Müstəqil Azərbaycanı Zəfər yoluna çıxaran lider
Ümummilli liderimiz, Azərbaycanın dünyaya bəxş etdiyi dahi şəxsiyyət Heydər Əliyevin həyatı doğma xalqına, canından əziz bildiyi Vətəninə, soydaşlarına xidmət etmək nümunəsidir. Onun şərəfli ömrünün bütün dövrləri buna əyani sübutdur. Ulu öndərimizin “Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır”- ifadəsi ömrü boyu bu böyük insanın başlıca məfkurəsi və həyata keçirdiyi bütün işlərdə əsas ideyası olmuşdur.
Dahi öndər hələ Azərbaycana rəhbərliyinin birinci dövründə – 1969-1982-cit illərdə bütün varlığı ilə sevdiyi xalqının xoşbəxt gələcəyi naminə əlindən gələni əsirgəməmişdir. Qısa müddət ərzində ümummilli liderimiz Azərbaycanı o vaxtkı SSRİ-nin geridə qalmış, aqrar bölgəsindən güclü sənaye respublikasına, elm, mədəniyyət və təhsil sahələrində böyük nailiyyətlərin əldə olunduğu çiçəklənən bir diyara çevirmişdi. Bugünkü müstəqil Azərbaycanın təməli məhz Heydər Əliyev dühası, uzaqgörənliyi və böyük zəhməti sayəsində təşəkkül tapmışdır.
1993-cü ildə ölkəmizin başını qara buludlar alanda, Azərbaycan bir dövlət kimi dünya xəritəsindən silinmək təhlükəsi qarşısında qalanda xalqımız yeganə ümid yerinə – dahi şəxsiyyət və böyük vətənpərvər Heydər Əliyevə üz tutdu, ona pənah gətirdi. Doğma xalqının təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan ulu öndərimiz tez bir vaxt ərzində səriştəsiz rəhbərlərin “fəaliyyəti” nəticəsində məhv olan Azərbaycanı, sözün əsl mənasında, həyata qaytardı. Ümummilli liderimiz öz zəngin idarəçilik təcrübəsi, əzmkarlığı və prinsipiallığı sayəsində qısa müddətdə ölkəmizdə sabitliyi bərqərar etdi, cəbhədə atəşkəsə nail oldu, iqtisadiyyatımızı labüd fəlakətdən xilas etmək üçün təcili tədbirlər görməyə başladı. Heydər Əliyev Azərbaycanın yeni neft strategiyasının müəllifi oldu, bütün çoxsaylı maneələrə və təzyiqlərə baxmayaraq, həmin proqam 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” ilə reallaşmağa başladı. Dahi siyasətçinin ərsəyə gətirdiyi bu layihə müstəqil dövlətimizin qüdrətli inkişafının rəhni oldu.
Ulu öndərmizin rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası vətəndaş cəmiyyəti quruculuğunun hüquqi əsaslarını yaratmışdır. Ölkəmizdə çoxpartiyalılıq əsasında demokratik parlament seçilmiş, siyasi plüralizm, söz, mətbuat, vicdan və sair azadlıqlar bərqərar olmuşdur. Ümummilli liderimizin “Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır” – deyimi Konstitusiyanın 1-ci maddəsində təsbit olunmuşdur.
Heydər Əliyevin apardığı uğurlu xarici siyasət Azərbaycanın bir çox ölkələrlə, mötəbər beynəlxalq təşkilatlarla əlaqəsini gündən-günə möhkəmləndirdi. Bu gün Azərbaycanın ATƏT, Avropa Şurası, NATO Parlament Assambleyası, İslam Konfransı Təşkilatı və digər beynəlxalq təşkilatlarla sıx əlaqə saxlaması və bu qurumlarda bilavasitə iştirakı hüquq islahatları sahəsində təcrübə qazanmaqda respublkamıza çox böyük fayda verir.
