28-12-2020, 10:00 | Yaponiya ölkəyə girişi bağlayır

Yaponiya bu gündən etibarən ölkəyə giriş qadağasını tətbiq edir və bütün dünya ölkələrinin vətəndaşlarına vizalarının verilməsini dayandırır.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, qadağa ən az gələn ilin yanvar ayının sonunadək qüvvədə olacaq.
Beləliklə, ölkəyə yalnız burada daimi yaşayan və uzunmüddətli vizaları olan vətəndaş və əcnəbilər daxil ola biləcəklər. Britaniya ştammının aşkar edildiyi ölkələrdən qayıdan musafirlər sərhəddən keçərkən gəlişindən əvvəl 72 saat ərzində əldə olunan koronavirus testinin mənfi cavabını təqdim etməli, hava limanında isə daha bir testdən keçməli olacaqlar.
Hökumətlərarası müqavilələrə uyğun olaraq Çin, Cənubi Koreya, Tayland, Vyetnam, Sinqapur, Malaziya və s. daxil olmaqla Asiyanın 11 ölkəsindən və bölgələrindən iş adamları və işgüzar heyətlər Yaponiyaya girə biləcəklər.
Eyni zamanda, miqrasiya nəzarəti xidməti 28 dekabrdan əvvəl verilmiş vizaların etibarlığını ləğv etməyib. İstisna İngiltərədə və Cənubi Afrikada əldə edilən sənədlərə və Yaponiyaya gəldikdən əvvəl 14 gün ərzində bu iki ölkəyə səyahət etmiş insanlara aiddir. Bu kateqoriyalar üçün ölkəyə giriş bağlıdır.
28-12-2020, 09:54 | Bu ölkədə üç həftəlik ümummilli karantin tətbiq edilir

Polşa Milad tətili bitdikdən sonra ümummilli karantin rejiminə keçir.
Trend TASS-a istinadən xəbər verir ki, ölkədə hökumətin martda elan etmiş epidemiya rejimi qalmağda davam edir.
Noyabr ayının əvvəlində burada qismən karantin tətbiq edilməsinə qərar verilib - mədəniyyət müəssisələri, idman kompleksləri bağlanılıb, vətəndaşlara evdə qalmaq və uzaqdan işləmək tövsiyə edilib, maska rejimi tətbiq olunub, məktəblilər məsafədən təhsil alır, restoran, kafe və barlar yalnız çatdırma rejimində işləyir. Beş nəfərdən çox qrup şəklində toplaşmaq qadağandır.
28 dekabr - 17 yanvar tarixlərində ümummilli karantin çərçivəsində mövcud məhdudiyyətlərə əlavə olaraq qida, məişət dükanları və apteklər istisna olmaqla otellər, xizək sanatoriyaları və mağazalar bağlanılacaq. Bu qərar ölkədə 4 yanvarda başlayan iki həftəlik məktəb tətilində kurort şəhərlərində insanların kütləvi toplanmasının qarşısını almaq üçün qəbul edilib.
"Yeni il" gecəsi 31 dekabr saat 19:00-dan 1 yanvar 06:00-dək sakinlərin evdən kənarda hərəkətini məhdudlaşdırmağa qərar verilib - yalnız təcili ehtiyac olduqda və ya xidməti vəzifə ilə əlaqədar çıxmağa icazə var.
Ümummilli karantin dövründə Polşaya şəxsi avtomobili ilə gəlməyənlərin hamısı 10 günlük təcriddən keçməli olacaqlar. Bu, təyyarə, qatarlar və ictimai avtobuslarla gələn sərnişinlərə aiddir.
Yanvarın 17-dək marşrutu sərhəddən keçməyi nəzərdə tutan dəmir yolu xidmətləri dayandırılır.
Koronavirusa qarşı peyvəndlənənlər və bir sıra peşəkar kateqoriyalar (diplomatlar, balıqçılar, dənizçilər, yük maşını sürücüləri, həkimlər, həmçinin tələbələr və idman tədbirlərinin iştirakçıları) karantinin bəzi şərtlərindən azad edilirlər.
Koronavirusa qarşı peyvəndləşmə Polşada bazar günü başlayıb. 15 yanvar tarixindən respublikada hamı peyvənd növbəsinə yazılmağa başlayacaq. Yanvar ayının sonuna qədər respublika koronavirusa qarşı 1,5 milyon doza vaksin almalıdır. Peyvəndləşmədən keçən bütün sakinlərə karantindən azad edən sertifikat və ya elektron kod veriləcək.
28-12-2020, 09:46 | ABŞ-da baş verən partlayışın törədilməsində yerli sakin şübhəli bilinir

