16-12-2020, 06:17 | SpaceX-in Starship gəmisi sınaq zamanı partladı

SpaceX Starship gəmisinin prototipi Texasdakı növbəti sınaq uçuşu zamanı partlayıb. Gəmi 12,5 km yüksəkliyə qalxıb, sönüb və sonra mühərrikləri yenidən işə salıb, lakin yüksək sürət səbəbiylə eniş zamanı partlayıb.
Elon Musk testləri uğurlu adlandırdı. "Mars, biz gəlirik!" - deyə Twitter-də yazdı və SpaceX komandasını təbrik etdi. SpaceX rəhbəri sınaq uçuşu zamanı "bütün lazımi məlumatlar" əldə edildiyini vurğuladı.
Partlayış yanacaq çənindəki təzyiqin azalması səbəbindən meydana gəlib.
Starship hazırda inkişaf mərhələsində olan yeni kosmik gəmidir. Elon Musk bildirir ki, Starship, "dünyanın indiyədək hazırlanmış ən güclü raket aparatına" sahib olacaq".
Bundan əvvəl Elon Musk, Mars Society Convention 2020-dəki video konfrans zamanı Starship raketinin 2024-cü ildə Marsa uça biləcəyini bildirmişdi.(techland.az-)
16-12-2020, 06:14 | iOS 14.2 istifadəçiləri öz cihazlarındakı enerjinin sürətlə bitməsindən şikayətlənirlər

Yeni iOS 14.2 əməliyyat sisteminin istifadəyə verilməsindən sonra Apple cihazlarının istifadəçiləri öz smartfonları ilə planşetlərində ortaya çıxmış problemlərdən şikayətlənməyə başlayıblar. Belə ki, istifadəçilərin verdikləri məlumata əsasən yeni iOS 14.2-nin istifadəyə verilməsindən sonra onların cihazlarında enerji sərfiyyatı daha sürətlə baş verir. Bu barədə 4pda saytı xəbər verib. iOS 14.2-ni öz iPhone və iPad modellərinə yükləmiş istifadəçilər bir neçə gündən sonra aşkar ediblər ki, cihazların enerjiləri daha tez bitir.
iOS 14.1-də isə belə hal müşahidə olunmurdu. Ayrı-ayrı hallarda iOS 14.2-yə sahib cihazlarda enerji səviyyəsi 30 dəqiqə ərzində 100%-dən 50%-ə düşüb. İstifadəçilərin şikayətlərinə əsasən demək olar ki, bu problem iPhone 11, iPhone XR, iPhone 7 və iPhone SE (2020) modellərini əhatə edir. Lakin bəzi hallarda yeni iPhone 12 modellərinin istifadəçiləri də bu problemdən şikayətçidirlər. Eyni vəziyyət həmçinin iPad Pro (2018) modellərində də müşahidə edilir. Apple rəsmi olaraq bu vəziyyətə bir şərh bildirməyib.(milli.az)
16-12-2020, 06:01 | ABŞ hökuməti Facebook-a qarşı antimonopoliya ittihamı qaldırmağa hazırlaşır

