20-09-2021, 07:12 | Britaniyada son sutkada koronavirusdan 56 nəfər həyatını itirib

Böyük Britaniyada son sutka ərzində 29 612 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 7 429 746 nəfərə çatıb.
Bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.
Son sutka ərzində 56 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 135 203 nəfərə çatıb.//APA//
20-09-2021, 07:04 | Vahid Rusiya Partiyası parlament seçkilərində 45,2 faizlə liderdir

Vahid Rusiya Partiyası Dövlət Dumasına seçkilərdə partiya siyahısı üzrə seçicilərin 45,2 faiz toplayaraq və zəruri olan 5 faizliklik keçid baryerini aşaraq, parlamentdə təmsil olunan digər siyasi təşkilatları - Rusiya Federasiyası Kommunist Partiyası, Rusiya Liberal Demokrat Partiyası və "Ədalətli Rusiya"nı üstələyib.
İNSOMAR şirkəti tərəfindən seçicilər arasında keçirilmiş sorğuya - "exit poll"un nəticələrinə əsasən "Vahid Rusiya" 45,2 faiz, Rusiya Federasiyası Kommunist Partiyası - 21 faiz, Rusiya Liberal Demokrat Partiyası - 8,7 faiz, "Ədalətli Rusiya" - 7,9 faiz səs toplayıblar. Qeyri-parlament partiyalarından ən yaxşı nəticəni 4,7 faiz səslə "Yeni insanlar" Partiyası göstərib.
VIII çağırış Dövlət Dumasına üçgünlük seçkilər yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə saat 21:00-da-red) başa çatıb. İlkin rəsmi nəticələrə əsasən, səsvermələrdə Vahid Rusiya Partiyası liderdir.
Trend
20-09-2021, 06:48 | ABŞ-da hərbi təyyarə qəzaya uğrayıb, xəsarət alanlar var - FOTO

ABŞ-ın Hərbi Hava Qüvvələrinin təlim təyyarəsi qəzaya uğrayıb.
Bu barədə Fort-Uort şəhərinin yanğınsöndürmə idarəsinin tvitterdəki səhifəsində bildirilir.
Məlumata görə, hadisə Texas ştatında olub. Qeyd edilir ki, təyyarə yaşayış məntəqəsinə, evin üstünə düşüb. Qəza zamanı evdə olan iki nəfər (bəzi mənbələrə görə, üç nəfər-red) xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb. "Report"
20-09-2021, 06:11 | İran Azərbaycanla sərhəddəki təlimə SEPAH-ı cəlb etdi

İran Azərbaycan ilə sərhəddə, Culfa-Aslandüz-Muğan istiqamətində hərbi təlimlərə start verir. Təlim ilə bağlı SEPAH tərəfindən hərbi silahlar və texnikanın daşınması davam edir.
Hərbi təchizatlar arasında İran istehsalı olan "Tufan" zirehli hərbi maşını da gözə dəyib.
Azərbaycan-Türkiyə, Azərbaycan-Türkiyə-Pakistan birgə hərbi təlimindən və Gorus-Qafan yolundakı məlum insidentdən sonra İran Azərbaycanla sərhəddə hərbi təlim keçirməyə qərar verib.
Musavat.com
6-09-2021, 10:08 | Əfqanıstan respublikadan əmirliyə keçir

Taliban hakimiyyəti altında olan Əfqanıstan respublikaçı konstitusiyanı əvəz etmək üçün mütləq yeni bir konstitusiyaya ehtiyac duyacaq.
Bunu Əfqanıstan parlamentinin aşağı palatasının baş katibi Əbdülqədir Zazai Vətəndost deyib.
"Taliban mövcud konstitusiyanı qəbul etmir və eyni zamanda öz konstitusiyası da yoxdur. Onlar hər şeydən əvvəl yeni bir əsas qanuna ehtiyac duyacaqlar", - deyə o, qeyd edib.
Ölkə parlamentinin işinin perspektivləri ilə bağlı Vətəndost qeyd edib ki, Əfqanıstanda indi respublika quruluşundan əmirliyə keçid var və bu, parlamentin olmasını nəzərdə tutmur. Ancaq o, bu qanunverici orqanın ləğv edilib-edilməyəcəyi sualına cavab verməyib.
6-09-2021, 10:04 | Müxaliflərdən Bəşər Əsədə xəbərdarlıq

Əsəd rejimi və tərəfdarları Dera vilayətinə hücumları dayandırmazsa, hər hansı siyasi razılaşmaya sadiq qalmayacağıq.
Bu sözləri Suriya Müxalif və İnqilabi Qüvvələr Milli Koalisiyasının rəhbəri Səlim əl-Muslat deyib
"Xalqımızın qatil rejim tərəfindən məhv edilməsinə göz yuma bilmərik", - deyə Muslat bildirib.
Qeyd edilir ki, son həftələrdə Əsəd qüvvələri Dera vilayətində mülki şəxsləri hədəf almaqda davam edir.
30-08-2021, 06:54 | İsraildə üçüncü doza vaksinin vurulma yaşı 12-yə endirildi

