30-11-2020, 11:54 | Vətən müharibəsi zamanı əməliyyatların minimum itkilərlə həyata keçirilməsi böyük uğurdur

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın işğalı altındakı torpaqlarımızı azad etmək üçün rəşadətli Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı genişmiqyaslı və uğurlu əks-hücum əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Bu əməliyyatlar və 44 gün davam edən Vətən müharibəsi zamanı Zəngilan, Füzuli, Cəbrayıl, Qubadlı şəhərləri və həmin rayonların kəndləri, Şuşa şəhəri, eləcə də bir neçə strateji yüksəkliyin işğaldan azad olunması azərbaycanlılara böyük sevinc və qürur hissi yaşadıb. Bu zəfər və Prezident, Ali Baş Komandanı İlham Əliyevin nümayiş etdirdiyi qətiyyətli mövqe hərbçilərimizdə və xalqımızda böyük ruh yüksəkliyi yaradıb.
Bu fikirləri bu hərbi uğurun Azərbaycan Ordusu üçün əhəmiyyətini şərh edən ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.
Polkovnik Şair Ramaldanov bildirib ki, düşmən mürəkkəb relyefə malik işğaldan azad edilmiş ərazilərdə otuz il istehkamlar yaradaraq Ordumuzun böyük itkilər verəcəyinə zənn edirdi: "Lakin Ordumuzun ən müasir silahlarla təchiz olunması zamanı bu relyef, dağlıq, meşəlik ərazilər nəzərə alınmaqla təmin edilmişdi. Həmçinin Azərbaycan Ordusunun şəxsi heyəti döyüş meydanında irəlilədikcə onun vətənpərvərlik ruhu yüksəlir, qələbəyə inam daha da artırdı. Digər tərəfdən işğaldan azad edilmiş ərazilər bizə başqa istiqamətlərdə növbəti addımlar atmaq üçün şərait yaradırdı. Bunların hamısının strateji önəmi vardı.
Müharibəyə hazırlıq dövründə Azərbaycan Ordusu daim kəşfiyyat aparırdı. Təlimlər və döyüş hazırlıqlarında məhz həmin ərazilər və düşmənin istehkamları nəzərə alınmışdı. İrimiqyaslı təlimlər döyüş başlayacağı halda müəyyən ssenarilər nəzərə alınaraq təşkil edilmişdi. Azərbaycan Ordusu XXI əsrdə döyüş əməliyyatlarını aparmağa imkan verən ən müasir, beşinci nəsil silahlarla təchiz olunmuşdu. Bütün bu illərdə Silahlı Qüvvələrimiz torpaqlarımızı güc yolu ilə azad etməyə hazırlığı davam etdirirdi. Biz bu kompleks hazırlıqların nəticəsini Ordumuzun yüksək döyüş ruhunu və vətənpərvərliyini əməliyyatlar başlayan zaman müşahidə etdik. Döyüşlərə atılan əsgərlərimiz Qarabağın işğalı ilə barışmadığı vətənpərvər mühitdə tərbiyə alıblar. Dövlətimizin başçısı işğal altındakı torpaqlarımızın tezliklə azad olunacağını hər zaman bəyan etmişdi. Məhz belə mühitdə gənclərimiz böyüyürdü. Şəhid Mübariz İbrahimov və digər qəhrəmanlarımız gənclərimizin daxilindəki Qarabağ alovunu göstərirdi".
Ş.Ramaldanov qeyd edib ki, əsgərlərimiz qısa müddətdə Ermənistanın keçilməz saydığı müdafiə xətlərini yarıb, düşməni torpaqlarımızdan qovmağa başlayıb. Sonra ən strateji istiqamət olan Şuşa şəhəri düşməndən azad edilib. Bu, Azərbaycan Ordusunun yüksək döyüş hazırlığının göstəricisidir. Cənub istiqamətində Şuşayadək döyüşlər Ordumuzun daha çox müasir texnika və silahlarla təminatını, onları idarə edən heyətin peşəkarlığını göstərib. Şuşa əməliyyatı isə Azərbaycan Ordusunun peşəkarlığını, yüksək səviyyədə hazırlığını və döyüş ruhunu nümayiş etdirib. Sıldırım qayalardan çıxılaraq düşmənlə yaxın döyüşdə qəhrəmanlıq nümunələri göstərilib və Şuşa işğaldan azad edilib. Bu döyüşdə taktiki cəhətdən düzgün istiqamətlər seçilib, bütün hesablamalar dəqiqliklə aparılıb və böyük uğur qazanılıb. Düşmənin ürəyinə Azərbaycan bayrağı sancılıb. Həmçinin 70 yaşayış məntəqəsi düşməndən təmizlənib və Ermənistanın kapitulyasiya bərabər bəyanatı imzalamasına nail olunub.
