Qoşulmama Hərəkatı beynəlxalq aləmdə öz prinsiplərinə bağlılıq nümayiş etdirən mühüm təşkilatdır

Qoşulmama Hərəkatı beynəlxalq aləmdə öz prinsiplərinə
bağlılıq nümayiş etdirən mühüm təşkilatdır
10 il əvvəl Azərbaycanın da üzv olduğu Qoşulmama Hərəkatının bu il yaradılmasının 60 illiyi qeyd olunur. Azərbaycan da daxil olmaqla, dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı beynəlxalq aləmdə öz prinsiplərinə bağlılıq nümayiş etdirən mühüm təşkilatdır. Azərbaycanın sədrliyi dövründə bu təşkilatın qlobal çağırışlarla mübarizəyə verdiyi töhfə beynəlxalq miqyasda yüksək qiymətləndirilir.
Təsis edildiyi vaxtdan Qoşulmama Hərəkatı qlobal sülh, ədalət və həmrəylik naminə həyata keçirdiyi səylər vasitəsilə beynəlxalq arenada mühüm rol oynamışdır. BMT Baş Assambleyasından sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatı müxtəlif regionları əhatə edərək fərqli tarixi, siyasi və mədəni mənsubiyyətə malik 120 ölkəni birləşdirməklə, multilateralizmin həqiqi nümunəsi hesab edilir. Suverenlik və ərazi bütövlüyünə hörmət, təcavüz aktlarından çəkinmə, başqalarının daxili işlərinə qarışmama kimi prinsipləri özündə ehtiva edən tarixi Bandunq prinsipləri Qoşulmama Hərəkatının təməlində dayanır. Bu prinsiplər müasir beynəlxalq münasibətlərdə aktual və vacib olaraq qalır. Əgər bütün ölkələr Bandunq prinsiplərinə riayət etsəydilər, onda biz dünyada müharibələr və münaqişələr görməzdik. Sülhün, təhlükəsizliyin, beynəlxalq hüququn və ədalətin gücləndirilməsinə töhfə vermək üçün Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatı ailəsinə daxil olmaq qərarına gəldi. Qısa müddət ərzində Azərbaycan Hərəkatın üzvləri arasında böyük etimad və hörmət qazandı, 2016-cı ildə Qoşulmama Hərəkatının liderlərinin yekdil qərarı ilə Azərbaycan 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatının sədri seçildi.
Bütün dünya 2020-ci ilin əvvəlində COVID-19 pandemiyasına məruz qaldığı dövrdə Azərbaycan Hərəkatda sədrliyinə məsuliyyətlə yanaşaraq pandemiya nəticəsində yaranmış təhdidlərə vaxtında və adekvat cavab verilməsi üçün ciddi səylər göstərdi. Azərbaycan pandemiya ilə mübarizədə qlobal səylərin səfərbər edilməsi üçün bir sıra təşəbbüslər irəli sürdü. Dövlətimiz 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə Görüşünün keçirilməsi təşəbbüsünü irəli sürdü və onu təşkil etdi. Zirvə Görüşünün praktiki nəticəsi olaraq Qoşulmama Hərəkatına üzv dövlətlərin əsas humanitar və tibbi ehtiyaclarını əhatə edən məlumat bazası yaradıldı. Ümumdünya Səhiyyə Təşkilatı bu gün pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlərin mövcud ehtiyaclarının təmin edilməsi üçün həmin məlumat bazasından istinad mənbəyi kimi istifadə edir. Bununla yanaşı, Azərbaycan “peyvənd millətçiliyi”nə və peyvəndlərin zəngin ölkələr tərəfindən öz ehtiyaclarından daha artıq miqdarda alınmasına qarşı narazılığını açıq şəkildə ifadə etdi və bu gün də etməkdədir.
Belə hərəkətlər Qoşulmama Hərəkatına üzv ölkələrini öz əhalisini qorumaq imkanından məhrum edir. Peyvəndlərə çıxış sahəsində fərq çox böyükdür. Beynəlxalq hesabatlara əsasən, dünyada mövcud olan peyvənd dozalarının 75 faizi 10 zəngin ölkə tərəfindən alındığı halda, aşağı gəlirli ölkələrdə peyvəndlənmə 2 faizdən azdır. Ona görə heç təsadüfi deyil ki, cari ilin martında Azərbaycanın təşəbbüsü əsasında BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından peyvəndlərə bərabər və universal çıxışın təmin olunmasına dair qətnamə qəbul edildi. BMT Baş Assambleyasının cari sessiyası çərçivəsində də Azərbaycan eyni mövzuda qətnamə layihəsini irəli sürməyi planlaşdırır və Hərəkat üzvlərinin növbəti dəstəyinə arxalanır.
Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi uğurla davam edir. Əminik ki, ölkəmizin sədrliyi ilə Qoşulmama Hərəkatı bundan sonra da yeni-yeni uğurlara imza atacaq, beynəlxalq münasibətlərdəki qlobal çağırışların həlli istiqamətində Hərəkatın rolunun daha da gücləndirilməsi, habelə ədalətin, beynəlxalq hüququn və Qoşulmama Hərəkatına üzv dövlətlərin legitim maraqlarının müdafiəsi istiqamətində səylərini əsirgəməyəcəkdir.
Xöşbəxt Feyzullayeva,
Salyan Peşə Liseyinin müəllmi
Tarix: 20-10-2021, 09:49