27-06-2022, 10:32 | Bu ölkə Rusiyaya qarşı sanksiyaları genişləndirəcək

Yaponiya hökuməti Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar Rusiyalı fiziki şəxslərə və təşkilatlara qarşı fərdi və ixrac sanksiyalarını genişləndirəcək.
Trend "NHK" telekanalına istinadən xəbər verir ki, bunu Yaponiyanın baş naziri Fumio Kişida G7 sammitində çıxışı zamanı deyib.
Qeyd edilir ki, Yaponiya Rusiya Federasiyasından olan 70 fiziki və hüquqi şəxsin aktivlərini dondurmaq, habelə müdafiə sektoru ilə əlaqəli daha 90 Rusiya təşkilatına əlavə ixrac sanksiyaları tətbiq etmək niyyətindədir.
27-06-2022, 10:28 | Bakı sakininə 7 bıçaq zərbəsi vurulub

Bakının Sabunçu rayonunda dava zamanı bir nəfər ağır xəsarət alıb.
APA-ya istinadən bildirir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.
Belə ki, 1981-ci il Cavadov Elman Əyyub oğlu tanışı Yasin Məmmədov tərəfindən bıçaqlanıb. O, E.Cavadova ümumilikdə 7 bıçaq xəsarəti yetirib. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
27-06-2022, 10:20 | Bakıda piyadanı avtomobil vuraraq öldürüb

Bakının Sabunçu rayonunda yol qəzası zamanı bir nəfər ölüb.
APA-ya istinadən bildirir ki, hadisə Zabrat qəsəbəsində baş verib.
Belə ki, 1-ci Tramvay küçəsində yolu keçərkən, 1989-cu il təvəllüdlü Həsənov Fərhad Əhliman oğlunu minik avtomobili vurub.
Yaralı aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.
24-06-2022, 13:19 | Tərtərdə 21 yaşlı qızı iki dəfə qaçırdılar: Anasının yanında döyüb, nömrəsiz maşınla aparıblar - İDDİA

Tərtərdə 21 yaşlı qız qaçırılıb.
Oxu.az-a istinadən xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. İddia edilir ki, 21 yaşlı qız naməlum şəxslər tərəfindən nömrəsiz avtomobil ilə qaçırılıb.
Qızın anasının yanında döyülərək qaçırıldığı iddia olunur. Məlumatda qeyd edilir ki, sözügedən qız daha əvvəl də - 31 may 2022-ci il tarixində razılığı olmadan Ağdaşda oxuduğu kollecin qarşısından qaçırılıb, lakin ailə tərəfindən öz evinə qaytarılıb.
Ətraflı
Hadisə növbəti dəfə ötən gün saat 12 radələrində təkrarlanıb. İddiaya görə, dörd nəfər nömrəsiz avtomobil ilə qızı anasının yanından yenidən qaçırıb. Ailənin hadisə ilə bağlı Tərtər rayon hüquq-mühafizə orqanlarına məlumat verdiyi, eləcə də Daxili İşlər Nazirliyinin "102" qaynar xəttinə müraciət belə etdiyi qeyd edilir.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı Oxu.az-a açıqlamasında bildirib ki, bu barədə iyunun 23-də Tərtər Rayon Polis Şöbəsinə məlumat daxil olub. Hazırda polis əməkdaşları tərəfindən intensiv əməliyyat-axtarış tədbirləri davam etdirilir.
22-06-2022, 12:32 | Tarixi abidəni qazan şəxslər tutuldu

İyunun 20-də Şəki Şəhər Rayon Polis Şöbəsinə rayonun Orta Zəyzid kəndi ərazisində yerləşən tarixi abidədə qanunsuz qazıntı işlərinin aparılması ilə bağlı məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin yerə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb. Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törədənlərin rayon sakinləri - Şamil Kərimov və Bayram Ağaməmmədov olduqları müəyyən edilib. Onlar ifadələrində abidənin giriş hissəsində qanunsuz qazıntı işləri apardıqlarını etiraf ediblər, oradan tarixi əşya və yaxud maddi mədəniyyət nümunəsi tapmadıqlarını bildiriblər.
Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.
Qeyd edək ki, qanunsuz qazıntı işləri aparılan həmin tarixi abidənin hər hansısa bir hissəsinə ziyan dəyməyib.
19-06-2022, 13:43 | Şəmkirdə gənc oğlan dostunun qız qohumuna mesaj yazdı və sonra... - Şok təfərrüat

