Orada olanda qoy məni bərkdən çağırsınlar. Mən eşidəcəyəm... - FOTO
Azərbaycan yazıçısı Nərminə Məmmədzadə Trend Life-a ikinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş "Olmayan Bir Müsahibə ..." adlı silsilə materiallar təqdim edir.
Bu material Samir Bayramova həsr edilmişdir...
Salam, Samir.
Salam.
Anarla danışmışam. Sizin ailəniz Kəlbəcərdəndir, amma sonradan Göygölə köçmüsünüz.
Bəli, amma artıq qaçqın deyilik (gülür).
Samir, necə oldu sən müharibəyə getdin? Eşitdiyimə görə qardaşların Rusiyada yaşayırlar və səni də oraya çağırırdılar.
Hə, var elə məsələ, amma oralar mənlik deyil. Mən uşaqlıqdan demişəm ki, Kəlbəcəri mən azad edəcəyəm...
Elə də alındı, axı bu qələbə bizim qəhraman ordumuzun sayəsindədir.
Düz deyirsiniz, amma təəsüf Kəlbəcəri görmədim, Murovdağda qaldım...
Samir, evliliyi fikirləşmirdin?
Yox (gülür), vaxtım yox idi, məndən gabaq böyük qardaşlarım var.
Bəs sevgi?
Ancaq vətənə (gülümsəyir). Başqa sevgi qismət olmadı. Ürəyimi vətənə vermişdim.
Amma sənin social şəbəkələrdə paylaşmaların sevgidəndir... Qarşılıqsız sevgidən.
Çünki əsl sevgi garşılıqlı olmur. Onu da deyim ki, hər kəs bu həyatda öz yolunu seçir. Mənim yolum Qarabağda bitdi (gülümsəyir).
Samir, hərbçilikdən başqa marağlandığın şeylər var idi?
Maşın xəstəsi idim (gülür). Çox xoşuma gəlirdi. Atam da sürücü olub deyə, boş vaxtımı elə şeylərə ayırmışam.
Oğlanların ən sevimli məşğuliyyətlərindən biri...
Oğlan üşağını cəlb edən silah və ya maşın olur. Mən özümü həmişə hərbçi görmüşəm, babama söz vermişdım ki, ailəm qaçqın olmayacaq. İndi də onlar inşAllah oralara mənsiz köçəcəklər...
Samir, deyəcək sözlərin var?
Əslində var... İstəyirəm ki, Kəlbəcər qabaqkından da gözəl olsun, bizimkilər ora köçsün və...
Nə, Samir?
Orada olanda qoy məni bərkdən çağırsınlar. Mən eşidəcəyəm...
Tarix: 16-12-2020, 06:35