Möhtəşəm Vətən müharibəsinin dəmir qanadlı qəhrəmanı
O, 44 günlük Vətən müharibəsinin dəmir qanadlı qəhrəmanıdır. AZƏRTAC bildirir ki, sentyabrın 27-də Azərbaycan Ordusunun qətiyyətli əks-hücum əməliyyatı başlayan gün usta pilot, polkovnik-leytenant Ramiz Qasımov ən sevincli günlərindən birini yaşayırdı. Onun ən ümdə arzusu Şuşada üçrəngli bayrağımızı dalğalandırmaq idi. O, illərdir Ali Baş Komandan İlham Əliyevin hücum əmrini gözləyirdi...
Havada böyük peşəkarlıq
Həmin gün Azərbaycan Hərbi Hava Qüvvələrinin Ordu aviasiyasının pilotlarına quru qoşunları, eləcə də digər qoşun növlərinə hava dəstəyi ilə bağlı tapşırıqlar verilmişdi. Polkovnik-leytenant Ramiz Qasımovun döyüş yolu Tərtər istiqamətindən başladı. Düşmənin bir çox hədəflərini dəqiq atəşlə məhv etdi. Onun göstərdiyi ustalıq digər uçuş heyətlərində böyük ruh yüksəkliyi yaratdı.
Onunla eyni istiqamətdə döyüşən kapitan Coşqun Rüstəmov deyir ki, polkovnik-leytenant Ramiz Qasımov "SPAYK" uzunmənzilli raketlərlə silahlanmış "Mİ-17" helikopterində uçuşlar həyata keçirirdi:
"İlk uçuşunda düşmənin bir çox strateji əhəmiyyətli hədəflərini sıradan çıxardı. Həmçinin düşmənin bir neçə OSA zenit raket kompleksini və P19 radiotexniki vasitəsini məhv etdi. Düşmənə sarsıdıcı zərbələr endirdikdən sonra atəşə məruz qaldı, helikopteri vuruldu. Ramiz Qasımov, ilk növbədə, digər ekipaj üzvlərini xilas etmək üçün onlara "atılın" komandası verdi. Qolundan ağır yaralanan polkovnik hündürlüyünü sürətlə itirən helikopterin yaşayış məntəqəsinə düşməməsi üçün onu boş sahəyə yönəltdi. Son anda helikopteri tərk etməyə nail olsa da, paraşütlə yerə düşərkən başından ağır zərbə aldı. Helikopteri vaxtında tərk etsəydı, bəlkə də sağ qalardı. Amma o özünü yox, ilk növbədə, ekipaj üzvlərini və mülki əhalini düşündü".
"Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülmüş şəhid pilot
Polkovnik-leytenant Ramiz Qasımov 25 gün komada qaldıqdan sonra oktyabrın 22-də şəhid oldu. Bu müddətdə hamı onun sağalacağına ümid etsə də, dəmir qanadlı qəhrəmanın həyatını xilas etmək mümkün olmadı. Onun döyüşlərin ilk günü göstərdiyi misilsiz qəhrəmanlıq diqqətdən yayınmadı. Dekabrın 9-da Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə polkovnik-leytenant Ramiz Qasımova ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.
"Ramiz Hərbi Hava Qüvvələrinin ordu aviasiyasında usta pilot idi. Ordu aviasiyasında olan bütün tip vertolyotlarda uçuşlar həyata keçirmişdi. Bütün yeni növ silahların tətbiqinə buraxılışı vardı. Həm təlimatçı, həm sınaqçı pilot idi", - bunu polkovnik-leytenant Rəşad Nadirov öz pilot yoldaşı haqqında deyir. O bildirir ki, şəhid polkovnik-leytenant Ramiz Qasımov artıq uzun müddət idi təqaüd imkanları əldə etmişdi, Ordu sıralarından gedə bilərdi. Amma o, Vətənə xidməti müqəddəs iş hesab edirdi. Deyirdi ki, dövlət bizi oxudub, yetişdirib, biz bu dövlətə canımızı fəda etməliyik. Ordu sıralarından ayrılsaydı, daha yüksək məvacib ala bilərdi, mülki hava yollarında uça bilərdi. Bir neçə xarici dil bilirdi, bir çox fərqlənmələri vardı. Amma qəlbindəki Vətən sevgisi, torpaq yolunda canını fəda etmək arzusu onu şəhidlik zirvəsinə ucaltdı.
Şəhid polkovnik-leytenantın ən böyük arzusu reallaşdı
Onun ən ümdə arzusu Şuşada üçrəngli bayrağımızı dalğalandırmaq idi. Şəhid polkovnik-leytenantın həyat yoldaşı Günel Qasımova belə deyir: "O hərb işini çox sevirdi, vətənpərvər oğul idi. Onun kimi insanın həyat yoldaşı olduğuma görə həqiqətən şərəf duyuram. Evdə çox az olsa da, hərbi verilişləri izləyər, hərbi kitabları mütaliə edirdi. Dəqiqlik sevən insan idi. Öz işi barədə danışmağı xoşlamazdı. Aprel, iyul döyüşlərində çox böyük əməyi oldu. Biz onun bütün qəhrəmanlıqları barədə sonradan xəbər tutduq".
Günel Qasımova deyir ki, Ramiz bizə ancaq xoş xatirələrini qoyub getdi: "Mənə, uşaqlara heç vaxt çətinlik yaşatmayıb. Övladlarına həmişə hörmətlə yanaşırdı. İşinin çox olmasına baxmayaraq, vaxt tapıb onların dərsləri ilə maraqlanırdı, gəzməyə aparırdı, qayğıkeş ata idi. Evin hər işini özü həll edir, mənim üzərimdə bir çətinlik qalmırdı. Ona görə, bu gün mənə çətindir, çiyinlərimdə ağır bir yük var. Bilmirəm, onsuz bu yükü daşıya bilərəm, ya yox. Kaş sağ olaydı, Qələbədən özü danışaydı. Vətən sağ olsun".
Oğlunun da hərbçi pilot olmasını arzulayırdı
Günel Qasımovanın sözlərinə görə, Ramiz oğlu Vaqifin də hərbçi pilot olmasını arzu edirdi: "Həmişə deyirdi ki, Vaqif mənim yolumu davam etdirməlidir, hərbçi pilot olmalıdır. Onu başqa sahədə görə bilmirdi. Uşağı indidən hazırlayırdı, onunla hərbi işlə bağlı söhbətlər edirdi, onu da özü kimi vətənpərvər ruhda böyüdürdü. Çalışırdı ki, övladları həyatda düzgün mövqe tutsunlar, ali təhsil alsınlar, savadlı olsunlar. Atalarının adını həmişə uca tutsunlar, layiqli vətəndaş olsunlar. Uşaqlarımızı onun cızdığı düzgün yolla böyütməyə, onun adına layiq olmalarına çalışacam".
Şəhid polkovnik-leytenant Ramiz Qasımovun Vətənə əmanət üç övladı böyüyür. Vaqif, Gülanə və Gülay ataları üçün çox darıxsalar da, onunla fəxr edirlər.
Tarix: 15-12-2020, 04:25