11-05-2024, 09:13 | Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
Bu gün "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalının açılışı olacaq.
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə mayın 13-dək davam edəcək festival Şuşa şəhəri ilə yanaşı, həm də Laçın şəhərində keçirilir.
Festivalın proqramı iştirak edəcək ifaçıların zənginliyi ilə yanaşı, həm də repertuar və fərqli təqdimatlarla yadda qalacaq.
Bu ərəfədə Şuşada Cıdır düzündə festivalın son hazırlıqları olub.
11-05-2024, 08:41 | DİM bu imtahanların nəticələrini açıqladı
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 14 aprel 2024-cü il tarixində keçirilən imtahanların nəticələri elan edilib.
DİM-ə istinadən xəbər verir ki, nəticələri elan olunan imtahanlar aşağıdakılardır:
1. Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;
2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı;
3. Qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı;
4. Mart ayında keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı;
5. Eksternat qaydasında XI sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı;
6. Buraxılış imtahanlarında üzrlü səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin XI sinif məzunları üçün buraxılış imtahanı.
1, 2 və 3-cü kateqoriyaya aid olan abituriyentlər imtahan nəticələrini verilən keçiddən https://www.e-gov.az/az/services/read/2641/0?tqdk_xdm=93 öyrənə bilərlər.
4, 5, 6-cı kateqoriyaya aid olan şəxslər isə imtahana nəticələrini öyrənmək üçün bu keçiddən https://eservices.dim.gov.az/2023/netorta/?frm=egov istifadə etməlidirlər.
Abituriyentlər (şagirdlər) imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Bu imtahanlarında iştirakı nəzərdə tutulan 34481 nəfərdən 2758 nəfər imtahana gəlməyib. 12 nəfər isə tələb olunan qaydaları pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib.
İmtahanda ən yüksək nəticəni 296,9 bal toplayan Laçın rayonu, Alxaslı kənd orta məktəbin 2022-ci il məzunu göstərib. Xatırladaq ki, imtahanda toplanılması mümkün olan maksimal bal 300-dür.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 14 may saat 10:00-dan 16 may saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır.
Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:
- Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;
- İmtahan iştirakçılarının müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir
- İmtahan iştirakçılarının apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı "sms" göndərilir.
Bundan sonra şagirdlər (abituriyentlər) apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.
Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.
Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər (abituriyentlər) DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə, həmçinin tapşırıqların şərti və izahlarla (https://eservices.dim.gov.az/ejurnal/) tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. İmtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.
10-05-2024, 09:15 | Ceyhun Bayramov Qazaxıstana getdi
Bu gün xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstan Respublikasına işgüzar səfərə yola düşüb.
XİN-dən verilən xəbərə görə, səfər çərçivəsində Alma-Ata şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iki ölkə arasında "Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş" layihəsi üzrə danışıqlarının növbəti raundunun, habelə Qazaxıstan baş nazirinin müavini, xarici işlər naziri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.
5-03-2024, 12:05 | 8 kəndi hərbi əməliyyatla qaytarmalıyıq - Fəzail Ağamalı
"Ermənistan Fransa və Yunanıstanla alyans yaradaraq onlardan silahlanmaq üçün istifadə etməyə çalışır. Ermənistan hakimiyyətdə olanlardan başlayaraq sadə vətəndaşa qədər revanşist düşüncələrlə Azərbaycana qarşı müharibəyə hazırlaşmaqdadırlar. Azərbaycan müstəqilliyi, suverenliyi uğrunda mübarizə aparır. Biz sona qədər gedəcəyik. Heç bir qüvvənin qarşısında təslim olmayacağıq".
qafqazinfo-ya istinadən xəbər verir ki, bu fikirləri deputat Fəzail Ağamalı Milli Məclisin plenar iclasında bildirib.
"Nə qədər Ermənistan güclü şəkildə silahlanmayıb biz hərbi əməliyyat aparıb işğalda olan 8 kəndi torpaqlarımıza birləşdirməliyik. Düşüncələrimə görə hadisələrin gedişi heç də xoşagələn deyil. Cənublu soydaşlarımıza müraciət edərək deyirəm ki, Vətən müharibəsində olduğu kimi müxtəlif ölkələrdən İran vasitəsilə Ermənistana aparılan silahların qarşısını almaq üçün iradələrini ortaya qoysunlar. Azərbaycanın apardığı siyasət sülhpərvər, bəşəri dəyərlərə söykənən siyasətdir", - deyə deputat vurğulayıb.
