10-05-2024, 09:04 | Bu gün Almatıda Azərbaycan və Ermənistanın XİN başçıları görüşəcək
Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçiriləcək.
Görüş Qazaxıstanın Almatı şəhərində baş tutacaq.
Belə ki, daha əvvəl əldə edilmiş razılaşmalara uyğun olaraq Azərbaycan və Ermənistan XİN başçıları arasında danışıqlar aparılacaq.//report.az/
10-05-2024, 07:14 | Bakıda evlər plana düşdü: Evlər və obyektlər sökülür - VİDEO
Bakının Xətai rayonu, Yusif Səfərov ünvanında yerləşən birmərtəbəli yaşayış evləri və obyektlər sökülür.
Sahibkarlar və sakinlər iddia edirlər ki, kompensasiya ilə bağlı heç bir razılıq əldə olunmayıb.
Onların sözlərinə görə, bir neçə gün öncə məlumat vermədən ərazini hasara alıblar.
Daha ətraflı "ATV Xəbər"in süjetində:
5-03-2024, 12:10 | Pensiyalar bu tarixdə ödəniləcək
Martın 7-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub.
Dövlət Sosial Müdafiə Fondundan verilən xəbərə görə, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.
28-02-2024, 13:52 | Azərbaycanda erkən nikahla bağlı mərasimlərə görə məsuliyyətin müəyyənləşdirilməsi təklif olunur
Azərbaycanda erkən nikahla bağlı mərasimlərə görə məsuliyyətin müəyyənləşdirilməsi təklif olunur.
Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Taliyə İbrahimova bildirib.
Onun sözlərinə görə, erkən nikahlar (uşaq evlilikləri) birbaşa uşaq hüquqlarının pozulmasıdır: "Bu halların qarşısının alınması va cəzalandırılması ilə bağlı mövcud qanunvericilik bazasının təkmilləşdirilməsi zəruridir. Eyni zamanda nikah yaşının azaldılması ilə bağlı istisnanın ləğv edilməsi və erkən evliliklə nəticələnən mərasimlərin keçirilməsinə görə də məsuliyyətin müəyyən edilməsi təklif olunur".
21-02-2024, 14:27 | Bu şəxslərin maaşları artacaq
2024-cü ildə təhsilə ayrılan vəsaitlərin həcmində artımlar nəzərə tutulub. Bu ilə təhsil sektoruna ayrılan vəsaitin məbləği əvvəlki illə müqayisədə, 142.8 milyon manat artırılaraq, 4 milyard 549 milyon manata çatdırılıb. Bu vəsaitin 2 milyard 372 milyon manat vəsaiti birbaşa ümumtəhsil xərcləridir. Əməkhaqqı artımları baxımından digər mühüm məqam bu il büdcədən 93.6 milyon manatın ayrılmasının nəzərdə tutulmasıdır.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki, bu vəsaitin 71 milyon manatı sertifikasiya, 22.6 milyon manatı məktəb direktor və müavinlərinin maaşlarına əlavələrə yönəldiləcək.
"Bu isə o deməkdir ki, sertifikasiyada uğur qazanan müəllimlərin əməkhaqlarında artımlar olacaq. Bu il 30 min müəllimin sertifikasiya imtahanlarında iştirakı nəzərdə tutulur. Mövcud qaydalara əsasən, imtahan mərhələsində 30-50 bal toplayanların əməkhaqqı 10, 51-60 ballıq nəticə göstərənlərin maaşları isə 35 faiz artır.
Diferensial sistemin dəyişdirilməsinə və əməkhaqqı artımlarının müasir qiymətləndirmə sistemlərinə uyğunlaşdırılmasına ehtiyac var. Bu baxımdan, təklif edirik ki, ümumi sualların 80 faizindən çoxunu doğru cavablandırmış, yəni 48 bal toplamış müəllimlərimizin də əməkhaqlarının 35 faiz artırılmasının maliyyə tutumu hesablansın və buna uyğun olaraq müvafiq qaydalara dəyişiklik edilsin", - deyə V.Bayramov əlavə edib.
