8-05-2020, 13:43 | Azərbaycanda imtahanlar bu formada keçiriləcək

"İmtahanlar zamanı koronavirus infeksiyasının (COVİD-19) profilaktikasina dair metodiki göstərişlər açıqlanıb.
İmtahanlar zamanı koronavirus infeksiyasının (COVİD-19) profilaktikasina dair metodiki göstərişlərdə öz əksini tapıb.
Sənəddə qeyd edilir ki, imtahanlara onlayn qeydiyyatı, imtahan mərkəzlərində sanitar qovşaqlar, mexaniki və təbii havalandırma, işıqlandırma və su-kanalizasiya sistemlərinin təmizlik və dezinfeksiyasını, işçi heyətin şəxsi gigiyenası ilə bağlı ümumi qaydalara əməl olunması, imtahan təyin olunan tarixdən iki gün əvvəl otaqların dezinfeksiya edilməsi və imtahan təyin olunan günədək həmin otağa/zala girişin qadağan edilməsi, imtahan başlamazdan əvvəl və imtahan müddətində otağın havalandırılması, otaqlarda/zallarda, dəhlizlərdə əl dezinfektantları üçün dispenserlərin quraşdırılması, səhhəti ilə bağlı müəssisəyə girişi məhdudlaşdırılan işçiləri əvəz edəcək ehtiyat heyətin əvvəlcədən hazırlanması, imtahan nəzarətçiləri qismində yaşı 65-dən yuxarı və xroniki xəstəliyi olmayan şəxslərin təyin olunması təmin edilməlidir.
Şəhərlərarası gediş-gəliş məhdudiyyətini nəzərə alaraq, yerlərdə imtahanların təşkil edilməsi, imtahan mərkəzlərinin tibbi maskalarla təchizatı, hər bir şəxsin imtahan mərkəzində tibbi maskadan istifadə, imtahan mərkəzlərində fərdi qoruyucu vasitələrinin atılması üçün müvafiq tullantı qablarının yerləşdirilməsi, iştirakçıları müşayiət edənlərin imtahan mərkəzinin ərazisində toplanmamaları, imtahan mərkəzlərinin girişlərində termometriyanın icra edilməsi təmin edilməlidir.
Sənəddə imtahanda nəzarətçinin sənədlərə əllə toxunmaması, hər iştirakçının arasında sosial məsafənin (2 m) qorunması, imtahan ləvazimatlarının (qələm, karandaş və s.) ortaq istifadə edilməməsi, iştirakçıların səhhətində imtahan zamanı yaranan problemləri (COVİD-19-a spesifik olan simptomlar - qızdırma, quru öskürək, nəfəs darlığı, ishal və s.) bildirmələri və onların xüsusi ayrılmış otaqda izolyasiya edilmələri, 103 TTTY çağırılması, azyaşlını müşayiət edənin bu barədə məlumatlandırılması kimi metodiki göstərişlər də yer alıb.
İş zamanı özündə COVID-19-a spesifik olan əlamət(ləri) hiss edən işçi (qızdırma, quru öskürək, nəfəs darlığı, ishal və s.) dərhal işini dayandırmalı, tibbi maska ilə təmin olunaraq qapalı otaqda izolyasiya edilməlidir. Həmin şəxsə tibbi xidmətin göstərilməsi üçün 103 TTTY müraciət edilməlidir. İşə gəlməzdən əvvəl özündə COVID-19-a spesifik olan əlamət(ləri) hiss edən işçi (qızdırma, quru öskürək, nəfəs darlığı, ishal və s.) rəhbərinə xəbər verərək evdə izolyasiya olunmalıdır və tibbi xidmətin təmin olunması məqsədi ilə 103 TTTY müraciət etməlidir. Xəstəlik əlaməti olan işçinin iş yeri dezinfeksiya edilməlidir. Həmin işçidə laborator üsul ilə COVID-19 təsdiqləndiyi halda, onunla sıx təmasda olan əməkdaşlardan test götürülməli və cavabları aşkarlanana qədər onlar evdə izolyasiya olunmalıdır.
6-05-2020, 13:29 | "Dərs vaxtı" verilişinin sabahkı cədvəli - FOTO

"Mədəniyyət" və "ARB Günəş" kanallarında yayımlanan "Dərs vaxtı" verilişinin mayın 7-nə nəzərdə tutulan cədvəli müəyyənləşdirilib.
Təhsil Nazirliyindən verilən məlumata görə, nazirlik dərs cədvəlinə diqqət etməyi, dərsi "Dərs vaxtı"nda öyrənməyi tövsiyə edir.
Qeyd edək ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Mədəniyyət" və "ARB Günəş" kanallarında "Dərs vaxtı" proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur.

