2-11-2021, 06:52 | Texnikanın uşaq psixikasının inkişafına təsiri

Texnikanın uşaq psixikasının inkişafına təsiri

Müasir dövrdə texnologiyanın sürətlə inkişaf etməsi nəticəsində günün tələblərinə uyğun olaraq kompüter, televizor və telefon həyatımızın ayrılmaz hissəsinə çevrilib.

Lakin adını çəkdiyimiz cihazlardan istifadə nə qədər zəruri olsa da, hamımıza məlumdur ki, sağlamlıq hər şeydən vacibdir. Kompüter, televizor və telefondan ən çox istifadəyə meyilli olanlar isə uşaqlardır. Uşaqların saatlarla televizor, telefon və ya kompüterə bağlı qalmaları onların sosial mühitlə əlaqələrini zəiflədir, bu kimi cihazlardan asılı vəziyyətə salır. Bu asılılıq yetkinlik yaşındakı uşaqlarda özünəqapanma, məktəb yoldaşları və ətrafına qarşı aqressiv davranışlara və digər xoşagəlməz hallara gətirib çıxarır.

Kompüterin, telefonun və televizorun uşaq orqanizmi və psixologiyası üçün mənfi və müsbət cəhətləri vardır. Təəssüf hissi ilə qeyd etmək olar ki, bunların mənfi cəhəti müsbət cəhətlərindən daha çoxdur.

Müsbət cəhəti ondan ibarətdir ki, uşaqlar internet vasitəsilə kifayət qədər sürətli məlumat əldə etmək imkanına malikdirlər. İnternet, televizor uşaqlara onları maraqlandıran suallara cavab tapmaqda köməklik edir. Yaxşı ilə pisi bir-birində ayırmağa, fantaziyasının inkişaf etdirilməsinə, müxtəlif elm sahələrində yeni məlumatlar əldə etməsinə köməklik etməklə bərabər onların məntiqini, təfəkkürünü inkişaf etdirir.

Mənfi cəhəti isə ondan ibarətdir ki, internetdən çox istifadə etdikdə bu , ilk növbədə, uşaqlarda kompüter asılılığı yaradır. Bu asılılıq da, xəstəliyə çevrilir ki, bunu da narkomaniyaya, alkoqolizmə və digər asılılıqla eyniləşdirmək olar. Texnologiya vasitələrindən asılılıq uşaqların səhhətinə ciddi surətdə zərər vurur. Belə ki, ilk növbədə, görmə qabiliyyətini aşağı salır, onurğa sütununun düzgün inkişafına mane olur, tənəffüs sistemində problemlər yaradır, baş ağrıları əmələ gətirir, yuxu pozulmasına, yorğunluğa və narahatlığına səbəb olur.

Həmçinin uşaqların kompüterin, televizorun və telefonun qarşısında çox vaxt keçirmələri onları dərsdən yayındırmaqla yanaşı dərs hazırlamalarını arxa plana keçirir.

Həssas uşaqlarda döyüş və ölüm səhnələri ilə bol olan emosional kompüter oyunlarından və televiziyada nümayiş etdirilən filmlərdən sonra, aqressivlik, qəddarlıq və zorakılıq hissləri üstünlük təşkil edir, həmin hisslərlə yanaşı, onlarda qorxu hissi əmələ gəlir.

Televizor, telefon, kompüter uşaqların demək olar ki, ən yaxın dostlarından birinə çevrilir. Bu da uşaqların valideynləri, ailə üzvləri və dostları ilə çox az ünsiyyətdə olmasına səbəb olur. Uşaqlar qrammatik cəhətdən düzgün danışmamağa, öz fikirlərini düzgün ifadə edə bilməməyə başayırlar.

Uşaqda televizor, telefon və kompüter haqqında ilk yanlış məlumatı məhz valideyn yaradır. Əli yeni-yeni əşya tutan uşağın ilk oyuncağı telefon və kompüter olur. Uşaqlar buna əyləncə kimi baxır, qorxunc cizgi filmləri ilə başlarını qatırlar. Valideyn isə öz işi ilə məşğul olur və uşaq ona mane olmasın deyə telefonu özü uşağına verir. Bununla da uşaqda texniki vasitələrə qarşı yanlış yanaşma üsulu formalaşır.

