“Daxili işlər naziri cənab Vilayət Eyvazova təşəkkürümü bildirirəm”
Azərbaycan polisi — Daxili İşlər Nazirliyinin strukturuna daxil olan, həmçinin “Polis haqqında” Qanununa əsasən Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanıdır. “Polis haqqında” Qanunun 3-cü maddəsinin 1-ci hissəsində qeyd olunub ki, Azərbaycanda polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini, mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdan ibarətdir. Həmçinin bu Qanunun 5-ci maddəsinin 1-ci bəndində də qeyd olunub ki, polis üzərinə düşən vəzifələrini yerinə yetirərkən irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, bütün şəxslərin Azərbaycan Respublikasının Konstitusiyasında və tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə nəzərdə tutulmuş hüquqlarını və qanuni mənafelərini hüquqa zidd əməllərdən qoruyur.
Faktdır ki, ötən ilin əvvəllərindən başlayaraq bəşəriyyəti ağuşuna alan, həmçinin ölkəmizdə geniş yayılan koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində, Daxili İşlər nazirliyinin əməkdaşları operativ fəaliyyət göstərdilər. Yəni, belə bir vaxtda Azərbaycan polisi hər kəsin tibbi maskalardan istifadə etməsinə, sosial məsafə saxlmasına, küçəyə çıxmaq üçün icazənin olub-olmamasına, paralel olaraq ictimai asayişin qorunub saxlanmasına çalışdılar. Bir sözlə, xüsusi karantin rejimi qaydalarının tətbiq olunduğu vaxtlarda Azərbaycan polisi üzərinə düşən vəzifələrinin öhdəsindən layiqincə gəlməyi bacardı. Bütün bunlar onu sübut edir ki, polis əməkdaşları hər zaman ölkə əhalisinin təhlükəsizliyinin təmin olunmasında, ictimai asayişin qorunub saxlanmasında, qanun-qaydanın bərpasında və s. xüsusi rola malik olurlar. Adicə bir faktı qeyd edim ki, bir neçə gün bundan öncə üz-üzə qaldığımız olayın varlığı, məhz yuxarıda qeyd etdiklərimi bir daha sübuta yetirir. Belə ki, azyaşlı övladım Abşeron rayonu, Masazır qəsəbəsində yaşadığımız evdən küçəyə çıxır və o, yolu azaraq başqa istiqamətə üz tutur. Bir neçə saat qonşularla birlikdə azyaşlı övladımızın axtarışını həyata keçirsək də, son anda nəyəsə nail ola bilmədik. Nəhayət, bir qədər vaxt keçdikdən sonra bizə xəbər çatdırdılar ki, ərazidə xidməti vəzifələrini yerinə yetirən Abşeron RPİ post-patrul xidmətinin əməkdaşları Mikayıl Məmmədov, Rəvan Qarayev və Əli Quliyev azyaşlı uşağın hərəkətlərində şübhəli davranışları hiss edirlər və dərhal ona nəvazişlə yaxınlaşıb uşağı yaxınlıqdakı dükana aparırlar. Hətta azyaşlını sakitləşdirmək məqsədilə, ona mağazadan istədiyi hər şeyi alacaqlarını da vəd edirlər. Çox keçmədi ki, post-patrul xidmətinin əməkdaşları uşağı bizə təhvil verdilər və sevincimizin üstünə yeni bir sevinc hissi qatdılar. Belə bir sevinc hissini ailəmizə yaşadan və yuxarıda adlarını hallandırdığım post-patrul xidmətinin hər üç əməkdaşına şəxsən minnətdarlığımı bildirirəm.
Hörmətli Vilayət müəllim! Şəxsən Sizə də minnətdarıq ki, bu gün xidməti borcunu şərəflə yerinə yetirən və hər an ayıq-sayıqlıq nümayiş etdirən belə bir polis əməkdaşlarımız var. Bundan əlavə, Abşeron RPİ-nin rəhbərliyinə və şəxsi heyyətin hər bir üzvünə də, məhz dərin minnətdarlığımızı çatdırırıq. Baş verən olay bir daha onu sübut etdi ki, bu gün Abşeron polisi də xalqın keşiyində şərəflə, vicdanla xidməti borcunu yerinə yetirməkdədir. Biz bir daha əmin olduq ki, hər cür çətin və anlaşılmaz hallarda tək deyilik və bu gün bizi güclü, ayıq-sayıq Azərbaycan polisi qoruyur. Bir sözlə, bu gün daşıdığı adına, tutduğu mövqeyinə, milli dövlətçilik idealogiyasına sadiq qalan, xalqının daha çox etimadını qazanan, Vətəninə, xalqına ləyaqətlə, şərəflə xidmət edən polis əməkdaşlarımız var. Odur ki, eşq olsun Azərbaycan Polisinə!
Arif Məmmədov
Nyus.Az saytının təsisçisi və baş redaktoru.
Tarix: 8-05-2021, 07:18