40-dan çox general prokuror və ABŞ hökuməti Facebook-a qarşı antimonopoliya ittihamı qaldırmağa hazırlaşırlar. Məlumata əsasən bu artıq bugün baş verməlidir. Bu barədə The Washington Post xəbər verib. Məlumata əsasən ABŞ hökumətinin fikrincə Facebook bazardakı mövqelərini gücləndirmək üçün rəqiblərini "öldürür". Məlumatda qeyd edilib ki, şirkətə qarşı məhkəmə iddiasının qaldırılması üzrə tarix dəyişə də bilər. Şikayətdə əsasən Facebook tərəfindən Instagram ilə Whatsapp-ın alınmasına baxılacaq. ABŞ hökumətinin fikrincə bu öz növbəsində Facebook şirkətini bazar liderinə çevirib və istifadəçiləri alternativ variantlardan məhrum edib.
Məhkəmə iddiasını qaldırmış tərəflər məhkəmədən Facebook-un öz biznesinin bir hissəsini satmağı və gələcək müqavilələr barəsində dövləti məlumatlandırmağı tələb edrlər.
Ştatların prokurorları məhkəmə prosesini Federal ticarət komissiyası (FTC) ilə koordinasiya edir. FTC-nın istintaqı final mərhələdədir və o artıq bugün məhkəmə iddiasını qaldıra bilər. Facebook bu məsələ ilə bağlı rəsmi açıqlama verməyib. Qeyd etmək lazımdır ki, oktyabr ayında antimonopoliya üzrə məhkəmə komitəsi Facebook-u monopoliyada günahlandıran istintaq sənədini təqdim etmişdi. Sənəddə deyilir ki, rəqabətin olmaması səbəbilə Facebook-un keyfiyyəti dəfələrlə aşağı düşüb. Bu səbəbdən də istifadəçilərin konfidensiallıqları və məlumatların etibarlıqları zərər çəkiblər. ABŞ konqressində çıxışı zamanı Mark Zuckerberg bildirmişdi ki, Instagram ilə Whatsapp-ın alınması sosial şəbəkələrin keyfiyyətlərini yüsəldib. TikTok kimi sürətlə inkişaf edən sosial şəbəkələrin ortaya çıxması isə sağlam rəqabətin olduğundan xəbər verir.
16-12-2020, 05:59 | “Nokia” şirkəti kiçikölçülü smartfonunu təqdim edəcək

"Nokia" şirkəti dekabrın 15-də kiçikölçülü smartfonunu təqdim edəcək. Bu haqda "GicmoChina" nəşri məlumat verib.
Jurnalistlər Çinin Telekommunikasiya Avadanlığının Sertifikatlaşdırılması Mərkəzinin (TENAA) məlumat bazasında aparat haqda məlumat aşkar ediblər. Təsvirə və şəkillərə görə, plastik korpusa malik olacaq qurğu 1440x720 piksel təsvir ölçülü 5,45 düymlük IPS ekranla təchiz edilib. Cihaz 1,4 QHs takt tezlikli naməlum 8 nüvəli prosessora, 2 QB əməli yaddaş və 64 QB daxili yaddaşa malikdir.ictnews.az-
Cihazın ölçüsü yığcamdır. "TENAA"nın məlumatına görə, smartfonun korpusunun uzunluğu 149 mm təşkil edir. Həmçinin qurğu 5 mp-lik kamera, "Wi-Fi" dəstəyi, 2500 milliamper/saat tutumlu akkumulyatora malik olacaq. "Nokia"nın telefonu, çox güman ki, "Android"in yüngül "Go" versiyasının idarəetməsi altında işləyəcək.
16-12-2020, 05:56 | Türkiyə istehsalı tam yeni PUA

HAVELSAN şirkəti ilin sonuna qədər hazırlayacağı pilotsuz uçuş aparatlarının xüsusiyyətlərini açıqlayıb.
HAVELSAN pilotsuz uçuş aparatının yüksüz halda çəkisi 450, ümumi çəkisi isə 650 kiloqramdır. 7.62 millimetr uzaqdan idarə olunan silah sisteminə malikdir. CBRN silah sensoru ilə təhlükəni aşkarlaya bilən PUA-nın bir robot qolu da var.
HAVELSAN şirkətinin rəsmi tvitinə görə, digər xüsusiyyətlər yaxın vaxtlarda açıqlanacaq.
PUA-nın qarlı, palçıqlı, yağışlı havalarda testdən uğurla keçdiyi, seriyalı istehsala sayılı günlər qaldığı qeyd edilib.techland.az-
15-12-2020, 05:00 | Pandemiya şəraitində evdə hansı dərmanlar saxlanılmalıdır? - professor AÇIQLADI