Ermənistanın çoxsaylı silah-sursatının, hərbi texnikasının məhv edilməsindən danışan ehtiyatda olan polkovnik qazanılan hərbi uğurlarda Ali Baş Komandan İlham Əliyevin hərbi sahədə siyasətindən, müharibəyə kompleks hazırlıqdan, ordumuzun arsenalındakı müasir hərbi silahlarından söz açıb. Vurğulayıb ki, Azərbaycan Silahlı Qüvvələri Prezident İlham Əliyevin bilavasitə diqqəti və qayğısı sayəsində sürətlə inkişaf edərək bu gün dünyanın ən peşəkar ordular arasında yer alıb. Dövlətimizin başçısı ordumuzun ən müasir silah-sursatlarla, eləcə də maddi-texniki təminatına yüksək diqqət göstərib.
Azərbaycan Ordusunun texniki üstünlüyü barədə məlumat verən polkovnik deyib ki, vaxtilə keçirilən genişmiqyaslı təlimlər döyüş zamanı aparılan əməliyyatların uğurla keçirilməsinə töhfə verib. Azərbaycan Ordusunda hərbi döyüş qabiliyyətini müəyyənləşdirən vəzifələrdə müddətdən artıq xidmət edən heyət çoxluq təşkil edir. Bu da Azərbaycan Ordusunun peşəkarlığını göstərir. Bu gün Azərbaycan Ordusunun cəmiyyətdəki nüfuzu da yüksəkdir.
Hərbi ekspert vurğulayıb ki, Azərbaycan Ordusunun yeni müharibə strategiyası əsgərlərimizin həyatının daha çox qorunmasına imkan verib. Qazanılan hərbi qələbələrin əsasında Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşmış və ən son texnoloji silahlarla təchiz edilmiş müasir ordu dayanır. Azərbaycan Ordusu ən müasir döyüş standartları əsasında hərbi əməliyyatlar aparıb.
İkinci Qarabağ müharibəsində itkilərin az olduğunu bildirən Ş.Ramaldanov qeyd edib ki, hətta NATO-nun Baş Qərargah rəisi Azərbaycan Ordusunun həyata keçirdiyi bu nümunəvi əks-hücum əməliyyatlarının gələcəkdə öyrənilməsinin vacibliyini vurğulayıb. Çoxsaylı müdafiə-istehkam qurğuları, mürəkkəb relyef şəraitində Şuşanın işğaldan azad edilməsi nəticəsində düşmən kapitulyasiyaya imza atıb. Minimum itkilərlə bu əməliyyatların həyata keçirilməsi böyük uğurdur. Hərb elmində döyüşdəki bütün mərhələlər planlaşdırılır. Xarici hərbi ekspertlərin qiymətləndirmələrinə əsasən, Azərbaycan Ordusu bütün torpaqları işğaldan azad etmək üçün qarşıdan gələn qış mövsümündəki şəraiti də nəzərə alsaq, çoxsaylı itki verə bilərdi. Məhz Prezident İlham Əliyevin müdrik qərarları sayəsində və Ali Baş Komandan bir sərkərdə kimi istiqamətləri müəyyənləşdirməklə döyüşlərdə Azərbaycan Ordusunun şəxsi heyəti arasında itkilərin minimum olmasına nail olunub. Dövlətimizin başçısının bu sərkərdəlik məharəti və Azərbaycan Ordusunun yüksək döyüş hazırlığı, həmçinin müasir silahların və texnikaların peşəkarlıqla idarə edilməsi sayəsində XXI əsrin tələblərinə cavab verən əməliyyatlar aparılıb. Azərbaycan Ordusu düşmənə maksimum zərbə endirməklə onu zəiflədib və beləliklə öz şəxsi heyəti arasında itkilər az olub.
Döyüşlərdə düşmənin çoxsaylı canlı qüvvə itkilərinə məruz qalmasının, onun texnikasının, döyüş infrastrukturunun, hərbi sursatının məhv edildiyini bildirən polkovnik xatırladıb ki, Ermənistan müharibə zamanı dağıdıcı silahlardan, artilleriyadan, raket-yaylım sistemlərindən istifadə edib. Zəfərlə yekunlaşan müharibədə az da olsa, itkilər olur. Bu gün əsgər analarımız səbir, təmkin nümayiş etdirir və deyirlər ki, təki Vətən sağ olsun. Onlar bu gün qürur hissi keçirirlər ki, övladları qələbə qazanan Ordunun sıralarında döyüşlərdə iştirak edib və torpaqlarımızın azadlığı uğrunda şəhid olublar. Xalqımızın və dövlətimizin şəhid ailələrinə qayğısı onların ağrı-acılarını azaldır. Artıq Vətən müharibəsi zəfərlə yekunlaşıb, düşmən diz çöküb və Azərbaycan ərazi bütövlüyünü bərpa edib. Bu gün Azərbaycan Ordusunun müasir döyüş strategiyasına hərbi aləmdə yeni təcrübə kimi yanaşılır. Ordumuzun arsenalındakı ən müasir silahlar və texnikalar isə Vətən müharibəsi zamanı şəxsi heyətimiz arasında itkiləri minimuma endirmiş döyüş taktikasını seçməyə imkan verib.AZƏRTAC
30-11-2020, 11:44 | Yaralı olduğu halda əsgər yoldaşını xilas edən qazi: "Bütün əsgərlərimiz qorxmadan, şir kimi döyüşürdü" - FOTO

