Azərbaycanda yeni fənn tədris ediləcək
Bu ilin sonuna qədər Azərbaycanda "İslam maliyyəsi" adlı dərslik işıq üzü görəcək, onunla ölkədə "İslam Maliyyəsi" fənni tədris ediləcək.
Bunu "Report"a açıqlamasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı bildirib.
"Kitab 4 təşkilatdan 9 müəllifin birgə əməyidir, Azərbaycan İlahiyyat İnstitutu ilə birgə hazırlanıb, 6 fəsildən ibarət olacaq. Ondan dərs vəsaiti kim istifadə edilməsi planlaşdırılır. Artıq bununla bağlı tədris proqramı da hazırlanıb. Proqram bakalavr təhsil səviyyəsi üçün nəzərdə tutulub. "İslam Maliyyəsi" fənni müvafiq ixtisaslara uyğun III və ya IV kurs tələbələrinə 45 saat (30 saat mühazirə, 15 saat məşğələ) olmaqla bir semestr tədris ediləcək. Burada mövzular sadədən mürəkkəbə doğru sıralanıb. Fənnin tədrisi tələbələrin təhsil aldıqları ixtisasa uyğun olaraq islam bankçılığı meyarlarının insan həyatındakı funksiyasını, iqtisadi həyatın təşəkkülündəki rolunu, hüquqi bazasını, eyni zamanda islam bankçılığının əsaslarını və prinsip mənbələrini müqayisəli formada mənimsəməsinə nail olmaq məqsədi güdür", - deyə o qeyd edib.
Bu gün İİTKM İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İslam Ölkələri üzrə Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzi (SESRIC) ilə Anlaşma Memorandumu imzalayıb. Sənədə İİTKM-in icraçı direktoru Vüsal Qasımlı və SESRIC-in Baş direktoru, Türkiyənin sabiq ailə, əmək və sosial xidmətlər naziri Zehra Zümrüt Selçuk imza atıb.
Tarix: 22-11-2023, 19:50