Qarabağ ulu əcdadlarımızın məskəni olub - Arxeoloji faktlar
Qarabağ ulu əcdadlarımızın məskəni olub - Arxeoloji faktlar

Azərbaycan alimlərinin Qarabağ ərazisində apardıqları arxeoloji, etnoqrafik, epiqrafik, paleocoğrafi, paleontoloji və paleoantropoloji elmi tədqiqatlar ən qədim zamanlardan - yəni Quruçay mədəniyyətindən başlamış Azərbaycan xalqının ulu əcdadının bu torpaqlarda yaşadığını, zəngin maddi və mənəvi mədəniyyət yaratdığını elmi əsaslarla sübuta yetirib.

Bunu AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Daş dövrü arxeologiyası şöbəsinin rəhbəri, tarix elmləri doktoru, professor Əsədulla Cəfərov deyib.

Onun sözlərinə görə, bu tədqiqatlar tarixi saxtalaşdırmağa cəhd edən erməni alimlərinin iddialarının tamamilə əsassız olduğunu göstərir.

Ə.Cəfərov qeyd edib ki, Qarabağ ərazisində müəyyən olunmuş quruçay, aşel, mustye, üst paleolit, mezolit, neolit və tunc dövrünün arxeoloji mədəniyyətləri bu diyarın qədim sivilizasiya mərkəzi olduğunu söyləməyə əsas verir.

Alim əlavə edib ki, 1990-cı illərdən Azıx, Tağlar, Şuşa və Qarabağın digər arxeoloji, memarlıq və tarixi abidələri erməni terrorçuların əsarəti altında idi:

"Qarabağın terrorçulardan azad olunması bəşəriyyətə ən böyük töhfədir. Çünki Qarabağ ərazisində bəşəriyyətin inkişaf tarixini öyrənmək üçün zəngin və dünya şöhrətli Azıx, Tağar və digər abidələr mövcuddur. Arxeoloji tədqiqatlar zamanı Azıx mağarasının III, V-X təbəqələrindən 10 mindən artıq daş məmulatı və 500 mindən çox ovlanmış heyvanların sümük məmulatı tapılıb. Aparılan elmi tədqiqatlar zamanı müəyyən olunmuşdur ki, Azıx qədim düşərgəsinin VII-X təbəqələrindən aşkar olunmuş Quruçay mədəniyyətinin əmək alətləri Şərqi Afrikanın Olduvay mədəniyyəti kompleksi ilə yaxınlıq təşkil edir. Azıx qədim insan düşərgəsində Quruçay mədəniyyəti dövrü uzun inkişaf mərhələsindən sonra qədim aşel mədəniyyəti ilə əvəz olunub".

Ə.Cəfərov bildirib ki, qədim Aşel təbəqəsindən aşkar olunmuş maddi mədəniyyət qalıqlarının zənginliyi Azıx düşərgəsində qədim insanların Aşel mədəniyyəti zamanı uzun müddət və daimi yaşadıqlarını göstərir.

Onun bildirdiyinə görə, Azıx qədim insan düşərgəsinin V təbəqəsində aparılan arxeoloji qazıntılar zamanı orta Aşel mədəniyyətinə aid maddi mədəniyyət nümunələri tapılıb. Bu Azıxda qədim Aşel dövrünün sonralar orta Aşel mədəniyyəti ilə əvəz olunduğunu göstərir.

Azıx mağarasının III təbəqəsində aparılan arxeoloji qazıntılar zamanı mustye mədəniyyətinə aid 3 mindən artıq daş məmulatı və 500 mindən çox fauna qalıqları aşkar olunub.

Ə.Cəfərov deyib ki, hazırda Azərbaycan ərazisində Mustye dövrünə aid ən zəngin abidə Tağlar düşərgəsi hesab olunur.

Tağlar düşərgəsində aparılan arxeoloji qazıntılar zamanı 700 mindən artıq sümük məmulatları aşkar olunub. Çoxtəbəqəli Tağlar düşərgəsində aparılan arxeoloji qazıntılar zamanı 7 mindən artıq daş məmulatı tapılıb:

"Hazırda Qarabağ silsiləsinin cənub-şərq ətəklərində yuxarıda qeyd etdiyimiz qədim insan düşərgələri ilə yanaşı neolit, eneolit və tunc dövrlərinin Qaraköpəktəpə, Günəştəpə, Meynətəpə, Tuğtəpə, Kültəpə, Leylatəpə kimi bir sıra nadir və çoxtəbəqəli yaşayış düşərgələri aşkar olunub. Bu bir daha göstərir ki, hələ ən qədim zamanlardan bu vaxta kimi qeyd olunan ərazidə insanların yaşaması üçün əlverişli təbii coğrafi şərait olub və xalqımızın ulu əcdadları Qarabağda yaşayıb".(Trend)
Tarix: 11-11-2020, 12:34