11-11-2020, 12:38 | Zelenski Merkeldən koronavirusa qarşı peyvənd istədi

Ukrayna Prezidenti Vladimir Zelenski Almaniya kansleri Angela Merkel ilə telefon danışığında Almaniyanın "BioNTech" və "Pfizer" firmaları tərəfindən hazırlanan koronavirus peyvəndinin Kiyevə verilməsinin mümkünlüyünü müzakirə edib.
Bu barədə Zelenskinin ofisi məlumat yayıb.
"Almaniyanın "BioNTech" şirkətinin Amerikanın "Pfizer" şirkəti ilə birlikdə koronavirusa qarşı peyvəndin hazırlanmasında əldə etdiyi irəliləyişi alqışlayırıq. Bu, çox ürəkaçan bir xəbərdir. Koronavirusa qarşı peyvənd tədarükünü planlaşdırarkən Ukraynanın maraqlarının nəzərə alınması istiqamətində yardımınızı istərdim", - deyə Zelenskinin ofisinin saytında bildirilib.
"Tərəflər pandemiyanın nəticələrini aradan qaldırmaq üçün səyləri daha da koordinasiya etmək barədə razılığa gəliblər", - deyə Ukrayna Prezidentinin ofisi əlavə edib.
Qeyd edək ki, Almaniyanın biomühəndislik şirkəti "BioNTech" və Amerikanın əczaçılıq nəhəngi "Pfizer" üçüncü mərhələ klinik sınaqların uğurla başa çatdığını elan ediblər. Peyvənd "COVID-19" infeksiyasının qarşısının alınmasında 90 faizdən çox effektivlik göstərib. Peyvəndin ABŞ-da qeydiyyatı üçün müraciətin noyabr ayında edilməsi planlaşdırılır.
Daha əvvəl Almaniya Səhiyyə Nazirliyinin rəhbəri Yens Şpan "BioNTech" və "Pfizer" firmalarının koronavirusa qarşı peyvənd tədarükünə dair son Avropa müqaviləsinin yaxın günlərdə imzalana biləcəyini açıqlamışdı. Almaniya üçün 100 milyon doza qədər peyvəndin verilməsi planlaşdırılır.
11-11-2020, 12:30 | Britaniya Qarabağ anlaşmasına münasibət bildirdi

Böyük Britaniya Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağa dair sülh razılaşmasından razıdır.
Bu barədə Britaniyanın xarici işlər naziri Dominik Raab özünün Tvitter hesabında yazıb.
"Tərəflər qan tökülməsinin qarşısını almaq üçün çətin qərar qəbul ediblər", - Raab bildirib.
Birləşmiş Krallığın xarici işlər naziri qeyd edib ki, bütün tərəflər vətəndaşların rifahı naminə davamlı sülhə nail olmaq üçün birlikdə çalışmalıdırlar.(afqazinfo)
11-11-2020, 12:16 | ÜST: Dünyada sutkada 427 mindən çox insan koronavirusa yoluxub

Dünyada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 50,67 milyon nəfəri ötüb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.
Məlumata əsasən, dünyada koronavirusa yoluxanların sayı 50 676 072 nəfərə çatıb. Koronavirusa yoluxanlardan 1 261 075 nəfəri vəfat edib.
Sutka ərzində koronavirusa yoluxan insanların sayı 427 551 nəfər, ölənlərin sayı isə 6 214 nəfər artıb.
11-11-2020, 12:14 | "Brent" markalı neftin qiyməti bahalaşıb

"Brent" markalı neftin yanvar fyuçerslərinin qiyməti Londonun "ICE" birjasında 3,82 faiz artaraq 44,02 dollar/barrel təşkil edib.
Bu barədə məlumat ticarət platformasında qeydə alınıb.
Məlumata əsasən, Bakı vaxtı ilə saat 02:05 üçün "Brent" markalı neftin qiymətinin artımı yavaşlayıb və artıq 43,99 dollar/barel (+ 3,75%) ilə satılırdı. "WTI" markalı neftin qiyməti 3,64% artaraq 42,1 dollar/barrel təşkil edib.
Bildirilir ki, son dəfə "Brent" markalı neftin qiyməti sentyabrın 4-də 44 dollardan artıq olub.
8-11-2020, 14:19 | Azərbaycanın mədəniyyət beşiyi Şuşanın işğaldan azad edilməsi mübarək olsun! - Türkiyə səfirliyi

