrup məmləkəti milli fəlakət həddinə çatdırmışdı. İdarəçilik sükanı sahibsiz qalmışdı. Ölkə vətəndaş müharibəsi və etnik toqquşmalar meydanına çevrilməkdə idi. Cəbhə düşmənin üzünə açıq idi. Ulularımızın müqəddəs əmanəti olan Vətən torpaqları hərraca qoyulmuşdu. Azərbaycan xarici aləmdəki olan-qalan nüfuzunu da tamamilə itirmişdi. Xalq ümidsizlik və təlaş içərisində idi. Sabaha inam qalmamışdı. Ən təhlükəli cəhət isə bundan ibarət idi ki, Azərbaycanın xaricdəki yağı düşmənləri daxildəki satqınlarla birləşmişdilər. Azərbaycan torpağı etnik əlamətə görə parçalanıb yox olmaq təhlükəsi qarşısında qalmışdı. Bakı yaxınlığında - Navahı kəndində vətəndaş müharibəsinin ilk güllələri atılmış, qardaş qanı axıdılmışdı. Vətəndaş müharibəsi artıq başlanmışdı.
Bax, bu fəlakət anında Azərbaycan xalqının, Vətənin yeganə ümid yeri Heydər Əliyev idi. Müdrik xalqımız, o zaman qəti və sərrast hərəkət edərək yeganə düzgün addımı atdı - dünyanın bu böyük siyasət adamını hakimiyyətə gətirdi. Bununla da Azərbaycanın xarici və daxili düşmənlərinin oxu daşa dəydi, bədxahlarımızın arzuları gözlərində qaldı. Məhz o zaman - 1993-cü ilin iyun günlərində Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın Qurtuluş mübarizəsində həlledici dönüş baş verdi. Müdrik dövlət xadimi bir neçə siyasi gedişdən sonra vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. Xarici və daxili düşmənlərin Azərbaycanı parçalayıb yox etmək, müstəqil dövlətimizi aradan qaldırmaq planları puça çıxdı. Dövlətimizin, xalqımızın tarixi müqəddəratının idarəçilik sükanı dahi dövlət adamının əlinə keçdi. Vətən, millət, bütün xalqımız məkrli düşmənlərin hazırladığı fəlakət uçurumuna yuvarlanmadı və qurtuluş savaşında qələbəyə doğru dönüş başlandı.
Xalqın xahiş və tələbi ilə ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmləndirilməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynamışdır. 1993-cü ildə “olum, ya ölüm” ayrıcında qalmış Azərbaycan Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrilmişdir. 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya dönən Heydər Əliyev ölkəni üzləşdiyi faciə və məhrumiyyətlərdən qurtarmaq üçün əzmlə, qətiyyətlə fəaliyyətə başladı. 1993-cü il iyunun 15-də Ali Sovetin sədri seçildi və xalqımızın tarixinə Milli Qurtuluş Günü kimi yazılan həmin gündən etibarən ümummilli liderin Azərbaycana rəhbərliyinin ikinci dövrü başlandı.
Ulu öndərin müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi 10 illik dövrün hər bir anı özündə Vətənə və xalqa sədaqətli xidməti, peşəkar və məsuliyyətli fəaliyyəti əks etdirir. Bu illər ərzində dahi insan vətənini parçalanıb məhv olmaqdan, ölkəsini vətəndaş müharibəsindən, dövlət çevrilişlərindən, cəmiyyətimizi terrorlardan, sui-qəsdlərdən, düşmən təcavüzündən qorudu, qeyri-bərabər müharibədə ona ilk qələbəni bəxş etdi, müstəqilliyinin qarantı oldu.