6-05-2020, 13:01 | Elmar Qasımov Bakı Ali Neft Məktəbinin Avropada təhsil alan tələbələrilə onlayn görüş keçirib

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov "Erasmus+" mübadilə proqramı çərçivəsində xaricdə təhsil alan BANM tələbələri ilə onlayn görüş keçirib.
Onlayn görüşdə Ali Məktəbin Bolqarıstanın "Angel Kançev" adına Ruse, Yunanıstanın Qərbi Attika və İspaniyanın Alkala universitetlərində təhsil alan tələbələri, həmçinin, "Erasmus +" və Beynəlxalq Proqramlar Ofisinin rəhbəri Nərgiz Tarıverdiyeva və mütəxəssisi Cəmilə Əskərova iştirak edib.
Rektor Elmar Qasımov bütün dünyada, eləcə də Avropada hazırki çətin vəziyyətə baxmayaraq, təhsillərini əzmlə davam etdirən tələbələri təbrik edib. O, tədris müddətinin bir qismini geridə qoyan tələbələrin iyun ayında təhsillərini uğurla başa vuracaqlarına əminliyini ifadə edib. Rektor ümumilikdə, 2019-2020-ci tədris ilinin yaz semestrində Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi (PAM) ixtisasından 15 tələbənin "Erasmus +" mübadilə proqramı çərçivəsində təhsillərini Avropada davam etdirdiyini qeyd edib.
E.Qasımov bildirib ki, yarana biləcək hər hansı təhlükənin qarşısının alınması, sağlamlıq və təhlükəsizliyə nəzarətin gücləndirilməsi, eləcə də zəruri tədbirlərin operativ həyata keçirilməsi
məqsədilə BANM-in "Erasmus +" və Beynəlxalq Proqramlar Ofisi tərəfindən tələbələrin təhsil aldıqları universitetlərlə sıx əlaqələr qurulur. Mütəmadi olaraq tələbələrin ehtiyacları və müvəqqəti yerləşmə ölkəsindəki vəziyyəti ilə bağlı məlumatlar əldə olunaraq təhlil olunur. Bütün bunlara baxmayaraq, Rektor tələbələrə şəxsi gigiyena, həmçinin, yaşadıqları ölkədə tətbiq edilən karantin qaydalarına əməl etməyi və qidalanmalarına diqqət yetirməyi tövsiyə edib.
Tələbələr də öz növbəsində məskunlaşdıqları ölkədəki karantin rejimin qaydalarına ciddi əməl etdiklərini, təhsil aldıqları universitetlər tərəfindən təşkil edilən onlayn dərslərdə fəal iştirak etdiklərini, dərslərə və imtahanlara səylə çalışdıqlarını qeyd ediblər. Eyni zamanda, onlar özlərini yaxşı hiss etdiklərini və sağlamlıqlarında heç bir narahatlığın olmadığını vurğulayıblar.
Qeyd edək ki, Ali Məktəbin Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının IV kurs tələbələri Azər Əliyev, Fidan Abbaszadə, Emil Nağızadə, Tərlan Əhədli Bolqarıstanın "Angel Kançev" adına Ruse Universitetində, Həmidə Əliyeva, Kamran Alcanov, Toğrul Nəbili, Ömər Məmmədov Yunanıstanın Qərbi Attika Universitetində, eyni ixtisasın III kurs tələbələri Müjgan Hüseynli, Yaqut Bədəlova, Yaqut Şəkizadə, Mahirə Əsədzadə, Ayxan Haqverdiyev, Şəms Əliyeva və Sənan Həsənov isə İspaniyanın Alkala Universitetində təhsil alırlar.
6-05-2020, 12:58 | "Bu kateqoriyalardan olan şəxslər heç bir halda işsiz hesab edilmirlər" - Nazir