İsraildə 12 yaşdan yuxarı şəxslərə üçüncü doza koronavirus vaksininin vurulmasına başlanılır.
Bu barədə ölkənin Səhiyyə Nazirliyi qərar qəbul edib.
Üçüncü dozanın vurulması üçün ikinci dozadan beş ay keçməsi əsas şərtdir.
"qafqazinfo"
30-08-2021, 06:50 | Avstriyalı virusoloq: Hazırkı tədbirlər pandemiyanın qarşısının alınması üçün yetərli deyil

Avstriyalı virusoloq Dorotee fon Laer koronavirusla bağlı ölkədəki gedişatla bağlı narahatlıq bildirib.
Mütəxəssis hazırkı inkişafın kütləvi yoluxma ilə müşayiət olunan payız dalğasına doğru getdiyini bildirib. Qeyd edilib ki, hökumət tərəfindən tətbiq edilən məhdudlaşdırıcı tədbirlər yetərli deyil və yoluxma statistikası artaraq davam edəcək. D. fon Laer yeni lokdaunun mümkünlüyü barədə də xəbərdarlıq edib.
Virusoloq bildirib ki, "Delta" ştamının özü ilə gətirdiyi effektivliyi ciddi şəkildə nəzərə almaq lazımdır. İndiki mərhələdə nə qədər insanın tez bir zamanda peyvənd olunması mühüm əhəmiyyət daşıyır. Yalnız bu yolla qarşıdakı dalğanı zəiflətmək və mümkün lokdaun variantlarının qarşısını almaq olar.
D. fon Laer, həmçinin qeyd edib ki, hazırda Avstriyada əhalinin 70 faizinin koronavirusa qarşı immun olduğu qənaətindədir. Onların əsas hissəsi peyvənd olunanlar, az bir hissə isə xəstəlikdən sağalanlardır.
Virusoloq bildirib ki, ölkə əhalisinin daha 10 faizi qışa kimi peyvənd olunarsa və həmçinin risk qrupuna daxil olan şəxslər təkrar peyvəndləmədə iştirak edərlərsə, o zaman qarşıdakı qış mövsümünü ağır fəsadlar olmadan keçirmək mümkün olacaq.
Qeyd edilməlidir ki, Avstriyada iyulun əvvəlində gündəlik yoluxmaların sayı təxminən 100 olub və indi 1500 haldan yuxarıdır. Son həftələrin artım tendensiyası payız aylarında ölkədəki epidemioloji vəziyyətin gərginləşə biləcəyinə dəlalət edir.
AZƏRTAC-
30-08-2021, 05:56 | “Artıq əfqan xalqı bu qədər yükü daşıya bilməz” - Ərdoğan
Türkiyə Əfqanıstanın tezliklə bərpa olunmasının tərəfdarıdır və bu prosesdə hərtərəfli dəstəyə hazırdır.

Bu barədə Bosniya və Herseqovina səfərindən dönən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan şəxsi təyyarəsində jurnalistlərlə söhbətləşərkən bildirib.
"Artıq əfqan xalqı bu qədər yükü daşıya bilməz. Ölkə əhalisinin sayı 40 milyona yaxındır. Bu, böyük ölkədir. Ankara Əfqanıstanda birliyi və bərabərliyi hər vasitə ilə dəstəkləməyə hazırdır. Əsas odur ki, Əfqanıstanda da eyni mövqe tutsunlar", - türkiyəli lider deyib.
Ərdoğan Türkiyənin Kabildəki səfirliyinin işi ilə bağlı bütün mümkün ssenarilərin olduğu təqdirdə alternativ planların olduğunu da bəyan edib.
"Personalımızın təhlükəsizliyi bizim üçün prioritetdir", - Prezident vurğulayıb.
Ərdoğanın sözlərinə görə, diplomatik missiya iki həftə fəaliyyətini müvəqqəti olaraq Kabildə Həmid Kərzai adına Beynəlxalq Hava Limanı ərazisində davam etdirib.
"Bir gün əvvəl heyət şəhərin mərkəzindəki səfirliyin binasına qayıtıb və işini burada davam etdirib. Diplomatik missiyanın fəaliyyətini hələlik bu yolla dəstəkləməyi planlaşdırırıq. Əfqanıstan paytaxtında təhlükəsizliklə bağlı vəziyyətdən asılı olaraq planlar daim dəyişir", - deyə Ərdoğan bildirib.
26-08-2021, 14:03 | Türkiyə hərbçiləri Əfqanıstandan qısa zamanda çıxarılacaq - Nazir

Əfqanıstandan türk qoşunlarının çıxarılmasını qısa bir zamanda başa çatdırmağı hədəfləyirik.
Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
O bildirib ki, Türkiyə hərbçiləri Əfqanıstandakı vəzifələrini uğurla yerinə yetiriblər:
"Hava limanında həddən artıq sıxlığa və çətin şərtlərə baxmayaraq, Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti öz vəzifəsini fasiləsiz yerinə yetirir. İşimizə verdikləri dəstəyə görə dost və qardaş ölkələrə təşəkkür edirik. Təxliyə planlarımız Daxili İşlər Nazirliyi və digər müvafiq qurumlarla əlaqəli olaraq davam edir".
Xatırladaq ki, ötən gün Türkiyə Milli Müdafiə Nazirliyi türkiyəli hərbçilərin 36 saat ərzində Əfqanıstandan çıxarılacağını elan etmişdi.
Trend


