Şəmkir rayonunda 2003-cü il təvəllüdlü Rəvan Hüseynov tanışı və yaşıdı Əhliman Tağıyevi qətlə yetirib.
Teleqraf.com-a istinadən bildirir ki, 2021-ci il yanvarın 5-də Şəmkir şəhər sakini Əhliman Tağıyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla mərhumu tanışı Rəvan Hüseynovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı qətlə yetirməsi müəyyən edilib.
İstintaq orqanı tərəfindən Rəvanın barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqaqnlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rəvan bildirib ki, həbs edildiyi günə qədər nənəsi Durdanə ilə birlikdə Şəmkir rayonu Zəyəm qəsəbəsində yaşayıb: "Əhlimanı 2020-ci ildə Şəmkir şəhərində yerləşən "Xan" şadlıq sarayında ofisiant işlədiyim vaxtlardan tanımışam. Həmin vaxtdan münasibətlərimiz yarandı. 2020-ci ilin yay aylarında Əhlimanla aramızda narazılıq oldu. Mənim Əhlimanın qohumu olan Aysun adlı qızdan xoşum gəlirdi. Sonra Aysunun "instagram" sosial şəbəkəsində olan səhifəsini taparaq tanışlıq məqsədilə ona mesajlar yazdım. Aysun mənə başqa bir oğlanla danışdığını bildirdi və mənimlə tanış olmaq istəmədi. Yenidən mesajlar yazsam da, cavab vermədi".
Təqsirləndirilən şəxsin sözlərinə görə, sonradan Aysun bu barədə Əhlimana deyib: "Buna görə Əhlimanla aramızda narazılıq oldu. Lakin Əhlimanı bıçaqla Aysuna görə yox, sonradan haqqımda doğru olmayan ifadələr işlətdiyinə görə vurmuşam".
Rəvan qeyd edib ki, 1 yanvar 2021-ci ildə "Neska" ləqəbli dostu Nəzmi ilə mağazada olublar: "Bu zaman Əhliman Nəzmini kənara çəkib, ona mənimlə dostluq etməyin məsləhət olmadığını dedi. Bunu sonradan Nəzmindən öyrəndim və Əhlimanın anamın ikinci dəfə ailə qurmasını, "yaxşı oğlanın anası ikinci dəfə ailə qurmaz, Rəvana salam verən, mənə salam verməsin" kimi sözlərini deməsi xətrimə dəydi. Əhliman dəfələrlə uşaqların yanında anamın ikinci dəfə ailə qurmasına görə pisikdirib.
Mobil telefonla İnstaqram sosial şəbəkəsi vasitəsi ilə Əhlimana səsli mesaj yazdım. Əhliman da cavab olaraq ünvanıma ana-bacı söyüşü işlətdi, məni söhbətə çağırsa da, həmin gün görüşə getmədim".
Ətraflı
Rəvan deyib ki, bundan sonra Əhlimanın Məmməd adlı dostu ona zəng edib və Əhliman ilə aralarında olan mübahisənin doğru olmadığını, bir yerdə çay içib, söhbətin bağlanmasını, münaqişənin "mehribanlıq" ilə bitməsini istəyib: "Mən də buna razı olduğum üçün Məmmədə razılıq etdim. Yanvarın 5-də saat 13 radələrində Şəmkir şəhəri, 5-ci küçəsində yerləşən poçtun yanında Məmməd ilə görüşdüm və birlikdə köhnə stadionun yanına getdik. Orada Əlimanı gözlədik. Əhliman gələcəyini desə də, gəlmədi".
Təqsirləndirilən şəxs qeyd edib ki, bundan sonra evə gedib, yemək yeyən zaman Məmməd ona zəng edib, Əhlimanın gəldiyini deyib: "Zəyəm qəsəbəsinə getməli olduğum üçün görüşü təxirə salmasını xahiş etdim. Məmməd də Əhlimanın gəldiyini və məni söydüyünü deyərək telefonu Əhlimana verdi.
Telefonla danışanda mənə təkrar ana-bacı söyüşləri etməyə başladı. Evdə olduğuma görə telefonu söndürdüm, çölə çıxdım. Təkrar Məmmədə zəng etdikdə telefonu Əhliman götürdü və məni telefonda yenidən nalayiq söyüşlərlə təhqir edərək görüşə çağırdı.
Bundan sonra Məmmədlə danışaraq onları məktəbin həyətində gözlədiyimi dedim. Həmin vaxt Məmməd mənə Əhlimanın üzərində bıçaq ola biləcəyini söylədi. Bir az sonra Əhliman, Məmməd, Sənan, Aydın və Həsən gəldilər.
Əhliman əynindəki pencəyi çıxararaq əlini belinə atıb məktəbin həyətindəki təpədən aşağı düşdü, mənim üzərimə gəldi. Məni yenidən söydüyündən əsəbiləşdiyim üçün üzərimdə olan bıçağı çıxardım, Əhlimanı qorxutmaq məqsədilə üzərinə getdim. Əhliman gəldiyi istiqaməti dəyişərək məndən aralandı, qaçmağa başladı. Qaçanda ayağı büdrəyərək yıxıldı. Ona söyüş söyməməsi barədə xəbərdarlıq etdim.
Əhliman şam ağacları əkilmiş təpənin başına qalxdı, yerdən daş götürərək mənə tərəf atdı, arxaya çevirildiyim üçün daş sol çiynimə dəydi. Yenidən əyilərək daş götürüb mənə tərəf atmaq istəyəndə bıçaqla qorxutmaq üçün ona bir zərbə vurdum. Əhliman təpədən aşağı düşərək yerə çökdü. Sonra ayağa qalxaraq bir-iki addım atdıqdan sonra yerə yıxıldı. Hadisə yerində olan uşaqlar Əhlimanın yanına qaçdılar. Məmməd bildirdi ki, Əhlimanın qardaşına zəng etmişik, qaç burdan, onlar da gəlib, səni vura bilərlər. Mən də qorxduğum üçün məktəbin arxasına getdim".
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Rəvan 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
19-06-2022, 13:35 | Bərdə sakini qonşusunu öldürdükdən sonra özünü güllələyib

