Özəl bağçalarda dövlət hesabına oxumaq mümkün olacaq - RƏSMİ
Özəl bağçalarda dövlət hesabına oxumaq mümkün olacaq - RƏSMİ


Əsas vacib olan məqamlardan biri işğaldan azad olunan ərazilərdə məktəbəqədər təhsilin əlçatanlığını təmin etməkdir. Təhsil siyasətinin digər hədəfi isə icma əsaslı təhsilin miqyasının genişləndirilməsidir.

Bunu elm və təhsil naziri Emin Əmrullayev "Tədqiqat, təcrübə və siyasət vasitəsilə təhsildə ayrı-seçkiliyin aradan qaldırılması" şüarı altında keçirilən VII ADA 2024 Beynəlxalq Təhsil Konfransı zamanı deyib.

Nazir deyib ki, dövlət-özəl əməkdaşlığına əsaslanan model məktəbəqədər təhsil sahəsində artıq sentyabrdan pilot layihə olaraq başlayacaq:

"Bu modeldə stimullaşdırıcı mexanizmləri istifadə etməyi planlaşdırırıq. Dövlət valideynə vauçer təqdim edəcək ki, o övladını özəl bağçaya göndərsin. Bu zaman dövlət infrastruktur baxımından qənaət edəcək, çünki bunu özəl sektor edecek. Məktəbəqədər təhsilin hər bir uşaq üçün əlçatan olmasını təmin etmək olduqca mürəkkəb prosesdir".

Nazir deyib ki, inklüziv təhsil modelinin dəyişməsi üçün müəyyən zaman lazımdır:

"Çünki sovet dövründən bizə miras qalan inklüziv təhsil modeli deyil. Növbəti mərhələdə nazirlik olaraq bu sahədə yeni təkliflər hazırlamışıq".

Nazir, həmçinin əlavə edib ki, əsaslı təmirə ehtiyacı olan məktəblərin sayı 33 faiz azalaraq 900-dən 600-ə düşüb:

"Əlçatanlıq baxımından bizim ciddi problemimiz yoxdur. Tədrisin keyfiyyəti ilə bağlı müəyyən ciddi çağırışlar etmişik".
Tarix: 1-07-2024, 12:51