Bir çox hallarda uşaqların xüsusilə internetdən düzgün istifadə etməməsində valideyinləri günahlandırmaq olar. Belə ki, bəzi valideynlər kiçik yaşlarında uşaqlarını mobil telefonla və kompüterlə təmin etməyə çalışırlar. Bu da, uşaqlarda kompüter oyunlarına marağı daha da artırmış olur. Valideynlər uşaqlarını belə hədiyyələrlə sevindirməkdən maksimum yayınmalıdırlar. Yaxşı olar ki , valideynlər övladları ilə ünsiyyətə daha çox vaxt sərf etsinlər. Uşaqların maraq dairəsinə daxil olan məsələləri onlarla birlikdə müzakirə etməli və onlarla fikir mübadiləsi aparmalıdırlar. Ünsiyyət zamanı uşaqların gün ərzində nə ilə məşğul olduqları ilə maraqlansınlar. Uşaqlara internetdən biliyin artırılması məqsədilə istifadə etməsini öyrətməli və buna həvəsini artırmalıdır. Ailəliklə teatra, muzeyə, konsertə, kafelərə və təbiətin qoynuna getməlidirlər. Hər bir valideyn bilməlidir ki, uşaqlar üçün ən əsas valideynləri ilə ünsiyyətdə olmaqdır.

Sevinc Əgərova

(milli.az)

2-11-2021, 06:37 | Balıqları seyr etmək stressi aradan qaldırır

Balıqları seyr etmək stressi aradan qaldırır


Akvarium balıqlarının həvəskarları bilirlər ki, onları seyr etmək əsil zövqdür.

Balıqların bitkilərin arasında, parıldayaraq və gözoxşayan görünüşlə üzmələri əhval-ruhiyyəni qaldırır. Hər hansı yerdə - qonaq gedərkən, zoomağazada və ya ticarət mərkəzində akvarium gördükdə qeyri-ixtiyari qarşısında ayaq saxlayır və onları izləməyə başlayırıq.

Sübut olunub ki, balıqları izləmək sadəcə estetik zövq deyil, eyni zamanda üzən canlılara baxmaq sağlamlıq üçün faydalıdır. Balıqların orqanizmə rahatladıcı, sakitləşdirici təsiri şübhəsizdir. Bununla bağlı araşdırma aparan alimlər bu nəticəyə özləri də təəccübləniblər.

Plimut və Ekseter universitetlərindən olan britaniyalı alimlər maraqlı bir təcrübə keçiriblər. Onlar insanların Milli Dəniz Muzeyini ziyarət etməsindən sonra fiziki və psixi vəziyyətlərinin necə dəyişdiyini izləyiblər. Ziyarətçilərdə ürək ritminin və arterial təzyiqin azalması müşahidə olunub. Onlar özlərini sanki meditasiya seansından çıxmış kimi hiss ediblər. Hər kəsdə əhval-ruhiyyə yüksəlib, insanlar akvarum olan zallardan balıqları heyranlıqla, sakitliklə izləyərək və xoşbəxt halda çıxıblar. Ziyarətçilər nə qədər çox balıq seyr etsələr, özlərini bir o qədər yaxşı hiss ediblər.

Alimlər bu fikrə gəliblər ki, akvarium balıqlarını seyr etmənin insanlara təsir gücündən geniş şəkildə istifadə etnək lazımdır. Artıq bəzi stomatolji kabinetlərdə, xəstəxanaların qəbul şöbələrində, ticarət mərkəzləri, kinoteatr, restoranlar kimi insanların sıx olduğu məkanlarda akvariumların quraşdırılması kimi praktika mövcuddur. Bəzi psixonevroloji xəstəxanalar var ki, orda akvariumlardan dərman preparatları ilə birlikdə sakitləşdirici vasitə kimi istifadə olunur. Bu metodun geniş tətbiq olunması çox faydalı ola bilər. Bu, böyük şəhərlərdə yaşayan insanlarda stress səviyyəsinin azalmasına və psixi sağlamlığın güclənməsinə öz töhfəsini verər.

Akvarium - gözəl görünüşlü rahatlama oazisidir. Əgər ev akvariumuna sahib olma imkanınız yoxdursa, hərdənbir akvariumların olduğu məkanlara balıqları izləməyə getməyiniz məsləhət görülür. Bu, boş vaxtınızı səmərəli və gözəl keçirməyinizi təmin edəcək.



2-11-2021, 06:32 | Qarın ağrılarına səbəb ola biləcək 3 zərərli qida vərdişi

Qarın ağrılarına səbəb ola biləcək 3 zərərli qida vərdişi


Heç kim inkar etməz ki, qida orqanizmə enerji və güc verməli və gün ərzində gümrah olmanı təmin etməlidir.

