21-11-2023, 10:04 | Bu şəxslərin maaşı artacaq

Müdafiə Nazirliyi 15 gün müddətində hərbi qulluqçuların vəzifə maaşlarının məbləği barədə təkliflərini Nazirlər Kabinetinə təqdim edəcək.
Bununla bağlı Baş nazir Əli Əsədov Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin hərbi qulluqçularının vəzifə maaşlarının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 7 noyabr tarixli 2342 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə sərəncam imzalayıb.
Sərəncamla Müdafiə Nazirliyi Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırmaqla, on beş gün müddətində hərbi qulluqçuların vəzifə maaşlarının məbləği, nəzərdə tutulan artım əmsalının məbləğinin yuxarı həddi, vəzifələrin siyahısı və həmin vəzifələr üzrə hərbi qulluqçuların vəzifə maaşlarının məbləği barədə təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir.
Baş nazir bundan əlavə, "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 7 noyabr tarixli 2344 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə, "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 7 noyabr tarixli 2343 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə, "Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 7 noyabr tarixli 2345 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə də sərəncam imzalayıb. Sərəncamların icrası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə həvalə edilib.
Qeyd edək ki, sərəncamlar noyabrın 17-də imzalanıb.
21-11-2023, 06:18 | Məhkumlar hansı hallarda məzuniyyətə buraxılır?

Ədliyyə Nazirliyi Penitensiar Xidməti məhkumların hansı hallarda məzuniyyətə buraxılmasına aydınlıq gətirib.
axar.az-a istinadən bildirir ki, xidmətin rəis müavini Oqtay Məmmədov jurnalistlərə açıqlamasında qanunvericilikdə az ağır, ehtiyatsızlıqdan cinayət törədən və böyük ictimai təhlükə törətməyən məhkumların məzuniyyətə göndərildiyini bildirib.
Onun sözlərinə görə, müəssisə hüdudlarından kənara 7 gün müddətində rejim qaydalarını pozmayan, cəzalarını yarıya kimi çəkən məhkumlar buraxılır.
21-11-2023, 06:15 | XİN və MN Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üçün brifinq keçirib

