İlham Əliyev: “Düşmən Kəlbəcərdəki dağıntılara görə cavab verəcək”
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuliyə və Cəbrayıla səfər ediblər.
Virtualaz.org-un məlumatına görə, Cəbrayılın mərkəzinə gələn dövlətimizin başçısı bildirib ki, şəhərdə bir dənə də olsun salamat bina qalmayıb.
“Bir dənə də bina qoymayıblar. Yalnız o tərəfdə özləri üçün hərbi hissə tikiblər. Bütün qalan infrastruktur, evlər, məktəblər, binalar, ictimai binalar hamısı düşmən tərəfindən sökülüb. Onlar buna görə beynəlxalq məhkəmələrdə cavab verəcəklər.
Mən demişəm, bir daha demək istəyirəm, beynəlxalq qurumlar, ekspertlər gələcək, bütün ziyan hesablanacaq, 30 il ərzində bizə vurulmuş zərər nəzərə alınacaq və onlara qarşı təzminat iddiası qaldırılacaq. Bugünlərdə Kəlbəcəri dağıdan, meşələri qıran, binaları, məktəbləri yandıran düşmən onun da cavabını verəcək. Onlar düşünürdülər ki, bu dağıntılardan sonra heç vaxt Azərbaycan əhalisi bura qayıtmayacaq. O məqsədlə buraları dağıdıblar. Amma səhv ediblər. Biz qayıtmışıq, durmuşuq burda, öz doğma torpaqlarımızda, Cəbrayıl şəhərində. Bütün buraları yenidən bərpa edəcəyik”,- deyə dövlət başçısı vurğulayıb.
Tarix: 17-11-2020, 05:13