Məşğulluq haqqında qanunvericilikdə məşğul şəxs hesab olunanların dairəsinə sahibkarlar, əmək müqaviləsi, yaxud mülki-hüquqi xarakterli müqavilə əsasında işləyənlər, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri və b. daxildir. Bu kateqoriyalardan olan şəxslər heç bir halda işsiz hesab edilmirlər.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev "Azərbaycan" qəzetinə müsahibəsində deyib.
S.Babayev bildirib:
"Müraciət edən vətəndaşlardan hansılarının ki, adına aktiv VÖEN var, yaxud əmək, xidməti, yaxud mülki-hüquqi xarakterli müqavilə əsasında fəaliyyət göstərir, torpaq payı mövcuddur, bunlar barədə məlumatlar aidiyyəti qurumların elektron bazalarından əldə olundu. Məhz bu məlumatlara əsaslanmaqla, insan faktoru olmadan, elektron qaydada qərar qəbul edilərək, o şəxslərə imtina cavabı verildi. Müraciət edənlər sırasında maddi imkanları yetərli, hətta yüksək olanların da olduğu, belə insanların əslində 190 manatlıq vəsaiti əlavə gəlir kimi əldə etmək istədikləri məlum oldu. Məsələn, mülkiyyətində 2 və daha çox daşımaz əmlakı, avtomobillərivə s. olanlar müəyyən edildi. Təbii ki, sayı heç də az olmayan həmin müraciətçilərə imtina cavabı verildi, bu barədə konkret göstəriclər əsasında məlumatlar yayıldı. Maddi imkanları yaxşı səviyyədə ola-ola onların məhz aztəminatlı insanlar üçün ayrılan yardımı almağa cəhdləri haqlı olaraq kəskin ictimai qınağa səbəb oldu".
9-03-2020, 05:36 | Təhsil Nazirliyi tətilin mayadək uzadılması haqqında məlumatlara aydınlıq gətirdi

"Nazirlər Kabinetininin operativ Qərargahı adından Təhsil Nazirliyinin saytında guya məktəblərdə tətilin 1 mayadək uzadılması haqqında məlumat doğru deyil, yanlışdır".
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.
"Belə xəbərləri yayanları cinayət məsuliyyəti gözləyir. Xahiş edirik, rəsmi xəbərlərə istinad edin", - deyə o bildirib.
20-02-2020, 09:06 | Deputatlar “Xocalıya ədalət” mövzusunda keçiriləcək beynəlxalq tədbirdə iştirak edəcəklər

Milli Məclisin deputatı Rauf Əliyev "Xocalıya ədalət" mövzusunda keçiriləcək tədbirdə iştirak etmək üçün fevralın 20-dən 22-dək İsrailin Təl-Əviv şəhərində səfərdə olacaq.
Milli Məclisdən Trend-ə verilən məlumata görə, tədbir Heydər Əliyev Fondunun dəstəyi ilə İsrail-Azərbaycan (AZİZ) Beynəlxalq Assosiasiyası tərəfindən təşkil olunub.
Yığıncağa İsrail Knessetinin deputatları, xarici ölkələrin səfirləri, ictimaiyyət nümayəndələri qatılacaqlar. Toplantıda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılacaq, bu faciənin tarixi barədə məlumat veriləcək, bununla bağlı sənədlər təqdim olunacaq.
Milli Məclisin deputatı Naqif Həmzəyev isə Türkiyədə keçiriləcək "Xocalıya Ədalət həftəsi"ndə iştirak etmək üçün fevralın 20-də İstanbul şəhərinə səfər edəcək.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!" kampaniyası çərçivəsində "İslahatçı Gənclər" İctimai Birliyi tərəfindən İstanbulun bir sıra bələdiyyə və universitetlərində konfranslar təşkil olunacaq.
Toplantılarda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, o cümlədən Xocalı soyqırımı ilə bağlı tarixi həqiqətlər geniş ictimaiyyətin diqqətinə çatdırılacaq, Xocalı faciəsi qurbanlarının xatirəsi yad ediləcək.
Səfər fevralın 27-də başa çatacaq.
17-02-2020, 14:40 | ETSN: Azərbaycanda böyük bir toplum ovun qadağan olunmasını düzgün hesab edir

