“Mənim üçün öncə Vətən, sonra ailədir” - Şəhid İmran Məmmədlinin həyatı - VİDEO
“Mənim üçün öncə Vətən, sonra ailədir” - Şəhid İmran Məmmədlinin həyatı - VİDEO


Düşmənə qan udduran "müəllim" ləqəbli kəşfiyyatçı, şəhid İmran Məmmədli. Hələ aprel döyüşlərindən düşmənin kabusuna çevrilən İmran, vətən müharibəsində də ermənilərə ağır zərbələr vurdu. Füzuli istiqamətində düşmən qüvvələrinin arxasına keçərək döyüşdü, və şəhidlik zirvəsini fəth etdi.

ARB TV-nin Xəbərlər komandası şəhid İmran Məmmədlinin evində olub və onun həyatı ilə bağlı sujet hazırlayıb.

"Müəllim" ləqəbli kəşfiyyatçı İmran Məmmədli qanı ilə tarix yazan şəhidlərimizin sırasında yer alır. Hələ uşaqlıqdan vətənpərvər olması ilə diqqəti çəkən İmran bunu döyüşdə sübut edir. İmran 4 il əvvəl də aprel döyüşlərində iştirakçısı olur. Düşmənə ağır zərbələrin vurulmasında onun da payı olur. Müddətli həqiqi hərbi xidmət qulluqçusu olan İmran vətən müharibəsində isə döyüşçü yoldaşları ilə birlikdə uğurlu tapşırıq yerinə yetirirlər. İmran həmin vaxt son gülləsinə kimi vuruşur.

Rəşad Məmmədov (Şəhidin qardaşı): "Qardaşım Zəngilan, Qubadlı, Cəbrayıl istiqamətində döyüşlərdə iştirak edib. Onun iş yoldaşları deyir ki, sonuncu dəfə İmran və qrupu Füzuli rayon Kürdlər kəndi istiqamətində düşmən qüvvəsinin arxasına keçmişdi. Bir neçə post alıblar. İmran düşmənin xeyli canlı qüvvəsinə zərbə vururaq şəhid olub. Onun nəşi tapılanda bir dənə də olsun gülləsi qalmamışdı, çünki son gülləsinə qədər vuruşmuşdu".

İmran Vətəni dörd övladından və ümumilikdə ailəsindən üstün tutub. Ailəsinə sonuncu zəngini oktyabrın 26-da edən İmran Məmmədli qalib kimi qayıdacağını deyib.

Ayşən Məmmədli (Şəhidin həyat yoldaşı): "Mən ona bir neçə dəfə demişdim ki, bu işdən çıxsın. Mənə demişdi ki, mənim üçün ən birinci Vətəndir. Deyirdim ki, bəs biz? Deyirdi əvvəl Vətən, sonra ailə. Mənim üçün onun haqqında keçmiş zamanda danışmaq ağırdı amma mən onunla fəxr edirəm".


Rəşad Məmmədov (Şəhidin qardaşı): "Oktyabrın 26-sı axrıncı dəfə danışdım, dedi ki, tezliklə qələbə ilə qayıdacağam. Ondan sonra danışa bilmədim. Noybarın 25-i bizə xəbər şəhid xəbəri gəldi. 1 ay müddətində çox xəbər gözlədik, 29 gündən sonra biz bildik ki, İmran şəhid olub".

Qeyd edək ki, İmran Məmmədli 1985-ci ildə Beyləqan rayonunun Birinci Şahsevən kəndində dünyaya gəlib. 35 yaşında isə şəhidlik zirvəsinə ucalıb.
Tarix: 15-12-2020, 04:21