Lakin bəzən elə olur ki, kafedə, qonaqlıqda və ya evdə qida qəbulundan sonra yorğunluq, yuxululuq, süstlük və hətta qarın şişkinliyi və ishal kimi hallar baş verir. Məhsulların təzə olduğuna və yeməyi təzəcə odun üzərindən götürüb yediyinizə əmin olsanız da, iş qabiliyyətinizin azaldığını və mədənizin gözlənilmədən fərqli reaksiya verdiyini hiss edirsiniz. Bəs bunun səbəbi nə ola bilər?

Sən demə, qida orqanizmi gücləndirmək və sağlamlığını təmin etməklə yanaşı həm də bu enerjini ala bilər. Buna səbəb isə bəzi qida vərdişləridir ki, bu vərdişləri dəyişmək məsləhətdir.

Beləliklə, bu qida vərdişləri hansılardır?

1. Nişasta və zülalın birləşməsi

Yəqin ki, bir çoxlarınız kartof püresinin yanında qarnir olaraq mal ətindən kotlet, qızartma və ya steyk yeməyə üstünlük verirsiniz. Və ya balığı çörəklə, sıyığı ətlə yeməyi sevənlər var. Belə nümunələrdən çox gətirmək olar. Əsas olan bir qaydanı unutmamaqdır: nişasta və zülalları ayrı-ayrı vaxtarda qəbul edin! Başqa sözlə, çörək, sıyıqlar, kartof və digər bu kimi nişastalı məhsulları ət, balıq, yumurta, pendir, kəsmik, qoz və digər züllallı qidalardan ayrılıqda yeyin.

Nişasta tez, zülal isə gec həzm olunur və nişastalı məhsullar tezliklə nazik bağırsağa düşmək əvəzinə züllaların həzm olunması üçün bir neçə saat "növbədə gözləməli olur". Bu isə mədə-bağırsaq pozğunluqları, mədədə yanğı, gəyirmə və qarında şişkinliklə nəticələnə bilər. Unutmayın ki, nişasta və züllallarla daha çox tərəvəzlərin yeyilməsi məqbuldur.

2. Soyuq içkilər içmək vərdişi

Yayın istisində çox az adam əvvəlcədən soyuducuya qoyularaq soyudulmuş su və digər içkilərlə sərinləmək həzzindən vazkeçə bilər. Lakin buzlu su qan damarlarını daraldır, orqanizmə qidanı həzm etməyə mane olur və qida maddələrini özünə çəkir. Bu isə birbaşa piylənməyə gətirib çıxarır.

Əgər qazlı və ya adi su içmək istəyirsinizsə, otaq temperaturunda və buzsuz olmasına diqqət edin.

3. Yeməyin yanında su içmək vərdişi

Su - olduqca faydalıdır. Nə qədər çox içsən, bir o qədər də orqanizm toksinlərdən və zərərli tullantılardan təmizlənir, su balansı tənzimlənir, sağlamlıq göstəriciləri yaxşılaşır. Ancaq yemək mədəyə düşdükdə bir neçə stəkan suyun içərisində "boğulursa" - bu, həzm pozğunluğu, qarın şişkinliyi, sancılar və digər narahatlıqlara səbəb ola bilər. Bu səbəbdən də suyu yeməkdən 1 saat əvvəl və ya yeməkdən 1 saat sonra için. Əgər mütləq su içmək ehtiyacı duyursunuzsa, o zaman heç olmasa sadəcə 1 stəkanla kifayətlənin.

Əgər zərərli qida vərdişlərinizi tərgidərək bu sadə tövsiyələrə əməl etsəniz, onda qəbul etdiyiniz qida sizə güc, gümrahlıq və iş qabiliyyəti bəxş edəcək.


2-11-2021, 06:19 | Qurdların orqanizmdə olmasının ƏLAMƏTLƏRİ

Qurdların orqanizmdə olmasının ƏLAMƏTLƏRİ


İshal və ya qəbizlik, anemiya, sarılıq, dəridə səpgilər, öskürək və s. kimi bir çox müxtəlif problemlər orqanizmdə qurdların olması ilə bağlı ola bilər.

Çirkli su, yuyulmamış və ya pis yuyulmuş meyvə, tərəvəz, göyərti, çiy və ya yarıbişmiş ət və balıq - bütün bunlar orqanizmə qurdların düşməsinə səbəb ola bilər.