Döyüş meydanında qəhrəmanlıqlar göstərən igid Azərbaycan oğullarının şücaətləri dillərə dastan oldu. Torpaqlarımızı işğaldan azad etmiş Vətən oğullarının hər birinin döyüş yolu, müharibə xatirələri var. Onların keçdiyi bu şərəfli yol olduqca maraqlı və qürurvericidir.
Tovuzun Əsrik Cırdaxan kəndindən olan Bədir Süleymanov rayonun Bozalqanlı kəndində yaşayır. O Vətən müharibəsinə könüllü qatılıb, döyüşlərdə iştirak edib. Bədir kəndlərindən onlarla dost-tanışının döyüşlərə getdiyini eşidəndə evdə otura bilmədiyini deyib.
Qazi Bədir Süleymanov torpaqlarımızın işğaldan azad olunması zamanı əldə edilən qələbənin bir səbəbi kimi isə əsgərlərin döyüş ruhunun həddindən artıq yüksək olmasını göstərir: "Ordumuzda əhval-ruhiyyə çox yüksək idi. Bu, elə bil inam yaradırdı ki, erməni ilə üz-üzə gələndə onların biri bizə ancaq 5-10 güllə ata bilərdi, sonra isə avtomatı tullayıb qaçırdı. Onda bilirdik ki, qalib gəlirik və düşməni qovmağa başlayırdıq... Bütün əsgərlərimiz qorxmadan, şir kimi döyüşürdü. Şükür ki, biz qalib gəldik. Prezidentimizin tutduğu yumruq kimi bir olduq, birlikdə qalib gəldik".
Fizuli, Laçın və Xocavənd istiqamətində döyüşlərdə iştirak edən Bədir Süleymanov əlindən yaralansa da, yaralı əsgər yoldaşını da döyüş meydanından çıxararaq onu xilas edib.
Bədirin iki körpə övladı var. Atalarının gəlişinə ən çox sevinən də elə onlardır. Qazimizin anası Aybəniz Salmanova isə övladı ilə fəxr etdiyini deyir: "Bədir mənim fəxrimdir. Müharibə başlayanda mənə zəng edib dedi ki, könüllü olaraq cəbhəyə gedirəm. Mən onun övladlarının yanına gəldim. O, cəbhəyə yollandı, Xocavənddə yaralandı. Gələndə onu qəhrəman oğul kimi qarşıladım. Mən ordumuzla, Prezidentimizlə fəxr edirəm. Çünki xalqımız, ordumuz dövlətimizin başçısının ətrafında bir yumruq kimi birləşərək düşməni əzdi, torpaqlarımızı işğaldan azad etdi".
Əlindən yaralanan Bədir sağalacağı günü gözləyir. Fikri-zikri döyüş yoldaşlarının yanında olan igid hərbçimiz sağalan kimi silahdaşlarının yanına qayıdacağını deyir.AZƏRTAC
27-11-2020, 09:56 | Ağsunun icra başçısı ölməyib, vəziyyəti ağırdır - Xəstəxana

