Azərbaycanın qeyri neft-qaz məhsulları üzrə ən çox mallar bu ölkələrə ixrac edilib
Bu ilin oktyabr ayında qeyri neft-qaz məhsulları üzrə ən çox mal Rusiyaya (64,7 milyon ABŞ dolları), Türkiyəyə (33,5 milyon ABŞ dolları), İsveçrəyə (10,7 milyon ABŞ dolları), Gürcüstana (9,5 milyon ABŞ dolları) və ABŞ-a (5,4 milyon ABŞ dolları) ixrac edilib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın 2020-ci ilin noyabr sayında qeyd edilib.
Mərkəz qeyd edib ki, 2020-ci ilin oktyabr ayında qeyri-neft sektoru üzrə ixracda xurma ( 19.7 milyon) birinci, qabığı təmizlənmiş meşə fındığı ( 17 milyon ABŞ dolları) ikinci, sair təzə meyvələr - (13,6 milyon ABŞ dolları ) üçüncü yerdə qərarlaşıb.
"İxrac İcmalı"nın noyabr sayında qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi də təqdim edilib Bu ilin yanvar-oktyabr ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: "Socar Polymer" MMC, "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, "Land Lojistic" MMC, "MKT İstehsalat Kommersiya" MMC, "Sun Food" MMC, "Global Trade Group" MMC, "Fruit Store" MMC, "Baku Steel Company", "Aqrovest" MMC və "Fruit City Group" MMC.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi" başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: "Azergold" QSC, "Azəralüminium" MMC, "Azərenerji" ATSC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan Hava Yolları" QSC, "Azərtütün Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan İstilik Elektrik Stansiyası" MMC, Naxçıvan MR Dövlət Energetika Xidməti və "Kaspian Drilinq Kompani Limited" MMC.(Trend)
Tarix: 2-12-2020, 16:41