TARİXİMİZİN ŞANLI ZƏFƏR SALNAMƏSİ
TARİXİMİZİN ŞANLI ZƏFƏR SALNAMƏSİ

Azərbaycan ötən il sentyabrın 27-də başlanmış əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə başa vurdu. Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi və böyük Zəfərimizlə bitdi. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, torpaqlarımızı azad etmək məqsədilə başladığı zəfər yürüşündə inanılmaz uğurlar əldə etdi. Xalq öz liderinin -- müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək dünyaya öz gücünü, mətinliyini, haqqı uğrunda mübarizə aparmaq əzmini nümayiş etdirdi.

Xalqımız 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad olunmasının, tarixi ədalətin və ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsinin qürurunu, sevincini yaşadı. Azərbaycan son iki yüz illik tarixində müharibədən ərazi itkisi ilə yox, məhz ərazi bütövlüyünü bərpa edərək çıxdı.

44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun müzəffər yürüşü ilə yadda qaldı. Dövlətimizin qətiyyəti, ordumuzun gücü, xalqımızın misilsiz dəstəyi sayəsində əldə olunan bu möhtəşəm qələbə, əlbəttə ki, tariximizin şanlı zəfəri kimi gələcək nəsillərin xatirəsində əbədi yaşayacaqdır. Hamımız üçün 44 günün hər biri şərəf, ləyaqət və qürur günü oldu. 44 günlük müharibə xalqımızın bütün mənsublarını istər ölkədə, istərsə də onun hüdudlarından kənarda bir yumruq kimi səfərbər edərək birləşdirdi.

Müharibə başlanan andan hər gün xalqa xoş müjdələr verən Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabr ayının 8-də xalqımıza Şuşanın azad edilməsini bildirdi. Qarabağın tacı olan bu şəhərin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan oldu. “Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir” söyləyən cənab İlham Əliyev əminliklə bildirmişdir: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” Şuşa zəfəri, əslində, müharibənin taleyini həll etdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır. Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində “Vətən müharibəsi memorial kompleksi” və “Zəfər muzeyi”nin yaradılması haqqında da sərəncam imzalamışdır. Həmçinin, “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı, “Zəfər” və “Qarabağ” ordenləri, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və digər medallar təsis edilmişdir.

8 noyabr 2020-ci il Ali Baş Komandanın və şanlı Azərbaycan əsgərinin yazdığı unudulmayan bir tarixdir. Bu müddət ərzində millətimiz daim vətən həsrətini, sevgisini ürəyində daşıdı, cənab İlham Əliyevə arxalandı və qələbə qazandı. Hamımız üçün müqəddəs sayılan torpaqlarımızın azad olunması onu göstərdi ki, Vətənimizin hər qarışı bizim üçün əzizdir. Prezident İlham Əliyevin dediyi kimi, bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir: "Bu gün bizim əldə etdiyimiz qələbə və apardığımız hərbi əməliyyatlar həm texniki imkanlar baxımından, eyni zamanda, operativ addımlar, əməliyyatların hazırlanması və icra edilməsi baxımından bütün dünyada öyrənilir. Bu, yeni nəsil müharibə üsuludur, hansı ki, planlaşdırma, texniki təchizat, texnologiyaların tətbiqi, əməliyyatların düzgün planlaşdırılması və həyata keçirilməsi, hərbçilərimizin döyüş qabiliyyəti və mənəvi ruh birləşir, vəhdət təşkil edir. Ancaq mən bunu artıq bir neçə dəfə demişəm, bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir”.

Vətən müharibəsində müzəffər ordumuzun Qalib Ali Baş Komandanı, Prezident İlham Əliyevin ilk gündən qəti qələbə əzminin, mahir siyasətçi və əzmkar sərkərdəlik məharətinin, dönməz və qətiyyətli iradəsinin düşmənə və onun dünyadakı havadarlarına qarşı qalibiyyətli mübarizəmizdə həlledici rol oynadığından, ordumuza və xalqımıza güc verdiyindən iftixar duyuruq.

Bu gün Vətən müharibəsi zamanı şəhid olmuş hərbçilərimizin ailə üzvləri, eləcə də qazilərimiz hər zaman dövlətimizin diqqətindədir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş və yaralanmış hərbçilərimiz döyüşdə göstərdikləri qəhrəmanlıqlara görə Prezident, Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə dövlətin ən ali orden və medalları ilə təltif ediliblər. Bu qəbildən olan hərbçilərimizin bütün maddi və mənəvi ehtiyacları dövlət tərəfindən həll edilir. Onlar evlərlə, mənzillərlə təmin edilirlər. Şəhidlərimizin ailə üzvləri və qazilərimiz dövlətimizin onlara göstərdiyi qayğıdan razılıqlarını bildirirlər.

8 Noyabr - Zəfər Günü Azərbaycanın minillik tarixinin şanlı səhifələrindən birini təşkil edir. Vətən müharibəsi və onun qələbə ilə başa çatması müasir Azərbaycan dövlətinin həyatının ən parlaq anları kimi, tariximizin bundan sonrakı dönəmlərində də daim xüsusi qürur və iftixar hissi ilə xatırlanacaq.

Vətən uğrunda canlarını fəda edən mərd oğullarımızın hünəri, xalqımızın həmrəyliyi nəticəsində 44 günlük haqq savaşımız Zəfərə çevrilərək Azərbaycan tarixinin ən şanlı Qələbəsi kimi tariximizə qızıl hərflərlə əbədi yazıldı. Zəfərin mübarək, Azərbaycan!

Oktay Abdullayev,
Xızı rayon Təhsil şöbəsinin müdiri.



Tarix: 3-11-2021, 07:52