12-02-2020, 09:09 | Abel Məhərrəmov xəstəxanaya yerləşdirildi

Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmovun səhhətində ciddi problem yaranıb.
Abel Məhərrəmov xəstəxanaya ürək çatışmazlığı diaqnozu ilə daxil olub.
Ürəyin fraksiyası aşağı olduğundan təcili olaraq reanimasiya şöbəsinə yerləşdirilib. Bir gün reanimasiya şöbəsində həkim nəzarətində saxlanıldıqdan sonra bu gün normal palataya köçürülüb.
Hazırda sabiq rektorun səhhətinin normal olduğu bildirilir.
12-02-2020, 09:08 | DSK protokollarının MSK-ya təqdim edilməsi başa çatıb

Azərbaycanda fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkiləri ilə bağlı seçki dairəsi üzrə seçkilərin nəticələrinin müəyyən olunması, dairə seçki komissiyası (DSK) protokolunun tərtib edilməsi və protokolun 1-ci nüsxəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə Mərkəzi Seçki Komissiyasına təqdim olunması müddəti başa çatıb.
Azərbaycan Respublikasında növbədənkənar parlament seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, protokollar dairə seçki komissiyaları tərəfindən səsvermə günündən ən geci 2 gün keçənədək, yəni 2020-ci il fevralın 12-dək təqdim edilməlidir.
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasın məlumatına əsasən, 125 dairə seçki komissiyasının hamısı artıq protokolları Mərkəzi Seçki Komissiyasına təqdim edib.
10-02-2020, 09:41 | Kliniki Tibbi Mərkəzdə koronavirus şübhəsi ilə 2 nəfər var - RƏSMİ

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri koronavirusla bağlı birgə məlumat yayıb.
Kliniki Tibbi Mərkəzdən nazirliyə verilən məlumata görə, fevral ayının 10-u üçün yoluxucu xəstəliklər şöbəsində 2 nəfər var.
Xəstəxanada olanların səhhətində ciddi problem aşkarlanmayıb. Həkim müşahidələri davam edir.
Bir daha qeyd edirik ki, bu insanlar Çinin koronavirus qeydə alınmayan şəhərlərində olublar. Onların xəstə şəxslərlə kontaktı olmayıb.
Xəstəlik alovlanan ərazidən gələnlər isə xüsusi ayrılmış tibb müəssisəsində saxlanılanılır. Həmin tibb müəssəsindən verilən məlumata görə, onların da səhhətində hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda onlar da evlərinə buraxılacaqlar.
10-02-2020, 09:37 | 119 dairədə səsvermənin nəticələrinə dair protokollar məlum olub

Milli Məclisə növbədənkənar seçkilər üzrə 119 dairədə keçirilən səsvermənin nəticələrinə dair protokollar məlum olub.
protokollar Mərkəzi Seçki Komissiyasının (MSK) "Seçkilər" İnformasiya Mərkəzinin saytında (https://www.infocenter.gov.az/archive/millimeclis2020.aspx?i=2&dsk=117) yerləşdirilib.
6 dairə - 35 saylı Xətai üçüncü seçki dairəsi, 44 saylı Sumqayıt-Xızı seçki dairəsi, 42 saylı Sumqayıt ikinci seçki dairəsi, 77 saylı Astara seçki dairəsi, 123 saylı Kəlbəcər seçki dairəsi və 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi üzrə protokollar hələ sayta yerləşdirilməyib.
7-02-2020, 14:53 | Ən layiqli namizədlərə səs verək