Bərdədə qonşusunu tüfənglə öldürən kişi daha sonra intihar edib.
APA-ya istinadən bildirir ki, hadisə rayonun Şatırlı kəndində baş verib.
Kənd sakini 1963-cü il təvəllüdlü Hüseynov Namiq İsmayıl oğlu qonşusu 1988-ci il təvəllüdlü Hüseynov Anar Malik oğlunu qətlə yetirib. Daha sonra Namiq Hüseynov özünə tüfənglə atəş açaraq intihar edib.
Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
19-06-2022, 13:22 | Mingəçevirdə yıxılan qadın icazəsiz qonşunun evinə necə girib? - Film kimi olayın TƏFƏRRÜATLARI - VİDEO

Mingəçevirdə qonşunun evinə icazəsiz keçən qadın oradan yıxılıb. Müxtəlif bədən xəsarətləri alan qadın xəstəxanaya çatdırılıb. Bəs maraqlıdır həmin qadın niyə qonşunun evinə gizlicə girməyə çalışıb?
27 yaşlı qadın 4-cü mərtəbədən yıxılıb.
Xəzər TV-yə istinadən bildirir ki, sözügedən ünvanda kirayədə yaşayan qadın öz mənzilindən deyil, qonşu mənzilin pəncərəsindən yerə çırpılıb. Bina sakinlərinin sözlərinə görə, 27 yaşlı qadın həmin mənzildə kimsə olmadığı zaman daxil olub. Ev sahibləri 4-cü mərtəbəyə qalxan zaman isə qapının arxadan kilidləndiyinə şahidlik ediblər. Bir qədər sonra isə həmin mənzildən qadının yerə düşdüyü məlum olub.
Hündürlükdən yerə düşərək ağır bədən xəsarətləri alan qadın Mingəçevir şəhər xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin stabil olduğu bildirilir.
Qonşunun mənzilinə icazəsiz daxil olub, daha sonra həmin evin pəncərəsindən yerə düşən qadının hansı məqsədlə ora girməsini polis əməkdaşları araşdırırlar.
Qeyd edək ki, Rüfanə İbişova hadisə baş verən ünvanda 1 ilə yaxındır bir övladı ilə kirayədə yaşayır. Hadisənin baş vermə səbəbləri araşdırılır.
19-06-2022, 13:13 | Ağdaşda kişi 14 illik arvadını niyə döyüb? - Təfərrüat

