Ona bu zülmü vermək istəməzdim, amma mən artıq şəhidlik zirvəsindəyəm…Şəhidlərinin xatirəsinə həsr olunmuş "Olmayan Bir Müsahibə ..." - FOTO
Azərbaycan yazıçı Nərminə Məmmədzadə Trend Life-a ikinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş "Olmayan Bir Müsahibə ..." adlı silsilə materiallar təqdim edir.
Bu material Ağaqardaş Abbasova həsr edilmişdir...
Bəzi şeylərı anlamaq olmur, sadəcə hiss etmək olar...
- Salam Ağaqardaş.
- Hər vaxtınız xeyir.
- Danışaq, cənab Baş Leytenant?
- Əlbəttə ki (gülümsəyir).
- Sən həyatını hərbçiliyə həsr etmisən. Hətta aprel döyüşlərində iştirak etmisən. Hardandır vətənə bu sevgi?
- Allahdan və atamdan. Həmişə deyirdim ki Şuşaya bayraq taxacam, amma qismət olmadı, təəssüf...
- Sənin bu qəhrəmanlığın Şuşaya o bayrağın sancılmağına ən böyük zəmin idi.
- Mən də çalışıram elə fikirləşim...
- Elədir ki, var. Sən bilirsən ki, qızın olacaq fevral ayında?
- Hə, bilirəm... Elə heyfslənirəm ki, yoldaşımın yanında olmayacağam. Amma bilirəm ki, atam balama baxacaq.
- Atanla danışmışam... O sentyabrın 28-dən noyabırın 4-ə kimi səni axtarıb... Hər gün Zərdab - Füzuli yolu.
- Biz yeddi nəfər idik, neytralda galmışdıq elə sentyabrın 28-i... Şəhid olan günü... Əslində o gün mənim ad günüm idi (gülümsəyir). Yəqin Allaha lazım idim.
- Allah ən yaxşıları yanına çağırır.
- Ola bilər...
- Bir şey soruşum, niyə tarix müəllimi olmaq istəmədin?
- Mənlik deyil (gülür). Bir mahnı var, çalışım sizə bir az oxuyum.
O gün gelecek qəm yemə, qəm yemə.
O, vaxt dönəcəm mən sənə, mən sənə.
Hələ yad əldədi yurdumuz-yuvamız ,
Bitib tükənməyib o qan davamız.
Hay ver mənə cənab leytenant,
Hay ver mənə leytenant.
Xoş müjdəli bir savaşdan,
Pay ver mənə leytenant...
- Deyəsən sevdiyin mahnıdır?
- Bəli, çox bəyənirəm bu mahnını. Bilirsiniz, bu mahnıda mənim ürəyimdə olan hisslər var, onları heç başa sala da bilmirəm. Amma, mən bilən, siz başa düşəcəksiniz niyə tarix müəllimi olmadım.
- Hə, çox yaxşı başa düşürəm. İnsan sevmədiyi işlə məşgul olanda xoşbəxt ola bilməz.
- Əlbəttə ki!
- Ürəyində nə isə qalıb?
- Atama ayın 28-i zənq edə bilmədim, axı mənim ad günüm idi...
- Atan səni o qədər axtarıb ki...
- Atam elə bil ki "Yalan" kinosunu yaşayıb... Ona bu zülmü vermək istəməzdim, amma mən artıq şəhidlik zirvəsindəyəm, mənimlə fəxr etsin, mənim balama baxsın və mənim onun yanında olmamağımı bağışlasın...
Tarix: 15-12-2020, 04:36