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyevin dünyasını dəyişməsi ilə bağlı məlumat yalandır.
Barədə Trend-ə icra başçısının müalicə aldığı tibb müəssisəsindən məlumat verilib.
Müəssisədən qeyd ediblər ki, V.Tağıyev hazırda tibb müəssisiəsində müalicəsini davam etdirir: "İcra başçısının vəziyyəti ağırdır. Amma onun dünyasını dəyişməsi ilə bağlı məlumat yalandır"
27-11-2020, 09:53 | Teledərslərin noyabrın 27-nə olan CƏDVƏLİ

"Mədəniyyət", "ARB Günəş" telekanalları və "Təhsil" televiziyasının "Facebook" səhifəsində yayımlanan "Dərs vaxtı" proqramının noyabrın 27-si üçün nəzərdə tutulan cədvəli açıqlanıb.
Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.
Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, mövzuları "Dərs vaxtı"nda öyrənməyi tövsiyə edir. Çünki teledərslər şagirdlərə ən yaxşılardan öyrənmək üçün yaradılan əlavə və unikal imkandır. "Dərs vaxtı"na ekran qarşısında baxa bilməyənlər keçirilmiş mövzuları Təhsil Nazirliyinin rəsmi "YouTube" kanalı ilə yanaşı, "Facebook" səhifəsindən, videodərslər portalından ("https://video.edu.az/"), eyni zamanda, "Təhsil" televiziyasının "Facebook" səhifəsindən izləyə bilərlər.(milli.az)
27-11-2020, 09:44 | Ağdam, Füzuli və Xankəndi aerodromları beynəlxalq coğrafi koordinat indeksləri siyahısına daxil edildi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi Azərbaycan Respublikasının altı aeroportunun coğrafi koordinat indeksləri siyahısına daxil edilməsi ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatına (ICAO) müraciət edib. Agentliyin müraciəti qurum tərəfindən müsbət cavablandırılıb.
"ICAO"nun cari ilin dekabr ayında işıq üzü görəcək 7910/178 nömrəli sənədinin yeni nəşrində Azərbaycanın daha altı aeroportunun adı və kodu olacaq.
Qeyd edək ki, beynəlxalq təşkilatın yenilənmiş reyestrində Zabrat, Yevlax və Naftalan aeroportları ilə yanaşı, Ağdam, Füzuli və Xankəndi aerodromları da yer alacaq.
Eyni zamanda aerodromlarla bağlı informasiya Azərbaycan Respublikasının Aeronaviqasiya Məlumatları Toplusunun yeni nəşrində əksini tapacaq. Trend
27-11-2020, 09:40 | Erməni işğalından azad edilən İstisu - VİDEO

Erməni işğalından azad edilmiş Kəlbəcər rayonundakı İstisu qəsəbəsinin görüntüləri yayılıb.
Görüntülər Telegram-da yayımlanıb.
Həmin görüntüləri təqdim edirik.
27-11-2020, 09:18 | Hər iki istəyinə çatan igid zabit

Vətən müharibəsində Ermənistan ordusuna qarşı mübarizə aparan igidlərimizdən biri olan mayor Seyran Məmmədov üçün Böyük Qələbənin ikiqat əhəmiyyəti olub. İlk öncə torpaqlarımızın yağı düşməndən qorunmasında və əks-hücum əməliyyatlarının icrasında iştirak edərək vətənə olan borcunu yerinə yetirib. İkincisi isə 28 il əvvəl birinci Qarabağ müharibəsində şəhid olan atasının qanı yerdə qalmayıb, qısasını alıb.
Seyran Əlsuvar oğlu Məmmədov 1984-cü ildə Şamaxı rayonunun Dağ Göylər kəndində anadan olub. Sonradan atasının işi ilə əlaqədar Bakıya gediblər. Atası baş leytenant Əlsuvar Məmmədov Birinci Qarabağ müharibəsinin ilk günlərindən cəbhədə düşmənlə üz-üzə vuruşub və 1992-ci ildə Laçın istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Atasının qisasını ermənilərdən almaq Seyranın ən böyük arzusu olub. Bu arzu ilə yola çıxan balaca Seyran 1999-2002-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 2002-2006-cı illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2006-cı ildə leytenant, 2009-cu ildə baş leytenant, 2013-cü ildə kapitan, 2018-ci ildə mayor rütbəsi alıb. Xidməti dövrü ərzində o, dəfələrlə Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən - "Silahlı Qüvvələrin 90 illiyi", "Qüsursuz xidmətə görə" III dərəcəli, "Qüsursuz xidmətə görə" II dərəcəli, "Silahlı Qüvvələrin 100 illiyi" medalları ilə mükafatlandırılıb.
Mayor Seyran Məmmədov 2016-cı ildə baş verən Lələtəpə döyüşlərində də iştirak edib. Vətən müharibəsində isə cəbhənin müxtəlif istiqamətlərində xidmət göstərərək müzəffər Ordumuzun qalib zabiti kimi həm Qarabağımızın düşməndən azad olunmasında iştirak edib, həm də düşməndən atasının intiqamını ala bilib.AZƏRTAC
26-11-2020, 15:08 | Ermənilər Ağdamda bütün tarixi abidə və binaları məhv ediblər - Ağdam teatrının direktoru