Rusiyanın Xaqlar Dostluğu Universitetinin Ümumi və Kliniki farmakologiya kafedrasının rəhbəri, professor Sergey Zıryanov pandemiya zamanı koronavirusla bağlı ehtiyat görməyin lazım olduğu preparatların adlarını açıqlayıb.
"Hər şeydən əvvəl bədənin hərarətini azaldan preparatlar əlinizin altında olmalıdır", - Zıryanov deyib. o, əsasən "parasetamol"u məsləhət görüb.
Həkim əlavə edib ki, həmçinin buruna damızdımaq üçün nəzərdə tutulan dərmanları da almaq olar.
Bu halda mütəxəssis antibiotikləri almaqdan çəkinməyi məsləhət görüb. O, qeyd edib ki, antibiotiklərdən istifadə üçün həkim tərəfindən göstəriş olmalıdır.
Sergey Zıryanov həmçinin antivirus preparatlarını özbaşına qəbul etməməyə çağırıb. Çünki onlar "bir çox arzu edilməyən reaksiyalara malikdirlər".
Həkim eləcə də D vitaminindən də lazımsız yerə istifadə etməməyi tövsiyə edib. Onun sözlərinə görə, D vitamininin orqanizmdə normadan artıq olması damarların zədələnməsinə, böyrək çatışmazlığına və başqa problemlərə gətirib çıxara bilər. (ölkə.az)
15-12-2020, 04:57 | İnfeksiyalara yoluxma nəticəsində gözlərdə müxtəlif xəstəliklər yarana bilər

Soyuq havalarda immunitet zəifləməsi nəticəsində bədənin həssas orqanı olan gözlər narahat olur və qızartı, qaşınma, sulanma, iltihab və şişkinlik kimi əlamətlər yaranır.
Həkim-oftalmoloq Gültəkin Məmmədovanın AZƏRTAC-a dediyinə görə, gözlərdə belə hallar daha çox payız-qış aylarında fəallaşan infeksiyalarla əlaqədardır: "Yaranan həmin əlamətlər müxtəlif infeksiyalara yoluxma nəticəsində baş verə bilər. Virus, bakterial və göbələk mənşəli infeksiyalar həmin xəstəliklərin yaranmasına səbəb olur. Xüsusən də payız-qış aylarında mövsümü qriplərin törətdiyi virus konyuktivitlər zamanı xəstələrdə həmin şikayətlər müşahidə oluna bilər".
Həkim-oftalmoloq qeyd edib ki, gözlərin gigiyenasına da xüsusi diqqət yetirmək, nəmləndirici göz damcılarından istifadə etmək lazımdır. Eyni zamanda, təkcə günəşli havalarda deyil, soyuq havalarda da şüalara qarşı qoruyucu eynəklərdən istifadə edilməlidir: "Gözlərdə mövsümü qriplərin törətdiyi fəsadlara daha çox rast gəlinir. Xəstələrdə olan həmin fəsadlar gözdə qızartı, qaşınma, sulanma, şişkinlik kimi əlamətlərlə büruzə verə bilər. Şəxsi gigiyena qaydalarına riayət etməyənlərlə təması məhdudlaşdırmaq və xəstəliyin ilkin əlamətləri müşahidə olunan kimi həkimə müraciət etmək məsləhətdir. Xəstəliyə yoluxmanın qarşısını almaq üçün əllərin tez-tez yuyulması, şəxsi gigiyena qaydalarına riayət olunması, əllərin gözə, üzə və buruna toxunmasının qarşısı alınmalıdır".
Soyuq hava göz ətrafındakı damarların daralmasına da səbəb ola bilər. Göz infeksiyaları keçici olduğu üçün həmin xəstələrin dəsmal, kosmetik və digər vasitələrindən istifadə etmək olmaz.
15-12-2020, 04:47 | Şəhid atası: Fəxr edirəm ki, Böyük Qəbələnin qazanılmasında oğlum Fuad Nəcəfovun da payı var

