26-11-2020, 10:16 | Şuşadan sonra 70-dən çox kəndin azad edilməsi ilə Ermənistan diz çökdü - Politoloq

Azərbaycanın Kəlbəcər rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad etməsi böyük bir qələbədir. Kəlbəcər 1993-cü ilin aprel ayının 3-də Ermənistan ordusu tərəfindən işğal edilmişdi. Cənab Prezident İlham Əliyevin Kəlbəcərin işğaldan azad olunması ilə əlaqədar xalqa təbrik müraciətində də qeyd etdiyi kimi Kəlbəcər və bütövlükdə torpaqlarımızın işğal altına düşməsində əsas günahkar Azərbaycan Xalq Cəbhəsidir.
Bunu Trend-ə politoloq Şəbnəm Həsənova deyib.
Politoloq bildirib ki, vaxtilə xalqın tələbi ilə hakimiyyətə gələn, dövlətçiliyin əldən getməsinin qarşısını alan ulu öndər Heydər Əliyevin varisi İlham Əliyev bu gün Şuşanı, Kəlbəcəri, Qarabağı qaytardı və Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə yanaşı, bizi dünyaya qürurlu xalq olaraq tanıtdı:
"Dünya Ermənistanı məğlub edilmiş, Azərbaycanı isə zəfər çalmış ölkə kimi tanıyır. Qalibiyyətimiz isə təkcə Ermənistan dövləti üzərində əldə edilmiş qələbə deyil. Prezident İlham Əliyev eyni zamanda erməni faşizmini məhv etdi.
Şuşanın azad olunmasından bir gün sonra 70-dən çox kəndin azad edilməsi ilə düşmən diz çökdü, kapitulyasiya aktına imza atdı. Rusiya, Azərbaycan Prezidentləri və Ermənistan baş naziri arasında imzalanmış üçtərəfli bəyanatda Ermənistanın işğal etdiyi 3 rayonun heç bir döyüş əməliyyatı olmadan Azərbaycana təhvil verməsi və bununla da Azərbaycanın ərazi bütövlüyünün tamamilə bərpa edilməsi nəzərdə tutulurdu ki, Ağdamdan sonra artıq Kəlbəcər də Azərbaycana qaytarıldı. Ermənilər bölgəni tərk etmək üçün verilən vaxtdan əlavə möhlət istəyərək güzəşt edilən on gün ərzində Kəlbəcərdə vəhşi qəbilə kimi yaşayış binalarına, tarixi yerlərə və təbiətə qarşı törədilən amansız rəftarlar həyata keçirdilər, Azərbaycan ordusu düşməni Şuşadan qovanda düşmən oraya gedən su xəttini sıradan çıxardı.
Buna baxmayaraq cənab Prezidentin də qeyd etdiyi kimi əsgərlərimiz Ağdam rayonunun bir kəndində erməni əhalisinə çıxmaq üçün şərait yaratdı. Budur Azərbaycan ilə Ermənistan arasında olan fərq və bunu bizi nədəsə ittiham etmək istəyən qüvvələr görməlidir. Azərbaycana dəymiş bütün ziyan beynəlxalq ekspertlərin iştirakı ilə hesablanacaq və Ermənistan belə vandal əməllərinə görə beynəlxalq məhkəmələr qarşısında cavab verəcək. Azərbaycan isə çox yaxın gələcəkdə Kəlbəcəri bərpa edəcək və yenidən quracaq, burada kənd təsərrüfatı, xüsusilə heyvandarlıq inkişaf edəcək. Kəlbəcər bizimdir, Kəlbəcər Azərbaycandır!".
26-11-2020, 09:48 | İşğaldan azad olunmuş ərazilərdə yol infrastrukturu necə olacaq? - RƏSMİ