Adi gigiyenik qaydalara riayət etmədikdə (yeməkdən əvvəl əllər yumaq və s.), pis vərdişlər (dırnaq yemək) orqanizmə qurdların daim düşməsinə səbəb olur. Belə daim yoluxma xüsusilə təhlükəlidir.

Qurdlar insan orqanizmində müxtəlif pozulmalara səbəb olur. Bir çox hallarda biz bu pozulmaları qurdlarla deyil, digər səbəblərlə əlaqələndiririk.

- Qurdlar bağırsaqların mənfəzini bağlayaraq qəbizliyə və hətta bağırsaq keçilməzliyinə səbəb ola bilər. Digər parazitlər (amyob və bəzi digərləri) əksinə ishalın inkişafına səbəb olur.

- Qurdalar öd axarlarına düşə bilər və burada ödün axmasına mane ola bilər. Nəticədə ödün axması pozulur və insanda mexaniki sarılıq inkişaf edə bilər, qara ciyərin fəaliyyəti pozula bilər.

- Qurdlar bağırsaq disbakteriozuna səbəb olur. Disbakterioz özünü həzm pozulmaları, köp, meteorizm (bağırsaqda qazlar), qarın ağrıları və s. kimi simptomlarla büruzə verir. Əgər bu simptomlar sizi uzun müddət ərzində narahat edirsə, bu orqanizmdə qurdların olmasının əlaməti ola bilər.

- Qurdlar avitamonozlara (vitamin və mikroelementlərin çatışmazlığı), anemiyaya (qanazlığı) səbəb ola bilər.

- Qurdlar qan axını ilə oynaqlara və əzələlərə düşə bilər və nəticədə burada ağrılarına səbəb olur.

- Orqanizm boyu "səyahət edən" qurdlar nəfəsalma sisteminə də düşür. Nəticədə insanı xroniki "səbəbsiz" öskürək narahat edir. Belə öskürək adi müalicəyə tabe olmur.

- Parazitlər orqanizmdə allergik reaksiyalara səbəb olur - dəridə müxtəlif səpgilər, qaşınma əmələ gəlir.

- Orqanizmdə qurdların olması əksər hallarda iştahanın pozulmasına və arıqlamağa səbəb olur. Xüsusilə bu uşaqlara aiddir.

- Qurdlar orqanizmə toksiki təsir edir (orqanizmi zəhərləyir) və bu insanın sinir sisteminə çox mənfi təsir edir, insanda nevroloji problemlər (əsəbilik, depressiya, xroniki yorğunluq) əmələ gəlir.

Gördüyünüz kimi, orqanizmə düşdükdə qurdlar müxtəlif və bəzən də çox ciddi pozulmalara səbəb ola bilər. İlk növbədə bu immun sistemi zəif olan insanlara aiddir - uşaqlar, xroniki xəstəliklər nəticəsində zəifləmiş insanlar, yaşlı insanlar və s. Sağlam insanın immun sistemi orqanizmə düşən istənilən mikroblar, infeksiyalar, parazitlər və s. ilə uğurla mübarizə aparır. Lakin nəzərə almaq lazımdır ki, qurdlarla daim yoluxma hətta ən güclü immun sistemini zəiflədə bilər. Bu səbəbdən qurdlara yoluxmamaq üçün insan daim profilaktik tədbirlər görməlidir - gigiyenik qaydalara əməl etmək, təmiz su içmək, meyvə-tərəvəz, giləmeyvə, göyərtiləri yaxşı yumaq və s. Bu çox vacibdir.

Orqanizmdə qurdların olub-olmamasını yoxlamaq asan deyil. Bunun üçün yalnız nəcis analizi kifayət etmir. Xüsusi qan analizləri istifadə olunur.

Qurd xəstəliklərinin müayinəsi və müalicəsi ilə parazitoloq məşğul olur. Əgər müayinələr nəticəsində insanda qurdlar aşkar olunarsa, həkim xüsusi müalicə təyin edir. Aşkar olunmuş parazitdən asılı olara müxtəlif dərmanlar istifadə oluna bilər. Bəzi hallarda müalicə xəstənin bütün alə üzvlərinə təyin olunur.

Lakin müalicə insanı gələcəkdə qurdlarla yoluxmadan müdafiə etmir. Əgər insan müalicədən sonra gigiyenik qaydalara əməl etməzsə və s. qurdlar tez bir zamanda onun orqanizmində məskən salacaq.