5-03-2024, 10:08 | Ruslan Pənahovun atası DANIŞDI: "Çox sevincliyik"
Fevralın 28-də Ermənistan ərazisində saxlanılan Azərbaycan əsgəri Ruslan Eldəniz oğlu Pənahov barəsində cinayət təqibinə xitam verilib.
Ermənistan Milli Təhlükəsizlik Xidməti isə bəyan edib ki, İrəvan əsgəri Azərbaycan tərəfinə təhvil vermək qərarına gəlib.
Musavat.com-un əməkdaşı Ruslan Pənahovun atası Eldəniz Pənahovla əlaqə yaradıb.
"Xəbəri dost-tanışdan, mediadan öyrəndim. Çox sevincliyik. Sizdən öncə də bir media qurumundan zəng vurmuşdular. Hələ ki, rəsmi qurumlardan bizimlə əlaqə saxlayan olmayıb. İnanıram ki, tezliklə övladıma qovuşacam", - Eldəniz Pənahov deyib.
5-03-2024, 10:04 | Bu gün Novruzun ikinci çərşənbəsidir
Bu gün Novruzun ikinci - Od çərşənbəsidir.
Od çərşənbəsi Novruz bayramı ərəfəsində keçirilən ikinci çərşənbədir.
Od türkün ağlında, düşüncəsində müqəddəslik rəmzi kimi yaşayıb, bu rəmzilik günümüzə kimi gəlib çıxıb. Od çərşənbəsinin mahiyyətində odun müqəddəs sayılması, onun insanı hər cür pisliklərdən, şərdən təmizləyəcəyinə, xeyirin qələbə çalacağına inam ifadə olunur. Bu çərşənbə qədim insanların günəşə, oda olan müqəddəs inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar.
Digər çərşənbələrdə olduğu kimi, Od çərşənbəsində də qazanlar qaynamalı, ocağın üstü boş olmamalıdır. Bu çərşənbədə odun, tonqalın yandırılması həmin ilin isti, bərəkətli keçməsinə işarədir. Hələ qədim dövrlərdən insanlar odu qoruyub, oda hörmət ediblər. Qalanan tonqal isə həmişə nəyəsə işarə olub. Bunu "Kitabi-Dədə Qorqud" dastanından da aydın görmək olar. Zərdüştlükdən hələ çox əvvəl insanlar təbiəti canlandıran, torpağı isidən Günəşin yerdəki simvolu olan odu təsəvvürlərində rəmzləşdiriblər. Belə bir etiqad yaranıb ki, insanlar günəşi və odu nə qədər əzizləyib oxşasa, təbiət o qədər tez isinər, adamlara xoşbəxtlik gətirər.
Qeyd edək ki, Yel çərşənbəsi martın 12-də, ilaxır - Torpaq çərşənbəsi isə martın 19-da qeyd olunacaq.
Azərbaycana yaz fəsli martın 20-si Bakı vaxtı ilə saat 07:06:21-də daxil olacaq. Martın 20-21-i Azərbaycanda Novruz bayramı qeyd olunur.
4-03-2024, 11:50 | Yaşı 65-dən yuxarı olan icra başçıları - Siyahı
Yaşı 65-i keçən icra başçılarının siyahısını təqdim edir:
1. Eldar Əzizov, Bakı şəhər icra başçısı - 1957-ci ildə anadan olub, 66 yaşı var.
2. Rafil Hüseynov, Ağcabədi rayon icra başçısı - 1953-cü ildə anadan olub, 71 yaşı var.
3. Novruz Novruzov, Siyəzən rayon icra başçısı - 1954-cü ildə anadan olub, 70 yaşı var.
4. Zakir Fərəcov, Sumqayıt şəhər icra başçısı - 1954-cü ildə anadan olub, 70 yaşı var.
5. Rüstəm Xəlilov, Hacıqabul rayon icra başçısı - 1958-ci ildə anadan olub, 66 yaşı var.
6. Şair Alxasov, Qusar rayon icra başçısı - 1958-ci ildə anadan olub, 66 yaşı var.
7. Malik İsaqov, Qubadlı rayon icra başçısı - 1953-cü ildə anadan olub, 71 yaşı var.
8. Alı Alıyev, Füzuli rayon icra başçısı - 1955-ci ildə anadan olub, 69 yaşı var.
9. Mərdan Camalov, Zərdab rayon icra başçısı -1956-cı ildə anadan olub, 68 yaşı var.
10. Bayram Səfərov, Şuşa şəhər icra başçısı - 1951-ci ildə anadan olub, 73 yaşı var.
11. Mübariz Əhmədzadə, Zaqatala rayon icra başçısı - 1947-ci ildə anadan olub, 77 yaşı var.
12. Adil Məmmədov, Qobustan rayon icra başçısı - 1952-ci ildə anadan olub, 72 yaşı var.
13. Tofiq İbrahimov, Ağdaş rayon icra başçısı - 1954-cü ildə anadan olub, 70 yaşı var.
14. Şahmar Usubov, Xocalı rayon icra başçısı - 1953-ci ildə anadan olub, 71 yaşı var.