İşğal altında olmuş həm respublika, həm də yerli əhəmiyyətli bütün yollar (2661 kilometr) tam təmir olunacaq və tikiləcək.
bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
Onun sözlərinə görə, Ağdam istiqamətində heç bir yol-tikinti işi aparılmır, yalnız Ağdama aparan yolun bir hissəsi təmir edilib.
O əlavə edib ki, indi işğaldan azad edilmiş bəzi rayonlarda yol infrastrukturunun bərpası üzrə layihələr hazırlanır:
"Bu gün Azərbaycan Prezidentinin tapşırığına əsasən, agentliyimiz Suqovuşana, Suqovuşandan Talış kəndinədək yolun, eləcə də Füzuli-Şuşa yolunun tikintisi ilə məşğuldur".
Mətbuat xidmətinin rəhbəri azad edilmiş ərazilərə aparan R19, R29, R33 respublika əhəmiyyətli yolları xüsusi qeyd edib:
"Gəncədən Kəlbəcər və Laçına R19 yolu çəkiləcək. R29 yolu Bərdədən Tərtərə, Tərtərdən Kəlbəcərə aparacaq. Daha bir yol, R33 Ağcabədidən başlayır və Hindarx-Ağdam marşrutu ilə davam edir".
A.Nəcəfli bildirib ki, Hacıqabul-Bəhramtəpə-Horadiz-Mincivan-Ermənistan sərhədi yolunun tikintisi nəzərdə tutulur. Hazırda Agentlik Horadiz-Mincivan-Ermənistan sərhədi hissəsi ilə bağlı plan hazırlayır və bu plan digər dövlət strukturları ilə razılaşdırılmalıdır.
O əlavə edib ki, bu yol vasitəsilə Cəbrayıl, Qubadlı və Laçın rayonlarına da getmək mümkün olacaq.
25-11-2020, 14:01 | Nazirlik hərbi xidmətə çağırılan tələbələrlə bağlı qərar verdi

Təhsil Nazirliyinin Kollegiyası "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar"ında dəyişiklik edib.
Dəyişikliyə əsasən, tələbələrə akademik məzuniyyətin verilməsi hallarına səfərbərlik üzrə hərbi xidmətə çağırılma da əlavə edilib.
Dəyişikliyə əsasən, tələbələr səfərbərlik üzrə hərbi xidmətə çağırıldıqda xidmətdən tərxis edilənədək akademik məzuniyyət veriləcək.
Akademik məzuniyyətdən qayıdan şəxslər tədris prosesinə növbəti semestrdən buraxılırlar. Akademik məzuniyyətdən qayıtdıqda əvvəl təhsil aldığı ali təhsil müəssisəsində öz ixtisası üzrə kadr hazırlığı aparılmadıqda Təhsil Nazirliyinin razılığı əsasında tələbə həmin müəssisədə digər ixtisas üzrə tələbələr sırasına daxil edilə bilər.
O, əvvəllər təhsil aldığı ixtisas üzrə təhsilini davam etdirmək istədikdə bu Qaydaların 2-ci bölməsinin müvafiq tələbləri gözlənilməklə digər ali təhsil müəssisəsinə köçürülə bilər. Hər iki halda məsələyə müvafiq ali təhsil müəssisəsinin müraciəti əsasında Təhsil Nazirliyində baxı (Trend)
25-11-2020, 11:48 | Əsir hərbçilərimizlə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət edildi

Böyük Britaniyada yaşayan azərbaycanlı icmasının təşəbbüsü ilə ermənilərə əsir düşən hərbçilərimizlə əlaqədar Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) müraciətlər göndərilməkdədir.
Diasporla İş üzrə Dövlət Komitəsindən milli.az-a verilən məlumata görə, Britaniya-Azərbaycan Cəmiyyətinin sədri Fəridə Pənahovanın imzası ilə BQXK prezidenti Peter Maurerə ünvanlanan məktubda Ermənistanla Azərbaycan arasında gedən 44 günlük döyüşlər zamanı əsir düşən azərbaycanlı hərbçilərin taleyi ilə bağlı narahatlıq ifadə olunub. Qeyd edilib ki, tərəflər arasında sülh razılığının imzalanmasına baxmayaraq, hərbçilərimizn Ermənistanda saxlanılmasına dair əsaslı dəlillər mövcuddur.
"Onların adları Musayev Amin, Rüstəmov Ruslan və Kərimov Bayramdır. Ələ keçirilən zaman onların sağ olduğuna dair videoyazılar var. Bundan sonra ailə üzvləri onlarla əlaqə saxlaya bilməyiblər", - deyə məktubda vurğulanıb.
BQXK-nin rəhbərliyindən hər üç əsir əsgərimizin yerinin təsbit olunması və onların sağ-salamat evlərinə dönmələrini təmin etmək rica olunub.
25-11-2020, 11:19 | Bakıda 5 yeni nəqliyyat mübadilə mərkəzinin təşkili planlaşdırılır