Azərbaycanın mədəniyyət beşiyi Şuşanın işğaldan azad edilməsi mübarək olsun!
Bu barədə Türkiyənin Azərbaycandakı Səfirliyindən bildirilib.
"Bu münasibetle bütün Azərbaycan xalqını təbrik edirik. Üç rəngli bayrağınla məsud yaşa, AZƏRBAYCAN!" deyə qeyd olunub.
8-11-2020, 13:26 | Ərdoğanın köməkçisindən Şuşa paylaşımı

"Şuşa erməni işğalından xilas oldu. Zəfərin, qəzan mübarək olsun, əziz qardaşım".
Bu barədə Türkiyənin vitse-prezidenti Fuad Oqtay öz tvitter hesabında bildirib.
22-10-2020, 13:22 | Amerikada yaşayan türklərin tələbi: Nyu-Cersidə erməni plakatları yığışdırıldı

Amerikanın Nyu-Cersi şəhərində yaşayan ermənilər körpülərə Ermənistanı dəstəkləyən plakatlar yapışdırıblar. Nyu-Cersi şəhərinin sakinləri olan türklərin şikayəti ilə şüarlar hüquq-mühafizə orqanları tərəfindən yığışdırılıb.
Türk iş adamı Emrah Arslan ermənilərin asdığı şüarlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.
Əraziyə gələn polis əməkdaşları plakatları oradan yığışdırıb. Şəhərdə yaşayan türklər ermənilərin qızışdırıcı şüarları ilə bağlı çağırışlar ediblər. Bildiriblər ki, ermənilərin Ermənistanı dəstəkləyən aksiyalarına icazə verdikləri halda, onlar da aksiya keçirəcəklər və şəhərin bütün mərkəzlərinə Azərbaycanı dəstəkləyən şüarlar asacaqlar.
“Ermənilərin bu hərəkəti amerikalıları yanıltmaqdır. Yazılanlar həqiqəti əks etdirmir. Əksinə, haqq-ədalət Azərbaycanın tərəfindədir”- iş adamı polisə şikayətində deyib.
Ü.Xudiyeva(Virtualaz.org)
10-10-2020, 10:00 | Bolqarıstanda rekord ardınca rekord

Bolqarıstanda artıq dörd gündür koronavirusla bağlı vəziyyətdə rekord göstəricilər qeydə alınır.
qafqazinfo xəbər verir ki, son sutka ərzində ölkədə rekord sayda - 612 nəfərdə koronavirus aşkarlanıb ki, bu da ötəngünkü göstəricədən 96 nəfər çoxdur. Bolqarıstanda koronavirusa yoluxanların ümumi sayı 24 191-dir.
Son sutka ərzində koronaviruslu 7 pasiyent dünyasını dəyişib, ölüm hallarının ümumi sayı 887-yə yüksəlib.
Hazırda xəstəxanalarda 1 131 pasiyentin müalicəsi davam etdirilir, onlardan 58-i intentiv terapiya şöbələrindədir. Pandemiyanın başladığı vaxtdan indiyədək ölkədə 15 713 nəfər sağalıb.
10-10-2020, 09:04 | Dünyada koronavirusa yoluxanların sayı 350 mindən çox artıb

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 350 mindən çox artıb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.
Məlumata əsasən, ötən sutka ərzində 350 766 nəfər yeni koronavirusa yoluxub,6 339 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 36 361 054, ölənlərin isə 1 056 186 nəfərə çatıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.
10-10-2020, 09:01 | Kanadada rekord sayda yeni yoluxma halı qeydə alınıb

Kanadada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) rekord sayda yoluxma halı qeydə alınıb.
Son sutka ərzində ölkədə koronavirusa 2 558 nəfər yoluxub, yoluxanların ümumi sayı 178 117 nəfərə çatıb.
Məlumata əsasən, son 24 saatda Kanadada koronavirusdan 28 nəfər ölüb, ölənlərin ümumi sayı 9 585 nəfər təşkil edir.
Qeyd edək ki, Kanadada yeni növ koronavirusa ilk yoluxma halı yanvarın 15-i qeydə alınıb.


















