Azərbaycanı xoşbəxt gələcəyə aparan Lider
Azərbaycanı xoşbəxt gələcəyə aparan Lider

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasından sonra qısa tarixi dövr ərzində ümummilli lider Heydər Əliyev uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində ölkəmizin sosial-iqtisadi, siyasi sahələrdə inkişafı reallaşdırılmışdır. Dahi şəxsiyyətin müəyyənləşdirdiyi müstəqillik strategiyasını son 17 ildə inamla davam etdirən və onu yeni çalarlarla zənginləşdirən Azərbaycan Prezidenti İlham Əliyev praqmatik və rasional düşüncəli siyasətçi kimi xalqın gələcəyini zəruri saymışdır.
Ümummilli lider Heydər Əliyev 2003-cü il prezident seçkiləri dövründə cənab İlham Əliyevi şəxsiyyət və dövlət xadimi kimi xarakterizə edərkən deyirdi: “İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir siyasətçidir. Sizi əmin edirəm ki, İlham Əliyev xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirəcək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəkdir. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri, İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə ümidlər bəsləyirəm”.
Ötən illər ərzində dövlət başçısı İlham Əliyev, həqiqətən, hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu fəaliyyəti ilə sübut etdi. Son illərdə respublikamızda həyata keçirilən taleyüklü tədbirlər, ölkəmizin qüdrətlənməsi, insanların rifah halının yüksəlməsi, Azərbaycanın qısa müddət ərzində Qafqazın lider dövlətinə çevrilməsi, beynəlxalq arenaya çıxması, dünya dövlətləri sırasında özünə layiqli yer tutması bunun bariz ifadəsidir. Şübhəsiz ki, əldə edilən bütün bu uğurlarda İlham Əliyev fenomeni mühüm rol oynamışdır. Azərbaycan Prezidenti ölkədə sabitliyi, dinamik inkişafı təmin etmək üçün, ilk növbədə, vətəndaş həmrəyliyini, qarşılıqlı münasibətləri, cəmiyyətdə sağlam iqlimin yaradılmasını diqqət mərkəzində saxlamış, şəxsi nümunəsi ilə insanlar arasında dövlətə, dövlətçiliyə inam, etibar hissini gücləndirmişdir. Eyni zamanda, vətəndaşlarda öz ölkəsini sevmək, Vətənin sərhədlərini göz bəbəyi kimi qorumaq hissinin aşılanmasına mühüm önəm vermişdir.
İlham Əliyev Prezident seçildiyi elə ilk gündən uzaqgörən dövlət xadimi olaraq iqtisadiyyatın birqütblü, birtərəfli inkişafının, ölkənin neft gəlirlərindən asılılığının yolverilməz olduğunu qətiyyətlə bəyan etdi. Azərbaycanda qeyri-neft sektorunun işlək hala salınmasının, sahibkarlığın vüsət almasının, kənd təsərrüfatının dinamik inkişafının bərpası istiqamətində təcili, təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinin zəruriliyini bildirdi. Bu, gənc, müstəqil bir dövlətin hərtərəfli inkişafı üçün atılan qətiyyətli addımlar idi. Dövlətimizin başçısı inkişaf tempi ilə hamını heyrətdə qoyan, Avropanın ən gözəl şəhərlərindən birinə çevrilən paytaxt Bakıdakı işgüzar ab-havanı regionlara köçürdü. Rayonlarımıza ardıcıl səfərləri, hər bir bölgəni diqqət mərkəzində saxlaması ilə abadlıq-quruculuq işlərinin miqyasını genişləndirdi. Yeni yolların çəkilməsi, sənaye obyektlərinin istifadəyə verilməsi, müasir tibb müəssisələrinin tikilməsi, park və xiyabanların salınması, yeni məktəb və bağçaların öz qapılarını balalarımızın üzünə açması bu vətənpərvər, müdrik dövlət xadiminin xalqa nə qədər yaxın, doğma, əziz olduğunu göstərdi.