21-02-2024, 13:42 | Füzulidə 38 çoxmərtəbəli bina inşa edilir
Füzulidə hazırda 38 çoxmərtəbəli bina inşa edilir.
Bu barədə Azərbaycan Respublikası Prezidentinin Qarabağ İqtisadi rayonunun işğaldan azad edilmiş ərazilərində (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev "Qarabağ bölgəsində su və kanalizasiya infrastrukturunun yenidən qurulması" mövzusunda konfrasda çıxışı zamanı deyib.
"Artıq Füzulidə 527 ailə məskunlaşıb. Bu 2 minə yaxın şəxs deməkdir. Bu say növbəti aylarda 846 ailəyə çatacaq. Oraya köçən insanlar işlə təmin olunur.
Qarabağda həyata keçirilən layihələr tarixi hadisələrdir. Bu ərazidə gedən işlərə əmək sərf etmək çox qürurvericidir. Ərazilərin zəngin su ehtiyatları ölkə sənayesi və kənd təsərrüfatı üçün əhəmiyyətli yerə sahibdir.
Lakin baxımsızlıq ucbatından Sərsəng su anbarında vəziyyət yaxşı deyil. Çaylara çirkab tullantıların təmizlənmədən axıdılması, meşələrin qırılması ekoloji fəlakətə səbəb olub", - deyə o bildirib. Trend
14-02-2024, 15:03 | Bu gün istefa verən nazirlərimiz - Siyahı
Azərbaycan Konstitusiyasının 116-cı maddəsinə əsasən bu gün Nazirlər Kabineti istefa verib.
İstefa verən nazirlərin və digər dövlət məmurlarının siyahısını təqdim edir:
Əli Hidayət oğlu Əsədov - Baş nazir,
Yaqub Abdulla oğlu Eyyubov - Baş nazirin birinci müavini,
Əli Cavad oğlu Əhmədov - Baş nazirin müavini,
Şahin Abdulla oğlu Mustafayev - Baş nazirin müavini,
Vilayət Süleyman oğlu Eyvazov - daxili işlər naziri,
Muxtar Bahadur oğlu Babayev - ekologiya və təbii sərvətlər naziri,
Pərviz Oqtay oğlu Şahbazov - energetika naziri,
Fikrət Fərrux oğlu Məmmədov - ədliyyə naziri,
Sahil Rafiq oğlu Babayev - əmək və əhalinin sosial müdafiəsi naziri,
Kəmaləddin Fəttah oğlu Heydərov - fövqəladə hallar naziri,
Fərid Fazil oğlu Qayıbov - gənclər və idman naziri,
Ceyhun Əziz oğlu Bayramov - xarici işlər naziri,
Mikayıl Çingiz oğlu Cabbarov - iqtisadiyyat naziri,
Məcnun Qadir oğlu Məmmədov - kənd təsərrüfati naziri,
Samir Rauf oğlu Şərifov - maliyyə naziri,
Adil Qabil oğlu Kərimli - mədəniyyət naziri,
Zakir Əsgər oğlu Həsənov - müdafiə naziri,
Vüqar Valeh oğlu Mustafayev - müdafiə sənayesi naziri,
Rəşad Nəbi oğlu Nəbiyev - rəqəmsal inkişaf və nəqliyyat naziri,
Teymur Yusif oğlu Musayev - səhiyyə naziri,
Emin Eldar oğlu Əmrullayev - elm və təhsil naziri,
Bahar Əvəz qızı Muradova - Ailə, Qadin və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri,
Fuad Rauf oğlu Muradov - Diasporla İş üzrə Dövlət Komitəsinin sədri,
Mübariz Qəhrəman oğlu Qurbanlı - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri,
Şahin Soltan oğlu Bağırov - Dövlət Gömrük Komitəsinin sədri,
Tahir Yaqub oğlu Budaqov - Dövlət Statistika Komitəsinin sədri,
Anar Adil oğlu Quliyev - Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri,
Rövşən Şükür oğlu Rzayev - Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri,
Vüsal Əfqan oğlu Hüseynov - Dövlət Miqrasiya Xidmətinin rəisi,
Elçin İsağa oğlu Quliyev - Dövlət Sərhəd Xidmətinin rəisi,
Əli Nağı oğlu Nağıyev - Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi,
Orxan Sedyar oğlu Sultanov - Xarici Kəşfiyyat Xidmətinin rəisi,
Mürsəl Qorxmaz oğlu İbrahimov - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi,
Qoşqar İlahi oğlu Təhməzli - Qida Təhlükəsizliyi Agentliyinin sədri,
Fuad Hümbət oğlu Nağıyev - Dövlət Turizm Agentliyinin sədri.