1-11-2021, 21:08 | Borcgötürən bank kreditini ödəyə bilməyəndə zamin nə etməlidir? - AÇIQLAMA

Borcgötürən bank kreditini ödəyə bilməyəndə zamin nə etməlidir? - AÇIQLAMA

Son zamanlar məhkəmələrə ən çox müraciət edilən məsələlərdən biri kredit götürüləndə zamin olan vətəndaşlarımızın həmin borcu qaytarmağa məcbur olmasıdır.

Məsələ ilə bağlı açıqlama verən iqtisadçı ekspert Eyyub Kərimli Trend-ə bildirib ki, zaminlik kredit götürən şəxslə eyni öhdəlik yaradır: "Hər kim zamin durursa, anlamalıdır ki, kredit götürən qədər məsuliyyət daşıyır. Müqavilə imzalandığı vaxtdan etibarən zamin bank qarşısında məsuliyyət daşıyan şəxs hesab olunur. Çalışın, yaxından tanımadığınız insana zamin olmayın. Kredit alan şəxs əgər kredit borcunu geri ödəməkdə problem yaradarsa və kredit borcunu ödəməzsə, bu zaman bank zaminə qarşı tələb irəli sürə bilər. Həmin pul zaminin maaşından tutulur. Belə olduqda bir çıxış yolu var. Zamin kredit məbləğini tam ödədikdən sonra, borc götürəni məhkəməyə verə və ondan banka ödədiyi məbləği tələb edə bilər".

Ekspert qeyd edib ki, belə olduqda məhkəmələr də bu iddiaları təmin edir. Zamin məhkəmədə yetərincə sübut təqdim edə bilsə, maddi kompensasiya ala bilər.


1-11-2021, 21:03 | Son sutkada 263 vaksin vuruldu

Son sutkada 263 vaksin vuruldu

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 263 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 202, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 61 nəfərdir.



Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 661 131, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 258 620, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 402 511 təşkil edir.


1-11-2021, 20:59 | İşədüzəltmə agentlikləri insanları necə aldadır? - AÇIQLAMA

İşədüzəltmə agentlikləri insanları necə aldadır? - AÇIQLAMA

Azərbaycanda əhaliyə müxtəlif işlər təklif edən işədüzəltmə agentlikləri fəaliyyət göstərir. Ölkədə fırıldaqçılıqla məşğul olan işədüzəltmə agentlikləri də mövcuddur.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən hüquqşünas Əlövsət Allahverdiyev bildirib ki, belə işədüzəltmə agentliklərinin fəaliyyəti tam qanunla nəzərdə tutulmuş fəaliyyət deyil:

"Bəzi işədüzltmə agentliklər işsiz insanların inamından istifadə edib dələduzluq edir. İşədüzəltmə agentliyinə yaxınlaşan insanlara anket verilir ki, bu anketi doldurun, biz sizi işlə təmin edəcəyik. Anketə görə 10-15 manat pul tələb edilir. İnsanlar dərhal bilməlidir ki, bu fırıldaqçılıqdır. İşədüzəltmə büroları göstərdikləri xidmətə görə işçidən qətiyyən pul almamalıdırlar. Azərbaycan Respublikasının Əmək məcəlləsində işə düzələrkən pul alınması deyə bir maddə yoxdur".

O qeyd edib ki, xarici ölkələrdə işədüzəltmə agentliyi vətəndaşı işə düzəldəndən sonra işə düzələnlərdən yox, işə götürənlərdən faiz alır. Bu qanunla tənzimlənmiş formada həyata keçirilir:

"Azərbaycanda olan işədüzəltmə agentliklərinin əksəriyyəti isə vətəndaş işə başlayandan bir müddət keçmiş hədələyir ki, ilk ayının maaşının yarısın bizə ver. Yoxsa işdən çıxaracağıq. Bütün bunlar qanuni şəkildə araşdırılıb sübuta yetirilməlidir. Şəxsin əməli sübut olunarsa, qanuni şəkildə məsuliyyətə cəlb olunmalıdır".

1-11-2021, 20:49 | Sabiq gömrük əməkdaşları məhkəmədə özlərini ittihamlarla təqsirli bilməyiblər

Sabiq gömrük əməkdaşları məhkəmədə özlərini ittihamlarla təqsirli bilməyiblər

Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Gömrük Komitəsinin rüşvət almaqda təqsirləndirilən sabiq əməkdaşlarının işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktının elan edilməsini yekunlaşdırıb. Təqsirləndirilən şəxslər özlərini ittihamlarla təqsirli bilməyib.

Daha sonra sübutların tədqiqinə başlanıb.

