Sabunçu Rayon Kommunal Təsərrüfatı İdarəsinin fəaliyyəti narazılıq doğurur
Sabunçu Rayon Kommunal Təsərrüfatı İdarəsinin fəaliyyəti narazılıq doğurur



Sabunçu Rayon Kommunal Təsərrüfatı İdarəsinin fəaliyyəti narazılıq doğurur





Paytaxtın Sabunçu rayonunda mənzil-kommunal təsərrüfatı sahəsində işlər həmişə qeyri-qənaətbəxş qiymətləndirilib. Bu sahənin fəaliyyətində rəvac verilən korrupsiya hüquqpozmaları, zirzəmilərin qanunsuz özəlləşdirilməsindən tutmuş ta ki başqa özbaşınalıqlara qədər bütün neqativ hallar daim KİV-in gündəmində olub və rayon rəhbərliyinin uğurlarına xeyli kölgə salıb. Sabunçu Rayon Kommunal Təsərrüfatı İdarəsinin rəisi vəzifəsində Akif Ramazanovu əvəzləyən Anar Qalayev gənc kadr olsa da, işinə münasibətdə gənclərə məxsus enerji nümayiş etdirmir, vətəndaşlarla ünsiyyətdən qaçır.
Zabrat-1 qəsəbəsi, Cəmşid Naxçıvanski küçəsində yaşayan sakinlərin əsas problemi qəsəbədə mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsinin olmaması ilə bağlıdır. Bu səbəbdən addım başı hər küçədə vətəndaşlar tərəfindən qazılmış xüsusi quyulara rast gəlmək mümkündür. Yay aylarında, yağış yağanda isə bu kanalizasiya quyuları mütəmadi olaraq daşır və ətrafda xoşagəlməz mənzərə, pis qoxu yaranır. Sakinlər deyir ki, həftədə bir dəfə bu quyuların daşınmasına 10-15 manat arası pul verirlər.
Mediatv.az-a verilən məlumata görə rayonun Zabrat qəsəbəsinin Əmir Bağırov küçəsinin “Qartal” kafesi ilə “Al-Market”in arxa nahiyəsindəki məhlədə yaşayan sakinlər məişət tullantılarının yığılmamasından gileylənirlər. Sözügedən məhəllənin sakinləri xatırlayırlar ki, vaxtilə “Balaxanıneft” şirkəti həmin həndəvərdə zibilin toplanması üçün zibil qutularını dövrəyə alan hasar inşa edibmiş. Sonradan şirkət neft təsərrüfatının ehtiyacı üçün həmin ərazidən istifadə etməli olub. MKTB də zibil konteynerlərinin yerini dəyişdirərək yola yaxın yerə çəkib. İndi oradakı 4 ədəd konteyner vaxtlı-vaxtında boşaldılmadığına görə dolub-daşan möhtəviyyatı külək ətrafa, yola və yaxınlıqdakı evlərin həyətlərinə səpələyir.
Eyni vəziyyət yenə də Əmir Bağırov küçəsinin Sabunçu qəsəbəsinə aid hissəsində, 4-cü Mədənin 2 saylı kontoru ilə üzbəüz nahiyədə yaranıb. Küçənin sakinləri deyirlər ki, kommunal təsərrüfat idarəsi bir ayda iki dəfə zibil pulu yığır. Hər dəfə də pul almağa başqa adam gəlir və ona özündən əvvəl gələn həmkarına pul ödənildiyini sübut etmək olmur. Verdikləri qəbzlər “kötüksüz”, anlaşılmayan xətlə yazılır.
Bir sözlə,yumşaq ifadə ilə desək rəhbərin səriştəsizliyi ucbatından Sabunçu Rayon Kommunal Təsərrüfatı İdarəsi əhatə etdiyi ərazidəki küçə və meydanların, parkların təmizliyini, çoxmənzilli binaların ümumi istifadə olan hissələrinin süpürülməsini, məişət tullantılarının daşınmasını təmin etmək vəzifəsinin öhdəsindən gəlmir.( Davamı var...)
Tarix: 23-06-2022, 13:48