#DÜNYADA#ABŞ
ABŞ-da Tennessi ştatının polisi Neşvil şəhərinin mərkəzində furqon avtomobilin partladılmasında yerli sakin Entoni Kuin Vorneri şübhəli hesab edir.
Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Fox News xəbər verib.
Bildirilir ki, səlahiyyətlilər avtomobilin Vornerə məxsus olduğunu və böyük ehtimalla partlayış zamanı öldüyünü düşünürlər.
Vorner elektronika mütəxəssidir. Onun partlayışın törədilməsinin mümkün səbəbləri barədə məlumat hələ verilməyib.
28-12-2020, 09:45 | Moskvada koronavirusdan ölənlərin sayı 11 min nəfərə çatır

Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan 76 nəfər ölüb.
Bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.
Məlumatda deyilir: "Bu gün Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 76 xəstə dünyasını dəyişib".
Ümumilikdə pandemiyanın başlayandan Rusiyanın paytaxtında virusa son sutkada 6 620 olmaqla 786 204 nəfər yoluxub, 604 min nəfərdən çox xəstəlikdən sağalıb, koronavirus təsdiqlənən 10 989 nəfər ölüb.(Trend)
28-12-2020, 09:36 | ÜST: Dünyada koronavirusa yoluxanların sayı 434 mindən çox artıb

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 434 mindən çox artıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.
Məlumata əsasən, ötən sutka ərzində 434 779 nəfər yeni koronavirusa yoluxub, 7 393 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 79 232 555, ölənlərin isə 1 754 493 nəfərə çatıb.
Təsdiqlənmiş yoluxma hadisələrinin əksəriyyəti ABŞ-da qeydə alınıb - 18 648 989 nəfər. Siyahıda daha sonra Hindistan (10 187 850), Braziliya (7 448 560), Rusiya (3 050 248), Fransa (2 507 532), Böyük Britaniya (2 256 009), İtaliya (2 038 759), İspaniya (1 854 951), Almaniya (1 640 858), Kolumbiya (1 574 707), Argentina (1 574 554), və Meksika (1 372 243) gəlir.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.
25-12-2020, 16:47 | “Çindən Türkiyəyə ilkin mərhələdə 4,5 milyon doza COVID-19 peyvəndi gətiriləcək” - Ərdoğan

Çin Xalq Respublikasından (ÇXR) Türkiyəyə ilkin mərhələdə 4,5 milyon doza COVID-19 peyvəndi gətiriləcək.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərin suallarını cavablandırarkən bildirib.
O deyib ki, ÇXR ilə əldə edilən razılaşma əsasında Türkiyəyə ümumilikdə 50 milyon doza peyvənd gətiriləcək.
Türkiyə Prezidenti ölkə əhalisinə koronavirusdan müdafiə üçün peyvənd olunmağı tövsiyə edib. O, özünün də COVID-19-a qarşı peyvənd olunacağını vurğulayıb.
Ərdoğan yeni il bayramı zamanı COVID-19-a qarşı mübarizə tədbirlərinin gücləndirilməsi ilə bağlı gələn həftə nazirlərlə birgə iclas keçirəcəyini də qeyd edib.
25-12-2020, 10:24 | Ermənilərin itkilərinin sayı artdı

Qarabağ münaqişəsi zonasında aparılan axtarış işləri zamanı daha 4 erməni hərbçinin meyiti tapılıb.
Bununla da 13 noyabrdan bu günə qədər döyüş əməliyyatları ərazisində 1073 erməni əsgərinin cəsədinin tapıldığı bildirilib.
Hazırda axtarışların Füzuli, Zəngilan, Suqovuşan və Cəbrayıl ərazilərində davam etdiyi, prosesdə xilasetmə qrupları ilə birlikdə itkin düşmüş əsgər və könüllülərin valideynlərinin də iştirak etdiyi qeyd olunub.
24-12-2020, 12:05 | Tramp qudasını da əfv etdi

