Saleh Məmmədovun agentliyinə tabeli qurumda “bir qızın iki adaxlısı” olur

Son vaxtlar vəzifə sahibi olan bəzi şəxslərin daşıdıqları vəzifələrindən sui-istifadə etmləri, qanunun tələblərinə əməl etmək əvəzinə həmin şəxslərin hər cür qanunsuzluqlara qol qoymaları səbəbindən və s. bu gün də ictimai həyatımızda çoxsaylı problemlər əmələ gəlməkdədir. Belə vəzifə sahibi olan şəxslərdən biri də, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədrinin müşaviri Şahin İbadov və ona bağlı olan ayrı-ayrı vəzifə sahiblərdirlər. Əldə etdiyimiz müəyyən məlumatlara görə həmin şəxslər hal-hazırda nə qanun sayırlar, nə də ki, mövcud qanunvericiliyin tələblərinə məhəl qoyurlar. Qeyd edək ki, Azərbaycan Dövlət Avtomobil Yolları Dövlət Agentliyi dövlətimiz üçün olduqca strateji əhəmiyyət kəsb edən sahələrdən biri hesab olunur. Belə bir səbəb üzündəndir ki, bu sahədə əmələ gələn problemlərin varlığı daim hər kəsi, ələlxüsus KİV nümayəndələrini düşündürən məsələlərdən biri olur.
Onu da bildirək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Azərbaycan Respublikasının avtomobil yolu təsərrüfatı sahəsində xidmət göstərilməsi, balansında olan avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, tikilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılması və onların vəziyyətinə nəzarət edilməsi, habelə yol infrastrukturunun inkişafı ilə bağlı digər işlərin kompleks şəkildə aparılmasının təmin edilməsi sahəsində fəaliyyətlə məşğul olan publik hüquqi şəxsdir. Yəni, bütün bunlar onu qeyd etməyə əsas verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və ona tabe olan struktur vahidləri olduqca strateji əhəmiyyət kəsb edən, həmçinin məsuliyyətli bir sahəyə cavabdehlik daşıyırlar. Bütün bunlara baxmayaraq, hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsini daşıyan, əməkdar mühəndis fəxri adına sahib olan Saleh Ərşad oğlu Məmmədovun rəhbərlik etdiyi qurumun sturuktur vahidlərində çoxsaylı biabırçılıqlar baş alıb getməkdədir. Belə ki, bir neçə gün bundan öncə redaksiyamıza Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Dadaş Vasif küçəsində yaşayan Namiq Cavad oğlu Mustafayevin, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevə, baş prokuror cənab Kamran Əliyevə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri cənab Saleh Məmmədova və digər vəzifə sahiblərinə yazmış olduğu şikayət ərizəsinin bir surəti daxil olub. Adı çəkilən bu şəxs şikayət ərizəsində qeyd edir: “Mən beton zavodu üzrə mütəxəssis olduğumdan, bir müddət bundan əvvəl Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədrinin müşaviri Şahin İbadov, iş təklif etmək məqsədilə məni agentliyə dəvət etdi. Əslində bu şəxsin başlıca məqsədi məni Hacı adlı şəxsin rəis olduğu 17 saylı Yol İstismar İdarəsindən işdən çıxartmaq və kürəkəni Zamiq adlı şəxsin rəhbəri olduğu beton zavoduna müdir göndərmək idi. Elə ki, müşavir Şahin müəllimlə və onun kürəkəni Zamiq müəllimlə ayda 2 (iki) min manat əmək haqqı