Sahil Kərimli: İlham Əliyevin verdiyi son şans - Ermənistan özünü xilas edə biləcəkmi?
Azərbaycan Ermənistanı bütün cəbhələrdə ağır məğlubiyyətə uğradır. İstər hərbi, istərsə də siyasi-diplomatik müstəvidə düşmən darmadağın edilir. Düşmən sarsıdıcı zərbələr, layiqli dərs alır. Ermənistanın hərbi-siyasi rəhbərliyi heç vaxt olmadığı kimi çıxılmaz durumdadır. Döyüş meydanlarında biabırçı məğlubiyyətə uğrayan, həddən artıq hərbi texnika, canlı qüvvə itirən işğalçı ordu mövqelərini durmadan tərk edərək qaçır. Azərbaycan Ordusu güclü əks-hücuməməliyyatları ilə işğal altında olan rayonlarımızı, qəsəbə və kəndlərimizi azad edir. Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqına Qələbə xəbərlərini çatdırır. Qətiyyətli Prezident, Qalib Komandan Azərbaycan xalqını hər gün sevindirir. 30 ilə yaxındır həsrətlə gözlənən Qələbə sevincini Azərbaycan xalqına İlham Əliyev, onun şanlı Ordusu yaşadır.
Ali Baş komandanın müzəffər Ordusu cəmi 10 gün ərzində Ermənistan ordusunu darmadağın etdi. Ermənistan bir dövlət kimi təməldən sarsıldı. Bundan sonra Ermənistanın özünə yeni ordu qurmasına onilliklər lazım olacaq. Bunu bacaracaq ya yox, hələ bu da sual altındadır.
Azərbaycan Prezidenti qətiyyətli və dəyişməz mövqeyi ilə düşməni diplomatik cəbhədə də yerlə bir edir. Əvvəla, uzun illərdir ki, Prezident İlham Əliyev beynəlxalq tribunalarda Azərbaycanın haqq-ədalət mövqeyini müdafiə edir, Qarabağ həqiqətlərini dünyaya olduğu kimi çatdırır. Bunun nəticəsidir ki, əgər 90-cı illərin əvvəllərində işğala məruz qalan Azərbaycan haqqlı olduğu halda haqqsız duruma düşürdüsə, bu gün dünya münaqişə ilə bağlı əsl həqiqətin nədən ibarət olduğunu açıq-aydın görür. İndi beynəlxalq aləm Ermənistanı işğalçı ölkə kimi tanıyır, Azərbaycanın ərazi bütövlüyü birmənalı olaraq dəstəklənir, torpaqlarımızın qeyd-şərtsiz boşaldılması işğalçıdan tələb olunur. Bu, İlham Əliyev diplomatiyasnın uğurudur.
Prezident İlham Əliyev böyük dünya gücləri və Ermənistana havadarlıq edən dövlətlərin təzyiqləri qarşısında əzmlə dayanır, öz prinsipiallığını və qəti mövqeyini bir daha nümayiş etdirir. Əgər bir neçə ay əvvəl azğınlaşmış Ermənistan hökumti işğalçılıq mövqeyindən bir addım belə geri çəkilməyəcəyini, heç bir güzəştə getməyəcəyini bəyan edirdisə, sərsəm şərtlər irəli sürürdüsə, bu gün həm Azərbaycan Ordusunun öldürücü gücü, həm də Prezident İlham Əliyevin qəti mövqeyi qarşısında məğlub duruma düşüb. Paşinyan artıq İlham Əliyevə uduzduğunu yaxşı anlayır və ağ bayraq qaldırır. Azərbaycanın işğalçını sülhə məcbur etmə əməliyyatları fonunda real vəziyyət belədir: Paşinyan İlham Əliyevə təslim olub. Erməni baş nazir miskin, rəzil, çarəsiz durumdadır.
Ermənistan artıq danışıqlar prosesinə getmək üçün yalvarır. Əgər danışıqlar bərpa edilərsə, heç şübhəsiz ki, bütün şərtləri Azərbaycan müəyyənləşdirəcək. İlham Əliyevin isə bir şərti var. Ermənistan işğal etdiyi tarixi torpaqlarımızı dərhal tərk etməldir. Yalnız bu halda öldürücü döyüş əməliyyatları dayandırıla bilər. Ermənistan tamamilə məhv olmaq, uçuruma yuvarlanmaq istəmirsə ağlını başına yığmalıdır. Bu, İlham Əliyevin Paşinyana verdiyi son şansdır. Xilas üçün son şans. Ermənistan xilas ola biləckmi? Bunu yaxın günlər göstərəcək.
Prezident, Ali Baş Komandan İlham Əliyev qətiyyətli siyasətçi və layiqli dövlət başçısı olduğunu bir daha sübut edir. Prezident xalqın mənafeyinə əsaslanan, milli maraqlara söykənən mövqeyindən bir adım belə geri çəkilmir. Çünki, Azərbaycanın milli maraqları Prezident İlham Əliyev üçün həmişə ən ali dəyər olub.
Bu gün Prezident İlham Əliyevin timsalında dünya Azərbaycanın qəhrəmanlıq səlnaməsinə, şanlı qələbələrinə, birlik və həmrəyliyin təntənəsinə, sarsılmaz döyüş ruhuna, nümunəvi vətənpərvərlik ənənələrinə şahidlik edir. Bütün Azərbaycan xalqı bu mükəmməl uğurlarla - güclü və qüdrətli ölkəmizlə haqqlı olaraq fəxr və qürur duyur. Biz tarix yazırıq. Şanlı və şərəfli tarix.
Sahil Kərimli,
Trend Beynəlxalq İnformasiya Agentliyinin Baş redaktor müavini
Tarix: 10-10-2020, 08:37