Tarixi şəxsiyyətlər əsrlərin və nəsillərin yaddaşında əbədi yaşayırlar. Zaman ötdükcə onların xalqı və vətəni üçün etdiklərinin, ölkəsinin inkişafındakı xidmətlərinin əhəmiyyəti daha çox nəzərə çarpır. Azərbaycanın 1970-ci illərdən başlayan inkişafı, uğurları və yüksəlişi ümummilli liderimiz, müdrik zəka sahibi Heydər Əliyevin adı ilə bağlıdır. Böyük rəhbərin hakimiyyətdə olduğu dövr Azərbaycan elminin, təhsilinin, səhiyyə və mədəniyyətinin, iqtisadiyyatının sürətli tərəqqisi ilə yadda qalmışdır. Bu illər milli-mənəvi dəyərlərimizin qorunması, vətəndaşların sosial həyat tərzinin yaxşılaşdırılması, dünya azərbaycanlılarının monolit bir qüvvə kimi təşkilatlanması, gənclərimizin dövlətçiliyimizin tərəqqisi prosesinə cəlb edilməsi Heydər Əliyev strategiyasının uğuru kimi qeyd olunmalıdır.
Ulu öndərimizin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi dövr quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olub. Heydər Əliyevin Azərbaycan iqtisadiyyatının inkişafındakı xidmətləri özünü hələ sovet dövründə göstərib.
Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 34 il ərzində xalq üçün, vətən üçün etdiklərini bəzən adi insan təfəkkürünün əhatə dairəsinə sığışdırmaq olmur. Böyük öndərimiz tariximizə xilaskar kimi daxil olub və respublikamıza rəhbərlik etdiyi hər iki dövrdə bu missiyanı çox böyük uğurla yerinə yetirib. Müasir Azərbaycan cəmiyyətinin formalaşması, müstəqil Azərbaycan dövlətinin qurulması birbaşa Heydər Əliyevin adı ilə bağlıdır. Təsadüfi deyil ki, ümummilli liderimiz azərbaycanlı olması ilə fəxr etdiyi kimi, hər bir azərbaycanlı da bu gün Heydər Əliyevin ən böyük sənət əsəri olan müstəqil, inkişaf etmiş Azərbaycanın vətəndaşları olmaqdan qürur duyur, böyük öndərə sayğı və məhəbbətini onun ideyaları ətrafında daha da sıx birləşməklə nümayiş etdirir.
Azərbaycanı hərtərəfli tərəqqi yoluna çıxaran ümummilli lider Heydər Əliyevin müstəqil dövlətimizə rəhbərlik etdiyi dövrün nailiyyətləri göz önündədir: ictimai-siyasi sabitlik, güclü iqtisadiyyat, möhkəm sosial təsisatlar, qüdrətli ordu, regionda lider mövqe, beynəlxalq aləmdə nüfuz - bütün bunlar Azərbaycanın həqiqətləridir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ən mühüm uğurlardan biri atəşkəsin əldə edilməsi olmuşdur. Belə bir faktı qeyd etməyə dəyər ki, Heydər Əliyevin ölkə iqtisadiyyatında köklü dəyişikliklərə gətirib çıxaran və müstəqil dövlətimizə beynəlxalq nüfuz qazandıran yeni neft strategiyasının həyata keçirilməsinə məhz atəşkəsdən sonra başlanmış və 1994-cü ilin sentyabrında dünyanın iri neft şirkətləri ilə “Əsrin müqaviləsi” adlandırılan ilk neft müqaviləsi imzalanmışdır. İndi ölkə iqtisadiyyatının sürətli inkişafında mühüm amilə çevrilmiş Heydər Əliyevin neft strategiyası böyük uğurla həyata keçirilir.
Dünyanın məşhur siyasətçiləri, dövlət xadimləri Heydər Əliyevi siyasət nəhəngi, siyasət şahmatının mahir ustası adlandırırdılar. O, tarixi perspektivləri qabaqcadan görmüş, ən çətin məqamlarda düzgün qərarlar qəbul etmək bacarığı ilə çoxlarını heyran qoymuşdur. Onu Franklin Ruzvelt, Uinston Çörçill, Şarl de Qoll, Atatürk kimi nəhənglərlə müqayisə edirlər.