Təqsirləndirilən şəxslərin vəkilləri bildirib ki, təqsirləndirilən şəxslər ittihamları rədd etdiyi üçün prosesdə zərərçəkmiş kimi Dövlət Gömrük Komitəsinin nümayəndəsi və şahidlər dindirilsin.

Prosesdə bildirilib ki, zərərçəkmiş tərəf mövqeyini dəqiqləşdirsin və məhkəməyə bildirsin.

Proses noyabrın 15-də davam etdiriləcək.

İttihama görə, Dövlət Gömrük Komitəsindən gömrük rəsmiləşdirilməsi zamanı süründürməçiliyə yol verilməklə qeyri-qanuni tələblərin irəli sürülməsi barədə 30 mart 2021-ci il tarixdə daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ilkin araşdırma aparılmaqla birgə əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Aparılmış əməliyyat-istintaq tədbirləri zamanı Bakı Baş Gömrük İdarəsinin Xüsusi Gömrük prosedurları şöbəsinin rəisi Aydın Eylazov, həmin struktur qurumun Gömrük prosedurları və ödənişləri şöbəsinin baş inspektorları Elmar Mirzəyev və Emin Xəlilov, "İpək Yolu" gömrük postunda inspektor işləyən Mirağa Ağayev, gömrük əməkdaşı Orxan Zöhrabov habelə "Global Broker" MMC-nin direktoru olmaqla "D2D Logistics" MMC-də gömrük işləri üzrə mütəxəssis işləyən Ceyhun Şabanovun idxal olunmuş malların gömrük orqanından çıxarılmasının tezləşdirilməsi, eləcə də, müəyyən malların sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumları və vergilərin 3 faizi miqdarında müəyyən edilmiş məbləğdən idxal və əlavə dəyər vergisi üzrə ödənilməli olan pul vəsaitinin büdcəyə ödənilməyərək malın gömrük nəzarətindən buraxılmasına şərait yaradılması müqabilində müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində istəməklə almaları və vəzifə səlahiyyətlərin sui-istifadə etmələrinə əsaslı şübhələr müəyyən olunub.

Qeyd olunanlarla bağlı 17 may 2021-ci il tarixdə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb. Toplanmış sübutlar əsasında adı çəkilən vətəndaşlar şübhəli şəxs qismində tutulublar.


Trend


1-11-2021, 20:33 | Keçmiş məhkum saxta pula görə saxlanılıb

Keçmiş məhkum saxta pula görə saxlanılıb

Qobustan Rayon Polis Şöbəsinə oktyabrın 29-da şəhər ərazisində yerləşən iki yanacaqdoldurma məntəqəsində yanacaq müqabilində saxta əsginas verilməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla müəyyən edilib ki, həmin gün gecə saat 3 radələrində avtomobillə yanacaqdoldurma məntəqələrinə gələn sürücü birinci məntəqədə operatora 15 manat dəyərində yanacaq müqabilində 200 manatlıq əsginas verərək 185 manat, ikinci məntəqədə isə 20 manat dəyərində yanacaq müqabilində 100 manatlıq əsginas verərək 80 manat geri alıb. Sonradan həmin əsginasların saxta olması aşkar olub.

Qobustan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxta əsginasları verməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Salayev müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.


1-11-2021, 20:26 | AzTU-da 4 tələbə koronavirusa yoluxub, qrup distant təhsilə keçib

AzTU-da 4 tələbə koronavirusa yoluxub, qrup distant təhsilə keçib

Azərbaycan Texniki Universitetində (AzTU) ötən həftə 4 tələbənin (Nəqliyyat və logistika fakültəsi -1 tələbə, Xüsusi texnika və texnologiya fakültəsi - 1 tələbə, Maşınqayırma və robototexnika fakültəsi - 1 tələbə, İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsi - 1 tələbə) COVID-19 testi pozitiv çıxıb.

Ali təhsil müəssisəsindən verilən məlumata görə, bu səbəbdən həmin tələbələrin təhsil aldığı qruplar distant tədrisə keçib.

Qeyd edək ki, bundan əvvəl koronavirusa yoluxan üç tələbə artıq sağalıb və onların qrupunda əyani tədris bərpa olunub.

������������ ������� DLE ������� ��������� ��� dle.
���������� ���� ������ ��� ��������� ������.
����������� �������� ������� � �������� ������.
����������� �������� ������������ ��� �������� ����.
������ ����� �������� ��������� ����� ������.
����� ���������� �� ���� ��� ���� � ��� �����.