20 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Silahlı Qüvvələr tərəfindən həyata keçirilən anti-terror tədbirlərindən sonra Qarabağda aşkar edilmiş Ermənistanın qeyri-qanuni hərbi fəaliyyəti və planlaşdırdığı növbəti hərbi cinayətlərə dair yeni faktlarla bağlı Xarici İşlər Nazirliyinin və Müdafiə Nazirliyinin birgə mətbuat brifinqi keçirilib.
XİN və MN-in birgə məlumatında bildirilib ki, mətbuat brifinqində Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpus, hərbi attaşelər, habelə yerli və beynəlxalq media nümayəndələri iştirak ediblər.
Brifinqdə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi, mətbuat katibi Ayxan Hacızadə və Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi Anar Eyvazov çıxış ediblər.
Çıxışlar zamanı, həm Ermənistanın ərazilərimizi işğal altında saxladığı 30 ilə yaxın müddət ərzində, həm də post-münaqişə dövründə beynəlxalq ictimaiyyətin diqqətinin Azərbaycan ərazilərində sülh və təhlükəsizliyə hədə törədən Ermənistan silahlı qüvvələrinin mövcudluğuna, həmçinin mina təhdidinə cəlb edildiyi xatırlanıb. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Ordusunun mühəndis bölmələri tərəfindən bölgədə aparılan işlər nəticəsində ərazilərimizdə 10000-dən çox piyada əleyhinə mina, 3000-dən çox tank əleyhinə və 12000-dək partlamamış döyüş sursatının aşkarlandığı və neytrallaşdırıldığı bildirilib.
Ermənistanın beynəlxalq hüquq normalarına, habelə Avropada adi silahlı qüvvələr haqqında Müqavilənin müddəalarına zidd olaraq, beynəlxalq təşkilatları, o cümlədən aidiyyəti BMT və ATƏT strukturlarını məlumatlandırmadan bölgədə külli miqdarda hərbi texnika və sursat yerləşdirdiyi qeyd olunub. Bu pozuntuların qarşısının alınması barədə Azərbaycanın çağırışlarına baxmayaraq, beynəlxalq ictimaiyyətin məsələyə biganəliyinin bölgədə gərginliyi daha da artırdığı vurğulanıb.
Azərbaycan ərazilərində eyni zamanda, silah-sursatın yenidən modifikasiyası və xarici ölkələrə ötürülməsi kimi qeyri-qanuni fəaliyyət həyata keçirildiyi diqqətə çatdırılıb. Ermənistanın post-münaqişə dövründə də Laçın yolunda sərhəd-buraxılış məntəqəsinin təsis edilməsinə qədər silah və texnikanı, yeni istehsal olunmuş minaları ərazilərimizə ötürməkdə davam etdiyi qeyd olunub. Bununla bölgədəki mülki obyektlərə, hətta təyyarələrin təhlükəsizliyinə, habelə aparılan genişmiqyaslı yenidənqurma fəaliyyətinə hədə törədildiyi vurğulanıb.
Cari ilin 19-20 sentyabr tarixlərində 24 saatdan az müddətdə anti-terror tədbirlərindən sonra bölgədə mina təmizləmə fəaliyyəti, habelə kommunikasiya xətlərinin və yeni təchizat yollarının bərpası məqsədilə Müdafiə Nazirliyinin digər aidiyyəti qurumlarla apardığı fəaliyyətin ərazilərimizdəki dəhşətli hərbiləşmənin miqyasını bir daha göstərdiyi vurğulanıb. Aparılan işlər nəticəsində ərazilərimizdə böyük bir hissəsi mülki infrastrukturlarda yerləşdirilən hərbi maşınlar, müxtəlif çaplı silahlar və sursatların aşkarlandığı bildirilib. Xüsusilə, "Kornet" və "Faqot" tank əleyhinə idarə olunan raket sistemlərinin, 2021-ci il istehsalı olan TOS-1A tipli reaktiv yaylım atəşi sistemlərinin raketlərinin aşkarlandığı qeyd olunub. Bununla yanaşı, son 30 il ərzində Ermənistanın Xankəndidə hərbi texnika və dronların modifikasiyası ilə məşğul olan hərbi istehsalat mərkəzində apardığı fəaliyyət barədə məlumat verilib.
Brifinq zamanı, həmçinin bölgədəki hərbiləşmənin miqyasını göstərən görüntülər təqdim olunub. Ermənistanın ərazilərimizdə mülki əhaliyə və hərbçilərə kustar üsulla hazırlanmış dronlardan keçirilən təlimlərinin və Azərbaycanın mülki obyektlərinin hədəf alındığı barədə kadrların əks olunduğu anti-terror tədbirlərindən sonra aşkar edilmiş videolar nümayiş etdirilib.
Brifinqə qatılan şəxslər anti-terror tədbirlərindən sonra ərazidən müsadirə edilmiş modifikasiya olunmuş silahlar, dronlar, 2021-ci il istehsalı olan sursatlar və minaların nümunələri ilə tanış olublar.//Trend
21-11-2023, 06:10 | Azərbaycanda dilənçi qızın qazancı eşidənləri şoka saldı: “Günə...”

Dilənçilik edən qızın gündəlik qazancı böyük marağa səbəb olub.
Bu barədə görüntülər sosial şəbəkələrdə yer alıb.
Yeniyetmənin pullarını sayarkən "günə 300 manat qazanıram" deməsi izləyicilər arasında müzakirəyə səbəb olub.//oxu.az
21-11-2023, 06:08 | Helikopter yerə düşüb, ilk atəşi o açıb, sonra… - 32 illik sirr