“Azərbaycan İnformasiya Agentliyi” (aia.az) saytının Sosioloji Sorğu Mərkəzinin əməkdaşları tərəfindən 20 saylı Nərimanov 2-ci seçki dairəsi üzrə keçirilmiş sorğunun nəticələrinə dair hesabat
Məlum olduğu kimi, bu gün, yanvar ayının 17-də 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə iştirak edəcək namizədlərin seçkiqabağı təşviqat və təbliğat kampaniyasına start verilmişdir. Bununla bağlı aia.az saytının Sosioloji Sorğu Mərkəzi də fəaliyyətini aktivləşdirmişdir. Mərkəzin əməkdaşları bu dəfə 20 saylı Nərimanov 2-ci seçki dairəsinin əhatə etdiyi ərazidə ictimai rəy sorğusu keçirmişlər. Məqsəd bu seçki dairəsində hansı namizədin daha çox seçici rəğbətinə malik olduğuna aydınlıq gətirmək idi. Qeyd edək ki, maksimum dolğun və obyektiv informasiya əldə etmək üçün sorğu rayonun müxtəlif ərazilərində, əhalinin bir çox sosial təbəqələrini təmsil edən insanlar arasında aparılmışdır. Təxminən 6 saat davam edən prosesə 134 nəfər vətəndaş cəlb olunmuşdur. Sorğuda iştirak edənlərdən 11 nəfəri hələlik seçimdə tərəddüd etdiklərini bildirmişlər. Qalan 123 respondentdən 89 nəfəri isə sualımızı “mən köhnə deputatımıza səs verəcəyəm” – deyə cavablandırmışlar. Beləliklə, sorğuda iştirak edənlərin 66,4 faizi Milli Məclisə deputatlığa namizəd Adil Əliyevə etimad göstərəcəklərini bildirmişlər.
Adil Abış oğlu Əliyev 1969-cu ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndində anadan olmuşdur. 1992-ci ildən İdman Ustasıdır. 1992-ci ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəki M.V.Frunze adına Ali Hərbi Dənizçilik Akademiyasını bitirib. 1992-1993-cü illərdə Azərbaycan Respublikasının Hərbi Dəniz Qüvvələrində zabit kimi xidmət edib. 1994-2003-cü illərdə Daxili İşlər orqanlarında müxtəlif vəzifələrdə — Bakı şəhəri Səbail rayon 39-cu polis bölməsində rəis müavini, Nəqliyyatda Baş Polis İdarəsinin Bərə keçid bölməsinin rəisi, Binəqədi rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin rəisi, Yasamal rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi işləyib. 1998-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib. 2000-ci ildə "Polis Əlaçısı" olub.
2000-ci ildən Azərbaycan Kikboksinq Federasiyasının prezidentidir. 2003-cü ildə polis polkovnik-leytenantı rütbəsinə layiq görülüb. 2004-cü ildə Bakı Dövlət Universitetinin magistraturasını bitirib.
2003-2005-ci illərdə Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı bölməsinin rəisi işləyib.
2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə "İgidliyə görə" dövlət mükafatı ilə təltif edilib. 2009-cu ildə MDB Müdafiə və Təhlükəsizlik Komitəsinin Sədr müavini işləyib.
9 aprel 2013-cü ildə hüquq üzrə Fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
Ailəlidir, üç övladı var.
Bu materialmızda da sorğuda iştirak edən vətəndaşların etimad göstərəcəkləri namizəd barədə söylədikləri maraqlı fikirlərdən bəzilərini sizlərə təqdim edirik.
Nərimanov rayon sakini, müəllim: “Adil müəllim artıq neçə ildir ki, bizi parlamentdə təmsil edir. Həm də o, bu işin öhdəsindən layiqincə gəlir. Bəzən seçicilərin öz deputatlarından gileyləndiklərini eşidəndə heyrətlənirəm. Axı necə ola bilər ki, millət vəkili ona mandat vermiş insanların qayğıları ilə maraqlanmasın? Adil müəllim belə deputatlardan olmayıb. Hər zaman ya özü, ya nümayəndəsi ona müraciət edən vətəndaşı mütləq qəbul edib, dinləyib və problemini həll edib. Həmçinin özü də tez-tez seçicilərlə görüşlər keçirib, qayğılarımızla maraqlanıb. İstənilən halda, bizim öz deputatımızı dəyişmək üçün heç bir əsasımız yoxdur. İnanıram ki, məhz Adil Əliyev bundan sonra da bizi artıq yeni parlamentdə də ləyaqətlə təmsil edəcək...”
Nərimanov rayon sakini, bank işçisi: “Şəxsən mən cənab Adil Əliyevə səs verəcəyəm. Özüm bu əraziyə nisbətən yeni köçsəm də, artıq qonşularımdan Adil müəllimin necə bir millət vəkili olması barədə çox xoş rəylər eşitmişəm. Bundan da başqa, mən Adil Əliyevin fəaliyyətilə hər zaman maraqlanmışam. Bu gün biz stabil, çiçəklənən, demokratik bir dövlətdə yaşayırıq. Və hamımız da bu dəyərləri qorumaq lazım olduğunu yaxşı bilirik. Məhz bu baxımdan da düşünürəm ki, ölkənin ali qanunverici orqanında Adil Əliyev kimi mərd, dürüst, xalqına, dövlətinə və ölkə rəhbərliyinə hər zaman sədaqətilə seçilən insanların təmsil olunmağı son dərəcə vacib şərtdir. ”
Nərimanov rayon sakini, təqaüdçü: “Mən öz səsimi elə köhnə deputatımıza, Adil müəllimə verəcəyəm. Hamını da buna çağırıram. Deyim, nəyə görə. Bu gün mənim üçün həyata ən dəyərli amil balalarımızın gələcəyidir. Uşaq və gənclərimiz milli-vətənpərvər ruhda tərbiyə olunmalıdırlar, sağlam həyat tərzi yaşamalıdırlar, elmdə, idmanda uğurlar qazanmalıdırlar. Budur bizim gələcəyimiz. Dövlət başçımızın da bütün siyasəti ilk növbədə məhz elə buna yönəlib. Elə bu məqsədlərə nail olmaq üçün də bütün sahələrdə bu ideallara sadiq kadrlar əyləşməlidirlər. Adil Əliyev şərəfli bir zabitdir, idman federasiyasının rəhbəridir və hüquqşünas-alimdir. Gənclərimiz üçün bundan yaxşı örnək ola bilərmi? Biz öz deputatımızı dəstəkləməliyik, o da dövlətimizin idman və gənclər siyasətinin həyata keçirilməsi istiqamətində fəaliyyətini bundan sonra daha səmərəli şəkildə davam etdirməlidir...”
Beləliklə, bu, bizim 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə bağlı keçirdiyimiz on beşinci sorğunun nəticələri barədə hazırladığımız material idi. Növbəti saylarımızda digər seçki dairələrində apardığımız sorğular barədə ətraflı məlumatları da sizlərə təqdim edəcəyik.
aia.az
7-02-2020, 12:52 | Mikayıl Cabbarov: "Azərbaycan iqtisadiyyatında KOB-un rolu artır"