Bu gün Azərbaycan ictimaiyyəti tərəfindən ov məsələsi birmənalı qarşılanmır. Böyük bir toplum bunu tamamilə qeyri-düzgün, təbiətə ziyanlı, anti-humanist fəaliyyət sayır və ovun qadağan olunmasını düzgün hesab edir.
Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə deyib.
Onun sözlərinə görə, digər tərəf isə ovu keçmişdən qalma adət-ənənəmizin, istirahətin bir istiqaməti sayaraq onun qadağan edilməməsini istəyir.
H.Əlizadə hesab edir ki, bu baxımdan, Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) Azərbaycan Nümayəndəliyinin təşkilatçılığı ilə Bakıda "Azərbaycanda dayanıqlı ov: risklər və imkanlar" mövzusunda beynəlxalq forumun keçirilməsinin böyük əhəmiyyəti var: "Düşünürəm ki, belə bir mövzuda geniş forumların, fikir mübadiləsinin təşkili, bir-birinə zidd fikirləri dinləmək və nəticə etibarı ilə uyğun bir fikrə gəlmək çox vacibdir və forumun keçirilməsi aktualdır. Bilirsiniz ki, bizim bu sahədə rolumuz çoxfunksiyalıdır. Nazirlik bir tərəfdən vəhşi təbiətin mühafizəsini, növlərin artırılmasını dəstəkləyir, bu sahədə davamlı tədbirlər həyata keçirir. Digər tərəfdən, ovçuluq fəaliyyətinin tənzimlənməsini həyata keçirir. Yəni həm qoruyuruq, həm də ova icazə veririk. Ona görə biz də bu məsələdə qızıl bir ortanın tapılmasının marağındayıq. Forumda beynəlxalq səviyyəli tanınmış mütəxəssislərin iştirakı gözlənilir. Onların fikirlərinin dinlənilməsi və o fikirlər nəticəsində hansısa bir rəyə gəlinməsi çox vacibdir. Biz çox böyük bir həvəslə bu tədbirdə iştirak edib öz fikirlərimizi səsləndirəcəyik".
Nazirlik rəsmisi ölkədə nə vaxt ova icazə verilib-verilməməsinə də aydınlıq gətirib: "Azərbaycanda ov mövsümü heyvanların bioloji xüsusiyyətlərindən asılı olaraq tənzimlənir. Hazırda mövcud ov mövsümünün sonuna yaxınlaşırıq. 2019-2020-ci ilin ov mövsümü açıq elan edilib. 2019-cu ilin may ayının sonunda ilk növbədə məməli heyvanların, payız aylarından isə quşların ovuna icazə verilib. Fevralın sonu və martın ilk həftəsində, növbəti ov mövsümünə qədər ova qadağa qoyulacaq. Mayın sonu, iyun ayının əvvəlində yenidən ova başlanılacaq. Bir çox növlər var ki, onların ovlanmasına icazə yoxdur. Eyni zamanda, normadan çox ovlayanlar və qadağan olunan vaxtda və yerdə ova çıxanlar da brokonyerlərdir. Bunlarla bağlı ciddi cəza tədbirlərinin görülməsi, hətta həbs cəzası da nəzərdə tutulur".
17-02-2020, 12:41 | Bakıda koronavirus həyəcanı: Apteklər bu məhsuldan adama bir dənə satır