Qarakənddə içərisində Azərbaycanın rəsmi şəxslərinin olduğu helikopterin vurulması ilə bağlı olayın üzərindən 32 il keçməsinə baxmayaraq, hələ də bəzi iddialar və müəmmalar davam edir.
Onlardan bəzilərini tarixçi alim, dosent, əslən Ağdamdan olan Zaur Əliyev bölüşüb.
O bildirib ki, hadisəni eşidib ora gələn şəxsləri və jurnalistləri Ağdamın Mərzili kəndində hərbiçilər saxlayıb, əraziyə bir sutka heç kəsi buraxmayıblar:
"Tam əminliklə demək olar ki, helikopter yerə düşmüş və yerdə yandırılmışdır. Bu yanğını törədənlərdən hələlik 3 nəfərin adı bəllidir: Rus general A.Dunçiv, Xankəndidə vaxtilə taksi sürücüsü olmus Robert Avagimyan və polis işçisi, kapitan İqoryan".
Alimin sözlərinə görə, üzə çıxan faktlar bunlardır:
1. İsmət Qayıbovun qolunu kəsiblər;
2. Tofiq İsmayılovun başından güllə ilə vurublar;
3. Taxdığı kəmərə görə Məhəmməd Əsədovun meyiti müəyyən edilib. Amma meyit yox idi, hamısı parçalanmış ət, sümük parçaları idi. O dövrdə belə danışırdılar ki, Məhəmməd Əsədov və onunla birgə iki rus generalının da meyiti yoxa çıxmışdı;
4. İstintaq zamanı məlum olub ki, hadisə yerinə hərbiçilər gələnədək helikopter tamamilə talan edilib. Azərbaycan Televiziyasının müxbirlərinin cihazları, 12 tapança, qiymətli əşyalar və hətta helikopterin müəyyən bahalı cihazları yoxa çıxıb;
5. Mİ-8 N72 helikopterində yanğından əvvəl atışma olub. Ehtimala görə, ilk atəşi helikopteri idarə edən Gennadi Domov açıb. Bunu yanıb dağılmış helikopterin qalıqlarında içəridən açılan güllələrin diametri, açıq yerləri təsdiqləyir (İstintaq sənədlərində bu, aydın görünür). Və müəmma burda yaranır: Hadisə yerində tapılan cəsədlər içərisində onun da nəşi tapılmır. Və bundan sonra onun barəsində heç bir məlumat verilmir.
6. Tapılan meyitləri görənlər danışırlar ki, helikopter eniş edəndən sonra ekipaj üzvlərinin bəziləri sonradan güllə yarası alıblar və üstlərinə benzin tökülərək yandırılıb.
Qeyd edək ki, Qarakənddə helikopter 1991-ci il 20 noyabrda vurulub. Həlak olanlar arasında dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov, Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri, jurnalist Osman Mirzəyev, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev də olub. Ümumilikdə qəza nəticəsində 22 nəfər ölüb. Kult.az
20-11-2023, 18:37 | BMT-nin İqlim Dəyişmələri Konfransında Azərbaycan pavilyonu fəaliyyət göstərəcək

Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28-də ilk dəfə olaraq pavilyonla təmsil olunacaq.
Noyabrın 30-dan dekabrın 12-nədək davam edəcək COP28 çərçivəsində Heydər Əliyev Fondu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə yaradılan milli pavilyon "İqlim dayanıqlığı üçün davamlı həlləri rəhbər tutaq" ("Pioneering sustainable solutions for climate resilience") mövzusunu əhatə edəcək.
İnteraktiv formatdakı pavilyonda Azərbaycanın iqlim dəyişikliyi sahəsində siyasəti, atmosferə atılan istixana qazlarının azaldılması istiqamətində Azərbaycan hökumətinin tədbirləri, mitiqasiya və adaptasiya üzrə fəaliyyəti və bu sahədə digər layihələr barədə məlumat veriləcək.
Qeyd edək ki, ölkəmiz 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyasının 35% azaldılması, 2050-ci ildə isə bu hədəfin 40%-ə çatdırılacağına dair öhdəliyi təsdiqləyib. 2015-ci ildə qəbul edilən Paris Sazişi üzrə öhdəlikləri yerinə yetirmək və bu istiqamətdə aktiv fəaliyyət göstərmək Azərbaycan hökuməti üçün prioritet məsələdir.
COP28-də 200-ə yaxın ölkənin nümayəndələri bir araya gələrək qlobal iqlim fəaliyyətini əlaqələndirəcək. Tədbirin keçiriləcəyi ərazi iki zonadan ibarətdir: "Mavi zonada" akkreditasiyadan keçmiş nümayəndə heyətləri iki həftə ərzində rəsmi danışıqlar, iqlim sahəsində fəaliyyətlə bağlı Ümumdünya sammitində, panel müzakirələr, dəyirmi masalar, mədəni tədbirlərdə iştirak edəcəklər. İştirakçı ölkələrin pavilyonları da məhz "Mavi zona"da fəaliyyət göstərəcək. "Yaşıl zona" isə hər kəsə açıq olacaq və dialoqların qurulması, iqlim dəyişikliyi sahəsində məlumatlığın artırılması üçün platforma sayılır.
BMT-nin İqlim Dəyişmələri Konfransının 28-ci sessiyası insanları tədbirlər, sərgi və qlobal təşəbbüslər vasitəsilə iqlim dəyişikliyi və onun təsirlərinə qarşı mübarizə istiqamətində birləşdirən platformaya çevriləcək.//Milli.az//
20-11-2023, 18:35 | Əhaliyə xəbərdarlıq: Azərbaycanda bu qış...