Bakı şəhərində 5 yeni böyük nəqliyyat mübadilə mərkəzinin təşkil olunması, şəhər və qəsəbələrdə isə 6 kiçik habın yaradılması planlaşdırılır.
"Caspian Energy Club"ın təşkilatçılığı ilə keçirilən "Online Baku City Forum"da çıxış edən Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Azər Əliyev deyib.
Onun sözlərinə görə, belə bir böyük nəqliyyat mübadilə mərkəzi ötən ilin sentyabr ayında Bakı Nəqliyyat Agentliyinin təşəbbüsü ilə metronun "Koroğlu" stansiyasının yaxınlığında təşkil olunub ki, bu da çox vacib amillərdəndir.
"Məlumdur ki, ictimai nəqliyyat sistemində bu, yenilik kimi qəbul oluna bilər. Bu təşəbbüs bir çox Avropa ölkələrində tətbiq olunur. Şəhərətrafı kəndlərdən, qəsəbələrdən gələn vətəndaşlar öz şəxsi nəqliyyat vasitələrini belə orada park edərək ictimai nəqliyyatdan istifadə yararlanırlar ki, bu da şəhərin mərkəzi hissələrində tıxacların qismən seyrəldilməsinə səbəb olur", - A.Əliyev qeyd edib.
25-11-2020, 11:05 | Onlarla vəkil koronavirusa yoluxub - Kollegiya sədri açıqladı

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov koronavirus pandemiyasının Azərbaycanda geniş yayılması ilə bağlı ictimaiyyətə müraciət edib.
A.Bağırov bildirib ki, ölkədə COVİD-19 infeksiyasına yoluxanların sayı durmadan artmaqdadır: "Təəssüf ki, bu bəla vəkillərimizdən və Vəkillər Kollegiyasının Rəyasət Heyətinin aparat əməkdaşlarından yan keçməyib.
Hal-hazırda koronavirusa yoluxan onlarla həmkarımız həkim nəzarəti altında müalicə olunur, hər kəsə Allahdan şəfa diləyirəm. Hər birinizdən artıq dərəcədə xahiş edirəm, özünüzü və yaxınlarınızı qoruyun, bütün sanitar qaydalara ciddi əməl edin".
25-11-2020, 10:25 | "Kəlbəcərin qan tökülmədən azad edilməsi həm hərbi, həm də siyasi uğurumuzdur" - Deputat