Azərbaycanın dayanıqlı iqtisadi inkişafının təmin olunmasında sahibkarlığın rolu gündən-günə artır.
Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Xaçmazda KOB Evinin açılışı mərasimində deyib.
Nazir bildirib ki, həyata keçirilən iqtisadi islahatların prioritet istiqamətlərindən biri kiçik və orta biznesin iqtisadiyyatın aparıcı amilinə çevrilməsidir.
M.Cabbarov vurğulayıb ki, "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransı zamanı Prezident İlham Əliyev əsas hədəflər qismində sahibkarlığın inkişafı, ortamüddətli dövrdə ÜDM-in əsas hissəsinin iqtisadiyyatın bu sektoru hesabına formalaşmısını və bu sahədə məşğulluğun artmasını müəyyən edib.
Nazir əlavə edib ki, sahibkarlara dövlət dəstəyi tədbirlərinin davamı qismində Xaçmazda yaradılmış KOB Evi və Mərkəzi sahibkarlara keyfiyyətli və şəffaf xidmətlərin təqdim olunması baxımından rahat platformadır.
7-02-2020, 12:32 | Zaqatalada yol polisi əməkdaşlarına qarşı ictimai münasibət dəyişir

Yol polisi əməkdaşlarının daşıdıqları vəzifə olduqca məsuliyyət və tələbkarlıq tələb edir. Belə ki, illər öncə yol polisi sahəsində yaşanan problemlər, əksəriyyətin üzləşdiyi olaylar, əmələ gələn çoxsaylı qanunsuzluq halları və s. zaman-zaman ictimai müzakirələrə səbəb olurdu. Hətta elə hallar da olurdu ki, bu sahədə çalışan əməkdaşların atdıqları addımların bəziləri, tam əksəriyyət tərəfindən qınaq obyektinə də çevrilirdi. Çünki, bəzən çoxsaylı sürücülər yol polisi əməkdaşlarının əsassız hədələri, qanunsuz tələbləri, rüşvət tələb etmək adımları ilə üz-üzə qalırdılar. Yəni, elə hallar da olurdu ki, heç bir əsas olmadan müəyyən addımları əsas gətirmək şərtilə sürücülərə protokollar tərtib olunur, onlar yol polisi şöbələrində günlərlə getgələ də salınırdılar. Bir sözlə, əsas narazılıq hissinin baş qaldırmasına səbəb olan amillərin kökündə, yol polisi əməkdaşlarının sürücülərdən rüşvət tələbetmələri, heç bir əsas olmadan onları incitmələri, getgələ salmaları, saysız-hesabsız xoşagəlməz olaylarla üz-üzə qoymaları olurdu.
Yəni, hər kəs o faktın varlığını təsdiq edir ki, neçə illər bundan əvvələ qədər bu kimi amillərin varlığı yol polisinin daxili aləminə o qədər sirayət etmişdi ki, yaşanan problemlərin həll olunması, sanki hər kəsdə müəyyən şübhələrin baş qaldırmasına da səbəb olmuşdu. Bütün bunlara baxmayaraq, illər keçdikcə yeni dövr ortaya yeni tələblərin çıxmasını zəruri etdi. Yəni, zaman keçib illər bir-birini əvəzlədikcə, yol polisi sahəsində fərqli ab-hava formalaşmağa başladı. Belə ki, bu sahədə idarəçiliyin fərqli forması tətbiq olundu, yol polisi əməkdaşlarının sürücülərə qarşı ata biləcəkləri addımlarla bağlı lazımi maarifləndirmə tədbirləri həyata keçirildi, onların əmək haqları artırıldı, lazımi texniki avadanlıqlarla təminatları yaxşılaşdırıldı. Bütün bunlar da onu söyləməyə əsas verir ki, bu gün yeniləşən respublikamızda yol infrastrukturunun yenidən qurulması, müasir tipli işıqforların, yol ötürücülərinin, hərəkəti tənzimləyən kameraların və digər avadanlıqların yol kənarlarına quraşdırılması, lazımi təminolunmaların həyata keçirilməsi və s. tam şəkildə başa çatdıqca, yol polisi sahəsində ümumi ab-hava da dəyişməyə başlayır. Yəni, əldə olunan uğurların əhəmiyyəti ilə bərabər, kəmiyyəti də yeni dövrün tələblərinə uyğunlaşdırılır.