Azərbaycanın dünya miqyasında tanınması ümummilli liderimiz Heydər Əliyevin adı və şəxsiyyəti ilə bağlıdır. Məhz bu dahi şəxsiyyətin rəhbərliyi ilə Azərbaycan bütün dünyaya sübut etdi ki, o müstəqil yaşamaq istəyir və ərazisinin sahibi olmağa, bütün sərvətləri ilə bağlı müstəqil qərar qəbul etməyə qadirdir. Azərbaycan Heydər Əliyevin, bu gün isə möhtərəm Prezidentimiz İlham Əliyevin yeritdiyi uğurlu xarici siyasət sayəsində dünya birliyində layiqli yer tutmuşdur.
Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf kursu, ulu öndərimizin Azərbaycanın qüdrətlənməsinə və xalqımızın rifah halının yaxşılaşmasına yönəlmiş siyasəti bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən əzm və uğurla davam etdirilir.
Yüz minlərlə yeni iş yerlərinin yaradılması, regionların sosial-iqtisadi inkişafı, yaşayış səviyyəsinin gündən-günə yüksəldilməsi, elm, təhsil, səhiyyə, mədəniyyətin inkişafına dövlət qayğısının artması, Azərbaycanın enerji idxal edən ölkədən enerji ixrac edən ölkəyə çevrilməsi, insan hüquq və azadlıqlarının əsas məqsədlərdən biri olması, balanslaşdırılmış xarici siyasət kursu və hərbi qüdrətinin artırılması möhtərəm dövlət başçımız İlham Əliyevin fəaliyyətinin əsas qayəsini təşkil edir.
Ulu öndərin hüquqi və demokratik dövlət quruculuğu xəttini dövrün tələblərinə uyğun davam etdirən Prezident İlham Əliyev ötən 20 il ərzində ölkədə insan və vətəndaş hüquq və azadlıqlarının təmini istiqamətində kompleks tədbirlər həyata keçirmişdir. Məhz 2003-cü ildə Azərbaycan Prezidenti seçilərkən, xalqımızın qarşısında and icərkən verdiyi sözü tutub, düşmən işğalına son qoydu, suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etdi. 2020-ci ilə qədər münaqişənin dinc yolla nizama salınmasında yeganə məqsəd məhz Vətən övladlarımızın şəhid olmasının qarşısını almaq idi. Təəssüf ki, Ermənistan heç zaman sülh istəmədi, işğalçılığına son qoymadı, təcavüzü dayandırmadı, əksinə sistemli olaraq təxribatlar törətdi.
Necə ki, 2020-ci ilin 10 noyabr tarixində üçtərəfli bəyanat imzalanarkən Qarabağdan çıxarılmasını üzərinə vəzifə olaraq götürdü, lakin, 3 ilə yaxın müddət ərzində yenə bu öhdəliyini icra etmədi, qoşunlarını Qarabağdan çıxartmadı. Nəticə etibarı ilə bu ilin sentyabr ayının 19-da başlamış və 24 saatdan da az davam edən lokal xarakterli antiterror əməliyyatları zamanı düşmənə növbəti dəfə sarsıdıcı zərbə vuruldu. Azərbaycan Ordusu yüksək peşəkarlıq göstərək hərbi obyektləri sıradan çıxarıb, strateji yüksəklikləri ələ keçirdi və nəticədə düşməni təslim olmağa məcbur etdi. Bu təslimiyyət özü ilə birlikdə qondarma rejimin də birdəfəlik sonunu gətirdi.
Ölkəmizdə bütün sahələrdə böyük inkişaf və tərəqqi davam edir. Azərbaycan artıq regionun lider dövlətinə çevrilmişdir. Hər bir azərbaycanlı bu uğurlara görə ümummilli liderimiz Heydər Əliyevə və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevə borcludur.
Azərbaycanın xilaskarı, Azərbaycan dövlətinin memarı və qurucusu, bütün şərəfli ömrünü xalqının səadətinə həsr etmiş Heydər Əliyev xalqımızın qəlbində və tariximizdə əbədi yaşayacaqdır.
Nizami ƏLİYEV,
"Qaradağ” şadlıq sarayının icracı direktoru.
Tarix: 12-12-2023, 12:34