Qış aylarının sərt keçəcəyi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətində adiyyəti üzrə müvafiq müşavirələr keçirilib.
Müşavirələrin əsas məqsədi rayonların müvafiq xidmətlərinin soyuq qışa, xüsusilə güclü qar yağmasına hazırlığın vəziyyətinin araşdırılması, bu zaman görülməsi zəruri olan işlərin müzakirəsidir.
Ardıcıl olaraq bir neçə dəfə keçirilən bu müşavirələr qışın sərt keçəcəyi barədə müzakirələrin başlamasına səbəb olub.
Ətraflı
Miəsələ ilə bağlı Cebhe.info-ya Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, proqnozlar öncədən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki müvafiq qurumlar tərəfindən göndərilir:
"Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən müvafiq tədbirlər görülür. Son günlər ölkənin dağ rayonlarına əvvəlki illərlə müqayisədə daha çox qar yağması qışın sərt və yağmurlu keçəcəyindən xəbər verir. Bununla əlaqədar rayon İcra Hakimiyyətlərində qışa hazırlıqla bağlı yaradılan qərargahlar, kommunal və təsərrüfat xidmətləri və aidiyyəti təşkilatların rəhbərləri həmin günlərdə üzərilərinə düşən vəzifələrin tam şəkildə yerinə yetirilməsi üçün hazır olmalıdırlar".
Həmçinin qeyd edilib ki, qışa hazırlıqla bağlı Bakının rayonlarlnda küçə və məhəllələrin qardan təmizlənməsinə cavabdeh şəxslərin siyahıları hazırlanıb, bu işlərə kommunal qurumların texnikası ilə yanaşı idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcud texnikalarının cəlb edilməsi də qərara alınıb.
20-11-2023, 15:20 | “Nə siyahı görmüşəm, nə ev bölmüşəm” - Çingiz Abdullayev

Xəbər verdiyimiz kimi, Azərbaycan Yazıçılar Birliyi (AYB) tərəfindən 21 nəfərə ev verilməsi müzakirələrə səbəb olub.
Həmin şəxslərin bir çoxunun katibələrdən, sürücülərdən, təsərrüfat içilərindən, bir sözlə texniki heyətdən ibarət olduğu vurğulanır.
Məsələ ilə bağlı qurumun katibi Elçin Hüseynbəylinin "Report"a açıqlamasında "Anar müəllim kimi məsləhət bilibsə, evlər həmin şəxslərə verilib", deməsi müzakirələri bir az da qızışdırıb.
AYB-nin birinci katibi Çingiz Abdullayev də mövzuya münasibətsiz qalmayıb.
Ev bölgüsü ilə bağlı "Qafqazinfo"ya danışan Xalq yazıçısı Çingiz Abdullayev bunları deyib:
"Mən Bakıda deyildim, iki ay idi Almaniyada idim. Almaniyada tələbələrlə görüşlərdə iştirak edirdim. Bu məsələni mən Bakıda olmadığım halda, mənsiz həll ediblər. Nə siyahı görmüşəm, nə də ev verilənlərin adını. Ona görə xahiş edirəm ki, mənim adım çəkilməsin. Deməsinlər ki, Çingiz Abdullayev siyahı tərtib edib, ev bölüb, ev verib. Mən Bakıda olmamışam, baş verənlərdən də xəbərsizəm".
Respublica.Az
20-11-2023, 15:15 | Son bir həftədə COVID-19-a yoluxanların sayı AÇIQLANIB