Bit faktı da qeyd edək ki, illər öncə görünməni məhdudlaşdıran “plyonkalar”dan, əcaib səslər çıxaran siqnal qurğularından, istifadəsi qadağan olunmuş texniki vasitələrdən istifadə edən sürücülərə, avtoşluq edən, həmçinin yol hərəkəti qaydalarını pozanlara və digər qanunsuzluq əməllərinə qol qoyan şəxslərə qarşı mübarizə tədbirlərinin, sərtləşdirilmiş cəza tədbirlərinin gücləndirilməsi və s, həyata keçirilən islahatların tərkib hissəsi oldu. Ən əsası, Baş Dövlət Yol Polisi İdarəsinə rəhbərlik edən, polis general-mayoru cənab Ramiz Zeynalovun son vaxtlar atdığı təkmil addımlar, verdiyi müvafiq tapşırıqlar, bu sahədə əldə olunan uğurların əhatə dairəsini daha da genişləndirdi.
Hələ illər öncə, ölkə rəhbəri cənab İlham Əliyevin rəhbərliyi altında keçirilən məlum müşavirədə, yol polisi sahəsindəki problemlərin qısa zaman kəsiyində aradan qaldırması yöndə müvafiq tapşırıqlar verilmişdi. Dərhal verilmiş tapşırıqlardan sonra yol polisinin şəxsi heyyəti bu yöndə səfərbər olundu və hər cür neqativ amillərin aradan qaldırılmasına başlanıldı. Sözsüz ki, atılan addımların hər birinə cənab Ramiz Zeynalovun şəxsən nəzarət etməsi, verilmiş tapşırıqların qısa zaman kəsiyində yerinə yetirilməsi ilə nəticələndi.
Bu gün üzərinə düşən vəzifə borcunu layiqincə yerinə, artıq hər kəsin hörmət və rəğbət hissi ilə qarşıladığı şöbələrdən biri də, Zaqatala rayon Dövlət Yol Polisi Şöbəsidir. Adı çəkilən bu şöbəyə rəhbərlik edən polis baş leytenantı Elgün Əliyevin ilk gündən tətbiq etdiyi idarəçilik, məhz bu şöbədə yeni bir ab-havanın əmələ gəlməsi ilə nəticələnib. Məsələnin mahiyyəti ondan ibarətdir ki, illər öncə ciddi problemlərin yaşandığı bu şöbədə, hal-hazırda fərqli idarəçilik tətbiq olunur, hər bir sürücüyə qarşı fərqli münasibət də bəslənilir. Fakt budur ki, Elgün Əliyev Zaqatala rayon Dövlət Yol Polisi Şöbəsinə rəis təyin olunduğu ilk gündən, əksər sələflərindən fərqli addımlar atmağa başlayır. Yəni, bu şəxs idarəçiliyin elə bir formasını tətbiq edir ki, heç bir sürücü hansısa haqsızlıqla üz-üzə qalmır.
Sözsüz ki, belə bir addımların atılmasında, ilk öncə Elgün Əliyevin xarakterik xüsusiyyətinin göstəricisi, çevik idarəçilik bacarığının varlığı, ona həvalə olunmuş vəzifəsinin məsuliyyətini lazımınca dərk etməsi, ən əsası bir şəxs olaraq özündə cəmləşdirdiyi potensialın göstəricisidir. Belə bir səbəblər üzündəndir ki, bu gün Zaqatalada Elgün Əliyevi tanıyan hər kəs ona hörmətlə-izzətlə yanaşırlar.
Bəli, bu şəxs harada işləməsindən asılı olmayaraq hər zaman sevilib, kollektiv arasında hörməti olub, hər kəsin xeyir-duasını qazanıb. O, xarakterik xüsusiyyətində nə qədər prinsipal olsa da, bir o qədər də humanizmi sevən bir insandır. Daim çalışır ki, haqqı nahaqqa qurban verməsin. Bu şəxsin bir amalı var, o da yalnız Vətəninə, xalqına layiqincə xidmək etmək, hər kəsin məhəbbətini qazanmaqdır. Odur ki, hər kəs Elgün Əliyev kimi layiqli və ləyaqətli Vətən oğullarının qürurlu adı ilə fəxr edib, iftixar hissi də keçirirlər.
7-02-2020, 12:10 | İqbal Məmmədov kampaniyanın son gününədək görüşlərini davam etdirir - FOTOLAR