23-01-2024, 14:50 | Sənədsiz evlərin vərəsəlik məsələləri necə HƏLL EDİLİR? - VİDEO
Sənədsiz evlərdə yaşamağın çətinlikləri olduğu kimi, miras məsələlərində də problemlər az deyil. Belə ki, əgər mülkiyyətçi sağ ikən evini çıxarışla təmin etmirsə, onun həyatdan köçməsi ilə mənzilin taleyi də sual altında qalır. Bu zaman isə vəfat edənin ailə üzvləri çıxış yolunu məhkəmlərə üz tutmaqda görürlər.
Xəzər TV-yə istinadən bildirir ki, vəkillər kollegiyasının üzvü Emil Aslanov deyir ki, hazırda məhkəmələrə ən çox edilən müraciətlərdən biri məhz sənədsiz evlərin vərəsəlik məsələləri ilə bağlı olur. Çünki belə mülklər vərəsəliyə daxil edilmir.
Emil Aslanovun sözlərinə görə, əgər mənzil yeni tikilən binadan alınıbsa və alqı satqı sənədi qaydasındadırsa, şəxsin vəfatıdan sonra çıxarışla təmin olunub, vərəsəliyə aid edilə bilər.
Vəkil qeyd edir ki, kənt təsərrüfat təyinatlı torpaqlarda tikilən evlərə də çıxarışın verilməsi mümkün olmur. Yalnız sənədləri qaydasında olan mülklərin varisləri məhkəməyə müraciət edərək öz paylarını rəsmiləşdirə bilərlər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
5-01-2024, 13:11 | Ucuz ət satışı gündəmdə - bazarda 8 manata ət satılır - VİDEO
Bakının "8-ci km bazarı"nda dana əti 15 manat, qoç əti 14 manata təklif olunur.
Ət kəsimi məntəqlərindəki satıcılar deyir ki, hazırda alıcılıq qabiliyyət yüksək olduğundan qiymətlər də münasibdir.
Bazarda hətta kiloqramı 10 manata satılan qoyun əti də var.
İlin-günün bu vaxtında kiloqramı 10 manata satılan ətin alıcıları isə digərlərindən çoxdur.. Niyəsinə gəlincə...
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Milli.Az
29-12-2023, 06:36 | Mənzil bazarında alıcı qıtlığı yaranıb - SƏBƏBLƏR
Hazırda Bakıda mənzil bazarında stabillikdir, əhəmiyyətli dəyişiklik müşahidə olunmur, qiymətlər stabildir.
Respublica.Az xəbər verir ki, bunu Trend-ə əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.
O qeyd edib ki, bazarda alıcı qıtlığı var.
"Vəziyyət ötən ilin müvafiq dövrü ilə müqayisəolunmaz hala gəlib. Ötən il bazarda Rusiyadan, Ukraynadan çox böyük axın var idi, həm insanların axını, həm də pul axını var idi. Ona görə də ötənilki bazar tamamilə fərqli idi.
Bu il isə biz qayıtmışıq təqribən 2017-ci il səviyyəsinə. Bütün hallarda qiymətdə azalma yoxdur.
Ancaq artım da yoxdur, stabildir. Şirkətlər də müxtəlif kampaniyalar keçirir. Görürlər ki, alıcı qıtlığıdır və ona görə də kampaniyalara getməyə məcburdurlar", - deyə R.Osmanlı əlavə edib.
Respublica.Az