ABŞ Prezidenti Donald Tramp Rusiya istintaqı çərçivəsində mühakimə olunan şəxslər də daxil olmaqla 26 nəfər barəsində yenidən əfv fərmanı imzalayıb.
Bu barədə Ağ Evin Mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, Trampın bağışladığı şəxslər siyahısında 2016-cı il seçkilərində təşviqat müşaviri vəzifəsini icra edən Pol Manafort və Rocer Stoun da var.
Bundan əlavə, Tramp kürəkəni Cared Kuşnerin atası Çarlz Kuşneri də əfv edib. Çarlz Kuşner 2005-ci ildə seçki kampaniyasına qanunsuz ianələr, vergidən yayınma və şahidləri saxtalaşdırmaqda günahlandırılaraq həbs edilmiş 2006-cı ilin avqustunda isə azadlığa buraxılmışdı.
Qeyd edək ki, bir gün əvvəl Donald Tramp 20 nəfər məhkum barədə əfv qərarını imzalamışdı (qafqazinfo)
23-12-2020, 08:00 | Bu ölkədə fövqəladə vəziyyət rejimi uzadılıb

Çexiya parlamentinin Deputatlar Palatası (alt palata - Red) hökumətin təklifi ilə koronavirus epidemiyasının kəskinləşməsilə bağlı ölkədə mövcud olan fövqəladə vəziyyət rejiminin müddətini gələn ilin 22 yanvar tarixinədək uzadıb.
Trend bildirir ki, iclasda iştirak edən 104 deputatdan 55-i fövqəladə rejimin uzadılmasına, 29 millət vəkili isə əleyhinə səs verdi.
Çex Respublikasında koronavirusa yoluxanların sayında gündəlik artım qeydə alınıb. Əhalisi 10,7 milyon nəfər olan ölkənin 635 414 vətəndaşı yeni növ virusa yoluxub,10 562 pasiyent vəfat edib.
23-12-2020, 07:57 | Fransa Əlcəzairə 100 milyard avro təzminat ödəməlidir

Fransa "böyük demokratik xalqların yolu ilə getməli" və 2008-ci ildə İtaliyanın Liviyaya (3,4 milyard avro), Birləşmiş Krallığın Keniyaya, Kanadanın amerikalı hindulara, Avstraliyanın aborigenlərə, Fransanın özünün I və II Dünya müharibələri zamanı Almaniyanın onun ərazilərini işğal etməsinə görə milyardlarla avro ödətdirdiyi təzminatlar kimi, indi özü də Əlcəzairə təzminat ödəməlidir.
AZƏRTAC bildirir ki, Fransanın Əlcəzair müstəmləkəçiliyi ilə bağlı hesabat hazırlandığı vaxtda bu fikirləri əlcəzairli tarixçi Seddik Larkeş səsləndirib.
O bildirib ki, Fransa Əlcəzairdə törətdiyi cinayətləri və müstəmləkə ziyanını maddi cəhətdən bərpa etmək - təzminat ödəmək öhdəliyindən qurtula bilməyəcək. Təzminatın məbləği 100 milyard avro civarında qiymətləndirilir. Əlcəzairin paytaxtındakı "Dey" xəzinəsinin (təxminən 4 milyard avro) oğurlanması, 1830-cu ildən 1962-ci ilədək bir neçə yüz minlərlə insana qarşı cinayətlər, milyon hektarlarla torpağın oğurlanması, əhalinin demək olar əksəriyyətinin savadsızlığı, 1978-ci ildən Fransanın bu ölkədə apardığı nüvə və kimyəvi sınaqların insan həyatına və təbiətə vurduğu faciəvi nəticələr hesablandıqdan sonra dəqiq məbləğ müəyyən edilməlidir.
Xatırladaq ki, son günlər hər iki ölkənin prezidenti bu haqda telefon danışığı aparıblar. Fransanın təzminat ödəməsi ilə bağlı hesabatın yanvar ayında hazır olacağı qeyd edilib.


















