Bakıda üç nəfəri qətlə yetirən ömürlük məhkum hökmdən narazıdır
Bakıda üç nəfəri qətlə yetirən ömürlük məhkum hökmdən narazıdır


Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində keçmiş qayınatası, qayınanası və qaynını qətlə yetirməkdə təqsirləndirilən Nofəl Səfərovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Bakı Apellyasiya Məhkəməsinin hakimi Emin Mehdiyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası mayın 23-nə təyin edilib.

Xatırladaq ki, Nofəl Səfərov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2022-сi il noyabrın 29-da Xəzər rayonunun Buzovna qəsəbəsində baş verib. Həmin gün saat 20 radələrində Buzovna qəsəbəsində 1939-cu il təvəllüdlü Elbrus Muradov, oğlu - 1971-ci il təvəllüdlü Rahil Muradov, həyat yoldaşı - 1945-ci il təvəllüdlü Şahirə Muradova naməlum şəxs tərəfindən kəsici alətlə qətlə yetirilib, nəvəsi - 1997-ci il təvəllüdlü Elbrus Ağalarov isə bədən xəsarəti alıb.

Aparılan araşdırmalarla ailənin keçmiş kürəkəni, 1976-cı il təvəllüdlü Nofəl Səfərovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N.Səfərov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb. //Pravda.az
Tarix: 10-05-2024, 10:34