alacağımla bağlı razılığa gəldik və mən işə başladım, o halda bəlli oldu ki, rəhbərlik edəcəyim bu zavodun başqa müdiri var. Həmin vaxt onu da dərk etdim ki, adı çəkilən bu şəxslər məni zavoda rəhbər şəxs olaraq deyil, məhz mənim təcrübəmdən istifadə etmək məqsədilə gətirmişlər. Elə ki, belə bir oyundan xəbərdar oldum, o halda atılan addımlara qəti etirazımı bildirdim, hətta Şahin İbadovun oğlu Namiq İbadova da zəng edib, məhz ona da narazılığımı bildirdim. Belə bir vəziyyət alındıqdan sonra məni Qaradağ rayonunun Müşfiq qəsəbəsində, hansı ki, Şahin İbadovun yaxın qohumu olan Vüsal Kərimovun rəis olduğu 4 saylı Yİİ-də operator vəzifəsinə qəbul etdilər. Bu vəzifəni daşımağıma görə ayda mənə 1700 manat əmək haqqı veriləcəyinə vəd də verdilər. Qeyd edim ki, əvvvəllər 4 saylı Yİİ-də işləmişdim və bu idarədə işlədiyim vaxtlarda əmək haqqı kartım məndə qalırdı. Elə ki, bir daha 4 saylı Yİİ-də işə başladım, o halda Vüsal Kərimov ayda əmək haqqı kartıma 400 manat vurulacağını, yerdə qalan 1300 manat pulun isə paket halında çatdırılacağını bildirdi. Əldə etdiyimiz belə bir razılaşma 4 ay yerinə yetirilsə də, 4 aydan sonra 400 manat əmək haqqım verildi, 1300 manat paket pullarım isə verilmədi. Yəni, 7 ay belə vəziyyət formada davam etdi. Mən 4 saylı Yİİ-də işlədiyim vaxtlarda o halların şahidi oldum ki, bu idarədə bütün vəzifələr qohumbazlar tərəfindən ələ keçirilib, idarənin balansında işlək vəziyyətdə olan əksər texnikalar, o cümlədən bir neçə “Kon”, material yükləyən, asfalt “uklatçiki” olan maşınlar, asfalt presləyən katoklar, ekskvatorlar və s. ucuz qiymətə “spisat” olunur və müşavir Şahin İbadovun Dərnəgüldəki “qaraj”ına yığılır. Az sonra həmin texnikalar bu şəxsə bağlı olan şirkətlərə ucuz qiymətə sənədləşdirilərək satılır. Bütün bunlar büdcə vəsaitlərinin “altından girib üstündən çıxmaq” deməkdir.
Onu da qeyd edim ki, mən talış xalqının nümayəndəsiyəm və 4 saylı Yİİ-də milli ayrıseçkiliyi yol verilməsi, bu gün də özünü qabarıq şəkildə göstərir. Belə bir faktorun varlığı səbəbindən, bu gün də müşavir Şahin İbadovun “qoluzorluları” məni təhdid edirlərvə onlardan almalı olduğum pullarımı vermirlər. Bu birbaşa ərkəsöyünlükdür, ölkə rəhbəri cənab İlham Əliyevin həyata keçirdiyi ölkədaxili siyasətə qarşı xəyanət deməkdir”.
Bütün bunlar onu göstərir ki, hazırda bir şəbəkə halında birləşmiş bu şəxslər büdcə vəsaitlərinə elə bir formada qənim kəsiliblər ki, bu haqda məlumatı olan hər kəs “ya kar, ya da kor olur”. Məhz, belə bir səbəblər üzündəndir ki, bu gün 4 saylı Yol İstismarı İdarəsinin rəhbəri daşıdığı vəzifəsindən “ikiəlli yapışıb” büdcə vəsaitlərini “tarmar etmək”lə, rəhbərlik etdiyi idarənin texnikalarını “viran qoymaq”la məşğuldur. Belə bir halların varlığı cinayət əməli yaradan hallar olsa da, nədənsə cənab Saleh Məmmədov hər zaman müşavir Şahin İbadovu üzləşəcəyi təhlükələrdən sovuşdura bilir. Çünki, . . .
Bu yöndə araşdırmamız davam edəcək.
Tarix: 22-04-2021, 11:51