Heydər Əliyev Azərbaycanı inkişaf etmiş dövlətlərin, millətini firavan həyat sürən xalqların cərgəsində görmək istəyirdi. Ömrünün son anınadək xalqının gələcək taleyi haqqında düşünürdü. Heydər Əliyev Vətən üçün, xalq üçün doğuldu, Vətənin, xalqın tərəqqisi, inkişafı, azadlığı, müstəqilliyi üçün cəsarətlə çalışdı. Bununla da xalqın gözündə, qəlbində dağ kimi ucaldı. Ona görə də xalqın öz sədaqətli, dahi övladına məhəbbəti sonsuzdur, əbədidir... Ulu öndər əsl ümumxalq məhəbbəti, sevgisi qazanmış tək-tək siyasətçilərdən, dövlət xadimlərindəndir. Bu dahi şəxsiyyət Azərbaycanı yox olmaqdan qurtardı, müstəqilliyimizi dönməz etdi, sabitlik və təhlükəsizliyin qarantı oldu, Azərbaycanı inkişafa, firavanlığa doğru addımlayan, dünya birliyində layiqli yerini tutmuş bir dövlətə çevirdi.
Ulu öndər Heydər Əliyev siyasətçi və dövlət xadimi kimi ən uca missiyanı gerçəkləşdirərək müstəqil Azərbaycan dövlətinin memarı oldu və bu tarixi öz əməlləri ilə yazdı. Onun həyatı və fəaliyyəti Azərbaycan tarixinin bir hissəsi və bəlağətsiz deyə bilərik ki, bu tarixin ən şanlı səhifələrindəndir. Bu şəxsiyyətin həyatını öyrənmək, onun gördüyü işlərin, başladığı layihələrin tarixi əhəmiyyətini dərk etmək özü böyük bir tarix məktəbini bitirmək deməkdir. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bir qərinədən artıq dövrdə ölkənin həyatında, xalqın taleyində elə bir əzəmətli rol oynayıb ki, bu, əsrlər boyu unudulmayacaqdır. Azərbaycanın hər bir bölgəsində Heydər Əliyevin quruculuq fəaliyyətinin silinməz izləri var.
Heydər Əliyev həyatı boyu həmişə xalqa arxalanmışdı: “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”.
Müstəqil Azərbaycan dövlətinin keçdiyi sınaqlar, dövlətçiliyimizin ən ağır günlərində Heydər Əliyevin göstərdiyi qətiyyət bu sözlərdəki gerçəkliyi dəfələrlə təsdiqləyib. Heydər Əliyevin Azərbaycan üçün gördüyü işləri sadalamaqla bitib-tükənən deyil. Dahi şəxsiyyət bu gün sıralarımızda olmasa da, onun möhtəşəm işləri, əməlləri, misilsiz xidmətləri hamımıza bəllidir və gözümüz önündədir. Heydər Əliyev fövqəlbəşər bir düha kimi xalqın əbədi məhəbbətini qazandı. Milyonlarla insanın ümid çırağına çevrilərək qəlblərdə əbədi yurd salmaq heç də bütün rəhbərlərə, liderlərə nəsib olmur. Hələ sağlığında canlı əfsanəyə çevrilmiş Heydər Əliyev ürəklərdə özünə heykəl ucaldıb. Onun parlaq ideyaları hələ uzun illər boyu gələcəyə gedən yollarımızı işıqlandıracaqdır. Bütün mənalı ömrünü xalqa həsr edən bu nurlu şəxsiyyətə bəslənilən sevgi sonsuzdur. Qədirbilən xalqımız onun xidmətlərini heç vaxt unutmayacaq, parlaq ideallarını öz yolunda mayaka çevirəcəkdir. Heydər Əliyev irsi hələ uzun illər xalqımızın müstəqillik yolunu işıqlandıracaq.
Ulu öndər dünyanın nadir insanlarındandır. O, hamının qəlbinə yol tapmağı bacarır, yaddaşlarda dərin iz qoyurdu. Təkrarsız, heyrətamiz yaddaşa malik Heydər Əliyev əsl rəhbərə xas olan ensiklopedik biliyə malik idi. Geniş və zəngin fəaliyyəti onu yalnız milli maraqlar çərçivəsinə sığmayan, bəşəri dəyərlərin əxz olunmasında fəal iştirak edən böyük bir siyasətçiyə, dahi bir şəxsiyyətə çevirmişdi. Bu yenilməz şəxsiyyət həm də təvazökarlıq simvolu idi. Ona görə də təkcə bizim xalqımız deyil, bütün dünya bu görkəmli dövlət xadiminə, əsrimizin siyasi həyatında mühüm yer tutmuş, uzun və şərəfli yol keçmiş, ən yüksək vəzifələrin məsuliyyətini daşımış insana dərin hörmət və ehtiram bəsləyir.