15. Malik İsaqov, Qubadlı rayon icra başçısı - 1953-cü ildə anadan olub, 71 yaşı var.
axar.az
4-03-2024, 10:21 | Qarabağa köç edənlərin evləri satışa çıxarıldı - UCUZ QİYMƏTLƏR - VİDEO
Məcburi köçkünlər üçün tikilən evlərin satışı dayandırlmayıb.
Satış prosesinin ötən iyulun 1-dək sonlandırlması gözlənilsə də hələ də satılmayan, öz alıcısını gözləyən mənzillər var.
Bu mənzillərin qiyməti mərtəbəsinə, otaq sayına, ölçülərinə görə fərqlənir. Məsələn, Bakının Ümid qəsəbəsində satışa çıxarılan 83,5 kvadrat metr sahəsi olan üçotaqlı mənzilin qiyməti 58 min 450 manatla 61 min 790 manat arasında dəyişir.
Abşeron rayonundakı yeni yaşayış kompleksində də eyni göstəricilərlə oxşar qiymətə mənzillər təklif olunur. Ramana qəsəbəsində isə satışa çıxarılan, hələ bron edilməmiş, 67 min 320 manata təklif olunan üçotaqlı mənzillər mövcuddur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov Xəzər TV-yə müsahibəsində alıcısını gözləyən boş mənzillərin mövcudluğunu təsdiqlədi.
Mənzilləri alan şəxslər tərəfindən dəyəri tam ödənilməklə onlarla notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanır və sahiblərinə təqdim olunur. Mənzillərin qiyməti isə İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təyin edilmiş orta bazar qiymətindən aşağı müəyyən edilib.
O da bildirildi ki, bir il ərzində mənzillərin təxminən 18-19 faizi satılıb.
28-02-2024, 12:43 | Ermənistan Milli Təhlükəsizlik Xidməti: Azərbaycan Ordusunun hərbçisi saxlanıldı
Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Azərbaycan Ordusunun hərbçisinin saxlanıldığını açıqlayıb.
MTX-dan verilən məlumata görə, fevralın 28-də saat 05:15 radələrində Azərbaycan-Ermənistan şərti sərhədinin Syünik vilayətinin Teğ icması istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi təmas xəttini keçib.
Azərbaycan hərbçisinin Ermənistan ordusunun əsgərləri tərəfindən saxlanıldığı bildirilir.
Hadisə ilə bağlı cinayət işinin başlandığı qeyd olunur.
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb. Hərbi qulluqçumuzun tapılması məqsədilə dərhal başlanılan axtarış tədbirləri davam etdirilir. Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
21-02-2024, 13:31 | Yeni tarixi mərhələdə milli ideya və milli ideologiya
Xəlil Göyüşov,
«Körpü-Bina-Tikinti» MMC-nin sədri .
Otuz ildən çox bizi birləşdirən milli ideya – erməni işğalına son qoyulması və ölkəmizin ərazi bütövlüyünün bərpası – hörmətli Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Milli Ordumuz tərəfindən gerçəkləşdirildi. Şəhidlərimizin qanı yerdə qalmadı, Azərbaycanın bütöv ərazisində suveren hüquqlarımız bərpa edildi.
Bu gün bizi birləşdirən əsas ideya milli birlikdir. Avropa Parlamenti, AŞPA, ABŞ Konqresi, Dövlət Departamenti, Fransa Senatı, Almaniya ölkəmizə qarşı xoşagəlməz addımlar atırlar. Tarixi şəraitin özü, xalqımızın beynəlxalq arenada üzləşdiyi ədalətsizlik və ikili standartlar, indiyəcən məruz qaldığı çətin sınaqlar milli birlik ideyasını bizə diktə edir. Yalnız vahid xalq olaraq və güclü lider ətrafında birləşərək, əsrlərlə arzusunda olduğumuz azad, güclü, firavan, çiçəklənən Azərbaycan qura bilərik. Qarşıda bizi böyük hədəflər gözləyir: dövlətimizin müstəqilliyini möhkəmləndirmək, azad edilmiş əraziləri bərpa etmək, böyük qayıdışı tamamilə gerçəkləşdirmək, sosial-iqtisadi inkişafı sürətləndirərək Azərbaycanı qabaqcıl ölkəyə çevirmək.