Azərbaycanın Nazirlər Kabineti yeni koronavirus (2019-nCoV) xəstəliyinin dünyada geniş yayılması ilə əlaqədar "Bəzi tibbi ləvazimat və preparatların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında" qərar verib.
Qərarda ölkə ərazisindən müxtəlif yollarla bəzi tibbi ləvazimat və preparatların (steril əlcək, baxil, qoruyucu kombinezon, tibbi maska və eynəklər, dezinfeksiyaedici maddə və avadanlıqlar, xüsusi geyimlər və zəruri olan digər tibbi ləvazimat və preparatlar) kütləvi şəkildə aparılmasının məhdudlaşdırılması öz əksini tapıb.
Mövcud qərar ölkədə bəzi tibbi ləvazimat və preparatlarla bağlı qıtlığın yaranmamasına xidmət etsə də, vətəndaşlar arasında müəyyən narazılıqlar yaradıb. Belə ki, paytaxt sakinləri üz tutduqları apteklərdə tibbi maskaları almaq istəyərkən birdən artıq ala bilməyiblər. Dəyəri 0,10 AZN olan tibbi maskalar bəzi apteklərdə vətəndaşlara tək-tək satılıb. Bir neçə maska almaq istəyən şəxslərin istəyi isə ürəyində qalıb.
Yaranmış vəziyyətdə apteklərin tətbiq etdiyi bu məhdudlaşdırmanın nə qədər doğru olub-olmamasını aydınlaşdırmaq üçün tibbi ekspertə müraciət etdik. Tibb elmləri doktoru Adil Qeybulla sözügedən sayta bildirib ki, müəyyən tibbi ləvazimatların defisit halına düşməsi və onun ölkədən çıxarılmasına məhdudiyyət qoyulması təbii haldır: "Əslində apteklər müstəqildir. Apteklər Səhiyyə Nazirliyinin müəyyən etdiyi qanunvericilik əsasında fəaliyyət göstərməlidirlər.
Əgər həmin əsasnamədən kənara çıxılırsa, təbii qaydalar pozulur. O ki qaldı müəyyən tibbi ləvazimatların defisit halına düşməsi, onun ölkədən çıxarılmasına məhdudiyyət qoyulmasına, bu, təbii haldır. Hökumətin bu məsələlərdə məcburi addımlar atmaq ixtiyarı var. Belə hallarda Ümumdünya Səhiyyə Təşkilatı məsələlərə qoşulur və karantin tədbirləri görür. Əslində hər hansı epidemiyaya meyilli infeksiya lokallaşmayıbsa, karantin tədbirlərinin aradan qaldırılmasından danışmaq olmaz. Bu cür məhdudiyyətlərin tətbiq edilməsi tədbirlərin tərkib hissəsi hesab edilə bilər".
Tibbi ekspert hesab edir ki, bu məsələnin tənzimlənməsində hər hansı problemlər ola bilər: "Mümkündür ki, apteklər bəzi qaydaları pozsun, amma dövlətin müvafiq strukturlarının bu məsələlərə müdaxiləsi və ya məhdudlaşdırmalar tətbiq etməsi karantin tədbirlərinin tərkibn hissəsidir. Dünyanın əksər ölkələrində icbari tibbi sığorta paketində apteklərdə sərbəst satış üçün ayrılan istər dərmanlar, istərsə də digər tibbi ləvazimatların konkret uçota düşən reysteri var.
Təəssüflər olsun ki, Azərbaycanda hələ də dərman vasitələrinin dövlət reysteri və formaskapeyası yoxdur. Ona görə, bu tənzimləmədən danışmaq tezdir. O ki, qaldı apteklərə, konkret olaraq məhdudiyyət qoyulan tibbi vasitələrin əmtəə şəklində və iri miqdarda satılmasına müəyyən məhdudiyyətlər qoyula bilər. Karantin dövründə apteklər özləri də dövlət müvafiq strukturlarının qərarlarına tabe olurlar".
13-02-2020, 14:42 | Rezidenturaya sənəd qəbulu elan edilir

