Veteranlara verilən 80 manat müavinətlə bağlı YENİ XƏBƏR - 2024-cü ildə...
Veteranlara verilən 80 manat müavinətlə bağlı YENİ XƏBƏR - 2024-cü ildə...


Yanvarın 1-dən dövlət müxtəlif kateqoriyaya aid altı minə yaxın vətəndaşın təqaüdünü, müavinətini və əmək haqqını artırıb. Onlar arasında keçmiş hərbiçilər də var.

SSRİ-nin Almaniyaya qarşı müharibəsinin veteranlarına ödənişlər artıb (ayda 330 manat, 2022-ci ildə 81 nəfər). Qarabağ müharibələri zamanı yaralanan əlillərin müavinətləri artırılıb. Amma dövlət veteranların aldığı yardımı artırmayıb. Bu kateqoriyaya aid vətəndaşlar ayda 30, sonradan 50 manat ölçüsündə veteran təqaüdü alırdılar. 1 aprel 2019-cu ildən etibarən Prezidentin fərmanı ilə Qarabağ veteranları üçün 80 manat ölçüsündə prezident təqaüdü təsis edilib. Fərmanda deyilir ki, təqaüd kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinətin əvəzinə verilir.

Amma 2019-cu ildən bu günə qədər bütün kommunal xərclər bir neçə dəfə artıb, veteranların pensiyasına əlavə olaraq verilən prezident təqaüdü isə dəyişməyib. Hazırda Azərbaycanda 70 minə yaxın Birinci Qarabağ müharibəsi veteranı yaşayır.

Bəs onların təqaüdü növbəti illərdə artırılacaqmı?

Məsələ ilə bağlı danışan Milli Məclisin deputatı Vüqar Bayramov Referans.az-a deyib ki, veteran pulunun artırılması ilə bağlı məsələ Milli Məclisdə bir neçə dəfə müzakirə olunub:

"Millət vəkilləri tərəfindən bu istiqamətdə təkliflər səsləndirilib. Eyni zamanda büdcə müzakirələrində də mən veteran pulunun artırılması ilə bağlı yeni mexanizmanın hazırlanmasını və tətbiqini təklif etmişəm. Bununla bağlı da dövlət qurumunun şərhi ondan ibarət olub ki, ümumiyyətlə sosial müavinətlərin artırılması imkanları ilə bağlı müzakirələr davam etdirilir və bu növbəti il fiskal gəlirlərimizdən asılı olaraq qərarların veriləcəyi gözlənilir. O baxımdan biz bu istiqamətdə artımların olmasını təklif edirik. Xüsusən fiskal gəlirlərimizə uyğun olaraq sosial müavinətlərdə artımların həyata keçirilməsini dəstəkləyirik".

Deputatın sözlərinə görə, nəzərə alsaq ki, son illər praktik olaraq hər il minimum pensiya, minimum əməkhaqqı və eləcə də digər sosial müavinətlərdə artımlar olub. O, qeyd edib ki, 2024-cü ildə də fiskal gəlirlərimizə uyğun olaraq sosial paketlərimizin dərinləşəcəyi və həmin sosial təminatın gücləndirilməsi ilə bağlı yeni addımların atılacağı gözlənilir.

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov isə bildirir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bir nəfərin kommunal və nəqliyyat xərclərini ödəmək üçün cəmi 62 manat vəsait lazımdır:

"Bu məlumatı da bütün dövlət təşkilatları, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verirlər. Onlar da bildirir ki, biz hələ 62 manat olduğu halda onlara 80 manat veririk. Amma bu məsələ gündəmdədir. Baş nazirə də bu barədə müraciət olunub. Bu məsələyə mütləq baxılmalıdır. Yəni biz hesab edirik ki, 80 manat çox az məbləğdir. Bu məsələni Milli Məclisin iclaslarında dəfələrlə qaldırmışıq. İlk qaldıran da mən olmuşam".

Gələn il büdcə gəlirləri nəzərə alınmaqla bu məsələyə ciddi şəkildə baxılmalı və həmin vəsait artırılmalıdır - deyə Vahid Əhmədov əlavə edib.

Respublica.Az








Tarix: 20-12-2023, 18:20