78 saylı Lerik seçki dairəsindən YAP-ın deputatlığa namizədi İqbal Məmmədov seçki kampaniyasının son günlərində də seçicilərlə görüşlərini davam etdirir. İ.Məmmədov bu dəfə Lerikin daha dörd kədində görüşlər keçirib.
Lerikin sərt iqlim şəraitinə baxmayaraq, təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirən namizəd rayonun Hamarmeşə, Bibiyani, Peştətük və Rəzgov kəndlərində seçicilərilə görüşüb. YAP-ın namizədi kənd ağsaqqalları, ziyalılar, ictimaiyyət nümayəndələri və gənclərlə söhbətləşib.
İ.Məmmədov öz seçicilərilə ötən 5 il ərzindəki deputat fəaliyyəti və qarşıda duran məsələlər haqqında geniş fikir mübadiləsi aparıb. Eyni zamanda, “Daha güclü Azərbaycan naminə!” seçki devizi altında növbəti 5 ildə də Prezident İlham Əliyevin daxili və xarici siyasəti sayəsində daha yüksək nailiyyətlər əldə ediləcəyindən bəhs edib. Görüşdə iştirak edən seçicilər Yeni Azərbaycan Partiyasını dəstəklədiklərini və partiyanın namizədinə yekdilliklə səs verəcəklərini bildiriblər.