Ümummilli liderimizin xalqın birliyi yolunda göstərdiyi titanik fəaliyyət hər bir soydaşımız üçün örnək olmalıdır. Biz Azərbaycanı sevməyi Heydər Əliyevdən öyrənməliyik. “Azərbaycan mənim ürəyimdir, nəfəsimdir” - deyən böyük öndərimiz millətimizin və dövlətimizin əbədiyaşarlığı üçün əvəzsiz bir siyasi xətt, ideoloji baza miras qoydu. Heydər Əliyevin həyat və fəaliyyəti böyük bir məktəbdir və daim öyrənilməlidir. Şükürlər olsun ki, ulu Tanrı xalqımızın taleyinə çətin, əzablı günlər yazsa da, bu əzablara sinə gərə biləcək, bütün düyünləri açmağa qadir olan Heydər Əliyev dühası kimi böyük şəxsiyyət də qismət edib. Cəmiyyətə xidmət nümunəsi olan bu böyük şəxsiyyət həmişə xalqa arxalanır və deyirdi: “Xalq mənim dayağım, gücüm və inamımdır”. Xalq yolunda canını fəda etmiş, bütün həyatı boyu Vətənini və millətini düşünmüş, onun əsgəri olmuş ümummilli liderimiz əbədiyaşarlıq qazanmışdır.
Heydər Əliyev və onun əməlləri daim yaşayacaq, Azərbaycan xalqı, bütün türk dünyası onu heç vaxt unutmayacaq. Bütün ömrünü xalqımızın tərəqqisinə və firavanlığına həsr etmiş ulu öndərin həyat və fəaliyyəti bizim üçün örnəkdir, güc mənbəyidir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev artıq bir ölkənin, bölgənin lideri statusunu dəfələrlə üstələyən, qlobal miqyasda söz və nüfuz sahibi olan, dünyaya yeni baxış, ədalətli meyarlar təqdim edən şəxsiyyət kimi tanınır. Bu gün cənab Prezidentin timsalında Azərbaycan Respublikası dünyanın enerji xəritəsinin və yeni nəqliyyat-logistik meyarlarının müəyyənləşməsində mühüm rol oynayan, beynəlxalq təhlükəsizliyin təminində əsaslı töhfələr verən, sivilizasiyalararası əməkdaşlığı uğurla həyata keçirən qüdrətli ölkədir. Tam müstəqil siyasət yürüdən Prezident İlham Əliyevin qlobal liderliyi həm də Azərbaycanın davamlı artan beynəlxalq nüfuzunu şərtləndirir. Son 17 il ərzində o qədər böyük nailiyyətlərə, genişmiqyaslı inkişaf dinamikasına nail olmuşuq ki, sözün düzü, onların hamısını qeyd etmək çox vaxt aparar. Bütün bu tarixi uğurları mən bir ifadədə birləşdirmək istərdim: Bu, tarixin ən qüdrətli Azərbaycanıdır. Tarix boyu həsrətində olduğumuz ən möhtəşəm, güclü, rifahlı Azərbaycan məhz müasir dövrün reallığıdır, ən əsası isə Heydər Əliyev ideyalarının, Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyətinin təntənəsidir.
Bugünkü Azərbaycanın sürətli inkişafının təməli məhz Heydər Əliyev tərəfindən yaradılıb. Bu siyasi kursa Azərbaycanda alternativ yoxdur. Xalqımız xoşbəxtdir ki, ümummilli liderimizin siyasi kursu bu gün onun layiqli siyasi varisi, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İnanırıq ki, dövlətimiz milli öndərimiz Heydər Əliyev dühasından bəhrələnən, onun siyasi kursunun ən ləyaqətli davamçısı cənab İlham Əliyevin dövlətçilik bacarığı və rəhbərlik qabiliyyəti sayəsində daha da inkişaf edəcək, müstəqilliyini və suverenliyini daha da möhkəmləndirəcəkdir.
Elçin Bəşirov,
Nəsimi Rayon Mühafizə İdarəsi
rəisi.


