Azərbaycan Prezidenti İlham Əliyevin 17 ildə gördüyü əzəmətli, möhtəşəm işlər, gerçəkləşdirdiyi layihələr, doğrudan da, hər bir azərbaycanlıda qürur, fəxarət hissi doğurur. Cənab İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan idmançılarının qazandığı böyük uğurlar ölkəmizi dünyanın tanınan idman dövlətləri sırasına çıxarmışdır. Ən qısa vaxt ərzində respublikamızda inşa olunan nəhəng idman kompleksləri, ölkəmizdə keçirilən ilk Avropa və İslam Həmrəyliyi oyunları, “Formula-1” yarışları Azərbaycanın Avropada, dünyada nüfuzunu daha da gücləndirmişdir. Ötən müddətdə Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin Azərbaycanın balanslaşdırılmış xarici siyasət kursunu uğurla davam etdirmiş, bu sahədə müasir Avropa və dünya siyasətinin incəliklərinə dərindən bələd olduğunu sübuta yetirmişdir. Azərbaycan Prezidenti tarixi İpək yolunun bərpası üçün bütün müqavimətlərə baxmayaraq, qətiyyət nümayiş etdirmiş, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin çəkilişinə nail olmuş, bu strateji layihənin gerçəkləşdirilməsi ilə Azərbaycanı türk dünyası, eləcə də Asiya və Avropa ilə daha da yaxınlaşdırmışdır. Dövlətimizin başçısı prezidentlik fəaliyyətində Azərbaycanın karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılması üçün neft və qaz boru kəmərləri marşrutlarının şaxələndirilməsinə, alternativ ixrac istiqamətlərinə mühüm önəm vermişdir. İlk dəfə bu təşəbbüslə çıxış edən ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi-iqtisadi strategiyanı yüksək qiymətləndirmişdir.
Azərbaycan qazının Türkiyəyə və oradan Avropaya nəqli üçün inşa olunan Trans-Anadolu boru kəməri (TANAP), qazın Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) layihələrinin uğurla gerçəkləşməsi Prezident İlham Əliyevin müdrik dövlət xadimi olmasının bariz ifadəsidir.
“Biz bu gün böyük iftixar hissi ilə deyirik ki, Azərbaycan Respublikasının Milli Ordusu - respublikamızın milli təhlükəsizliyini, əhalimizin əmin-amanlığını və mühafizəsini təmin etmək üçün, ölkəmizin sərhədlərinin qorunması, ərazi bütövlüyünün, torpaqlarımızın müdafiə edilməsi üçün Azərbaycanın layiqli Silahlı Qüvvələri vardır”— deyən möhtərəm Prezidentimiz qısa müddət ərzində müstəqilliyin və suverenliyin yeganə təminatçısı olan güclü Silahlı Qüvvələrin yaradılmasına nail olmuşdur.
İllər öncə Azərbaycan qarşıya qoyduğu hədəflərə uğurla yetişib. Ali Baş Komandanın qeyd etdiyi kimi, 30 ilə yaxın bir müddətdən sonra Azərbaycanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi probleminin həllinə nail olduq. Dövlət başçısı bu problemin siyasi yolla həllinə çalışsa da, torpaqlarımızın azad edilməsi üçün lazımi məqamda qətiyyətli addımların atılacağını da heç zaman istina etməyib.
Nəhayət, torpaqlarımızın azadlığı uğrunda sentyabr ayının 27-dən başlanan və 44 gün davam edən müqəddəs savaş da bunu təsdiq etdi. Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə Azərbaycan Ordusu 30 ilə yaxın idi davam edən erməni işğalına cəmi 44 gün ərzində son qoyaraq xalqımızın möhtəşəm qəhrəmanlıq salnaməsini yaratdı.
Bu savaşı, bu Qələbəni xalqımız 30 il idi ki, gözləyirdi. Bununla belə hər bir zəfərin, hər bir uğurun mütləq zamana ehtiyacı var. Həmin zamanı yetişdirənlər isə öz xalqının taleyi ilə yaşayan dahi şəxsiyyətlər, liderlərdir. Xalqımızın böyük oğlu, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi və möhtərəm Prezident İlham Əliyevin son 17 ildə layiqincə davam etdirdiyi siyasi kurs da bizim üçün torpaqlarımızın işğaldan azad edilməsinin zamanını yetişdirdi. Bu zamanın əsas tələbləri isə Azərbaycanın güclənməsi, ordumuzun döyüş qabiliyyətini artırması idi. Beləliklə, müdrik rəhbər, düzgün zaman, güclü dövlət və qüdrətli ordu formulu, o cümlədən milli həmrəyliyimiz torpaqlarımızın azad edilməsini şərtləndirən əsas amillər oldu.
Silahlı Qüvvələrimizın əzm və rəşadəti uzun illərdir ki, bu anı gözləyən xalqımızın hədsiz sevincinə, vətənpərvərlik və milli qürur hisslərinin alovlanmasına səbəb oldu. Bir daha təsdiqləndi ki, Azərbaycan xalqının milli maraqlarını daim önə çəkən, mürəkkəb geosiyasi məkanda qətiyyətli, düzgün qərarlar qəbul etmək cəsarəti ilə seçilən lideri, rəhbəri var! Və hər birimiz tam əminik ki, İlham Əliyevin müdrik siyasəti nəticəsində bu yol əbədiyyətə qədər davam edəcək.

Tarix: 25-12-2020, 12:34