İnfantino geri çəkildi: Layihə dayandırılır

FİFA prezidenti Canni İnfantino Dünya Kuboku hüquqlarının bir hissəsini özəl investorlara satmaq layihəsindən imtina etmək qərarına gəlib.
Respublica.az xəbər verir ki, o, bu barədə öz İnstaqram səhifəsində məlumat paylaşıb: "Layihə, xüsusən də dəstəyə ən çox ehtiyac duyulan ölkələrdə, FİFA-nın milli üzv assosiasiyalarının daha da gücləndirilməsi və idmanımızın dünya miqyasında inkişafı üçün təməl qoymaq məqsədi daşıyırdı. Eyni zamanda, əvvəldən qeyd etdiyimiz kimi, bu, yalnız FIFA-nın üzv assosiasiyalarının əksəriyyətinin dəstəyi ilə və yalnız onlarla, FIFA Şurası, konfederasiyalar və digər maraqlı tərəflərlə məsləhətləşmələrdən sonra həyata keçirilməsi nəzərdə tutulmuşdu. Bütün fikirləri diqqətlə dinlədikdən sonra layihənin elə bir fikir ayrılığına səbəb olduğu qənaətinə gəldik ki, dəstək səviyyəsindən asılı olmayaraq, artıq ilkin məqsədinə cavab vermir. Məqsədimiz həmişə birləşmək və təkmilləşdirmək olub və olacaq. Buna görə də bu təklif daha da inkişaf etdirilməyəcək. Növbəti günlərdə və həftələrdə oyunumuzun ortaq maraqlarını rəhbər tutaraq, bütün maraqlı tərəfləri yenidən bir araya gətirərək, xüsusən də dəstəyimizə ən çox ehtiyacı olan ölkələrdə futbolu dünya miqyasında inkişaf etdirməyə davam etmək niyyətindəyəm."
Qeyd edək ki, İnfantinonun təklifi Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA), Şimali, Mərkəzi Amerika və Karib Futbol Konfederasiyası (CONCACAF), Asiya Futbol Konfederasiyası (AFC) və Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) tərəfindən rədd edilib. UEFA həmçinin FIFA tərəfindən maliyyələşdirilən turnirləri boykot etdiyini elan etdi.
FİFA-nın planı təşkilatın əsas kişi və qadın yarışlarına nəzarət edəcək bir şirkətin yaradılmasını nəzərdə tuturdu. İnfantino FIFA Forward Enterprise-in yaradılmasının FIFA üzv assosiasiyalarının gəlirlərini artıracağına və dünya miqyasında futbolun inkişafına töhfə verəcəyinə inanırdı. Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası bu sxemin 4,2 milyard dollar cəlb edə biləcəyini bildirmişdi. Təşəbbüs rəsmilər, federasiyalar və digər təşkilatlar tərəfindən geniş tənqid olundu, jurnalist Romain Molina isə İnfantinonun təşkilat daxilində dəstəyini itirdiyi üçün istefa verəcəyini bildirdi. (Musavat.com)
Respublica.az
Tarix: Dünən, 09:57


