Dövlət İmtahan Mərkəzi (DİM) 2020/2021-ci tədris ili üçün rezidenturaya qəbul elan edir.
DİM-dən verilən məlumata görə, qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün namizəd 2020-ci il fevralın 13-dən 27-dək Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği (60 AZN) "Şəxsi kabinet"indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış ola bilərsiniz.
Namizəd "Şəxsi kabinet"inin istifadəçi adı və parolundan istifadə etməklə 2020-ci il fevralın 13-dən 27-dək Mərkəzin internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizerez/erize/?frm=egov ) daxil olub "Namizədin elektron ərizəsi" formasını doldurur və təsdiq edir (etdirir).
Əsas (baza ali) tibb təhsili əsasında rezidenturaya qəbul imtahanı Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada iki mərhələdə keçirilir: baza fənləri üzrə biliklərin qiymətləndirilməsi; ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı 2020-ci il aprelin 19-da, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı isə 2020-ci il iyulun 17-də keçiriləcəkdir.
Namizədlərə hər mərhələdə 100 test tapşırığı təqdim olunur. Hər iki mərhələdə namizədin hər bir test tapşırığına düzgün cavabı 1(bir) balla qiymətləndirilir. Səhv cavablar namizədin imtahan nəticəsinə (yekun nəticəyə) təsir göstərmir. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına topladığı bal 40 və daha çox olan namizədlər buraxılırlar.
Hər bir mərhələdə imtahan suallarının cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.
Müsabiqəyə ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında topladığı bal 50-dən az olmayan namizədlər buraxılırlar.
Qəbul elanının tam mətni "Rezidentura" jurnalının 2-ci sayında dərc olunub. Jurnalın bu sayında namizədlərə kömək məqsədilə ixtisas fənləri üzrə test tapşırıqlarının izahı və tövsiyələr, test tapşırığı nümunələri təqdim olunur. Eyni zamanda "Rezidentura" jurnalının bu sayında müsabiqə şərtləri, "Namizədin elektron ərizəsi"nin doldurulma qaydası və onun nümunəsi də dərc edilir.
Jurnalı kitab köşklərindən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.
Qeyd 1. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından "məqbul" alan (40 və daha çox bal toplayan) rezidentlər (rezidenturada təhsil alanlar) ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturanı bitirdikdən və ya rezidentura təhsilindən imtina etdikdən sonra buraxılırlar;
Qeyd 2. Rezidenturaya qəbul qaydalarında edilmiş dəyişikliyə əsasən cari ildən əsas (baza ali) tibb təhsilinin III kursunu tam bitirmiş (semestr imtahanlarını müvəffəqiyyətlə vermiş) tələbələr də baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılırlar. İmtahanda iştirak etmək arzusunda olan tələbələr Mərkəz fevralın 27-dək qeydiyyatdan keçməlidirlər. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından "məqbul" alan (40 və daha çox bal toplayan) tələbələr ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən, yəni əsas (baza ali) tibb təhsilini tam bitirdikdən sonra buraxılacaqlar (bax: "Rezidentura" jurnalı, № 1, 2020, səh. 2).
Qeyd 3. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından "məqbul" alan namizədlərin nəticəsi 5 (beş) il müddətində qüvvədə qalır.
13-02-2020, 14:33 | Bu məntəqələrdə səsvermənin nəticələri ləğv olundu

Parlament seçkiləri ilə əlaqədar 111 saylı Zaqatala Seçki Dairəsi üzrə 2, 123 saylı Kəlbəcər Seçki Dairəsi üzrə 1 seçki məntəqəsində səsvermənin nəticəsi ləğv olunub.
111 saylı Zaqatala Dairə Seçki Komissiyasının sədri Zöhrab İsmayılov APA-ya açıqlamasında bildirib ki, dairə üzrə 4 və 43 saylı seçki məntəqələrində müəyyən qayda pozuntularına yol verilməsi ilə bağlı komissiyaya məlumat daxil olub.
Daxil olan şikayət araşdırılıb və həmin məntəqələrdə müəyyən qanun pozuntularına yol verildiyi təsdiq olunub. Komissiyanın qərarı ilə həmin məntəqələrdə səsvermənin nəticələri etibarsız sayılıb.
123 saylı Kəlbəcər Dairə Seçki Komissiyasının sədri Adil Murtuzayev də APA-ya açıqlamasında bildirib ki, dairə üzrə 10 saylı seçki məntəqəsində seçicilərin iradəsini müəyyən etmək mümkün olmadığına görə, həmin məntəqədə səsvermənin nəticələri ləğv edilib.


