Ermənilər işğal altında olan Azərbaycan ərazisində bütün mədəni abidələri dağıdıb, yerlə yeksan edib.
Bunu Trend-ə açıqlamasında Ağdam Dövlət Dram Teatrının direktoru Məhəmməd Hüseynov deyib. O bildirib ki, ermənilər Ağdamda heç bir abidə saxlamayıb: "Hətta 1941-45-ci illərdə faşist Almaniyası da işğal etdiyi ərazilərdə heç bir inzibati bina və mədəni abidəyə toxunmamışdır. Amma ermənilər Ağdamın qədim Çörək Muzeyini darmadağın ediblər. Orada orta əsrlər dövrünə aid eksponatlar var idi. Muzeyi bina qarışıq məhv ediblər. Ağdam Dövlət Dram Teatrını da dağıdıblar. Ağdamda nə qədər qəbiristanlıq var, hamısı məhv edilib. Çox qiymətli tarixi abidələrimizi məhv ediblər".
Direktor qeyd edib ki, Ağdam Dövlət Dram Teatrı 1904-cü ildə Əbdürrəhim bəy Haqverdiyevin təşkilatçılığı və Qarabağ ziyalılarının köməyi ilə dərnək kimi yaradılıb: "1910-cu ildə kollektiv tərəfindən ilk tamaşa nümayiş olunub. 1923-cü ilə qədər kollektiv dram dərnəyi kimi ictimai əsaslarla fəaliyyət göstərib. 1923-cü ildən dərnəyə Ağdam Dövlət Dram Teatrı statusu verilib. 1948-ci ildə teatr fəaliyyətini dayandırsa da, 1968-ci ildə teatr fəaliyyətini yenidən bərpa edib. Ağdamın işğalından sonra teatr bir müddət əlverişsiz bir binada yerləşib. Amma yenə də teatr fəaliyyətini davam etdirdi. 2011-ci ildə isə Quzanlı qəsəbəsindəki Mədəniyyət evi əsaslı təmir olundu və Ağdam Dövlət Teatrının binası kimi istifadəyə verildi".
M.Hüseynov əlavə edib ki, Ağdam işğaldan azad edilib və teatrın əvvəlki binasının yerində yeni və möhtəşəm bina inşa ediləcək: "Bu dəqiqə Ağdamda əsas məsələlərdən biri Ağdam Dövlət Dram Teatrının binasının inşasıdır. Bu məsələ diqqətdədir".
26-11-2020, 13:38 | Ordumuzun bölmələri Kəlbəcərdə, Qamışlı yolunda

Düşmən üçtərəfli razılaşmanın şərtlərinə əsasən noyabrın 25-nə keçən gecə 27 ildən çoxdur işğal altında saxladığı Kəlbəcəri boşaldıb. Və Azərbaycan ordusunun bölmələri dünən iki istiqamətdən Kəlbəcərə daxil olub. Müdafiə Nazirliyinin yaydığı məlumatlarda deyilirdi ki, ordumuzun bölmələri iki istiqamətdən-Göygölün Toğanalı kəndi istiqamətindən (Murov aşırımı) və Daşkəsəndən, çətin keçilən dağ yolları ilə daxil olub.
Sosial şəbəkələrdə ordumuzun Kəlbəcərə Murov aşırımından keçməklə daxil olan bölmələrinin əsgərlərinin çəkdikləri videogörüntülər yayılıb. Görüntülərə əsasən hərbi maşın karvanı artıq Zülfüqarlı, Almalıq və Qamışlı kəndlərindən keçən asfalt yola daxil olub və Kəlbəcər şəhəri istiqamətində hərəkət edir. Və əsgərlər yol boyu işğalçıların yandırıb, dağıdıb getdikləri evləri, məktəbləri görürlər. “Bu yol üzü o tərəfə Göyçəyə gedir...”,-hərbçilərdən biri kadr arxasından deyir... (virtualaz.org)
26-11-2020, 13:35 | Xüsusi təyinatlıların kapitanı Rəşad Əliyev Tuğda 13 düşmən hərbçisini təkbaşına öldürdü, şəhid oldu