Azərbaycan ordusunun uğurlu hərbi əməliyyatları nəticəsində Ermənistan ordusu darmadağın oldu və nəticədə Azərbaycan tərəfinin diqtəsilə noyabrın 10-da birgə bəyanat qəbul olundu. Bəyanata uyğun olaraq bu gün Ermənistan 1993-cü ildən bəri işğal etdiyi Kəlbəcər rayonunu Azərbaycan ordusuna təhvil verdi.
Milli Məclisin deputatı Şahin İsmayılov deyib.
Deputat bildirib ki, Kəlbəcər ərazisinə görə Azərbaycanın ən böyük rayonu olmaqla yanaşı, həm də olduqca çətin təbii relyefə malikdir:
"Ərazisinin çox böyük hissəsi sərt dağlıq ərazilərdən ibarətdir. Təbii ki, bizim qəti şübhəmiz yoxdur ki, Şanlı Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında işğal altında olan digər ərazilərimiz kimi Kəlbəcərdə də böyük qəhrəmanlıq göstərərək bu rayonumuzu da işğaldan azad edə bilərdi. Lakin bəyanata uyğun olaraq Kəlbəcər döyüşsüz, qan tökülmədən Azərbaycana qaytarılır. Düşünürəm hadisələrin bu cür cərəyan etməsi bizim həm hərbi, həm də siyasi uğurumuzdur.
Kəlbəcər qan tökülmədən öz tarixi sahiblərinə qovuşur. Ermənilər Kəlbəcəri tərk edərkən evləri yandırıb çıxırdılar. Əgər bu, bir tərəfdən onların ənənəvi xislətini göstərirdisə, digər tərəfdən də onlar çox yaxşı başa düşürdülər ki, bir də bu ərazilərə qayıtmayacaqlar. Çünki bu evlərin əsl sahibləri qayıdırlar. 1993-cü ildə Kəlbəcərdən çıxarılan sakinlərimizin əksəriyyəti isə (digər ərazilərimizdə olduğu kimi) hələ də tərk etdikləri evlərinin açarlarını özlərində saxlayırlar. Onlar bilirdilər ki, Kəlbəcərə mütləq qayıdacaqlar".Trend
25-11-2020, 10:22 | 900-dən çox Azərbaycan toponimi erməniləşdirilib

Ermənilər Ermənistanda və işğal altında saxladıqları Qarabağda 900-dən çox Azərbaycan toponimini saxta yolla erməniləşdiriblər.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Dilçilik İnstitutunun direktoru, Coğrafi Adlar Komissiyasının sədr müavini akademik Möhsün Nağısoylu Trend-ə bildirib ki, erməniləşdirilən toponimlərin siyahısı artıq hazırlanıb:
"Həm Qarabağda, həm də Ermənistanda çox sayda toponimlər erməniləşdirilib. Bu siyahıda Qarabağ üzrə erməniləşdirilən toponimlərin sayı 210-dan çox, Ermənistan üzrə 700-dən çoxdur. Bu siyahı artıq Dilçilik, Tarix və Coğrafiya institutları tərəfindən hazırlanaraq AMEA rəhbərliyinə təqdim edilib".
25-11-2020, 10:01 | Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının YENİ ÜZVLƏRİ

Təhsil naziri Emin Əmrullayevin əmri ilə Təhsil Nazirliyinin Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının üzvləri yeni tərkibdə təsdiq edilib.
Şuranın üzvləri TN-nin Aparat rəhbərinin müavinləri Fərzəli Qədirov və Həsən Həsənli, nazirin müşaviri Simuzər Feyzullayeva, İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov, Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov təyin edilib.
25-11-2020, 09:50 | Ordumuz Toğana kəndi və Daşkəsən istiqamətindən Kəlbəcərə daxil olub

Müdafiə Nazirliyi ordumuzun işğaldan azad edilən Kəlbəcər rayonuna daxil olmasına dair ilk videogörüntüləri yayıb. Görüntülərdə ordumuzun istehkam bölüyü qoşunların hərəkətini təmin etmək üçün yolu minalardan təmizləməsi əks olunur.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı ötən gün axşam Göygölün Toğana kəndində jurnalistlərə açıqlamasında bildirib ki, ordumuzun bölmələri iki istiqamətdən-Murov aşırımından və Daşkəsən istiqamətindən Kəlbəcərə daxil olub. Onun sözlərinə görə, qoşunlar müəyyən edilmiş plan əsasında Kəlbəcər rayonunda müəyyən edilmiş mövqeləri tutacaqlar və rayonu tam nəzarət altına alacaqlar.
Xatırladaq ki, 9 noyabr üçtərəfli razılaşması əsasında Ermənistan işğalçı qüvvələri və qanunsuz olaraq rayonda məskunlaşmış mülki işğalçılar noyabrın 24-də Kəlbəcəri tamamilə tərk edib. Gecə saat 00.00-dan etibarən ordumuzun bölmələri Kəlbəcərə daxil olmağa başlayıb.


