Əlbəttə, demokratik və plüralist cəmiyyətdə, çoxpartiyalılıq şəraitində siyasi mübarizə, siyasi maraqların toqquşması, ideoloji və taktiki fikir ayrılıqları təbii haldır. Lakin ümummilli ideya baxımından ən mühüm məsələ, fəlsəfi dillə desək, mübarizə edən əksliklərin vəhdətini qorumaqdan, yəni siyasi ehtirasların cəmiyyətimizi parçalamasına imkan verməməkdən, mübarizə və müzakirələrin konstruktiv məcrada aparılmasına nail olmaqdan ibarətdir. Müasir sivil dünyada bərqərar olmuş parlament quruluşunun özü də məhz bu zərurətdən doğmuşdur və bunu tələb edir.
Biz daxili problemlərin həllinə siyasi şüar və bəyanatlarla deyil, sosial-iqtisadi məsələlərin çözümünü təmin edəcək hüquqi baza və mexanizmlərin işlənib hazırlanması ilə nail ola bilərik. Bu da son nəticədə cəmiyyətin ahəngdar inkişafının başlıca şərti kimi sosial ədalətin bərqərar olması ilə nəticələnməlidir.
Son illərdə ölkəmizin qazandığı böyük nailiyyətlərdən biri də, heç şübhəsiz, nəhəng səylər bahasına əldə olunmuş siyasi sabitlikdir. Bəşəriyyətin tarixi belə bir mühüm həqiqəti ortaya qoymuşdur: müdrik dövlət xadimi о kəsdir ki, cəmiyyətdəki stabilliyi qorumaqla, onun xaos və hərc-mərclik girdabına yuvarlanmasına imkan vermədən müxtəlif islahatlar aparmağı bacarır. Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev bu illər ərzində məhz belə bir müdriklik və məharət nümayiş etdirmişdir. Hesab edirəm ki, bu sabitliyi qorumaq, əslində, hər bir vətəndaşın borcudur. Odur ki, mövcud ictimai-siyasi sabitliyi hər vəchlə qorumağı, milli birliyin pozulmasına səbəb ola biləcək bütün cəhdlərə qarşı qətiyyətlə mübarizə aparmağı birinci dərəcəli vəzifə kimi qarşıya qoymalıyıq. Birlik və həmrəyliyimizin sarsılmazlığını təmin etmək üçün konstruktiv qüvvələrlə dialoqu və əməkdaşlığı inkişaf etdirmək, vətəndaş həmrəyliyinin və milli birliyin həmişəlik bərqərar olmasına çalışmaq, ölkədə mülki cəmiyyətin möhkəm əsaslarının qurulmasına nail olmaq lazımdır. Bunlar həyata keçərsə, milli birliyimizin pozulmasına yönəlmiş cəhdlər təkcə dövlət strukturlarının deyil, bütövlükdə, cəmiyyətin müqaviməti ilə rastlaşar və təbii ki, uğursuzluğa düçar olar.
Bəllidir ki, ölkədə sabitliyin qorunmasında daxili amillərlə yanaşı, xarici faktorlar da mühüm rol oynayır. Odur ki, ölkəmizin müstəqilliyinin möhkəmlənməsinə və beynəlxalq birliyə daha six inteqrasiyasına yönəlmiş tarazlaşdırılmış xarici siyasət xətti dönmədən inkişaf etdirilməlidir.
Bu gün Azərbaycan ictimaiyyətini düşündürən məsələlər içərisində ikisi xüsusi əhəmiyyətə malikdir. Qazandığımız nailiyyətlər və ərazi bütövlüyümüzün bərpası arxayınlıq doğurmamalı, Milli Ordumuzun döyüş qabiliyyətinin ar-tırılması istiqamətində fəaliyyət daim gücləndirilməlidir. Necə deyərlər, “sülh istəyirsənsə, müharibəyə hazır olmalısan!”.
Sosial ədalətə yönəlmiş hüquqi mexanizmlərin işlənməsi ölkəmizdə azad vətəndaş cəmiyyətinin qurulması üçün etibarlı bünövrə rolunu oynayacaqdır ki, bu da dövlətimiz üçün strateji bir vəzifədir. Göstərilən vəzifələrin yerinə yetirilməsi üçün xalqın bütün təbəqələri 7 fevral Prezident seçkilərində olduğu kimi, Vətənimizin cari və strateji maraqlarını təmin etmək qüdrətində olan güclü liderimiz, mahir diplomat, böyük qurucu şəxsiyyət, Qarabağ fatehi İlham Əliyevin ətrafında birləşməli və bu milli birliyimizi bədxahlarımızın hər cür təcavüzkarlığı qarşısında möhkəm sipərə çevirməliyik.