Ağdaş rayonunda 1985-ci il təvəllüdlü Səlim şəxsi münasibətlər zəminində arvadı Faziləyə (adlar şərti verilib - red.) xəsarət yetirib.
Teleqraf.com-a istinadən bildirir ki, hadisə rayonun Aral Bir kəndində baş verib. Səlim bu ilin martın 1-də yaşadıqları evdə şəxsi münasibətlər zəminində mübahisə zamanı arvadını döyərək, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
İstintaq orqanı tərəfindən Səlimin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi baxılması üçün Ağdaş rayon Məhkəməsinə göndərilib. İş hakim Cavid Sultanovun sədrliyi ilə araşdırılıb.
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Səlim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Fazilə ilə təxminən 14 ildir evlidir: "Bizim 3 övladımız var. Son zamanlar arvadımla aramızda tez-tez söz-söhbət olurdu. Səbəb Fazilənin Bakı şəhərinə köçüb, orada yaşamaq istəyidi. Mən isə bir neçə dəfə Faziləyə Tovuz rayonuna gedib, orada işləməyi təklif etsəm də, təklifimi qəbul etmədi, Bakı şəhərinə getməkdə israrlı olduğunu dedi".
Təqsirləndirilən şəxs qeyd edib ki, martın 1-də saat təxminən 10.00-da yaşadığı evə gəlib: "Fazilədən mənə yemək verməsini istədim. Yemək yeyən zaman 3-5 günə Tovuz rayonuna işləməyə gedəcəyimi söylədim. Ondan mənimlə getmək istəyib-istəmədiyini soruşdum. Fazilə də Tovuz rayonuna getməyəcəyini söylədi. Həmçinin dedi ki, sən də Tovuz rayonuna getmə, sən orada olanda çox içirsən.
Mən də Faziləyə içki içmədiyimi, əgər inanmırsa, mənimlə Tovuz rayonuna gedib, orada spirtli içki içib-içmədiyimə nəzarət etməsini söylədim. Lakin o, sözlərimə məhəl qoymadı, yenə də Bakı şəhərinə getməkdə israrlı olduğunu dedi. Buna görə aramızda mübahisə baş verdi. Mübahisə zamanı əsəbləşdim, yediyim yeməyin boşqabını yerə vurdum. "Sənə 15 dəqiqə vaxt verirəm, paltarını geyin çıx get atanın evinə, mənə sənin kimi arvad lazım deyil" deyə söylədim. Sonra özüm də çölə çıxdım".
Təqsirləndirilən şəxs bildirib ki, təxminən 15 dəqiqə sonra yataq otağına gəlib və Fazilənin orada görüb: "Faziləyə "sənə demədim çıx get" deyə söylədim. Fazilə də nalayiq ifadə işlədərək "mən bu evdə qalmayacağam, uşaqlarımı anamın yanına qoyub, oradan da Bakı şəhərinə tək gedib, orada işləyəcəyəm" deyə cavab verdi. Bu zaman anam yanımıza gəldi. Fazilə anamı görəndə ona nalayiq ifadə işlədərək "sənsən bu işləri başıma açan" deyə söylədi. Mən də Fazilənin sözlərinə əsəbləşdim. Ona "haraya gedirsən get" deyərək saçından tutdum, dartdım. Bir neçə dəfə yumruqla baş, qol nahiyəsindən nahiyələrindən vurdum. Sonra isə oradan getdim".
Cinayət işi üzrə zərərçəkmiş Fazilə ifadəsində ərinin dediklərini təkrarlayıb. Qeyd edib ki, əri ilə barışıb, ondan şikayəti yoxdur.
Hakim hökm çıxaran zaman ər-arvadını barışmasını nəzərə alıb. Səlimin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad olunub.
19-06-2022, 13:02 | Hacıqabulda toyda kütləvi zəhərlənmə

Hacıqabulda toyda kütləvi zəhərlənmə olub.
APA-ya istinadən bildirir ki, hadisə Hacıqabul şəhərində fərdi yaşayış evlərindən birində qurulan çadırda keçirilən toy mərasimində baş verib.
Hazırda toyda iştirak edən 10-dan çox rayon sakini Şirvan və Hacıqabul rayonlarında yerləşən xəstəxanalara aparılıb.
Faktla bağlı araşdırma başlanıb.