Azərbaycanda son 1 həftə ərzində (13-19 noyabr) koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, həmin müddətdə infeksiyaya 21 yeni yoluxma faktı qeydə alınıb.
COVID-19-a yoluxan 13 nəfər sağalıb. Həftə ərzində analiz cavabı müsbət çıxan 6 nəfər ölüb.
İndiyədək ölkədə ümumilikdə 834 135 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 823 729 nəfər müalicə olunaraq sağalıb, hazırda 39 aktiv xəstə var. Bu günə qədər 10 367 nəfər vəfat edib.
Məlumata görə, son həftə ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 042, bu günə qədər isə ümumilikdə 7 711 925 test icra olunub.
Qeyd edək ki, son həftə ərzində virus əleyhinə vaksinasiya etdirən olmayıb.
9-11-2023, 09:24 | Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur.
Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub.
1920-ci il aprelin 27-də bolşevik işğalından sonra AXC-nin bayrağı Azərbaycan SSR-in qırmızı rəngli oraq-çəkicli bayrağı ilə əvəzlənib.
1990-cı il noyabrın 17-də Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayraq Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul edilib.
Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul olunmasına qərar verilib.
1991-ci il fevralın 5-də isə Azərbaycan Ali Sovetinin qərarı ilə hazırkı üçrəngli və ay-ulduzlu bayraq müstəqil respublikanın dövlət bayrağı elan edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı Sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı Günü kimi qeyd olunur. Prezident, həmçinin, Dövlət Bayrağı Günü münasibətilə Əmək Məcəlləsinə dəyişiklik edilməsi üçün parlamentə təklif göndərib. Təklifi dəyərləndirən Milli Məclis Əmək Məcəlləsinə müvafiq dəyişiklik edib, dəyişikliyə əsasən, Dövlət Bayrağı Günü qeyri-iş günü hesab olunur.
2010-cu il sentyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Bakı şəhərinin Bayıl ərazisində Dövlət Bayrağı Meydanının təntənəli açılışı olub. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.
Qeyd edək ki, müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən "Türkçülük, islamçılıq və müasirlik" formulunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir.
Azərbaycan Respublikasının dövlət bayrağından istifadə Azərbaycan Konstitusiyasının 23-cü və 75-ci maddələri, "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" Azərbaycan Respublikasının Qanunu, eləcə də həmin Qanunla təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə" əsasında tənzimlənir. Azərbaycan Respublikasının Dövlət bayrağının rəngli və sxematik təsviri adı çəkilən Qanun və Əsasnamə ilə təsdiq edilib.
Əsasnaməyə görə, Azərbaycan Respublikasının Dövlət bayrağı eni və uzunluğu bərabər olan rəngli üç üfüqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir: üst zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Bayrağın hər iki üzündə qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri var.
Bayrağın eninin uzununa nisbəti 1:2-dir. Ayparanın və səkkizguşəli ulduzun təsvirləri tərəflərinin nisbəti 3:4 olan düzbucaqlının içərisində yerləşir; düzbucaqlının diaqonalı bayrağın eninin 1/2-nə bərabərdir. Ayparanın təsviri konsentrik (eyni mərkəzli) olmayan iki dairənin hissələri şəklindədir; böyük dairənin diametri xarici düzbucaqlının eninə, kiçik dairənin diametri isə bayrağın eninin 1/4-nə bərabərdir. Kiçik dairənin mərkəzi bayrağın həndəsi mərkəzindən sol tərəfdə, bayrağın eninin 1/60-nə bərabər olan məsafədə yerləşir. Səkkizguşəli ulduzun təsviri ayparadan sağda yerləşir, ulduzun xarici dairəsinin diametri bayrağın eninin 1/6-ni, daxili dairəsinin diametri isə 1/12-ni təşkil edir.
Azərbaycan Respublikasının Dövlət bayrağı və onun təsviri, ölçülərindən asılı olmayaraq təsvirlərə həmişə dəqiq uyğun gəlməlidir.


