7-02-2020, 12:06 | İqbal Məmmədov Conu KİƏD-nə daxil olan kənd sakinləri ilə görüşüb-FOTO/VİDEO

78 saylı Lerik seçki dairəsindən Yeni Azərbaycan Partiyasının yeganə namizədi İqbal Məmmədovun seçicilərlə kənd-bə-kənd görüşləri uğurla davam edir.
Deputatlığa namizəd İqbal Məmmədov növbəti uğurlu görüşünü Lerik rayonunun Conu kənd İƏD-nə daxil olan kəndlərin sakinləri ilə keçirib. Görüş əsanasında qaldırılmış problemlərdən biri də bu inzibati ərazi vahidi daxilində olan kəndlərin yollarının keçilməz halda olması olub. Dövlət Neft Şirkətinin maliyyə dəstəyi ilə keçilməz qayalıqlar partladılaraq illər boyu bu ərazi kəndlərinin yol problemləri də həllini tapıb. Sonradan bu yol Dövlət Proqramına daxil edilərək, ölkə Prezidentinin müvafiq Sərəncamına əsasən əsaslı tikintisinə başlanılmış və ölkə Başçısı tərəfindən 2018-ci ilin oktyabr ayında 27 km-lik Piran-Hamarat-Vijaker yolunun açılışı həyata keçirilib.
Kənd sakinləri Yeni Azərbaycan Partiyasının siyasi xəttini dəstəklədiklərini və bu Partiyanın namizədi İqbal Məmmədova səs verəcəklərini bildiriblər. İqbal Məmmədov havanın sərt keçməsinə baxmayaraq onunla görüşə gələn kənd ağsaqqalarına və sakinlərinə minnətdarlığını bildirib. (aia.az)


7-02-2020, 09:36 | Heydər Əliyev Beynəlxalq Aeroportunda 2020-ci ilin yanvar ayı üçün ən punktual aviaşirkətlərin adları açıqlanıb

07 fevral 2020-ci il, Bakı - Heydər Əliyev Beynəlxalq Aeroportu 2020-ci ilin yanvar ayı üçün ən punktual aviaşirkətlərin reytinqini tərtib edib.
Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib ki, 2020-ci ilin yanvar ayı ərzində Bakıdan yola düşərkən "China Southern" (Çin) və "Ural Hava Yolları" (Rusiya) 100% punktuallıq göstəriblər.
"Aeroflot", "Etihad Airways" və "Turkish Airlines" aviaşirkətləri planlaşdırılmış uçuşların ən azı 90%-ni cədvələ uyğun yerinə yetirmişdirlər. "Kuwait Airways" (88,9%), "UIA" (88,2%), "Nordwind" (87,5%) və "Iraqi Airways" (85,7%) aviaşirkətləri həmçinin yüksək nəticələr göstəriblər.
Ümumilikdə isə, 2020-ci ilin yanvar ayı ərzində uçuşların 71%-i planlaşdırılmış cədvələ uyğun və ya cədvəldən 15 dəqiqədən artıq olmayan gecikmə ilə yerinə yetirilib.
Qeyd edək ki, ümumilikdə 2020-ci il ərzində Heydər Əliyev Beynəlxalq Aeroportu 60-dən çox müxtəlif istiqamət üzrə uçuşlar həyata keçirmiş 32 sərnişin aviaşirkətinə xidmət göstərib.
Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin və yük daşımalarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur.


















