ZAQATALA: YOL POLİSİ FƏALİYYƏTİNİ ŞƏRAİTƏ UYĞUN HƏYATA KEÇİRİR
ZAQATALA: YOL POLİSİ FƏALİYYƏTİNİ ŞƏRAİTƏ UYĞUN HƏYATA KEÇİRİR

Azərbaycan polis öz səhhətlərini təhlükəyə ataraq, vətəndaşlarımızın sağlamlığının keşiyini çəkir, virusa yoluxma riskini azaltmaq üçün xüsusi karantin rejimi qaydalarına ciddi riayət edilməsinə nəzarət edir. Daxili işlər orqanları əməkdaşları xidməti borcunu layiqincə yerinə yetirməklə yanaşı, çətin vəziyyətdə olan insanların köməyinə də çatır, onlara yardım əli uzadır.
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları da elan edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsi məqsədilə rayon ərazisində, eləcə də qəsəbələrdə xidməti avtomobillərdə olan səsgücləndiricilər vasitəsilə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində görülən tədbirlər və tətbiq olunan qaydalar barədə əhaliyə məlumat verirlər.
Xüsusi karantin rejiminə əməl etməyən, yaşı 65-dən yuxarı olan şəxslərə respublikamızda həyata keçirilən bütün tədbirlər sakinlərin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət etdiyini bildiriblər. Vətəndaşlara bu müddət ərzində özlərinin və yaxınlarının sağlamlıqları üçün evdə qalmalarının vacibliyini qeyd edən polislər, həmin şəxslərin yaşadıqları ünvanlara qaytarılmasını təmin edirlər.
Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları da koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasına dəstək məqsədilə aksiyanı davam etdirirlər. Hələ əks-epidemik tədbirlərə start verildiyi ilk günlərdə yol polisi Zaqatala şəhəri ərazisində hərəkətdə olan avtonəqliyyat vasitələriniu saxlayıb, sürücü və sərnişinlərə tibbi spirt, maska və əlcək paylayırdı.
Dövlət Yol Polisi bölməsinin fəaliyyəti də daim şöbə rəhbərliyinin diqqət mərkəzindədir. İlin əvvəlindən bölmənin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarının pozulması hallarına qarşı lazımi tədbirlər həyata keçirilmişdir. Qaydaları bu və ya digər şəkildə pozan hərəkət iştirakçıları barəsində inzibati protokol tərtib olunmuşdur. Təhlil göstərir ki, sükan arxasına sərxoş halda, sürücülük vəsiqəsi olmadan əyləşənlər, yol hərəkəti nişanlarına riayət etməyənlər hələ də var və onlara qarşı mübarizə günün başlıca vəzifəsidir.
Zaqatalada hər hansı təhlükə anında vətəndaşın gözü polisi axtarır. Əmindir ki, polis onun təhlükəsizliyi üçün özünü təhlükəyə atar. Bütün bunlara görə Zaqatala polisi, təbii ki, qürurludur. Bu qürur onu daha məsuliyyətlə, daha şərəflə xidmət etməyə ruhlandırır. Biz öz polisimizi daha yaxşı tanımalı və dəyərləndirməliyik. Obyektivlik onu sübut edir ki, ölkə polisi peşəkarlıq baxımdan xarici həmkarlarına uduzmur. Dövlətə, xalqa, Ali Baş Komandanına sədaqətlə xidmətdə isə bir örnək sərgiləyir.

Tarix: 8-05-2020, 14:43