Vətən sevgisi qanla keçir. Ağlım kəsəndə atamın Qarabağ itkisindən əzab çəkdiyini görürdüm. O, birinci Qarabağ müharibəsinin igid döyüşçülərindən olub. Göstərdiyi şücaətlərə görə 1996-cı ildə ümummilli liderimiz Heydər Əliyev tərəfindən "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub. Sentyabrın 27-də Vətən müharibəsi başlayanda atam "Get Fuad, torpaqlarımızı erməni işğalçılarından azad edin. Mən buna tam əminəm. Çünki bugünkü Azərbaycan ovaxtkı deyil" dedi.
AZƏRTAC bildirir ki, bu sətirləri Vətən müharibəsində xüsusi təyinatlı qüvvələrin tərkibində döyüşən və şəhidlik zirvəsinə ucalan Fuad Nəcəfov öz dostlarına, döyüş yoldaşlarına danışardı.
Fuad 1990-cı ildə İsmayıllı rayonunun Qalınçaq kəndində anadan olub. 2008-ci ildə həqiqi hərbi xidmətini başa vurduqdan sonra gizirlik, sonra isə xüsusi təyinatlıların hazırlanması kurslarında iştirak edib və əsl hərbçi kimi yetişib. Vətən müharibəsinin ilk günlərindən peşəkar hərbiçi kimi döyüşlərə atılıb. Düşmənin 28 tankının ələ keçirilməsində, 30-dan çox texnikasının məhv edilməsində onun xüsusi rolu olub. Məhz bu cəsurluğuna görə azad olunan Suqovuşan qəsəbəsində üçrəngli bayrağımızın qaldırılması ona həvalə edilib.
Fuad Nəcəfov Füzuli, Cəbrayıl, Qubadlı rayonlarının azad olunmasında fəal iştirak edib və əsl qəhrəmanlıq nümunələri göstərib. Oktyabrın 7-də Zəngilanın azad olunması uğrunda əməliyyata gedərkən qəhrəmancasına şəhid olub. Fuad Nəcəfov ölümündən sonra "Qarabağ" ordeni ilə təltif olunub. İndi Nəcəfovlar ailəsi üçün Fuaddan bir qız övladı yadigar qalıb.
Şəhidin atası, birinci Qarabağ müharibəsinin qəhrəman əsgəri Taleh Nəcəfov oğlu ilə qürur duyduğunu qeyd edərək bildirib: "O, Vətən müharibəsində qəhrəman kimi döyüşüb. Qarabağımızın azad olunmasında Silahlı Qüvvələrimizin sıralarında igidliklə vuruşub. Hələ müharibənin ilk günlərində Fuadla danışanda "Əmin ol, Ermənistan ordusu torpaqlarımızdan tezliklə qovulacaq" deyirdi. Şükürlər olsun ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qısa müddətdə - cəmi 44 gündə qələbə çaldıq. Dekabrın 10-da keçirilmiş Zəfər paradını izləyərkən sonsuz qürur hissi keçirdim. Bir daha fəxr etdim ki, Böyük Qəbələnin qazanılmasında minlərlə Vətən övladı kimi, oğlum Fuadın da payı var".
14-12-2020, 06:34 | Bu gündən restoran, kafe və çay evləri yalnız çatdırılma xidməti göstərəcək

Xüsusi karantin rejiminin sərtləşdirilməsindən irəli gələrək bu gündən 2021-ci il 18 yanvar saat 00:00-dək ölkənin bütün ərazisində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş iş və xidmət sahələri istisna olmaqla digər sahələrdə iş və xidmətlər dayandırılıb.
Nazirlər Kabinetinin qərarına əsasən, bütün ticarət obyektlərinə, ictimai iaşə obyektlərinə, o cümlədən restoran, kafe və çay evlərinə müştərilərə yalnız çatdırma xidmətlərinin göstərilməsi və ya onlayn satışa icazə verilir.
Qeyd edək ki, 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilib.
12-12-2020, 04:06 | Dekabrın 14-dək ölkə ərazisində ictimai nəqliyyat işləməyəcək

Bu gündən dekabrın 14-ü saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.
Qərara əsasən, 12 dekabr saat 00:00-dan 14 dekabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.
Qeyd edək ki, Bakı metropolitenində sərnişindaşıma də dayandırılıb.


















