Virus yayılır: bu əlamətlər qızılca xəstəliyinə aid deyil
Virus yayılır: bu əlamətlər qızılca xəstəliyinə aid deyil



Son vaxtlar xüsusilə azyaşlı uşaqlar arasında burun axması, öskürək, yüksək hərarət müşahidə olunur. Bu əlamətləri tam olaraq qızılca xəstəliyi ilə əlaqələndirmək doğrudurmu?

Tibb üzrə elmlər doktoru, professor Adil Qeybulla Axar.az-a bildirib ki, uşaqlar arasında son vaxtlar yayılan bu kimi əlamətlər təkcə qızılca ilə bağlı deyil.

"Bu, hazırda fəallaşan respirator xəstəlikləri, qrip virusu, adena viruslar, koronavirusun omikron ştammı, eləcə də Çində uşaqlar arasında geniş yayılan pnevmoniya kimi çoxsaylı səbəblərlə bağlı ola bilər. Xəstəliyi yaradan səbəb dəqiq müəyyən olunmalı və ona uyğun da müalicə tətbiq edilməlidir", - deyə həkim bildirib.

A.Qeybulla milli peyvənd təqvimi ilə uşaqların peyvəndlənməsinin bundan sonra ciddi şəkildə həyata keçirilməsinin əhəmiyyətini də vurğulayıb:

"Təəssüflər olsun ki, immunoprofilaktikanın dəqiq aparılmaması bu gün bəzi xəstəliklərin baş alıb getməsinə səbəb olur. Qızılca praktikasında bunun bir daha şahidi olduq. Bu baxımdan valideynlərin hər birinə bu məsələyə ciddi yanaşmağı məsləhət görürük. Milli peyvənd təqvimi ilə tələb olunan bütün peyvəndlərin vaxtında olunması sağlamlıq üçün vacib şərtdir".

Respublica.Az


Tarix: 14-12-2023, 09:34