“Cüneytin qızı rolunu oynayacaqdım, görüşəndə ondan soruşdum ki..” - FOTO
Əfsanəvi türkiyəli aktyor Cüneyt Arkının ölüm xəbəri yerli sənətçilərimizi də təsirləndirib. Xalq artisti Nübar Novruzova aktyorun ölümündən dərin hüzn keçirdiyini və onunla görüşünü belə xatırlayıb.
Sənətkar bu haqda moderator.az-a danışıb.
"Əlbəttə ki, Cüneyt Arkının dünyasını dəyişməsi mənə çox təsir etdi. Təxminən 1991-ci il idi, o Bakıya gəlmişdi. Bir film layihəsi var idi, orada birlikdə çəkilməli idik. Mən Cüneyt Arkının qızı rolunu oynayacaqdım. Daha sonra mən ailə həyatı qurdum, çəkilmədim. Daha sonra həmin filmin aqibəti mənə də qaranlıq qaldı. Çünki Türkiyəyə getməli idim, o dövrdə Özbəkistanda da bir filmə çəkiləcəkdim, ona da çəkilmək alınmadı. O vaxt mən çəkildiyim tamaşaların görüntülərini görmüşdü, çünki öncədən onlara baxmışdı, öz fikirlərini söyləyirdi. Nazim Hikmətin "Unudulan adam" televiziya tamaşamı izləmişdi. Ünsiyyətimiz də olmuşdu, ondan soruşdum ki, "Qız qalasını, İçərişəhəri sevdiniz?". Əlbəttə ki, Bakını çox sevdiyini bildirmişdi. Allah rəhmət etsin, çox gözəl insan idi. O cür böyük sənətkar çox sadə insan idi, dəyər-qiymət verirdi, necə gözəl sözlər deyirdi mənə" deyə sənətkar bildirmişdi.
Tarix: 30-06-2022, 08:10