Şəhid atasının şəklini qucaqlayan gözüyaşlı körpə Zəhranın bu günlərdə sosial şəbəklərdə paylaşılan fotosu torpaqlarımızın azad edilməsi uğrunda canını qurban vermiş daha bir igidimizi bizlərə tanıtdı. Həmin fotodakı igidimiz Xocavəndin Tuğ kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş 29 yaşlı kapitan Rəşad Əliyev idi.
Virtualaz.org xəbər verir ki, Salyanın Ərəbqardaşbəyli kənd sakini, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin kapitanı Rəşad Əliyev əks kəşfiyyat bölüyünün komandiri kimi İkinci Qarabağ müharibəsinə qatılıb.

Ailə üzvlərinin dediklərinə görə, Vətəninə, dövlətinə bağlılığı ilə seçilən Rəşad illərdən bəri arzuladığı savaşa - Qarabağın işğaldan azad edilməsi uğrunda döyüşlərə böyük həvəslə yollandı. Müharibənin ilk günlərində Gəncədə törədilən hərbi cinayətlər, terror hadisələri, mülki əhaliyə edilən xaincəsinə hücumlar ön cəbhədəki əsgərlərimiz kimi Rəşadı da sarsıdıb. Son günlər onun tək istəyi Gəncədəki atasız-anasız qalan balaların, balaları ölən anaların qisasını almaq olub. Hətta həyat yoldaşına “Mövlanə, Gəncənin qisasını alacağam”- deyib.
Şuşaya gedən yolda - Tuğ kəndi ərazisindəki döyüşlərdə Rəşad xüsusi qəhrəmanlıq göstərib. O, 13 erməni hərbiçisini təkbaşına öldürüb. Bu zaman tabeliyindəki əsgərlərdən biri düşmən snayperi tərəfindən vurulub. Yaralı əsgər yalnız, “kapitan, mən vuruldum” deyə bilib. Qəhrəman zabitimiz əsgərinin meyiti düşmən əlinə keçməsin deyə onu döyüş bölgəsindən çıxarıb. Və elə bu vaxt özü də düşmən snayperinə tuş gəlib. Oktyabrın 19-da axşam saatlarında yaralanan Rəşad ertəsi gün sübh tezdən sonuncu sübh namazını qılıb və şəhadətə qovuşub.

Şəhid kapitanımız Rəşad Əliyev 2016- cı ildə ailə həyatı qurub. İki övlad atasıdır. Qızı Zəhranın 3 yaşı var, oğlu Tunar isə 11 aylıqdır.
Rəşadı doğma övladından ayırmayan, öz oğlu kimi sevən qaynatası, psixoloq Hacı Savalan Hafizoğlu deyir ki, Rəşad vətəninə, dövlətinə, torpağına o qədər bağlı olub ki, onun toyunda vağzalı əvəzinə Azərbaycanın himni səsləndirilib.

Hacı Savalan Rəşadla bağlı danışır: “O qədər vətənpərvər, o qədər gözəl insan idi ki... Torpağına çox bağlıydı. Vətən kəlməsi dilindən düşməzdi. Elə qızım da həyat yoldaşı kimi idi. Ailəlikcə bu Vətənə, bu dövlətə bağlı idilər. Onların toyunda vağzalı əvəzinə Azərbaycan himni səsləndirilmişdi” .
“Rəşad hər zaman Vətən üçün canını qurban verməyə hazır idi. İki ay ərzində hər dəfə ona zəng vuranda bizə ancaq şəhadətdən danışırdı. Canından çox sevdiyi Vətəni uğrunda şəhadətə qovuşdu”- Hacı Savalan deyir.

Bəli, məhz Rəşadın və canını torpaqların düşməndən azad edilməsi uğrunda qurban vermiş digər igidlərimizin sayəsində Azərbaycan indi qalib ölkədir, xalqımız qalib xalqdır və yəqin ki, qanları ilə tarix yazmış bu oğulların xatirəsi layiq olduqları şəkildə əbədiləşəcək...(Virtualaz.org)





















